Uşağına Ben Laden adı qoyanlar

Uşağına Ben Laden adı qoyanlar
3 dekabr 2015
# 12:27

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının Azərbaycan dilində şəxs adları lüğətinə daxil etmədiyi, üstəlik qadağan etdiyi adları görəndə açığı xeyli təəccübləndim. Axı bu adları kimlər, nə zaman qoydu ki, birdən-birə belə təşviş yaratdı, Terminologiya Komissiyası da məcbur olub bəzi adları qadağan elədi!

Gəlin ətrafımıza baxaq. Görək kim yaxın bir-iki il ərzində övladına Ansambl, Keştazlı, Paynaz, Sonamö, Tövsiyyə, Pekşən, Zemkom adı qoyub?

Mən xatırlamıram. Bildiyim odur ki, son dövrlər Məhəmməd, Əli, Ömər, Hüseyn, Zəhra, Fatimə, Aişə kimi dini adlar daha çoxdur, bir də türklərdən götürülmə adlar.

Yaxşı olmazdımı komissiya bu qadağaları tətbiq etməmişdən qabaq belə bir statistika hazırlayardı görək qadağan olunan bu adlar axırıncı dəfə nə vaxt istifadə olunub?

Amma komissiya statistika tərtib etməkdənsə qadağaya keçir, insanları süni surətdə nəyəsə təşviq edir.

Bu siyahıdakı adların əksəriyyəti çoxdan öz ömrünü başa vurub. Əgər kimsə övladına bu 217 addan birini qoyursa belə kütləvi deyil. Mən düşünmürəm ki, sabah kimsə oğluna Kolxoz adı qoyar, ya da Ansambl adını. Bu adlar tarixi zərurətdən yaranmışdı. Dövr, epoxa bitdi, bu adların yararlıq qabiliyyəti də bitdi. İndi adamlara milyon da versən uşaqlarına Raykom adı verməzlər.

Bəs kor-kor, gör-gör bu adların istifadə olunmadığını komissiya bildiyi halda niyə tövsiyə xarakterli çıxışlar etməkdənsə, o dəqiqə qadağalara keçir?

İnsanlara övladın ad seçməkdə azadlıq verilməlidir. Qoyun nə bilirlər onu da etsinlər. Əminəm qadağa olmasa belə heç kəs övladına Hambal adı qoyan deyil. Biləsiz.

Tövsiyyə adını qadağan etməyi boş verin, ondansa sizə tövsiyyə xarakterli bir əhvalat danışım.

Ben Laden öldürülən il Braziliyada bir adam oğluna onun adını qoymaq istəmişdi. Axı necə ola bilər ki, uşağa dünyanın bir nömrəli terrorçusunun adını qoyasan. Körpənin atasından soruşublar, o da deyib ki, kefim belə istəyir, Ben Ladenə simpatiyam var, onun adını yaşadacam. Rio de Janeyranın meri uşağın atasını bu sevdadan döndərmək üçün nə qədər tövsiyə edirsə xeyri olmur, axırda deyir ki, uşağına Ben Laden adını qoyma, sənə pul mükafatı verəcəm. Uşağın atası o dəqiqə razılaşır, pulu alıb körpəyə yəqin populyar Braziliya seriallarından birinin qəhrəmanının adını qoyur.

Braziliyadan karnaval ənənəsini götürmürük-götürmürük, heç olmaya belə şeylərdə onlardan nəsə öyrənək.

Deməyim o ki, rahat buraxaq camaatı. Onsuz heç kəs uşağına Ben Laden adı qoyan deyil. Narahat olmayın. Hardaydı bizimkilərdə o fantaziya. Qadağa qoysanız da, qoymasanız da yenə gedib yapışacaqlar, Məhəmməddən, Əlidən, Ömərdən...

# 1392 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #