Yüz il gecikən şair - Vaqif Səmədoğlu söhbəti

Yüz il gecikən şair  - <span style="color:red;">Vaqif Səmədoğlu söhbəti
10 iyun 2015
# 10:00

Kulis “Ədəbiyyatımızın dünəni” layihəsindən Cavanşir Yusifli ilə Şərif Ağayarın Vaqif Səmədoğlu haqqında söhbətini təqdim edir.

- Vaqif Səmədoğlu şeirinin ən üst məziyyətlərindən başlayaq...

- Şübhəsiz, Vaqif Səmədoğlu şeiri bizim poeziyada xüsusi bir hadisədir, - bunu məncə elə bu şəkildə demək olar. Bu yaradıcılığa sadəcə ədəbiyyat tarixçisi kimi yanaşsaq, gərək aşağıdakı ifadələri hökmən işlədək: Vaqif Səmədoğlu keçən əsrin 60-cı illər poeziyasının öncül nümayəndələrindən biri olmaqla və əsas parametrləri etibarı ilə onu yaratmaqla poetik təfəkkürün zənginləşməsində, poetik palitranın dəyişməsində əhəmiyyətli rol oynayıb. Ancaq ədəbiyyat tarixçiləri onsuz da bu kimi şeyləri hər gün yazırlar, biz onun siz demişkən məziyyətlərindən başlayaq. Vaqif Səmədoğlu poeziyaya qeyri-adi ifadələrlə gəldi, bəlkə də məlum kontekstdə “yerinə düşməyən” baxış bucağıyla gəldi; bu elə bir dövr idi ki, həmin ifadələr və baxış bucağı, poetik təfəkkürü o şəkildə ifadə eləmək milli ənənəyə yabançı sayılırdı. Rəsul Rzanın “Qayğı sözü və qayğı özü” məqaləsi məlumdur. Həmin sırada Vaqiflə bərabər və ondan əvvəl Əli Kərim, daha sonra Ələkbər Salahzadə, İsa İsmayılzadə və sair yenilikçi şairlər vardı. Bu qovğada Rəsul Rzanın özü müəyyən şeirlərdə ənənəçilərin poetik arsenalını satirik baxımdan təftiş edirdi, bu isə daha sonralar Asif Əfəndiyev kimi bir “filosof-tənqidçinin” yenilikçiləri bütün cəbhə boyu tənqid etməsi ilə müşayiət edilirdi. Bu, onu göstərir ki, bizim daha çox nəsrə aid elədiyimiz hadisə kompleks şəkildə əslində həm də şeirimizdə baş verirdi. Yəni, üslub dəyişirdi və bu hadisə üzdən “dava-şava” kontekstində, alt qatda isə burulğanla izlənirdi… Yeni şairlər gəlirdi, yeni ifadə tərzi formalaşırdı, bunlardan biri də Vaqif Səmədoğlu idi, taleyi, yaradıcılığı, ədəbiyyata münasibəti və necə deyərlər, davranışı ilə hamıdan seçilir və fərqlənirdi.

Təsadüfi deyil ki, onun şeirlərindən biri belə başlayırdı: qulaq səslərdən yorulub, zil bir yana, ən asta pəsdən yorulub… Vaqifdə pafos və didaktika sıfır həddində idi, onun güclü yumor hissi, hadisənin, yaxud hadisələr sırasında ən mühüm həlqəni dərhal sezmək və tapmaq hissiyyatı son dərəcə iti idi. Həm də: istənilən hadisəyə, deyək ki, adi təbiət hadisəsinə çevirib astar üzündən baxmaq, səsin batdığı yerdən qalxan hənirtiləri duymaq və görsətmək hissiyyatı onun şair naturasını və obrazlarının xassəsini bəlləyirdi.

Bir kəs görməyəcək

telefon budkasında vurnuxan

küləyin gözlərini…

Onun ilk yazılarında, xüsusən ilk illərdə qələmə aldığı poemalarda düşüncənin şərti-metaforik ifadəsi üstünlük təşkil edir. Hər bir hissi, duyğunu qəlibindən çıxarıb metafora tülünə bürüyür, beləcə, hadisədən hadisəyə sıçrayış da metaforik səciyyə daşıyırdı. Bəzən metaforik qat o qədər dərin olurdu, yaxud dərinə işləyirdi ki, mətn az qala “reallıq hissini” itiridi, şəffaflaşırdı hissin dərinliyindəki qəribə xassənin şeirə çevrilməsi, real hislərin, real hadisələrin mühitindən çıxarılıb başqa donda təqdim edilməsi… bütün bunlar onun düşüncəsinin dərinlərə baş vurmaq istəyindən xəbər verirdi. Sonralar bu xassə dəyişdi. Daxili təkamül baş verdi. Vaqif adi səhnələr yaratdı. Yəni elə səhnələr ki, bir addım irəlidə proza dayanırdı. Bu tipli parçalarda qəfil dönüşlər yox idi, çünki hiss və duyğular, insan düşüncəsi olduğu kimi, sakitcə, səsin ən aşağı tonunda ifadə edilirdi. Bu şeirlərdə adi nəsnələrin yanında elə bir söz, elə bir ifadə (yaşantını bildirən) peyda olur ki, bütün həyatının bir ovuc içində çırpındığını görə bilirsən:

Mən bir gün üfüq olmuşdum,

Duman çökdü dənizə …

Görünmədim.

Mən bir gün cığır olmuşdum,

Gedib-gələn olmadı, ot basdı üstümü,

Görünmədim…

Başqa bir məqam da var. Bu şeirlərdəki obrazların xassəsi. Diqqət etsəniz, onların qəfil peyda olduğunu və mətnə qəribə ruh gətirdiyini bilərsiniz. İnsan psixikasında, insan ruhunda elə ilkin biçimlər, elə məqamlar var ki, tamamilə boş (ayaq dəyməmiş, əl toxunmamış) strukturu xatırladır. İnsan özü bunları bilmir. Ancaq bu arxetiplər əzəli strukturlar kimi görüb-bildiklərinə hopur, orada qəribə, bəzən heç bir izaha yatmayan hallar törədir. Əlimiz yetməyən məkandakı bu “çapıq yerləri” oyanır, telefon budkasında vurnuxan küləyin gözlərini nişan verir. Bu vurnuxan küləyin gözləri o ilkin biçimdən gəlir, izah olunmur və izah etmir, sadəcə bizə mübhəm şeyləri xatırladır…

- Uzun müddət çap olunmayıb... Və qızdırma dövrü... Qəfil partlayış... Şeirlər, mahnılar, populyarlıq... Sizcə Vaqif Səmədoğluna bu şöhrəti gətirən elə o qadağa olunan nüanslar idi?

- Bu, bir insan taleyidir, düşünmürəm ki, Vaqif Səmədoğlu məhz o dediyiniz qadağalar sayəsində populyarlıq qazanıb məşhurlaşdı. Doğru deyirsən, o, uzun müddət çap olunmadı, amma məncə həm də özü istəmirdi. İlk dəfəydi ki, bir şair bu məmləkətdə əyləci basıb dayanır, yazdıqlarını saxlayırdı. Amma bu arada, yəni intensiv şəkildə çap edilməyəndə mahnı mətnləri yazırdı. Vaqif Səmədoğlu, - bu nüansı hökmən qeyd eləmək lazımdı, - bizdə bəlkə də ən çox yazan şairlərdən olub həm də. Baxmayaraq ki, onun kitabları o qədər çox deyil. Pyesləri var, poemaları var. Mən, sadəcə onun bu prosesə münasibətini deyirəm. Hər gün yazmaq, hər gün nəsə tapmağa cəhd eləmək, özünü bir işlək alət yerinə qoyub çalışmaq, beləcə özünü, üslubunu təkmilləşdirmək… bu duyğu onu heç zaman tərk eləməyib.

Qəfil partlayış deyəndə ki, Vaqif bu şeirlərdə necə gəlmişdisə və hansı effekt yaranmışdısa, az qala iyirmi ilin ayrılığından sonra da oxucu bu şeirləri həmin həsrətlə qarşıladı, sevindi, onları munis bir şey kimi qəbul elədi. Oxucu – insan o hislərin bu şəkildə ifadəsini arzulayırdı, o, yüksək tonda deyilən şeirlərin cansıxıcı aurasından bezmişdi. Bu sakitliyin, bu ən aşağı tonun altındakı mətləblərsə ifadə eləmək baxımından son dərəcə mürəkkəb təbiətə malik idi. Yəni məsələ həm də bu üslubu, bu istiqaməti formalaşdırmaqla bağlı idi. Fikrimizcə, Vaqif Səmədoğlunun bir funksiyası da şeirimizdə yeni istiqamətin aparıcı xəttə çevrilməsi ilə bağlı idi.

Əlimə uzatdım

sevincə sarı,

Gördüm yox,

Arada kədər dayanıb.

Atamı səslədim

Köməyə gəlsin,

Gördüm yox,

Arada qəbir dayanıb.

Üz tutub gedirdim

Allaha tərəf,

Gördüm yox,

Arada ömür dayanıb…

- Ölüm şairi... Sovet konyukturasına yad idi bu ifadə. Bəlkə ona görə idi qadağalar.

- Qadağa var idisə təkcə onun üçün deyildi ki… Ondan qabaq Əli Kərim nə qədər ölümdən yazmışdı? Digərləri də. Ölümsüz nə poeziya? Bəlkə də belə demək olar: poeziya həyata aid deyil, onun predmeti və mövzusu… elə ölümdür. Ən işıqlı şeirlərin üzündə də bir sarsıdıcı kədər olur. Bizim gördüyümüz bütün işlər, qazandığımız bütün qələbə və uğurlar… bunların hamısı ölümə görədir, çünki o, son sözdü, sözün bitdiyi yerdi, hər şeyi mənalandıran, dəyər verən bir nəsnədi…

Səbəb nə idi? Səbəb şairin içində qıvrılan duyğuda idi. O, dünyanı elə qavrayırdı ki, bu, ona ölümdən yazmağı təlqin edirdi. Atasının şeirlərindəki o aşıb-daşan sevinc, optimizm Vaqifdə yerlə bir sürünürdü, insan nədənsə ilhama gəlib coşduğunu deyil, içində sahibsiz qalan, əzilən duyğularını dilə gətirmək istəyirdi, altmış üçüncü ildə yazırdı:

Min yerdən dənizə

Gəmilər çıxır, ay ana,

Ürəyim darıxır.

Bilirəm, ay ana,

Ürəyim bilir,

Tapılmır bu müdhiş

Dənizdə itən.

Bir qayıq da belə

Keçmir ömürdən…

Yaxud:

Qapımı azacıq

Açanda hər gün,

Hürməyə başlayır

Dünyada itlər.

Dünya elə bil ki,

Özgə bağıdır,

Düşmüşəm içinə,

Açılır səhər…

Onun şeirlərində küy olmadığı üçün hava dərhal çata bilirdi mənzilinə, maneəsiz. Onun hecada, bölünən misra prinsipi ilə yazdığı şeirlərdə poetik ideyanın xassəsinin göstərilməsi, ifadə (ifa-!) tərzinin dolayılığı və sair kimi cəhətlər dərhal bilinirdi.

…Ömrüm ancaq külək

əsəndə dinir,

quşlardan xəbərsiz

bir meşə kimi…

Burda təkcə misralar, onların içindəki hislər deyil, həm də intonasiya danışır, forma dil açır, şeirin içinə qoyulan mətləbi bir kənara tullayaraq, yeni cəbhə açır, adi bənzətmələrdən barınmaqla qeyri-adi görüntülərin ekrana gəlməsinə bələdçilik edir.

Sərbəstdə yazdığı şeirlərdə isə vəziyyət və deməli intonasiya da dəyişir, Burda artıq bənzətmə adına heç nə yoxdu, ənənəvi şeirdəki bütün ünsürlər rədd edilir, misralara gömülən hislərdən ayrılan pıçıltılar misralar arasındakı sahədə elə düzülür ki, indi, bu an, təsvir edilən mənzərə öz əksi, özünün anti-tezisi ilə üzbəüz dayanmalı olur. Təsvir, deyiliş o dərəcədə şəffaflaşır, elə bir libasda çıxış edir ki, sən hesab edirsən ki, bu şeir sanki dünya deyilən ərazi bitdikdən sonra, bəlkə də yer kürəsinin ən son nöqtəsində qələmə alınıb. Yəni hər şeyin sonu bilindikdən sonra.

…Sənə, ancaq sənə verilibmiş

Ömür başdan-başa.

Odur yaşa, nəğmə oxu,

Sev, sevil,

Və bil ki,

Sənin vətənində meşələr yanıb bu yay,

Mənim yurdumda yağışlar yanıb…

Bu şeiri yazmışam

Səsinə qulaq asa-asa…

- Özü də ölüm şairi olması fikrini məmnunluqla qəbul edirdi... Niyə məhz ölüm?

Portuqal şairi Fernando Pessoa belə yazırdı vaxtilə: uzun bir ömür yaşadı, qırx yeddisində öldü..

Ya da bəlkə bunu T. Şevçenko onun haqqında yazmışdı.

Adı çəkilən Pessoa heteronimləri ilə məşhur idi, neçə gizli ad altında yazırdı, əslindəsə gizlədiləsi bir şey yoxdu. Hamının yazdığı şeirdi. Ancaq şairi bunu etməyə nə vadar edir, tanınmamaq, mübhəm qalmaq, sirrini saxlamaq, köksündə, ürəyinin başında saxlamaq… Bütün bunların içində bir də yazıb görünməmək ehtirası var, buna kim dözər: uzun müddət yazır və heç yerdə görünmürsən.. Əslində, şairin yazdığı gözəl mətnləri görsətməsi çox normal bir şeydi. Ancaq şairin, onun yazdığı mətnlərin taleyini biz bilmirik, onlar bizimlə çiyin-çiyinə dayansalar da, əslində görünmürlər, Pessoanın elədikləri də ancaq bu faktorla izah edilə bilər, əsl mahiyyət gizlin qalır, bizi, düşüncəmizi ötüb keçir, bizi arxada buraxır, şairsə bunu sövq-təbii hiss edə bilər. Şairi ölümə nə sürükləyir. Dünyanın, lap elə orta əsrlərdən tutmuş elə bir şairini tapmaq olmaz ki, ölümdən yazmasın, çünki ölüm ən gerçək bir şeydi, sonda gəlsə də daha çox mənayaradıcı bir elementdi. Vaqif Səmədoğlu bir ağacdan sallanan (təsəvvür eləyin budaq meyvənin ağırlığı altında əyilib - !) meyvələrin arasında da ölümü görür. Vaqifin şeirlərinin bir çoxu bu mənada “yarımçıqlıq” effekti doğurur. Nə mənada? Sanki bir təbii fəlakət nəticəsində böyük bir parça ayrılıb, şeir mətnində ancaq zəlzələnin toxunmadığı hissə qalıb. Ya da düşmən gəlib darayıb buranı, şeirin içində viranə qoyulmuş bir yurd göynəyir… O ilkin biçimdəki anlaşılmayan hislər…

- Səməd Vurğunun tamam fərqli bir hava var... Hamı Səməd Vurğunun təsirinə düşdüyü bir vaxtda tamam fərqli şeirlər yazdı...

- Hətta 60-cı illərdə, ondan sonrakı illərdə də Səməd Vurğunun təsiri güclü idi. Bir şeirində Vaqif yazır ki, ata, kaş sənin övladın yox, şeirin olaydım… Ümumiyyətlə götürdükdə, 60-cı illərdə elə bir ortam yaranıb-formalaşmışdı ki, Səməd Vurğun kimi yazmaq vasitəli sual altına alınmışdı. Bu tərz yazıdan şifahi deyilişə adlamışdı, Vurğun insanların yaddaşında tribunadan odlu-alovlu şeir deyən bir fiqur kimi qalmışdı. Vurğunun könüllər ovlaması o dövrün poeziyasında da var. Və o dövrdə bu, təbii idi, bunu unutmaq olmaz.

Əlləri içinə alıb üzünü,

Vurğun döz deyirdi, könül yaxırdı,

Şairlər unudub şairliyini

Bir oxucu kimi ona baxırdı…

Ancaq zaman o zaman deyildi artıq:

İndi hər səsdən, hər küydən

Sükuta enmək vaxtıdır…

- Vaqif Cəbrayılzadə, Ramiz Rövşənlə məşhur bir üçlükləri var. Nə idi bu üçlüyün başlıca məziyyət?

- Üçlük məncə qurama bir şeydi. Heç bir birlik və üçlük yox idi. Sadəcə, kimlərsə onları bu şəkildə qruplaşdırmışdı. Onlar ayrı-ayırılqda çox fərqli şairlər idilər.

- Sizcə, şeiri sadələşdirdi, ya daha da əlçatmaz elədi.

- Şeirini havasızlıqdan qurtardı. Şeirə təzə hava və intonasiya gətirdi.

- Dekadans sayanlar da var onun şeirilərini... Ruhi tənəzzülə görə...

- Zahiri oxşarlığına görə bəlkə də belə demək olar. Amma zahiri bənzəyişi bir kənara qoysaq, belə deyə bilərik: Vaqif, şübhəsiz ki, təkcə o yox, o dövrün bir sıra şairləri, sovet şeirinin içini dağıdan sevincin kədər qütbünü yaşayırdılar. Seiri auditoriyalardan yığışdırıb insan qəlbinə yaxınlaşdırdılar.

- Bir az da oynayırdı sanki...

- Ola da bilər. Yumor hissi çox güclü idi. Bəlkə buna görə sizə elə gəlir.

- Qəbrinin üstünə bir cüt ayaqqabı qoydular dəfn edəndə. Amma Fəxri xiyabana ayaqyalın adam buraxmırlar ki...

- Özü bunu oxusaydı gülərdi. Yəni bir əlac tapılardı. Bu, onun cavanlıqda yazdığı bir şeirdəndi. Amma şairin mətndəki “vəsiyyətinə” əməl eləməyin mənasını mən anlamıram. Həmin detal şeirin içində gözəldi. Bir rus şairi vəsiyyət eləmişdi, dünyadan köçəndən sonra ürəyini bir qayanın içində dəfn eləmişdilər. O qaya parçası indi nə çəkir… Bəlkə də çəkmir.

- Ömrünün sonunda da ölümlə oynayırdı elə bil... Nə idi bu? Peşəkar oyunçuluq, ya dahilik?

- Heç biri deyildi məncə. Sonuncu şeirinin tonu düzgün deyildi, artıq hər şey bitmiş , intonasiyanın içindəki çarpan damar qurumuşdu. İnsan öləndə şairliyini bu dünyada qoyub gedir. Bir romanda var, qətlə yetirilən musiqiçini əməliyyat eləyib geri göndərirlər, amma qadağalar qoymaqla, bir daha piano dillərinə toxuna bilməzsən…

- Şeirlərinin forması da qəribə idi, bizim üçün... Bu, dünyada təzə deyildi amma...

- Vaqifdə qəlib bilinmirdi. Çünki onunçün qəlib, trafaret yox, hissi, duyğunu öz bildiyi dolanbaclardan keçirib çatdırmaq əsas idi. Buna da nail olurdu. Vaqif bir də şeir haqqında danışmırdı, şeir yazırdı, illər boyu poetik mətnlə bağlı təcrübəsini də bölüşmürdü, ancaq şeir yazırdı.

- Özü özünü yüz il gecikmiş şair adlandırırdı. Səməd Vurğunu isə 19-cu əsrin şairi...

- Hə, belə fikirləri vardı. Mən də şəxsən öz dilindən eşitmişəm. Ancaq məncə, bu fikirlər əsassız idi, deyirdi, mahiyyətcə adama çatırdı, amma doğru deyildi. Əsl şeirin dövrü olmur, məncə. İnsan qəlbi həmişə qırıldığı yerdən çat verir, bunun hansı lisanda verilməsindən asılı olmayaq, həm də hansı dövrdə yazılmasından asılı olmayaraq onun bir missiyası var: o dövrü, o gerçəkliyi vurub keçmək! Vaqifin təsəvvürü ilə buna yanaşsaq Azərbaycan şeiri çox gücsüz və zəif görünər, halbuki belə deyil…

- Dramaturgiyası və teletamaşaları da maraq doğurdu.

- Əlbəttə, onun çox güclü yumor hissi vardı. Həm də bizim ən yaxşı dramaturqlarımızdan biri idi. Bu, onun texnikanı bilməyindən çox, xüsusi qabiliyyəti ilə bağlı idi.

- Bir yandan da musiqi...

- Musiqini bilməyi elə belə deyildi. Bu şeirlər onun bildiyi musiqidən qopub düşən qammalar idi.

- Son olaraq kimdir Vaqif Səmədoğlu və dünya, o cümlədən Azərbaycan şeirinin harasındadır?

- Vaqif Səmədoğlu xassəsi etibarı ilə yeni şairdir. Hissə, duyğuya qəribə və orijinal şəkildə təsir edən, onun dünya haqqında təsəvvürlərinə “son qoyan” bir şairdir.

# 5141 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #