Elay evdə necə dondu

Elay evdə necə dondu
8 fevral 2016
# 16:32

Ay Su

Qırmızı konfet alacam

Hekayə

Hər tərəf qarla örtülmüşdü. İndi isə qarla qarışıq aramsız yağan yağış hələ də davam edirdi. İnsanı ürküdən bir külək əsirdi. Küləyin səsiylə soyuğun iliklərə işlədiyi bir gecə idi. Sanki şəhər bomboşdur. Küçələrdə heç kəs yoxdu, küçələr kimsəsizdi

Damlalar pəncərəyə çırpılaraq parçalanır, suyun qırıntıları rəqs edərək yerə düşürdü. Pərdələr küləyin təsirindən hərəkət edərək dalğalanırdı.

Elə bil yox olmuşdu bütün insanlar, insanlar sanki çəkilib bilinməzliyə qarışmışdı. Yağış və ərimiş qar suyu otağın çürümüş tavanından, yataqdakı kiçik oğlanın qorxudan gözündən damla-damla süzülən göz yaşları kimi süzülürdü. Ana-ataları bir qəza nəticəsində dünyadan cənnətə köçmüşdülər. Onlar isə ürəksiz və sevgisiz xalaları ilə birgə yaşayırdılar. Və bu ürəkağrıdan mənzərədə qurtularaq xalası ailəsiylə daha isti, daha rahat, yaşanmalı bir yerə gedib, iki qardaşı evdə qoymuşdu. Tunar, ona çox uzun görünən 14 illik ömründə heç bu qədər çarəsiz qalmamışdı. Neyləsin? Yataqda yorğana bürünmüş balaca qardaşı Elayamı təsəlli versin? Özünümü aldatsın? Yaşadıqlarınımı unutsun? Yoxsa, burda yağış damlalarından başqa hər şeyə çökən sükutu pozmayaraq sonsuza qədər sussunmu? Bu gecə burada onun, sadəcə, qardaşı Elay və onu heç vaxt tək qoymayan Allahı vardı. Elay:

- Tunar...

Tunar sakit bir səslə cavab verir:

- Hə?

- Sən qorxursan?

- Yox, qorxmuram, qorxmalı nə var ki? Küləkdi də əsir, bir də qar yağır, qarda da, sabah açılsın, qartopu oynayarıq səninlə, şaxtababa da düzəldərik, elə.

Unutmuşdu Tunar, ikisinin də bayıra çıxarkən geyinməyə salamat ayaqqabılarının olmadığını unutmuşdu. Elay:

- Tunar.

- Hə Elay?

- Mən sağalacağam, yoxsa öləcəyəm?

O nə cavab verəcəyini fikirləşdi, qardaşını arxayın etmək üçün nə desin, ürəyində sözləri götür-qoy edirdi ki, birdən işıqlar söndü. Ətrafa qaranlıq çökdü, qaranlıq soyuq kimi doldu canına, Elay daha da qorxdu. Bərk-bərk yorğanı qucaqladı. Tunar hələ 6 yaşındakı qardaşına nə cavab versin ki, o üzülməsin deyə düşündü. Əlini qaldırıb qaranlıqda taparaq Elayın əlindən tutdu. Buz kimi anların arasına sakitcə isti anlar daxil olurdu. Tunar yatağın bir küncündə sakit oturub üç damla göz yaşı ilə qaranlığı islatdı. Əlindən öpdü qardaşının. Öpərkən, təsadüfən, göz yaşını əlində hiss etdi Elay. Qırıq-qırıq, boğuqbir səslə:

- Ağlayırsan? Niyə ağlayırsan? Mən öləcəm deyə?

Tunar:

- Yox, ağlamıram. Sən ölməyəcəksən. Bu gecə sən mənimsən, qardaşımsan. Heç kimə vermərəm səni, nə küləyə, nə qara, nə qaranlığa. Nə danışırsan, hələ sabah şaxtababa da düzəldəcəyik.

Elaya Tunarın soyuq əlləri və ümidli sözləri ilıq soba kimi gəldi. Artıq yağış səhərə qədər yağsa da, qarla birlikdə pəncərəni nə qədər döysə də, bu gecə qorxutmayacaqdı artıq onu, qardaşı yanında idi, .

Kəlmələr, cümlələr, sözlər, həyat boğazında düyünlənmişdi, elə bil boğurdu onu, hər şey sanki məhv olmuşdu... Soyuq da bir yandan kəsirdi. Tunarın tək istəyi qardaşının kiçik beynindəki narahat düşüncələri silmək idi bir müddətlik. Yorulmuşdu, çox yorulmuşdu. Yorğunluğu bir neçə saatlıq işdən deyildi, həyatdan, dünyadan idi yorğunluğu. Həyatın ağır yükü əyirdi çiynini, hər çiynində elə bil ağır daş daşıyırdı.

Ən azından bu gecə heç nə olmasın, bu gecədən bir təhər sabaha çıxaq. Bu havada, bu qaranlıqda, bayırdakı soyuqdan elə də fərqlənməyən evin bu otağında ikisi idi, yalnız ikisi. İlk gecələri idi tək qaldıqları, həm də bu gündə, belə bir vahiməli havada. İkisi idi, bir də başlarının üstünü kəsdirən soyuq və qorxunc qaranlıq.

Danışmaq istəyirdi Tunar. Gözlər danışır, dil susurdu. Söhbəti uzatdıqca uzatmaq istəyirdi, necə ki, bu gecə bitmir, eləcə sözləri də tükənməsin istəyirdi. Bəs nədən danışsın? Bu günə qədər ana-atasız olub xala zülmü ilə yaşamaqlarındanmı, xalasının öz uşağına hər dəfə yeni bir şey alanda Elayın balaca qəlbinin baxıb sınmasındanmı, yoxsa bu gecənin sonunu belə bilməyib qaranlıq dolu otaqda yeni uydurulmuş inandırıcı belə olmayan xəyali hadisələrdənmi danışsın? Elayın əli əsirdi, dili titrəyərək:

- Tunar...

- Hə? Yenə nə oldu?

- Heç nə, sabah nə vaxt olacaq?

- Az qalıb, bir azca da döz.

- Tunar

- Nə oldu?

- Mən bu il məktəbə gedəcəyəm?

- Hə, əlbəttə, gedəcəksən. Yoxsa tənbəllik etmək istəyirsən? - O yüngülcə zarafat etmək istədi.

- Bəs mənə çanta alacağıq?

Tunar bir az fikirə gedərək dedi:

- Yəqin ki, alarıq, bunları indi düşünmə.

O kiçik dünyasında kim bilir nələr arzulayırdı, tutulduğu amansız xəstəlik ucbatından ömrünə nə qədər az qaldığından xəbərsiz idi.

- Tunar, sən heç qorxmursan? Heç balaca da?

- Yox, qorxmuram.

Tunar isə həyatla döyüşündən əl çəkmir. Yaşadıqları yaşından böyük idi və yaşıdlarından çox fərqli hislər keçirirdi. O dünyanın çirkinliklərlə dolu, saxtalıqla, yalanlarla, aldadıcı sevgilərlə, qəlb yerinə ət parçası daşıyanlarla, bir qram belə mərhəməti olmayanlarla, ikiüzlü, üzünü döndərməyini gözləyib arxadan öldürücü zərbə vuranlarla dolu olduğunu dərk edib. Amma indi, Elayın və özünün zərrə böyüklüyündə olduqları bu dünyada, çarəsiz olduqları bu qaranlıqda, sonsuz kimi görünən bu gecəni, bacardığı qədər qısaltmalı, ağırlığını azaltmalı, Elayla danışmalıdır. Elay:

- Tunar, sən olmasaydın mən burda tək qorxardım.

- Mən yanındayam. Həmişə yanında olacağam. Qorxma.

- Səni çox istəyirəm.

- Mən də səni, Elay. Tunar, mənim yuxum gəlir.

- Çalış yuxunu dağıt.

- Niyə?

- Havanın möhtəşəmliyini anlamaq üçün...

Elay Tunarı başa düşmürdü. Lakin Tunarın qorxu dolu baxışlarının başqa dildə, onun anlamayacağı bir dildə danışdığını hiss edirdi. Gözləri, qorxularını bir gecəlik borc olaraq mənə ver deyirdi, elə bil.

- Hava çox soyuqdu, Tunar.

Tunar köhnə yorğanla onu daha da bürüdü. Özü isə əsirdi.

- Bəs indi necə? Yəqin ki, üşüməzsən daha, sən heç qorxma, sabaha hava yaxşı olacaq. Qartopu oynayıb, şaxtababa düzəldəcəyik. Sənə söz verdiyim o qırmızı konfet varıydı ha, sabah sənə ondan da alacağam. İndi isə bir az döz.

Soyuğun, qaranlığın və qorxunun verdiyi hislər nəticəsində danışmağa nə söz tapırdı, nə də danışa bilirdi. Buz kimi əlləri ilə Elayın əllərindən bərk-bərk yapışmışdı. Ağlamırdı artıq, o, güclü görünsə qardaşı da qorxmayacaqdı. Əgər Elaya bir şey olsaydı o məhv olardı. Daha heç gülə bilərdimi? Ona bir şey olsa həyatdan heç nə istəməyəcəkdi. Sadəcə, otağın qapısına arxadan qıfıl vurub bağlayardı, ondan sonra heç kəsi, heç nəyi içinə buraxmazdı. Nə qədər müddətə özünə gələ bilərdi? Tək, neçə ilə? Neçə fəsilə? Bir neçə fəsil bəs edərdi mi? Bu boz və qara şəhərdə, geniş və mənasız otaqda onu yaddan çıxarda biləcək, silə biləcəkdimi? Hər onun yoxluğu həqiqətini yada salanda, artıq olmadığını hiss edəndə, bu həqiqət onu əridəcəkdi. Elayın incə, qırıq-qırıq səsi ürəyinin dərinliklərində eşidiləcəkdi, artıq bugünkü kimi olan bütün uzun gecələrdə və sonsuz günlərdə onun səsi qulaqlarında əks-səda verəcəkdi. Ya da bunların heç biri baş verməsə, digər insanlar kimi biri sonsuzluğa gedərkən arxasınca sadəcə üç söz deyildiyi kimi, Tunar da o üç sözlə kifayətlənəcəkdi. Yox. Qısa müddət bu barədə düşündü. Sonra ağlına belə gətirmək istəmədi. Ayıldı düşüncələrdən. Elayın səsi çıxmadı, deyəsən yatmışdı. O, həmin o qırmızı konfeti necə də çox sevirdi. Kaş, sabah doğrudan da ala bilsəm...

- Elay, eşidirsən, sabah sənə qırmızı konfetlərdən alacağam. Söz vermişdim, axı sənə. Mən böyük qardaşam. Böyüklər sözlərinin üstündə durar həmişə. Mən də duracağam, baxarsan. Elay, ay Elay...

Cavab gəlmir...

- Eşidirsən məni, Elay, yatmısan?

Əllərini soyuqdan hiss etmirdi. Elayın əli əlindəydi. Bəlkə də deyildi. Üç damla süzülür gözündən, düşünmədən, dərk etmədən, üçcə damla. Donmuş gözlərindən üç damla...

- Elay, cavab verməyəcəksən? Yəqin, yatmaq istəyirsən, yatırsan, Elay. Oyan artıq indi sabah olacaq, qırmızı konfet alacam, Elay, Elaaayyy... qırmızı konfet....

Səsi alçaldı, divara dəyib çilikləndi, içinə düşdü töküldü səsi. Elay deyərək özünü aldadırdı Tunar. Yenə də cavab gəlmədi, gəlmədi. Səssizlikdi, Elay əbədi susqunluqdaydı.

# 1274 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #