Lotereya satan adam: “O bileti görmüşdüm” - REPORTAJ

Lotereya satan adam: “O bileti görmüşdüm” - <span style="color:red;">REPORTAJ
15 yanvar 2016
# 12:05

Ayxan Ayvaz

İnsan daim bəxtinin gətirməsi üçün çabalar edir, yarışlara qatılır, lotereya bileti alır, hansısa işə başlamaq üçün kimdənsə borc pul götürür və s. Bəxtsiz adamların isə sığınacağı heç bir liman yoxdur. Onların istədikləri dünyaya biletlər satılmır, heç bir təyyarə, avtobus, qatar o yerlərə gedib çıxmır. Bir də var bütün bu olanları sakitcə tamaşa edən adamlar: insanların bəxtinin açılmasında açar rolu oynayanlar.

Bəxt

Yəqin filmlərdə çox görmüsünüz. Ya da elə öz həyatınızda rastınıza çıxıb. Kasıb, borc içində yaşayan ailənin lideri, yəni ata bir gün yoldan keçəndə lotereya bileti satanla qarşılaşır.

- Dayı, bəlkə bəxtin gətirdi, gəl al.

Adam fikirlidir: kirayə pulunu necə verəcək, uşaqlara pal-paltar almaq lazımdır, sabah-birisi gün məktəblər açılır. Yoluna davam edir, ancaq kimsə onun kürəyinə vurur: geri qayıt. Həyat risk edənləri sevir. Lakin adamın bütün şanslarının cavabı həmişə belə olub: “Bəxtinizi bir daha sınayın”.

Bəli, axır-axırda kişi “sonrası nə olar-olar” deyib bir manatı satıcıya uzadır və lotereya biletini götürüb yeyin-yeyin evə tələsir.

On beş ildən çoxdur “Azərlotereya”da insanların sevinci, kədəri ilə üz-üzə gələn Eldar dayı yəqin ki, belə hadisələrlə çox rastlaşıb. O adam evə gedəndə bilet aldığını deyəcək, arvadı deyinəcək, sonra axşam hamılıqla televizorun qabağında oturub əlində lotereya bileti bəxtini sınayacaq.

- Elə bu yaxınlarda, yeni il ərəfəsi, 28-30 dekabr arası keçirilən uduşda bir adam qalib gəldi.

Həmin adam da təsvir elədiyimiz qəhrəman kimi kasıb, qəpiyə güllə atan biri imiş. Bütün günü küçələrə düşüb iş axtaran, əlacsız qalan kişinin evə getməyə belə üzü yoxmuş, uşaqlarının məsum görünüşünə baxmağa dözə bilmirmiş. Evdə balaca oğlu hardansa tapdığı yolkanı quraşdırıb, uşaqlar pərvanə kimi ətrafında dolanırmış. Yeni il gəlir, əldə-ovucda da heç nə yox.

- Həmin adam 200 manat qazandı. O pulla yeni ili qeyd etdi.

- Bəs siz heç oyanmısınız, dayı?

- Olub, oynamışam. Udduğum da olub, amma indi oynamıram. Özü də sənə deyim ki, bu “Azərlotereya” bir çox adamın həyatını xilas edib.

Pul udan var

İnanmayacaqsınız, amma bu əhvalatı danışandan sonra lotereya satılan yerə bir kişi yaxınlaşır və məlum olur ki, o da 200 manat qazanıb.

Dayı gülə-gülə mənə baxır:

- Gördün? – deyir. – Bu adamın sevinci indi nəyə desən dəyər.

Həmişə kasıb adamlar bəxtini sınayır və qazananda elə sevincək olurlar ki, bircə uçmağa qanadları çatmır. Bu kişi də eynən həmin haldaydı.

- Götürün bunu da çay içərsiniz.

Elbrus dayı öz haqqı olmayan pulu götürən deyil, kiminsə qazancında gözü yoxdu, neçə dəfə uduşda qalib gələnlər onun cibinə “şirinlik” qoymaq istəyiblər, etiraz edib. İndi də əlini yelləyib “çox sağ ol” deyir.

- Əşşi, rüşvət kimi demirəm ki... Bütün günü soyuqda qalırsınız. Bir çay içərsiniz, qızınarsınız.

Bəzən görürük ki, kimsə böyük məbləğdə uduş qazanıb, amma heç birimiz inanmırıq.

- Elbrus dayı, sizə udan adamlar heç pul verməyib?

- Qətiyyən, mən götürmərəm. Özüm burda yaxşı qazanıram.

- Nə qədər qazanırsınız?

- Yaxşı qazanıram. – gülür.

- Çox vaxt camaat inanmır uduş qazanana?

- Niyə inanmırlar? De, sənin gözünün qabağında gördün ki, udan da var.

Sevinməyə ehtiyac

Elbrus dayı Ağdamdandı, zirək adama oxşayır, kepkası başında soyuq havalarda Əhmədlidə insanların gəlib-keçdiyi işlək küçədə durub lotereya bileti satır. Qış vaxtları daha çox gələn olur, hamı televizorun qabağında oturub əllərində lotereya bileti bu kasıb həyatdan xilas olmaq xəyalları ilə yaşayır.

- Necə oldu bu işə başladınız?

- İnsanların lotereyaya ehtiyacı vardı. Mən də satıram. – gülür.

Elbrus dayı deyir ki, elə indicə gözünün qabağında biri 200 manat uddu, hələ ondan əvvəl bir neçə nəfər də xırda-xuruş qazandılar, bunların hamısının şahidi olmaq mənə rahatlıq gətirir, bir insanın evdəkilərə bu xoş xəbəri çatdıracağını düşünəndə gözəl hisslər yaşayıram: “Elə bilirəm, özüm qazanmışam. Adamların bəxtini sınamağa ehtiyacı var. Gəlirlər, bilet alırlar, bazar ertəsi, şənbə günləri televizora baxırlar, səhər də gəlirlər mənim yanıma. Qəzetdə baxıram, onunla bir yerdə həyəcan keçirirəm, uduş çıxanda ikimiz də sevinirik, gedib aparatda vururam”.

Bəzən lotereyadan, uduşdan xəbərsiz müştərilər də onun qapısına elçi düşür. Bir dəfə balaca bir uşaq əlində bilet Elbrus dayıdan yoxlamağını istəyir.

- 1 manat uduş var. – deyir Elbrus dayı.

Uşaq ayağını yerə döyür:

- Axı nənəm deyib iki manatdır.

Elbrus dayı şirin Ağdam ləhçəsiylə uşağa cavab verir:

- Nənən məndən yaxşı biləcək, ə?

Bu vaxt bir adam yaxınlaşır, o da lotereya biletlərini yoxlamaq üçün gəlib. Mənə baxıb deyir:

- Gözün, o “dörd gözdə” olsun, götürüb apararlar.

Baxışlarımı “Mercedes”in üzərinə gətirirəm, yoxlama bitəndən sonra Elbrus dayı öz zarafatından qalmır: “Maşının da yerində, daha nə istəyirsən?” Deyəsən, oğlan da əli gətirənlərdən olub.

- Nə qədər qazanıb?

- 9 manat.

- Çox vaxt belə az qazananlar təzədən bilet alırlar?

- Biletlərin hamısı bir manatdır. Məcbur deyil ki, oğlum. Görürsən, çoxusuna pulu sayıb verirəm. Eləsi də var ki, təzədən bəxtini sınamaq istəyir, udduğu pula bilet verirəm.

- Bəs siz özünüz hansısa biletin uduş gətirəcəyini əvvəlcədən bilirsiniz?

- Yox, elə bir şey yoxdu. Amma kimsə udandan sonra deyirəm ki, o bileti görmüşdüm. Hansısa “paçka”nın üstündəydi.

- Əzbərə bilirsiniz...

- Yox, öyrəşmişəm də. Bir də görürsən, tanışdı, biletin üstündə qoşa nömrələr var. Deyirsən, bəlkə bu çıxmaz, ona başqasını məsləhət görürsən. Əslində hamısı eyni biletlərdi. Bilmək olmaz hansında çıxacaq, hansında yox. Kimin bəxti gətirsə...

Son

Əvvəllər tez-tez lotereya bileti alıb televizorun qabağını kəsdirərdik, udduğumuz da xırda-xuruş olub. Gedib yoxlatdırmışıq, qazandığımız məbləğə təzədən bilet almışıq. Bu da insanın bir ümidi, sığınacağı bir limanıdır. Başqa cür yaşamaq olmaz. Həyatdı, bir də gördün hər şey tamam başqa cür oldu. Elbrus dayı isə bir insanın həyatının xilas olduğunu, yaxud da kədər içində boğulduğunu görən ilk adam olacaq həmişə.

# 5232 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #