Verilişlərimizin həmsəylik günü

Verilişlərimizin həmsəylik günü
31 dekabr 2015
# 10:00

İndi başlayacaqlar "hoppanmağa, qışqırmağa". Müğənnilərimizi və aparıcılarımızı deyirəm. Hərəsi boynuna bir zərli lent atıb bir-biri ilə həmr(s)əy olub bizi də həmrəyliyə səsləyəcəklər. Səviyyə yox, zövq yox, söz ehtiyatı yox, vicdan yox, senzura yox, dünyadan xəbərləri yox.

Bəlkə də artıq başlayıblar. Neçə ildi, yerli telekanallarımızın ucbatından nəinki televizora baxmıram, hətta televizor olan otağa keçməyə üşənirəm, elə bilirəm bu "qutu"nun qaranlıq ekranından indicə bir Elariz, ya bir Elgiz çıxacaq.

Amma hərdən, lap hərdən stomatoloqun gözləmə zalının divarından, gözəllik salonunun küncündən, saç ustasının güzgüsündən bizim verilişlər imkan tapıb bir beyin həmləsi yapırlar. Onda ki, nəinki pultun düyməsi, heç öz ixtiyarım özümdə, başım öz əlimdə olmur.

Məcbur olub görürəm ki, o əttökən şoulara necə diqqətlə tamaşa edirlər. Bu qədər müzakirə eləməyə mövzu olduğu vaxtda xalqımız necə həvəslə öz manıslarının geyimini, "priçoska"sını, silikonunu, özəl həyatını çək-çevir edir. Deməli, xalq öz manıslarıyla xoşbəxtdir, yəni, "bibi Yusifi sevir, Yusif də bibini".

Bəs onda biz kimik, orda-burda deyinən bir ovuc başıdaşlı, bəs onda biz nə məqsədlə yaranmışıq?! Sualı bir də Füzuliyanə verək:

Gər mən mən isəm, nəsən sən, ey yar,

Gər sən sən isən, nəyəm məni-zar?!

Neyləmək olar, azlıq hər zaman çoxluğa tabedir və deməli, çoxluq həmişə hakimiyyətdədir.

Bu millət o gözəl xalq mahnılarının müəllifi, ifaçısı, dinləyicisi, fanatı deyildimi, bəs indiki mahnıları niyə həzm eləyir, toyda sifariş verir, dinləyir, oynayır, zövq alır, sirri-xüdadı. Hamı birdənmi öldü, müəlliflər də, ifaçılar da, dinləyicilər də?! Hərdən elə mahnının sözləri mühasirəni yarıb beynimə hücum eləyir ki, yanıb-tökülürəm. Lap tutaq ki, sözlərin müəllifində bir az çatmır, bəs bəstəkar, ona nə düşüb axı? Lap deyək ki, bəstəçidə də çatmadı, bəs müğənni ağzına alıb oxuduğu sözlərə niyə fikir vermir?! (Bu yerdə sual cümlələrinə görə üzr istəyirəm).

Hər səfeh mahnının arxasında bir mənasız trio - şair, bəstəçi və müğənni üçlüyü düşünün. Düşündükcə düşünün. Bu bayram günlərində elə ən yaxşı variant, bütün problemləri unudub manıscasına düşünməkdi və bir-birinizi verilişlərimizin qarşıdan gələn həmsəylik günü münasibətilə təbrik etmək.

# 1142 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #