Türkan Şorayla görüş

Türkan Şorayla görüş
14 dekabr 2015
# 11:12

Düzü Türkan Şorayın Bakı səfəri mənimçün gözlədiyim nəticəni vermədi. İnsanların bir müddət bu barədə danışıqlarını dinləyib, yazılarını oxuyacağımı düşünürdüm. Fəqət olmadı, gəldi, getdi, türklər demiş “hepsi o kadar”. Türkan Şoray coşğusu olmadı, çünki insanlar (təbii ki, hər kəsə aid deyil) hələ əsl sənətin nə olduğunu ya dərk etmirlər, ya da dərk etmək istəmirlər.

Mən 1qala gecəsi keçirilən məlum filmdən danışmaq istəmirəm, baxmayaraq ki, “Sultan”ı bura gətirən səbəb elə həmin film idi. Mən Bakı dövlət universitetində keçirilən görüş barədə yazmaq istəyirəm. Bir görəydiniz ki, Türkan xanımı gətirən “VIP” maşın universitetin qarşısında dayanana qədər tələbələr necə həyəcan keçirirdilər, hətta bəziləri kosmetikasını tez-tez yeniləməklə məşğul idi ki, Türkan xanımın qarşısına sanki pərəstişkar olaraq yox, gözəllik rəqibi olaraq çıxacaqlar.

Bəzi qızlar halında öz aralarında növbələşib kimin kimin birinci şəkil çəkdirəcəyi barədə qərara gələ bilmirdilər, ta ki, mən qarşılarına çıxıb “ağıllı-ağıllı” “Niyə selfi çəkdirmirsiz?” – deyə sual edəndə sevincək qaqqanaq çəkib gülüşdülər, bilirsiz də, bizim qızların gülüşünü Allah göstərməsin.

Hər şey bir kənara, mənimçün oğlan tələbələrin keçirdikləri həyəcan daha maraqlı gəldi, oğlanlar hələ də “Eski Türkanı bekliyormuşlar gibi” durmuşdular. Vallah şişirtmirəm, bir neçəsini əməllicə müşahidə edirdim. Deməli telefonun ön kamerasını açıb Kadir İnanır sayağı baxışlarla altdan yuxarı zillənir, tellərinə sığal çəkirdilər, saçlarını o qədər əlləşdirdilər ki, Türkan xanım gələnə kimi saçları yağlandı.


...Və budur, Türkan Şoray “VİP” maşınla universitetin əsas darvazasından içəri daxil oldu, maşın tələbələrin durduğu yerə çatanda rektor Abel Məhərrəmov gəncləri kənara itələyib özünü verdi Türkan xanımın qabağına. Əlindən-üzündən öpməklə kifayətlənib kibarcasına Türkan xanımın onun qoluna girməsinə şərait yaratdı. Universitetin qarşısından içəri sevgiylə, tələbələrin “Türkan” deyə bağırmalarıyla, “şırt-pırt” kameraların işığıyla daxil oldu, hətta tələbələr arasında onu sevgi dolu göz yaşlarıyla qarşılayanlar da, üstünə şığıyıb, öncə əlindən, sonra üzündən öpüb duz kimi yalayanlar da olmuşdu. Hadisələrə kamera arxasından baxmaq bir az qəribə idi. Çünki bilmirdim foto çəkim, bilmirdim Türkan Şoray gözəlliyindən zövq alım, bilmirdim illərlə gerçəkləşməsini gözlədiyim və gerçəkləşdiyində gözlərimə inanmadığım arzumun canlı olaraq qarşımda durmasına necə reaksiya verim.

Üstünə bir də tələbələrin başgicəlləndirən çığırtıları gəlincə özümü becid görüş otağına atmağa tələsirdim. Bir az haşiyədən çıxmaq istəyirəm: Türkan xanım həqiqətən də gözəlliyi ilə illərə meydan oxumağa müvəffəq olmuşdu. Üzü hər zamankı kimi sevgiylə gülürdü, bəlli idi ki, qadın rola girmirdi, olduğu kimi idi. Gözləri qarşısındakı hər bir insana tək-tək sevgiylə baxırdı, çünki o sevirdi, möhkəm ürəklə sevirdi, insanları, onu sevənləri sevirdi. Özünə qarşı gördüyü sonsuz sayğıdan dolayı gözləri yaşarmışdı, bir neçə dəfə səhnədə çıxışı zamanı kövrəldi, özünü itirdi. Bir də bilirsiz nəyə fikir verdim, Türkiyədən gələn bir çox sənətçilərdən fərqli olaraq o Azərbaycan dilində ona ünvanlanan sualları başa düşmədiyinə görə təəssüf hissi keçirmiş və pərt olmuşdu, bu pərtlik onun gülüşündən doğub bütün simasına yansımışdı. Hər zaman Türkiyə sənətçiləri və vətəndaşlarıyla onların dilində danışan soydaşlarımı heç vaxt qəbul etməmişəm, sənin torpağındadırsa, sənə sayğı göstərərək dilində danışmağı bacarmırsa, heç olmasa danışmağa, başa düşməyə cəhd göstərməlidir.

Bu dəfə isə Türkan Şorayla məhz Azərbaycan dilində danışmaq arzularını başa düşmədim, həm bir-birilərini dinləmədən verdikləri təkrar və banal suallara, həm də həmin banal sualları Azərbaycan dilində verib uzun zaman Türkan Şorayın onları anlamaq istəyinə sərf etdilər, oldu bitdi. Elə bilirdim ki, Sultanı ən çox sevənlər sırf şanssızlıqdan qapı arxasında qalmışdılar, bəlkə onların daha çox haqqı vardı içəridə olmağa, bəlkə onların illərdir cavabını eşitmək istədikləri daha məntiqli sualları vardı ürəklərində.

Akt zalda yer sayının məhdudluğundan çox az sayda tələbə, müəllim heyəti daxil ola bilmişdi içəri, qalanları isə bayaq dediyim kimi, Türkan xanımı maşından endiyi andan 3-cü mərtəbəyə-akt zala daxil olana qədər mərtəbələrlə müşayiət edirdilər. Zalda onu görmək arzusuyla əyləşənləri də anlamağa çalışırdım, çünki onun haqqında heç nə bilmirdilər. Tanınmışlarla selfi çəkdirmək istəyi hardan qaynaqlanmasından asılı olmayaraq insanları büsbütün sarmışdı, əminəm böyük əksəriyyət sırf selfi xətrinə orda idi, çünki Türkan Şoray haqda “Arım, balım, peteyim”dən başqa heç nə bilmirdilər, bəlkə heç onu da bilmirdilər, bir tək eyniadlı musiqidən yapışmışdılar. Halbuki Sultanın sadalamaqla saya gəlməz “olmazsa-olmaz” şedevr filmləri var.

Gözəl aktrisadır, gözəl qadındır, Abel müəllim demişkən, bəlkə bir çox kişinin arzusudur, amma bizim özümüzün qədrini bilmədiyimiz, ağız büzüb yan keçdiyimiz o qədər gözəl sənətkarlarımız var ki, fərqi yoxdur, aktyor, aktrisa, müğənni, rəssam, yazar... Nədənsə biz dəyəri hər zaman başqa millətin nümayəndələrinə veririk. Məhz o cür, ondan nə artıq, nə əksik, özümüzküləri qarşılasaydıq, bizdən asılı olan sənətə dəyər artardı. Elə həmin gün “28 May”da piyadalar arasında xalq artisti Elmira Rəhimovanı gördüm, heç kəsdən ona qarşı bir reaksiya görmədim. Bütün dünyanın həsəd apardığı sənətkarımıza münasibətimiz göz qabağında idi...

P.S. Nə isə, gözəl gün idi, dadını çıxarmağı bacarançun təbii ki... Amma, ancaq və lakin məni bir sual narahat edir: Yahu, Türkan Şorayla görüşü niyə BDU-da keçirdilər, gərçi İncəsənət Universiteti tələbələrinin buna daha çox haqqı vardı.

# 1061 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
#
#
# # #