II Mahmud: “Facebooku bağlasam müdrik olacam” - MÜSAHİBƏ

II Mahmud: “Facebooku bağlasam müdrik olacam” - <span style="color:red;">MÜSAHİBƏ
8 fevral 2016
# 14:55

Kulis gənc yazar İkinci Mahmudla müsahibəni təqdim edir.

- Azərbaycanın bir çox yazıçıları Bakı Dövlətin filologiya fakültəsində təhsil alıb. Ancaq son dövrdə bu axın zəifləyib. Sən də elə oranı bitirmisən. İstəyərdim ki, öz tələbəlik bioqrafiyanla buna da aydınlıq gətirərdin. Özünün ədəbiyyata gəlişini danışardın.

- Mən düşünmürəm ki, Bakı Dövlət Universitetinin filologiya fakültəsi kiminsə ədəbiyyata gəlməyində müstəsna rol oynayıb. Orda ədəbiyyat hadisələri baş vermir. Kənar adamlar düşünə bilər ki, Bakı Dövlətdə ədəbiyyata diqqət var, elə deyil. Bəlkə də ədəbiyyata yad bir yerdir. Çünki mən orda bir ədəbiyyat dərnəyində filologiya fakültəsinin deyil, tamam başqa, kimya, fizika, jurnalistika fakültəsinin tələbələrini görürdüm. Kəramət Böyükçöl dərnəyə başçılıq edirdi. – gülür. – İstəyirəm, situasiyanı daha dərindən izah edə bilim. Razıyam, Kəramət orda maraqlı görüşlər təşkil edirdi, mənim oxuduğum Səlim Babullaoğlunu çağırmışdı, onu ilk dəfə orda görmüşdüm. Əkrəm Əylisli, Zəlimxan Yaqubla da görüş keçirilmişdi. Düzdü, bunların hamısı yaxşı şeydir, amma ədəbi prosesə bir o qədər də dəxli olan bir yer deyildi. Özümün ədəbiyyata gəlişimdən danışım. Mən hər bir qazaxlı kimi əvvəlcə şeir yazırdım. – gülür. – Hətta o vaxt məni müəllimlər inandırmışdı ki, şeir yazmırsansa, qanında qarışıqlıq var. Hər imtahanda soruşurdular, qazaxlısan, şeir yazmırsan. Mən də qazaxlı olub şeir yazmadığıma görə utanırdım. Bu aldanışla bir dəftərlik şeir də yazmışdım. Qoşma, bir-iki gəraylı filan. Sonra həqiqi ədəbiyyatla, poeziyaya ilə, Əli Kərim, Nazim Hikmətlə, daha sonra isə o vaxt populyar olan Salam Sarvanın şeirləri ilə tanış olandan sonra o dəftəri tulladım, öz-özümə qəti qərara gəldim ki, bunların ədəbiyyata dəxli yoxdur. Gündəlik yazmağa başladım bir müddət. Sonra o gündəlikdəki qeydləri bir kitab halında – “Tualet kağızı” – çap etdirdim. Yəni mənim ədəbiyyata gəlişim bir az təsadüfü oldu. Sonra bir hekayəm çıxdı, bəyəndilər. Düşündüm ki, deməli belə hekayələr yaza bilərəm. Onu deyim ki, bu uğurda filologiya fakültəsinin rolunu görmürəm.

- Sənə elə gəlmirmi ki, ədəbiyyata bir az gec qoşulmusan? Yəni yaş olaraq...

- Mən qarşıma plan qoymamışdım. Pritçaya bənzər nəsə yazırdım. Bu cür yazıları çap etmək mənə həddindən artıq qorxulu gəlirdi. Ədəbiyyatda əjdahalar var, birdən mənim fərqimə varmazlar deyə. Sonra isə gördüm ki, yox, iki il içində imzamı tanıyıblar. Məsələn, əvvəlki nəslə uzun müddət yazıçı deməyə qorxublar. Aqşin Yenisey, Seymur Baycan, Qan Turalı, Samir Sarını qəzetlərdə oxuyurdum tələbəlik vaxtı. Cəmiyyət bu imzalara köşə yazarı, publisist, gənc yazar deyirdilər. Amma mənim indi sorğularda, müsahibələrdə adımın qabağına yazıçı yazılması çox asan oldu. Gec olsa da, güc oldu.

- Bunun bəlkə bir səbəbi də var: Facebook. Səndən əvvəlki nəslin vaxtında sosial şəbəkələr bu qədər aktiv deyildi. Onda ancaq qəzet, jurnal var idi. Düzdü, oxunurdu bunlar, amma yazıçı kimi tanınmaq üçün kifayət deyildi. Daha çox köşə yazıları çap olunurdu, bədii mətnlər yox. Səncə, Facebookun təsiri yoxdurmu? Hətta sən Facebook fenomeni olmusan artıq.

- Əvvəllər Facebook fenomeni sözü xoşuma gəlirdi, axır vaxtlar isə qıcıqlandırır. Gənc yazarın “qızların sevimlisi”, yaxud da “şən statuslar yazan profil” kimi yadda qalması məni həddən artıq qıcıqlandırır. Onu da deyim ki, bu yaxınlarda profilimi də bağlamaq istəyirəm. Yazıçılığa başlamışamsa gərək hekayələrimlə yadda qalam. Amma mən fikir verirəm ki, statuslarla yadda qalıram və bu mənə heç də xoş deyil.

- Həm də onu deyim ki, statuslarının üstündə çox ciddi işləyirsən, bircə hərif səhvi də tapmaq olmur... Facebooku çox ciddiyə alırsan?

- Mən Facebooku həm müdafiə edə bilərəm, həm də əksinə. Amerikanın prezidenti Facebookda suallara cavab verir. Ya da Türkiyədəki hansısa siyasi bir liderin yazdığı bir “tvit” onun siyasi mövqeyini əks etdirir. Bu mənada sosial şəbəkə çox ciddidir. Ancaq mən bir yazıçı kimi qətiyyən Facebooka ciddi yanaşmıram. Bilirəm ki, orda bəyənənlər, izləyənlər vaxtını öldürür. Yazıçının yazdığı maraqlı bir status onun vaxtını öldürmək üçün istifadə elədiyi bir vasitədir.

- Səhifə də işlədirsən. Deyəsən, ödəmə də edirsən səhifəyə. Nə qədər bəyənmə var?

- Səhifənin 7 min bəyənməsi var. Bir dəfə kitabın üz qabığına, bir dəfə də səhifəyə 1-2 dollar pul qoymuşam. Nə baş verdi? Mənim səhifəmin bəyənməsi 7 mindir, amma əhatə dairəsi 300 minə çatır. Bu Azərbaycan yazıçısı üçün böyük nəticədir. Ən azından 300 min adam belə bir imzanın olduğunu bilir. Mənə elə gəlir,

bu pis bir şey deyil.

- “Bataqlıq donuzu” kitabına da xeyli oxucu gəlmişdi...

- Hələ gəlirəm deyib gəlməyənlər də vardı. 217 kitab satılmışdı. Məncə, son dövrlər çox yaxşı nəticədir. Böhran bir tərəfdən, hava şəraiti də digər tərəfdən, həm də nəzərə alsaq ki, o qədər də məşhur imza deyil, buna baxmayaraq, oxucular gəlmişdi.

- “Ümid arısı” kitabın məncə, uğurlu idi, hiss olunurdu ki, ədəbiyyatımıza yeni bir imza gəlib. “Tanımal Mustafa” hekayəsini çox bəyəndim. Bir az İsi Məlikzadəni xatırlatdı mənə. Sən necə düşünürsən?

- “Tanımal Mustafa”nı çox adam bəyənir, bir neçə adam da yazılarında adını çəkib. Amma mən düşünürəm ki, bu tip hekayələr çox yazılıb. Bu olmuş bir əhvalatdır, mənə kənddə danışıblar. Yəni belə əhvalatlar mənim yaddaşımda çoxdur. Bizim Muğanlı kəndi koloritli kənddir. Özü də deyim ki, İsa Hüseynovun kəndidir. – gülür. – Təbii, bu hekayənin xoşa gəlməsi məni sevindirir. Məsələn, mənə “Lyuk” hekayəm maraqlı gəlir, o daha intellektual hekayədir.

- Məncə, hekayə üçün o qədər də intellektuallıq lazım deyil. Əsas mətndir.

- “Lyuk” hekayəm məni sadəcə daha çox heyrətləndirir. Sonra “Übermenşagen” hekayəm var, düzdü, onun bir az mətn olaraq problemləri var. Ancaq mən belə hekayələr yazmaq istəyirəm.

- “Bataqlıq donuzu” kitabını oxudum. Son dövrlər hiss edirəm ki, gənc yazıçılarda əhvalatçılığa meyl çox güclüdür. Sanki əhvalatın, süjetin qeyri-adiliyi ilə oxucunu ələ keçirmək istəyi var. “Bataqlıq donuzu”nda da onu hiss elədim. Və qəribə orasında idi ki, oxuduqca hadisələrin hansı istiqamətə gedəcəyini bilirdim. Bunu sırf oxucuya hesablamışdın?

- Öz yazdığım mətni görə bilirəm. Ona görə də deyim ki, mətnlə bağlı çox ciddi problemləri var onun. “Bataqlıq donuzu” Ayxan Ayvazı heyrətləndirmək üçün deyil. Bu kitab təqdimata gələn oxucuları heyrətləndirmək üçündür. Nə qədər adam bu kitabda yazılanların həqiqət olub olmadığını məndən soruşub. Kitabı oxuyub bitirənlər, dəhşətə gələnlər var. Mən buna nail olmuşam. Ona görə də “Bataqlıq donuzu” ilə bağlı heç bir tənqid məni qıcıqlandırmır.

- Əslində, dediyindən belə çıxır ki, bu kitabı kommersiya məqsədi ilə çap etdirmisən. Ancaq etiraf edək ki, kitabın 217 ədəd satılması yaxşı göstərici olsa da, kommersiya qiyməti kimi çox zəifdir. Məsələn, Elxan Qaraqanın “A” romanı daha çox kommersiya əsəri hesab oluna bilər, çünki çox satılıb.

- Tam kommersiya məqsədi ilə deməyək. Orda ən azı 50 gənc ilk dəfə kitab almışdı, ilk dəfə kitab oxumuşdu. Vicdanım rahatdır buna görə. Mənim həqiqətən də xoşuma gəldi ki, heç oxumayan adamlar mənim “Bataqlıq donuzu” kitabımı aldılar.

- Dünyada bulvar romanı anlayışı var. Ya da metro ədəbiyyatı. “Bataqlıq donuzu”nu da belə adlandıra bilərik?

- İstənilən cür adlandırmaq olar. Bir dəfə oxuyursan, kifayət edir, ikinci dəfə oxumaq istəmirsən. Viktor Pelevinin bir hekayəsini oxumuşam, novellaya bənzəyir, məntiqlə götürəndə ikinci dəfə oxumaq istəməzsən. Mən isə o hekayəni dörd dəfə oxumuşam, çünki çox xoşuma gəlib. “Bataqlıq donuzu” kitabımda üç mövzu var ki, mən onu gələcəkdə yenidən işləməyi düşünürəm.

- Təqdimatda çıxış eləyib dedin ki, bu roman mənim deyil, bir fotoqrafın gündəliyidir, kitabın girişində də bunu yazmısan. Bəlkə özünü sığortalamaq üçün belə etmisən? Yəni niyə buna ehtiyac duydun?

- Əsər hazır olanda gördüm ki, bu bir adamın uzun monoloqudur. Fikirləşdim ki, bunu necə düzəltmək olar. Müəllif kimi verilsə, aydın olmayacaqdı, çünki müəllif o cür səliqəsiz, primitiv danışmır, həddən artıq bədii “priyom” yoxdur. Bunun bircə yolu var, atırsan bir nəfərin gündəliyinin üstünə, sən demiş özünü siğortalayırsan. Hətta üç nəfər mənə yazmışdı ki, mən o gündəliyi görmək istəyirəm. Yəni kitab inandırıb onları.

- Bu onların ilk dəfə kitab oxumağı ilə bağlıdır, səncə?

- Əlbəttə. Oxuyan adamın gərək bədii təfəkkürü, təcrübəsi olmalıdır. Ona görə də mən təqdimatda dedim ki, Mirmehdini, Ayxan Ayvazı heyrətləndirməyi düşünməmişəm.

- Burda elitar ədəbiyyatla kütləvi ədəbiyyat qarşı-qarşıya gəlir. Məncə, “Tanımal Mustafa” hekayəsi Azərbaycan nəsrində son illər yazılan ən yaxşı hekayələrdən biridir. Kütləvi oxucu üçün yazan yazıçılar var: Elxan Elatlı, Varis, Qaraqan və s. Onlar deyirlər ki, biz ciddi ədəbiyyatla məşğul deyilik. Ancaq sən deyirsən ki, mən ciddi ədəbiyyat yaratmaq iddiasındayam. Maraqlıdır, “Tanımal”ı yazan müəllif niyə “Bataqlıq donuzu”nu da yazır?

- Biz “Snayps” layihəsini yaradanda məqsədimiz o olub ki, kənarda qalan, kitab oxumayan kütləni əldə edək. Bu günə qədər bir çox “priyom”lardan istifadə olunub. Az da olsa effekt verib. Əvvəllərə baxanda indi daha çox oxuyurlar. Mən də elə düşünürəm ki, qıraqda 30 min potensial oxucu varsa, bunları əldə etmək lazımdır. Həmin oxucuları belə mətnlərlə aldadıb, sonra daha ciddi mətnlər oxutmaq lazımdır. Mən ola bilər səhv düşünürəm. Ancaq öz səhifəmdən bilirəm ki, 20 min adam İkinci Mahmud adlı bir imza tanıyır. Düşünürəm ki, bu oxuları əldə saxlamalıyıq. Qoy nə vaxtsa İkinci Mahmudun yazmaq istədiyi mətnləri oxuyanlar beş-altı nəfər yox, 20 min adam olsun.

- Belə başa düşdüm ki, ədəbiyyat oxucusunun arealını genişləndirmək məqsədin var?

- Tamamilə elədir, bunun başqa bir açıqlaması yoxdur. Məsələn, mən özüm filologiya fakültəsində oxuyan biri kimi bilirəm ki, “Bataqlıq donuzu”na 10 xaldan birini vermək olar. Bədii məziyyətləri çox zəifdir.

- Hətta o kitabın redaktoru da yox idi, səhv eləmirəmsə...

- O kitabın oxucusuna redaktor lazım deyil. Həqiqətən də o çox səliqəli olsaydı, bu oxucular oxumayacaqdı. Ona görə pinti olmağı yaxşıdır. Nə qədər oxucu o kitabla şəklini çəkdirir, əsərdən parçalar paylaşır. Bu Azərbaycan mühiti üçün böyük bir şeydir. Bu baxımdan o kitabı uğurlu hesab edirəm.

- Sənin hekayələrin bir az Haqverdiyevə, bir az da İsi Məlikzadəyə oxşayır. Hekayələrində yumor hissi var. Ədəbi əcdadın hansı yazıçıdır? Özünü hansı yazıçımızın xəttində görürsən?

- Mənə həddən artıq tragik əsər, yaxud da film xoş gəlmir, mütləq onun içində yumor olmalıdır. Dozası artıq yumor da ləzzət eləmir. Məsələn, filmlərdə tragikomediyaları çox sevirəm. Hadisə də, əsərin özü də o cür maraqlıdır. Mənim hekayələrimin içində Haqverdiyevin də adı var, İsinin də. Təəssüf ki, yerlim İsa Hüseynovun adını çəkmədiniz. – gülür. – Məsələn, dili bilməyən adam deyir ki, Azərbaycan dili naqisdir. İsa Hüseynov sübut edir ki, içində fəlsəfə, siyasət olan “Məhşər” kimi roman yazmaq olar, yəni dilin imkanı buna çatır. İndi əcdad məsələsi deyirsiniz. Fikrimi belə izah edim: bir tərəfdə Corc Oruel var, digər tərəfdə Markes. Corc Oruelin əsərlərində bədiilik mənə görə azdır, məsələn “1984” romanı. Amma Markesin “Gözlənilən qətlin tarixçəsi” mənim üçün dəhşət maraqlıdır. Niyə? Əsərdə dil var, üzdə olan məsələnin üstündə bu qədər eşələnmək var. Corc Oruel ə isə nə qədər istəyirsən hadisə var, yazıçı kimi yeni kəşflər edir və onu yazır. Bu cür yolla maraqlı etmək asandır. Ancaq Markes ilk cümlədə artıq qəhrəmanı öldürür. Ona görə də yazıçının balaca bir hadisədən böyük bir hadisə yaratması mənim üçün çox maraqlıdır. Mən istəyirəm ki, Markes kimi o dərinliklərdə eşələnə bilim. Bu mənada İsa Hüseynov da mənə maraqlıdır. İkisində də eyni enerjini hiss edirəm. Sinəsi geniş yazıçılardı Markeslə İsa Hüseynov. Əcdad da deyəndə, mən istəyərdim ki, İsa Hüseynovunku kimi bir dilə sahib olum.

- Dili öyrənmək baxımından İsa Hüseynovu başa düşdüm. Ancaq sənin tematikan ona yaxın deyil. Hər yazıçının öz tematikası olur. Bəs sən bu mənada özünü hara aid edirsən? Məncə, bir az İsi Məlikzadəyə yaxınsan.

- Bilmirəm, məni harda görürsünüz, ancaq özümü “Lyuk”, “Ubermenşagen” hekayələrimdə tapıram. “Tanımal Mustafa” hekayəsini bu mənada köhnə hesab edirəm. Məsələn, Pelevini və digər müasirləri oxuyanda görürəm ki, çox yaddır “Tanımal Mustafa” hekayəsi.

- İndi nə yazırsan?

-Bu dəqiqə heç nə. Ancaq status yazıram. – gülür. – Yaxın günlərdə profilimi bağlayandan, o daxili müdrikliyə çatandan sonra ona yaxın silsilə hekayələr yazacağam, yavaş-yavaş dərc etdirəcəyəm. İki ildən sonra inşallah, yaxşı bir hekayələr kitabı çap etmək fikrim var.

- Mahmud, səndə şöhrətpərəstlik hissi var?

- Axır vaxtlar yaranıb. Eqonun yarandığını hiss edirəm. Əvvəl bu yox idi.

# 2937 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #