Ramzan Kadırov o kişiləri mənə sevdirdi

Ramzan Kadırov o kişiləri mənə sevdirdi
28 dekabr 2015
# 15:55

Lars von Trierin "Doqvil" filmində belə bir ideya var: Əgər bir kənddəki bürümüş əxlaqsızlıqdan (böyük mənada), həyasızlıqdan, əclaflıqdan imtina edəcək bir adam belə qalmayıbsa, o kənd yer üzündən silinməlidi. Amansız ideyadır, amansızlığı ilə də qəbulolunmazdır, amma Trier bu amansızlığı kadr-kadr, səhnə-səhnə izah edir. Və sonda bütün kəndin, istisnasız olaraq bütün kəndin zülm etdiyi, hər cür yararlandığı Qreys əlinə fürsət düşən kimi hamını öldürür, kəndi yandırır. Qreys Doqvilldən yalnız bir iti sağ buraxır. Bir dəfə onun sümüyünü oğurladığı üçün ona hürməyə haqqı çatır deyə, yalnız iti sağ saxlayır.


Sosial vəziyyətlərinin ağırlığına görə, qeyri–bərabər və ədalətsiz bir quruluş yaratdığına görə Watsapp şəbəkəsində prezidenti Ramzan Kadırova üsyan edən çeçen qadının ictimai şəkildə yumşaq desək danlanması niyəsə Trierin bu filmini xatırlatdı.

Prezident reabilitasiya xəstəxanasının tərbiyəçisi olan qadını Ayşat İnayevanı televiziyaya çağırtdırıb və yüksək tonla Watsappda dediklərini təkrar etməsini istəyir. Uşaq kimi danlanan qadın bu gücün və yüksək tonun qarşısında burnunu silir və deyəcək bir sözü olmadığını söyləyir. Qadının yanındakı əri də pərt vəziyyətdədir-axı o, arvadına nəzarəti itirib. Amma həngamə hələ bundan sonradır. İndi Ayşatı bilmədiyi işlərə baş soxmaqda, qadın yerində oturmamaqda qınayırlar. Amma sivil şəkildə. Halbuki bunun cavabı şillə-qapaz idi. Halbuki, qadın üçün ayrıca yığıncaq keçirib onu danlayan rayon camaatının, ağsaqqalların sözü ilə desək, prezidentin mərhəməti sayəsində sağ-salamat gəzir. Çeçenistan prezidenti onu “alicənabca” cəzalandırır: İnayevanı kişimərkəzçi (erkəkmərkəzçi” də demək olar), padşahsevən, yaltaq cəmiyyətin caynağına atır.

Qadını cəzalandırmaq üçün düzənlənən ictimai töhmət iclasından çəkilən kadrlardan birində rayonun ağsaqqallarından birinin dilindən sitat səslənir: “Qadının ağlı kişinin ağlının yarısı qədərdir”.

Bu müdrikliyi səsləndirməyə haqq verən sanki daha böyük papaqları, gücü dəstəkləmələri və erkək cinsə mənsub olmaqla avtomatik olaraq qadını aşağılamaq üstünlüyü qazanmalarıdır.

Yalnız hansısa Çeçenistan vilayətinə aid deyil, əlbəttə, bizdə də belə məclis-divan ənənəsi var.

Bu müdrik, əsrlərin sınağından keçən ənənəyə görə, kişilərin, güclülərin və çoxluğun içindən çıxıb hamıdan fərqli olaraq danışmaq, öz fikrini bildirmək, nəyəsə etiraz etmək ağlının azlığı əlamətidir. Əsrlərin sınağından keçibsə, sözsüz, burada bir hikmət vardır. Amma əfsus ki, o hikmət bu kadrları izah edə, mənalandıra bilmir. Mənzərə isə budur:

Qadınlar susur, erkəklər danışır, kişilərsə ölüb...

Yəqin o çeçen ağsaqqallarının rəhbərlik etdiyi yığıncaqdakı küncdə oturan gəncin və ya televiziya verilişinin deyək ki, operatorlarından birinin bu rəzil durumun qarşısında qəlblərində deməyə sözü olub. Dinə bilməyiblər. Qadına da yazıqları gəlib. Nə gizləyim, mənim də qadına yazığım gəldi. Amma ona görə yox ki, qadını danlayırlar və o, pis vəziyyətə düşüb. Ona görə ki, ətrafindakı kişilər ölüb. Kişilər ölüb, amma elə ölüb ki, qadınlar onlara ağlamır, baxıb susurlar...

Bir dəfə həmkarım Sevda Sultanova ilə qadın-kişi, cins xarakterikliyi, sevgi-vurğunluq mövzusunda söhbət edirdik, söhbət uzanırdı. Və birdən ikimiz də eyni faciənin dibini gördük, gördük nədi, bütün varlığımızla hiss etdik. Bu faciə qadın faciəsi idi: əzik kişilərin əhatəsində qadın olmağın mənasızlığı. Dəhşəti.


Və elə dərindən hiss etdik ki, az qaldıq həyatımızdakı və ya bizim həyatımızda olmayan, amma tanıdığımız, bu amansız sistemdə, yırtıcı cəmiyyətdə özünü əzdirməyən, simasını, ruhunu qoruya bilən kişilərə sevgi etirafımızı yazaq.

Yazaq ki...

Nə yaxşı ki, onlar var...

# 1951 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #