Həya

Həya
8 dekabr 2015
# 08:30

Abır-həya məhfumu günümüzdə öz aktuallığını itirməkdədir. Amma mənim deyəcəklərim hələ də ona inananların qulaqları üçündü. Balansı gözləmək məqsədilə iki kişini və iki qadını misal göstərmək istəyirəm.

Birinci xanımlardan başlayaq.

Rəhmətlik anam şəhərə az-az gələrdi. O da ki, Sumqayıtda yaşayan oğlanlarının yanına. Mən Bakıda ev alanda bizə gəlmişdi. Axşamı qaldı, səhəri gün onu Sumqayıta aparmalı oldum. Yolu keçəndə qolundan tutmaq istədim, qoymadı. Metroya düşəndə hiss elədim ki, eskalatordan qorxur, yenə də qolundan tutmaq istədim, bu dəfə də qoymadı. Anam öz doğma oğlunun küçədə, adamlar içərisində qolundan tutmasına razı deyildi. Çünki həya edirdi...

İkinci epizod mərhum qaynanamla bağlıdı. Eşitdik ki, qaynanamın beyninə ikinci dəfə qan sızıb. Yığışıb getdik. Soyuq xəstəxanada, soyuq bir otaqda uzanmışdı. Huşu özündə deyildi. Arvadım anasının qulağına pıçıldadı ki, qorxmasın, hamı burdadı, kürəkəni də, yəni mən də. Necə oldusa yorğan onun üstündən sürüşdü, qaynanam dərhal əlini atıb yorğanı üstünə çəkdi.

Tomoqrafiya edən həkim dedi ki, bu adamı xəstəxanada saxlamağın adı yoxdu, çünki çoxdan ölüb. “Bəs reaksiya?” – deyə təəccübləndim. “O, mexaniki olub” –həkim dedi. Onda gözlərim doldu, elə indiki kimi, qaynanam, Aazərbaycan qadını ölüm ayağında da həya edirdi.

Əmim çox abırlı adam idi. Atam onları böyütdüyündən o boyda vəzifə sahibi bir dəfə də olsun atamın yanında uşaqlarının adını tutmaz, onları qucağına almaq nədi, heç yaxınına da qoymazdı. Bir dəfə onların geniş həyətində şaşki oynayırdıq. Kim uduzsaydı mal nobatına o gedəcəkdi. Onsuz da uduzan həmişə mən olurdum. Əmim uduzsaydı da gedən deyildi. Sadəcə, marağa oynayırdıq. Çox isti olduğundan əmim həyətdə maykayla oturmuşdu. Birdən hardansa atamın səsi gəldi. Əmim yerindən dik atıldı, evə cumdu və köynəyini geyib çölə çıxdı.

Bir hadisə isə bu günlərlə bağlıdı və qohum-əqrəbaya aidiyyəti yoxdu. Əslində bu yazını yazmağa da həmin epizod səbəb oldu.

Oxuyanlar bilirlər ki, mən hər səhər evimizin yanındakı zeytun xiyabanında gəzirəm. Orda tez-tez düz qamətli, hündürboy, nurani bir kişi görürəm. Mən bilən, yaşı 65-66 olar. Hamı zeytun çırpır, turşu qoymaq üçün. O, isə xəlvətcə zeytun dərir. Getdiyi yerdə heç kim görməsin deyə, əlini uzadıb bir neçə zeytun qopardır və cibinə qoyur. Halbuki çəkinməyə ehtiyac yoxdu, kim istəsə zeytun yığa bilər. Amma o, həya edir. Mənə elə gəlir ki, həmin adam ziyalı olmaqdan savayı, həm də vəzifə sahibi olub və adamların gözü qarşısında zeytuna ehtiyacı olduğunu hiss elətdirmək istəmir.

Bayaq dediyim kimi, indiki zamanda abır-həya məsələsi aktuallığını itirib və kimlərsə məni mühafizəkarlıqda qınaya bilər. Olsun. Şəxsən mən yaşmaqlanan qadınları, başında daim buxara papaq gəzdirən qədimi kişiləri yadıma salır və onlardan ötrü xiffət edirəm...

Dekabr 2015

# 1321 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #