Vahid Naxış niyə film çəkə bilmir?

Vahid Naxış niyə film çəkə bilmir?
18 fevral 2016
# 13:34

Bu gün 20 Yanvar metrosunda adını yazmaq istəmədiyim gənc bir rejissor tanışımla qarşılaşdım.

“Elmlər Akademiyası” metrosuna qədər ordan-burdan söhbət elədik və axırı gəlib dayandıq Vahid Naxışın “Qanlı yanvar” filminin üstündə.

Və təkcə kino üçün deyil, ümumilikdə sənət üçün əzəli-əbədi qənaətim bir daha möhkəmləndi.

Nədir bu qənaət?

Həmsöhbətim də etiraf etdi ki, Vahid Naxışa kinonu bilmir söyləmək kökündən yanlış olardı. Bilir, özü də yaxşı.

Lütfən burda ANS-ə qarşı kin-küdurəti kənara qoyub Vahid bəyə sadəcə rejissor kimi dəyər verməyə çalışaq.

Dəfələrlə müsahibələrində Tarkovskidən tutmuş Tarantinoya qədər ünlü rejissorlardan ustalıqla söhbət açıb.

Yeri gəlmişkən, ANS Tarantinoun “Kriminal qiraət” filmini çox yaxşı dublyajla təqdim etmişdi. Azərbaycanda bu filmi göstərəcək ikinci telekanal tanımıram. Yəqin indi heç ANS özü də göstərə bilməz.

Vaxtıyla “Seans” verilişində dünyanın ən yaxşı filmləri maraqlı təhlillə təqdim olunurdu. Məsələn, azərbaycanlı tamaşaçılar çoxu “Leon”, “Malena” kimi populyar ekran əsərlərini ANS-dən tanıyıblar.

Elə bu yaxınlarda, Vahid Naxışın “Qanlı yanvar”ından bir gün sonra məşhur qladiator kimi tanıdığımız rejissor-aktyor Rassel Krounun təzəcə vizyona girən “Su axtaran” filmi ANS-də göstərildi. Məlumat üçün bildirim ki, filmdə hadisələr Türkiyə və Avstraliyada cərəyan edir. “Su axtaran”da tanınmış türk aktyorlar Yılmaz Ərdoğan və Cem Yılmaz da Rassel Krou ilə birlikdə rol alıblar.

Bu film də müharibədən bəhs edir.

Baxanda düşündüm ki, görən, Vahid Naxış bu filmə baxmır? Baxırsa, görürmü ki, müharibəni, milli münaqişəni necə çəkərlər?

Sizi əmin edirəm: baxıb və hamımızdan yaxşı bilir!

Özümüzü aldatmayaq.

Kimisə, küçümsəməyək.

Sadəcə, Vahid Naxış da çoxu kimi bildiyinə rəğmən filmi çəkməyi bacarmır.

Ona nə mane olub?

Dövrün konsyukturasımı, milli heysiyyətmi, istedadsızlıqmı – bilmirəm. Hər halda düşünürəm ki, 1995-ci ilin mart hadisələri ilə bağlı o cür sənədli film çəkən adam istedadsız ola bilməz. Amma ola bilər ki, sənədli filmləri alındıra bilir, bədii filmləri yox.

Deməyim odur ki, hər hansı bir sənəti nəzəri cəhətdən bilmək hələ yaradıcılıq deyil. Bunlar ayrı-ayrı işlərdir. Misal üçün, siz də razılaşarsınız ki, Əkrəm Əylislinin ədəbiyyatşünaslıq bilgiləri Yaşar Qarayevdən çox deyildi. Ancaq Yaşar Qarayev ömründə Əkrəmin bir abzasını yaza bilməz.

Yaradıcılıq başqadır.

O, bütünlüklə rasional məntiqə tabe deyil.

Əgər belə olsaydı Yaşar Qarayev hər gün bir hekayə və ya povest yazardı.

Xalq şairləri qocalanda da yaza bilərdilər və s.

Odur ki, tənqidlə məşğul olan insanlar yaradıcı adamlara sayğı ilə yanaşmalı, əsərlərini mütəvaze halda təhlil, yaxud tənqid etməlidirlər. Master klass keçməli deyillər.

Savadıyla, oxuduğu kitablarla öyünən, iki dəqiqədən bir qəliz terminlərlə oxucunun, hətta yazıçının gözündən basmağa çalışan tənqidçiyə bircə kəlmə deyilməlidir: uç burdan!

Ciddi sözümdü...

Dəfələrlə görmüşük, ideal poeziyadan danışan, Füzulinin kubik-rubik kimi söküb-yığan adamlar şeir adına sadəcə sıçaqlayıblar. O zaman belə adamların bilgisi də, səmimiyyəti də, az-çox qabiliyyəti də adamda şübhə doğurur.

Nobelli yazarlar Vargas Lyosanın kitab və yaradıcılıqla bağlı esselərinə, müsahibələrinə baxırsan, Orxan Pamuku bütünlüklə izləyirsən, oxucunu öyrətmək, ədəbi həqiqətə ulaşdırmaq yanğısından başqa heç nə hiss eləmirsən. Söz bizim “oxumuşlara” verilən kimi o saat “risovka”lıq başlayır. Ad çəkmək, termin işlətmək yarışına giriblər elə bil.

Yaradıcı mətn terminlərin, intellektual qazancların tamamilə əriyib dumduru cümlələrə çevrildiyi qatda yazılır. Elmi metodologiya ilə bədii əsər yaratmaq olmaz.

Eləcə də teorik bilgilərlə film alındırmaq mümkün deyil.

Belə olsa, Yaşar Qarayev dahi yazıçı, Ayaz Salayev böyük rejissor olardı.

Vahid Naxış da ən azı bir bədii filmini aldıra bilərdi.

Savadın çoxdursa, elmi kitab yaz, oxuyub intellektimizi artıraq. Status və məqalələrdə “bırcıda-bırcıda” hava atıb şou düzəltmək istəyirsənsə, bayaqkı sözümü təkrar edirəm: UÇ!

# 1382 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #