Əliağa Kürçaylının bədbəxt elədiyi adam – GİZLİN ƏDƏBİYYAT

Əliağa Kürçaylının bədbəxt elədiyi adam – <span style="color:red;">GİZLİN ƏDƏBİYYAT
20 noyabr 2015
# 08:30

Kulis “Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “Turba məsələsi” yazısını təqdim edir.

Altımışıncı illərin sonları idi. Yay günü bağda oturmuşduq. Axşamüstü bir də gördük bəstəboy, eynəkli, orta yaşlarında bir kişi həyətimizin o başında gəzişir, bir-bir meynələrin budaqlarını qaldırıb diqqətlə baxır. Atam tanınmış şair Əliağa Kürçaylı dedi, a bala, gör kimdi, nə istəyir? Gedib kişiyə yaxınlaşdım. Kişi elə bil məni görmürdü, öz işində idi. Meynələrə çox maraqla baxırdı. Üzündə gizli bir təbəssüm var idi. Dedim, əmi, atam sizi çağırır. Kişi dinməz-söyləməz bağın hər yanına göz gəzdirə-gəzdirə ardımca gəldi. Evə qalxdı. Kürçaylı qalxıb “Xoş gəlmisiniz” dedi. Kişi atamı görən kimi “Bay, Əliağa müəllim, sizin bağınızdı? Nə yaxşı, nə yaxşı… Əşşi təsadüfə bax…” - deyib gülə-gülə Kürçaylıyla görüşdü, sonra gəlişinin səbəbinə keçdi.

Dedi: “Əliağa müəllim, bu bağdakı hər meynə, hər ağac mənə tanışdı. Hamısına uşaqlıqda əlim dəyib, atam-babam əkib. Elə nigaran idim ki, görəsən kimə qismət olub bura, necə adamdı. Daha bu gün dözə bilməyib, işdən çıxıb gəldim. Şükür, şükür… Daha nigaran qalmaram, rahat oldum. Şükür Xudaya, ən sevdiyim şairin, ən gözəl insanın ayağı dəyir torpağıma! Əliağa müəllim, adım Fərmandı, prorab işləyirəm, özüm də Kirov qəsəbəsində yaşayıram… Daha başqa cür ola bilməz, bu gündən qardaşımsınız…”.

Kürçaylı bu yekəlikdə monoloqun, ricətin qarşısında daha deyəsi söz tapmadı və göstəriş verib tələsik, yaxşı bir süfrə açdırdı. İkisi də oturub çörək kəsdilər. Kürçaylı süfrədə yanaşı durmuş iki qrafini göstərib dedi:

- Bax, Fərman, bu, sarı üzümün, bu da qara üzümün şərabıdır. İkisi də sənin bağının məhsuludur. Hansından süzüm?

Fərman kişi qırmızını göstərdi. Kürçaylı qədəhləri doldurub sözünə davam etdi:

- Fərman, ata yurdunun nə demək olduğunu yaxşı bilirəm. Odur ki, bu badəni qaldırmamışdan deyim: istəyirsən bağın pulunu verim, istəyirsən qaytarım sənə, gedim o yanda başqa torpaq götürüm. Təki sən razı qal… Bu çox ciddi məsələdi və nə qərar versən, haqqın var.

- Sən nə danışırsan, Əliağa müəllim, - deyib Fərman kişi eynəyini çıxartdı, - mənim əsla elə bir niyyətim yoxdu. İndi bu bağın sahibi kim olsaydı, halallıq verib gedəcəkdim. Amma sizə qismət olduğundan şadam, bayaq dediyim kimi, qardaşım oldunuz. Bundan sonra bağın nə əyir-əskiyi olsa, mənlikdi, canla-başla əl yetirərəm.

Qərəz, gecəyədək yeyib-içib söhbət elədilər. Fərman kişi qalxanda Kürçaylı onu maşına mindirib aparıb qoydu evlərinə.

Səhərisi möhkəm gumbultu, dəmir-dümür sədasına çölə atıldıq. Yekə bir yük maşınının üstündə iki kişi iki barmaq enində uzun-uzun turbaları dartıb həyətə boşaldırdı. Turba iyirmi-otuz ədəd olardı. Bütün bu həngaməyə başında şlyapa, gözündə eynək Fərman kişi başçılıq edir, əliylə göstərişlər verirdi. O iki nəfər turbaların hamısını boşaldıb, maşına minib çıxıb getdi. Kürçaylı yaxınlaşıb Fərman kişiylə görüşdü və təəccüblə turbalara baxıb “Bu nədi, ay Fərman” – deyə soruşdu. Fərman kişi dedi ki, Əliağa müəllim, bağ yeridi, lazım olar, incimə, mənimki turbadı. Turba bol olarsa, basılmaz vətən. Gülüb içəri keçdi. Oturub çaydan, çörəkdən nuş edib getdi.

Kürçaylı əvvəlcə bilmədi bu turbaları neyləsin. Əlacsız qalıb su mancanağından çərhovuza və evə su çəkdi. Sonra evin qır damının üstünə turbalardan düzdürüb, çardaq qayırtdırdı. Gördü turba qurtarmır. Çərhovuzun çöl tərəfindən kran qoydurub qalan turbalardan Gəray Fəzlinin bağınacan yüz metr uzunluğunda su çəkdirdi. Amma turba tükənmədi. Üç-beşi həyətdə qalıb ayağımıza dolaşırdı. Onları da hara gəldi – hinin üstünə, ora-bura işlədib qurtardıq.

Elə həyətin turbadan təmizlənməsinin sevincini yaşadığımız bir gün yenə guppultu səsinə çölə çıxmalı olduq. Yenə həmin maşın idi. Yenə həmin iki kişi bu dəfə qol yoğunluğunda çox ağır turbaları həyətə aşırırdı. Fərman kişi də aşağıda Napoleonsayağı dik durub, bir ayağı daşın üstündə əliylə göstərişlər verirdi. Kişilər işlərini bitirib, yenə maşına oturub getdilər. Kürçaylı matdım-matdım yoğun turbalara baxıb başını yellədi. Fərman kişiylə görüşdü. Evə qalxıb oturdular. Süfrə açıldı. Yeyib içə-içə söhbət eləməyə başladılar. Kürçaylı dedi, ay Fərman, sən bu ölkəni dağıtdın, bu qədər də turba olar?! Bunun bir hesabını istəyən yoxdu? Fərman kişi sarı şərabı başına çəkib qədəhi yerə qoydu və gülə-gülə “Turbadandır ney kimi avazeyi eşqim bülənd” deyib sözə başladı.

- Əliağa müəllim, Abşeronda balkonsuz ev olmaz, yayda adam istidən bişər.

Bu turbaları evin ətrafına basdırıb “kruqavoy” balkon qayırarıq. Qardaşımın evini balkonsuz görəndə ürəyim ağrıyır. Sən heç fikir eləmə…

Kürçaylı Fərman kişiyə təəccüb içində diqqətlə baxıb birdən soruşdu ki, şeir oxuyan adama oxşayırsan, heç özün şeir yazmısanmı?

- Yazmısan nədi, Əliağa müəllim, bir dolu hamam çamadanı şeirim var. - dedi Fərman kişi. – cavanlıqdan yazıram. Çox yerə aparmışam, bir kopoyoğlu üzümə baxmayıb. Əşşi, yəqin mənlik deyil. Mənimki, turbadı…

Kürçaylı dedi ki, Fərman sən bir gün o çamadanını gətir, baxım. Görək neyləyirik. Yoxsa, bu qədər turbanın qabağında məni xəcalətli eləyirsən…

Fərman kişi “baş üstə” deyib çox sevindi.

Sabahdan həyətdə böyük bir iş başladı. İşə şeir çamadanını da gətirmiş Fərman kişi işə özü başçılıq edirdi. Evin ikinci mərtəbəsinin ətrafına üç tərəfdən eyvan açıldı, arxa tərəf bağlandı, şüşəbənd oldu. İkimərtəbəli çılpaq ev abırlı görkəm aldı. Axşam təzə şüşəbənddə oturub bu işi süfrə başında qeyd elədilər.

Bir müddət keçdi. Bir gün Kürçaylı Fərman kişiyə zəng vurub onu bağa dəvət elədi. Fərman kişi axşamüstü işdən çıxıb gəldi. Onun turbaları üstündə yerləşən şüşəbənddə yaxşı bir qonaqlıq oldu. Kürçaylı arada qalxıb otağa keçdi, qayıdanda əlində Fərman kişinin hamam çamadanı vardı. Çamadanı açdı. İçi ağ-yaşıl rəngli iyirmi-otuz səhifəlik balaca kitabla dolu idi. Hamısının üstündə Fərman kişinin profildən, eynəksiz, dalğın baxışlı şəkli vardı. Fərman kişi sevincindən yerindən sıçrayıb Kürçaylının üstünə atıldı, qucaqlayıb başını onun çiyninə qoydu. Gözləri dolmuşdu, çiyinləri titrəyirdi. “Sağol qardaş, sağol” deyərək içini çəkirdi.

Gecəyə yaxın Kürçaylı Fərman kişini bir çamadan kitabla maşına mindirib evinə ötürdü.

Bir-iki aydan sonar Fərman kişi yenə bizə gəldi. Oturub söhbət eləməyə başladılar. Fərman kişinin ruhu coşurdu, dil-boğaza qoymurdu. Deyirdi, “Əliağa müəllim, sən mənim həyatımı tamam dəyişdin. Qəsəbədə bir tədbir mənsiz keçirilmir. Xeyirdə, şərdə “orda yox, şair, bura keç” deyib yuxarı başa çıxarırlar. Qəsəbə ictimaiyyəti mənsiz keçinmir. Məktəbdə mənimlə görüş keçirilib. Bir sözlə, prorablığı atıb şair olmuşam. Hamısı sizin sayənizdə…”

Kürçaylı bu yerdə narahatlıq keçirib dedi ki, ay Fərman, şairlikdən bir şey çıxmaz, işini nahaq atmısan. “Yox” - dedi Fərman kişi, “Mənə pul zad lazım deyil, ancaq şeir yazacağam”.

***

İllər ötdü. “Azərnəşr”də işləyirdim. Fərman kişi ara-sıra mənə baş çəkirdi.

Oturub dərdləşir, ötən günləri yada salırdıq. Sonra uzun müddət Fərman kişidən xəbər-ətər olmadı. Bir gün yenə “Azərnəşr”də göründü. Çox düşkün, əzgin görünürdü. Ordan-burdan danışdıq. Sonra çıxıb bir çayxanada oturduq. Kişinin halı özündə deyildi. Çox fikirli görünürdü. Nəhayət dözməyib soruşdum ki, nə olub, Fərman əmi, gözümə birtəhər dəyirsən. Heç əvvəlki deyib-gülən Fərman əmiyə oxşamırsan. Kişi kədərli baxışlarını mənə zillədi və dedi:

- Oğul, sənətim, işim vardı. Yaxşı, pis ailəmi dolandırırdım. O əl boyda kitabdan sonra bircə sətir də çap elətdirə bilməmişəm. Allah atanı rəhmət eləsin, o bir parça kitab... məni bədbəxt elədi…

# 1553 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #