Abel müəllimin pərəstişkar tələbələri

Abel müəllimin pərəstişkar tələbələri
14 dekabr 2015
# 13:28

Ötən həftə BDU-da Türkan Şorayla görüş keçirilib. Aktrisanı universitetin rektoru Abel Məhərrəmov şəxsən qəbul edib, ona “Universitetin ən böyük dostu” mükafatını və qızıl medalını təqdim edib.

Çox yaxşı, sözüm onda deyil.

Bildiyimə görə həmin gün universitetin həyəti Türkan Şoray heyranları ilə aşıb-daşırmış. İynə atsaydın yerə düşməzmiş. Bu gözəl aktrisanın pərəstişkarları, onu sevən tələbələr bir basırıq, bir həngamə yaradıbmışlar ki, gəl görəsən. Aktrisa universitetin həyətində görünəndə telefonlar ciblərdən çıxıb hamı obyektivi aktrisaya tuşlayıb. Aktrisanın tələbə pərəstişkarlarının qışqır-bağırı universiteti başına götürüb.

Yəqin həmin gün, o böyük aktrisanı qarşılama mərasimini nəzərə alaraq universitetdə dərs saatlarını ləğv ediblər, yoxsa inanmıram elə səs-küydə hansısa müəllim mühazirə deyə bilə. Heç tələbələrin də dərsdə oturmağa sən deyən könlü olmazdı.

Deyilənə görə Türkan xanım universitetə təşrif buyurandan sonra akt zalına keçib. Bu dəfə akt zalının qapısında izdiham yaşanıb. Yerlər dolduğu üçün aktrisanın pərəstişkarlarının çoxu akt zalına buraxılmayıb.

Təkrarçılıq çıxmasın, bütün bu həngamə, bütün bu çal-çağır hər hansı bir əyləncə mərkəzində deyil, məhz təhsil ocağında-Bakı Dövlət Universitetində baş verib.

Qoyma-qışqırıq salan, Türkan Şorayla şəkil çəkdirmək üçün bir-birini tapdalamağa hazır olan, aktrisanı görəndə ağlayıb özündən gedənlər isə universitetin tələbələri olublar.

Bu o universitetdir ki, Türkiyədən Orhan Pamuk, Semih Gümüş, Ataol Bəhramoğlu, Elif Şafak kimi ədəbiyyat adamlarını, misal üçün bu il kimya üzrə Nobel mükafatı alan Ali Sancarı dəvət etməklə deyil, həmişə təmtəraqlı, toy-büsatlı buraxılış gecələri keçirməklə yadda qalıb.

Həmişə buraxılış gecələrinə tanınmış müğənniləri dəvət etməsi, Röyanın hüquqa sənəd verməsi ilə yadda qalıb.

Bu da bizim ölkənin ən böyük mədəniyyət ocağı.

Tələbə yox, pərəstişkar yetişdirən universitet.

# 762 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #