İntellektual emosiya

  

Biləcəri  bugünkü "ədəbiyyat yaradanların" düşüncələrindədir , ora getmək üçün cəhd eləmək lazım deyil...                                       

 

 Müəllif

 

Olmayan istedadımın müqəddəs adına sığınıb bizə qədərki və bizdən əvvəlki qələm adamlarının  çoxu qan, azı ruhdan düzəltdikləri intellekt havasına yeddi köynək uzaq mürəkkəblə çizilmiş ədəbiyyat yolunun üstündə asılıb qalan qatı cəhalət dumanını yarmağa cəhd eləmək şərəfinə nail olmaq üçün qeyri-ciddi oxucu notları:

 

Əzizlərim, ulu qələmdaşlar!

 

Mətnləriniz  xatirat  xarakterli  olub, ən yaxşı halda oçerk səviyyəsində zadlardır ki, bununla camaatın balalarını aldatmayın.

 

Bədii mətndəki  informasiya bədii informasiyaya çevrilməlidir. Bədii olmayan maraqlı əhvalatlarınız çox bayağıdır. Xatirə danışa-danışa  bizi də bezdirmisiniz, xatirələri də.

 

Ədəbiyyat olduğu kimi çəkmək sənətidirsə,  fotoqraflar ədəbiyyat üzrə Nobelə namizəd göstərilsin.

 

Etnoqrafik elementlərlə dolub-daşan  dili gözəl mətnlərin dili ağız boşluğundan o tərəfə keçmir. Yuxarı damaqla dilçək arasında əriyib gedən bal kimi cümlələr birbaşa qida borusuna düşür və mədəyə çatmamış həzm olunur. 

 

Dil!

 

Düşünürsüz ki, bədii mətnin dili bütün başqa komponentlərdən daha vacibdir. Yanılırsız. Bütün enerjinizi mətnin dilinə xərcləyirsiz. Unutmayın ki, forma və məzmun, bu iki komponent bir-birini tamamlayanda ortaya gözəl nümunə çıxır. Məzmunsuz forma heç kimə lazım deyil. Bir şeyi unutmayın ki, əsərləriniz başqa dilə tərcümə edilsə, mətnin dilini başqa dilə olduğu kimi çatdırmaq mümkün olmayacaq. Ünsiyyət vasitəsi kimi dil bədii mətn daxilində yalnız öz kommunikativ funksiyası ilə qısıtlanmamalıdır.

 

Dünyanın elə bir yeri yoxdu ki, orda mətnlər dil ilə qiymətləndirilsin. Yazıblar qalaq-qalaq. Dili də bal kimi mətnlər. 600 səhifə. Hə, nə olsun? Deməyə sözün varsa, sözünü de. Söz oyunu eləməklə, cümlələrin içində əriyib qalmaqla ədəbiyyat olunmaz. Dünyanın yenidən dərk olunmağı üçün dil yox, söz önəmlidi!

 

Oxucu kimi prosesin içinə sala bilmirsiniz məni. Prosesin iştirakçısı ola bilmirəm.  Hansısa maraqlı (təəssüflə qeyd edim ki, çox vaxt əhvalatlarınız heç maraqlı da olmur) və ya ibrətamiz əhvalat uydurub (təəssüflə qeyd edim ki, çox vaxt heç uydurmursuz da) onu nağılçılara xas intonasiya ilə nəql etməyiniz heç kimə maraqlı deyil... Heç kim deyəndə dünyada yaşayanları nəzərdə tuturam. Maraqlı deyəndə isə, intellektual emosiyaya işarə edirəm. Fantaziyanızı işə salın. Bütün həyat hadisələrini olduğu kimi kağıza köçürmək lazım deyil.

 

Ədəbiyyatın mərkəzində insan dayanmalıdır. Sizin əsərlərinizin mərkəzində isə azərbaycanlı dayanır. Hər imkanda bu azərbaycanlını müdafiə etməyə çalşırsız. Etməyin. Qoyun o azərbaycanlı bəşəri həqiqətlərlə qarşılaşsın.

 

Heç olmasa mətnlərdə azərbaycanlıları dünyaya çıxarın!

 

Heç olmasa mətnlərdə azərbaycanlıları dünyaya çıxarın!

 

Heç olmasa mətnlərdə azərbaycanlıları dünyaya çıxarın!

 

İntellektual emosiya!

 

İntellektual emosiya!

 

İntellektual emosiya!

 

Yaşı və qələm təcrübəsi  hündürlüyümün qapaz tutanından az qala bir bədən uca olan dəyərli yazarlar, lütfən yanlış anlamayın məni. 

 

Məsləhət vermirəm aaa, Allah eləməsin, haşa!

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018