“Musa Yaqubun şeirində şüursuzluq aktı var” – LAYİHƏ

“Musa Yaqubun şeirində şüursuzluq aktı var” – LAYİHƏ
6 noyabr 2015
# 12:00

Kulis “Ədəbiyyatımızın dünəni” layihəsindən Cavanşir Yusifli ilə Şərif Ağayarın Musa Yaqub haqqında söhbətini təqdim edir.

- Çox təmiz adamdır… Təmiz olmaq şair və yazıçı üçün nə qədər vacibdir?

- Mən bilmirəm Musa Yaqub nə dərəcədə təmiz adamdı. Amma təmiz olmaq şairə, yazıçıya hava və su kimi lazımdı. Bizə o qədər də yox bəlkə... Yəni, onun nə dərəcədə təmiz olduğunu bilmək. Biz mətni oxuyub, ondan zövq alırıq, ya da tullayırıq bir tərəfə. Yazıçıya bu təmizlik ona görə lazımdı ki, yazı prosesinin özü qəliz bir işdi, sən son dərəcə təmiz olmalısan, bəzi şeylərin qarşısını almalı, bəzi şeylərə cani-dildən aldanmalısan. Onun bir şeiri var: Çətindi. Belə bir misra deyir: İmansız yanında imanlı durmaq... Başqa mətləblər də var burda, Şərif. Nə kimi? İndicə deməyə çalışacam. Musa Yaqubun şeirində bir şüursuzluq aktı var. Onun şeirinin damarında bu hiss lap güclü çarpır, məncə. Yəni, şair əslində nə dediyini özü kəsdirə bilmir həqiqətdə. Amma sövq-təbii hiss eləyir ki, bunu deməlidir. Özü nə deyir? Deyir, düzdü bu şeiri mən yazıram, ancaq necə yarandığından xəbərim olmur. Bu ona bənzəyir ki, gülə deyəsən, necə oldu açdın. Küləyə deyəsən, necə oldu əsdin. Yəni, hadisələrə belə bir baxış Musanın şeir yazmasının naturasıdır. Başqa bir vacib cəhət də var. Deyir, bir də olur gecə 3, ya 4-də ayılıram, əvvəldən beynimdə fırlanan misralardan şeir hörürəm. Mən onu hökmən nəyəsə bənzədirəm, onun simasını bir daşınmı, suyunmu üzündə görməliyəm hökmən. Görməsəm alınmaz. Hansısa yeri, hansısa məqamı yaddan çıxsa, demək mənim deyil. Şüursuzluq aktı budur: xəbərim yoxdu, amma yüzdə-yüz mənim qanımdan yoğurulub... Quru sünbülündə dəni mürgülü... Bu misra da onundu və məncə, şairin şeirə köklənmə halını yaxşı ifadə edir.

Mənə elə gəlir Musanın şeirləri özlərini onun ürəyində daha yaxşı hiss edirlər, çünki burda doğulur, yaşayır, buranın mühitinə öyrəşir və günlərin bir günü ordan sürüşüb bizə tərəf gəlirlər. Ancaq... bunun adı ayrılıqdı, çox gözəl bir şeyin, o ürəyi yandıran bir şeyin mühitindən ayrı düşməsidi. Hər bir gözəl şeirin içində biz bu ayrılığı görürükmü. Biz onu yalnız nəfəs kimi, təbərrük bir şey kimi qəbul edir və kitab rəfimizdə dustaq edirik. Bir kimsənin yadına düşmür ki, o gözəl şeir əslində bir ayrılığın balasıdı. Şeirə bu yöndən yanaşmaq həm də onun üzündə, gözlərində yatan kədəri heç olmazsa sezməyə imkan verərdi. Başqa bir şairdən iki misraya baxaq:

...Söndürüb gedirəm bu çırağı da,

Məni qaranlıqda itirmə ancaq....

Yuxarıdakı mülahizədən baxsaq, burda biz gördüyümüz kədərin daha ağır olduğunu, daha çəkilməz olduğunu duyarıq. Bu isə bizi dünyanın əvvəlinə aparacaq, əvvəllər yerlə göy bir idi, üfüq yoxdu, ayrılıq yoxdu, insan qan saldı, tanrı yerlə göyü ayırdı...

Yaxud Elə Musanın özünün bir misrası:

...İndi bildim, tək qovaqlar nə çəkir...

Yəni, bütün bunları nəzəri şəkildə ümumiləşdirməli olsaq, belə bir mənzərə yarana bilər. Hər bir şair fərqli bir iqlimdir. Onun haqqında danışmaq şair kimi tipini müəyyənləşdirməyi tələb edir. Əsas olan məncə budur.

- Onu şamana oxşadıram...

- Hə, əlini heç nəyə vurmadan möcüzələr yaradır. Şaman hekayətlərində belə bir məqam var. Şaman oturub göylərlə məşğul olduğu anda yanında bir ilanın qıvrıldığını görür. İşindən ayrılmır. Əliylə bir ləyəni götürüb ilanın üstünü örtür. Şaman duasında təpələrdən yel kimi, dərələrdən sel kimi axıb keçir, dünyadan çox sular axıb-durulur, zaman hissi də korşalır elə bil... Dua bitdikdə ləyəni qaldırır, gördüyü nə olur; ilanın sür-sümükləri.

Zaman üstümüzdən belə keçir...

- Şeirlə zamana qalib gələ bilmir şair?

- Şair bu dünyaya nəyisə yenmək, nəyəsə qalib gəlmək naminə gəlməyib. Baxmayaraq ki, küləyin, bu dərinlərdən uğuldayıb axan zamanın əksinə gedir. Şairin işi görünməyənlərə işarə eləməkdir. Bundan o yana deyil. Müxtəlif üslubların mənası da bundan irəli gəlir. Bir qaçılmazlıq, bir çıxılmazlıq ovqatına ya əsir olmalısan, ya da zamanın dışına çıxmalısan. Şair bunu bacarmır. Ortada bir ovuc kül qalır. Musa Yaqubun sevdiyi Xaqani nəyə qalib gələ bilərdi ki? Ancaq şeirin, bədii mətnin bir yatıb-oyanma məqamı olur. Daha dərin yaralar görsənir, ortaya elə detallar gəlir, elə həqiqətlər, yəni bədii həqiqətlər aşkarlanır ki, insan bu sonsuz kainatın boşluğunda heç nə eləyə bilmədiyini daha dərindən dərk edir. Şair heç bir mistik hadisənin üstündən pərdə götürən də deyil, əksinə onu görünməyəcək dərəcədə örtən şəxsdir. Bütün bunların mənası nədi, bunu artıq filologiyanın məşğul olacağı bir sahə deyil.

- Musa Yaqub elə bil qoca bir ağac, ya da qaya parçasıdır. Qocaldıqca yan-yörəsi uçmuş İsmayıllı dağlarına daha çox bənzəyir.

- O zona həm də tektonik zonadır. Belə də olmalıdır. Bir də kəndlərinin adı: uçmaz.

- Bir-neçə dəfə həmsöhbət olmuşam Musa müəllimlə. Sizə deyim, məni yaxşı mənada bu qədər təsirləndirən şair olmayıb. Qəribə kişidir.

- Elədir. Musa Yaqub eyni zamanda qorxu, qadağa bilməyən adamdı. Onlarda bulaq qurumur. Ürək varsa, yerdə qalan şey ancaq təfərrüatdı. Şair haqqında nə desəm, onun vaxtilə dediklərinin yerini tutmayacaq.

“...Bizim Buynuz kəndində bir bulağımız var; adına Soyuq çeşmə də deyirik, Qonaq bulaq da. Bu bulaq hər il iyun ayından başlayıb sentyabr ayının ortalarınacan qaynayır, sonra çəkilib gedir. Üzə çıxmaq istəyəndə ilk dəfə bir vələs ağacının dibində sızıb nohurlanır. Hə, onda bilirik ki, çeşməmiz bu il də qaynayacaq, yayımızı sərinlədəcək.

Həmişə o çeşmə kimi mənim də könlüm dolanda bilirəm ki, sözüm qaynayacaq, şeirim yaranacaq. Şükür ki, elə bu bulağımız da çağlayıb axıb, mənim könlüm də dolub şeirlənib, çeşmələnib...”

- Dəqiqdir. Şeirləri də özünə bənzəyir... Təbiətin bir parşasıdır sanki...

- Ancaq Musa Yaquba verilən ad, - təbiət şairidir, - özünü heç doğrultmur. Yuxarıda ona görə dedim ki, hər bir şairin tipini müəyyənləşdirmək məsələsi bizdə heç rol oynamır. “Təbiət şairi” ifadəsi də həmin o tip, kateqoriya məsələsinə yatmır. Ümumi ölçülər var: bu böyük şairdir, o biri ortabab, başqa birisi nə yazsa da boş şeydi. Və belə boş-boş söhbətlər. Təyinlər dəyərləndirmədə əsas meyara çevrilir.

Şeirdə əsas olan şey nitqin necə təşkili məsələsidir, yəni ritm. Bu rakursdan hər bir millətin poeziyası fərqli xüsusiyyətlərə malikdir. Çin dilində qədimdən şeir aydın intonasiya ilə oxunurdu. Təqti... Bu dildə tərtib edilən yazı “laldır”, fonetik xassəsi yoxdur, yəni həmin yazı daha çox gözlə oxunur. Bizim şeirimiz və yazımız danışandır. Az qala gözünü dikən kimi səninlə danışır, nələrsə deyir. Biz Musa Yaqubun şeirini oxuyuruq və bizə təsir edir, birbaşa təsir edən həmin o ritmdir. Şeir əslində insanla, oxucu ilə münasibətdə qurulur, bu zaman məlum ritm ölçüsü dəyişir. Bunu necə başa düşmək olar? Ən sadə ritm eyni bir elementin təkrarından başqa bir şey deyil... Məsələn,

Mən səni pərişan qoyub gəlmişəm,

Payız günəşinin şüası kimi,

Yəqin çatmaz sənə yalvarışlarım

Bəndənin tanrıya duası kimi.

Şeir mətnində bu kimi təkrarlar qaçılmazdır. Bunun dalınca monotonluq yaranır. Xüsusən, heca şeirində bu monotonluq qıcıqlandırıcı effekt yaradır. Nəhayət, oxucu özü şeirdəki ritmə quruluş verdikdə, yəni onu ürəyinə çatan şəkildə oxuduqda hər şey yerini alır. Şeiri oxuduqda insan hislərinin mətnə hopması fantastika təsiri bağışlasa da mən buna inanıram. Və məncə bunun filoloji kökləri də var. Məhəmməd Füzulinin divanı hər əsrdə bir cür olub, oxucu təmasından asılı olaraq. Filologiyada “üzvü poetika” anlayışı var, bu, ordan qaynaqlanır.

...Mən yanğılı bir zəmiyəm,

Məni görən cuvarım yox.

Yalqız bitən bir sünbüləm

Yel ağzında qərarım yox.

Bu ayrılıq səndən gəlir,

Bu qəm yeli məndən əsib -

Tənhalıqdan könlüm bezib

Durub gedim eşqimgilə;

Bağrım başı düyün-düyün,

Gözüm yaşı gilə-gilə...

Şeir mətni müxtəlif işarələrdən təşkil edilir. Aydındı ki, eyni “səs ucalığına” malik olan bu işarələr sövq-təbii mətndə müəyyən struktur içində düzülür, avtomatik olaraq (ya çox uca, ya çox sakit). Musa Yaqubun şeirinin ritmi orta (bəzən ondan da aşağı, ancaq eşidilən tempdə) ucalıqdadır. Həm də bu ritm kifayət qədər zəngindir.

- Təbiət şeirimizdə: çox düşündüm Aşıq Ələsgərlə Məmməd Arazdan başqa kimsə yadıma düşmədi. Ayrı-ayrı şeirlər ola bilər. Söhbət küll halında Azərbaycan təbiətinə münasibətdən gedir. Musa Yaqub üçüncüdür deyəsən. Amma onun təbiəti tamam başqadır.

- Bax, gör nə kədərlidir:

Başında qızıl taclar

Verib budaq-budağa

Payıza gedir ağaclar.

Həzin axşam yelində,

Arı yükü belində,

Tacında kəpənəklər

Payıza gedir çiçəklər.

Neçə-neçə can gedir,

Qovulan, qaçan da var

Payıza gəlir buludlar,

Quşlar payızdan gedir.

Əslində belə demək olar: şair şeirlərində başqa bir təbiətin yaradıcısına çevrilir. Bizim bildiyimiz təbiət sıraladığın və adını çəkmədiyin şairlərdə (məsələn elə Hüseyn Arifdə də) təkcə təsvir edilmir, göstərilmir, həm də yaradılır... Başqa bir biçimdə... Şeir hislərin, duyğuların yolu olduğu üçün şüuraltından gələn siqnalların toplanması, çıxılması... bir sözlə kombinasiyası nəticəsində adi nəsnələrin, məsələn təbiətdən tanıdığımız şeylərin arxasındakı epizodlar göstərilir. Burada təkcə bənzətmə və təşbehlər işə yaramır. Dağları, çayları, ağacları çox şeyə bənzətmək olar. Ən müxtəlif dillərdə yazılan şeirlərdə oxşadıblar da. Təbiət bizim şeirimizdə həmişə sarı sim olub. Ad çəkilən kimi necə deyim, qələmin vurulduğu yerdən xatirələr, insan beyninin və ruhunun oyanması çətin olan yerlərindən nələrsə çıxıb ortaya: “Yenə səni gördüm Dilcan dərəsi...”

Musa Yaqub haqqında yazanda mən həmişə bir məlum sitatı xatırlatmışam: “Şeir yaranın üstünə məlhəm kimi qoyulur və yaralayır...”. Bu iki hadisə eyni zamanda baş verir. Yaxşı şeir dərinlərə işləyir, bizim bəlkə gözlərimizi yumub baxmaq istəmədiymiz şeylərin qaysağını qoparır. Yaranın altındakı, qaranlığın gözləri kor edən zülmətindəki nələrsə oyanır, insanı haçansa sarsıldığı məqama qədər aparır və o zaman dilinə gəlməyən sözləri ağac kimi, dağ, dərə, quş dimdiyindən asılan səs kimi canlandırır. Şair insanın içindəki təbiəti görsədir, ona işarə edir, bura baxanlar bilir ki, ayrıca bir məmləkətdir. Tamaşa edə bilərsən, amma bir addım ata bilməzsən onun torpağına. Ona görə yox ki, qadağandı, ona görə ki, keçmişlə gələcəyin indiyə oxşayan şəklidir, şəkildən başqa da bir şey deyildir.

- Dağlar çox qəribə olur gecələr... Şeirlərində qəribə bir mistika da var. Hər şey canlıdır sanki. O, həyatda da təbiətə - ağaca, çaya, daşa insan müamiləsi yapır.

- Çaylar qaranlıqda – bəyaz küçələr,

Dağlar çox qəribə olur gecələr.

Mənə elə gəlir ki, yuxarıda bu sualın da cavabı müəyyən mənada səsləndirildi. Əslində bu nə dərəcədə düzdü: şair təbiətə - ağaca, çaya, daşa... insan kimi baxır. Şair heç özü də bilmir baxdığı yerdən hara gedir. Yaxud hara getmək istəyir. Müsahibələrin birində sadəcə məqsədini aydınlaşdırmaq üçün dediyi fikir çox şeylərə aydınlıq gətirir. İki şeiri, yuxarıda adını çəkdiyin “Dağlar çox qəribə olur gecələr”lə “Buynuza qar yağır” arasında paralellər aparılır. Ovqat fərqlidir. Münasibət başqadır. Hər iki şeirin, hər iki ovqatın birləşib ayrıldığı yerdən şairin obrazı görünür. “...O şeirdə belə yer var ki, mən sanki dəmir bir seyfdəyəm. Elə bir seyfdə ki, gizli sənəd kimi orda yatıram...”. İnsan belədir. Heç zaman sona qədər açılmır. Həmişə bu sirlər ilk hərfə, ilk səhifəyə qayıdır. Sanki altdan, girdabın lap dərinliyindən bir külək əsir...

- Musa Yqubun gözünün qabağında ağacları kəsirlər... Bu necə mənzərədir sizcə?

- Dünya yaranandan bilirsənmi nə qədər ağac kəsilib və nə qədər ağac pöhrələnib. Bir ilahi nisbət var, onu heç kəs poza bilməz. Şair bu ilahi sirrə, ya da kor bir dalana üzünü tutub nələrsə deyən şəxsdi. Min illərdi bu proses davam edir. Ancaq yoxlasan, bu əsnada səsin çıxmadığının şahidi olarsan. Hamıya elə gəlir ki, yazdığı şeirlə danışır. Yazılan şeirdə səs dışarıya yox, içəriyə yönəlir, ordakı gizlinlərdə itib-batır.İndi bildim tək qovaqlar nə çəkir...

- Bir də sevgi şeirləri heyrətamizdir. Və dağa yazdığı şeirlə, qadına yazdığı şeirin havası, əhvalı təxminən eynidir. Yenə də təmizlik, saflıq, ülviyyət tərənnüm olunur. Bəlkə buna vəhdətül vücud deyək...

- Musa Yaqubun sevgi şeirləri haqqında danışanda o şeirləri oxumaq, əzbər demək kifayətdir. Musa Yaqub yuxarıda dediyimiz formuldan çıxış edir: şeir yara üstündə şırım açır və o yaranın üstünə məlhəm kimi çəkilir. Musa sevginin, insan münasibətlərinin elə munis məqamlarını seçir, elə kədərli anlarını şeirə gətirir, elə dözülməz dərdlərini pıçıldayır ki, şeirin özü bu hisləri daşıyan qəlbə çevrilir. Yaxud sevib bitirmiş, ancaq unuda bilməyən adamın qəlbinin elə guşələrini oyadır ki, insanla Allah arasındakı bütün uçurumlar göz önünə gəlir.

Mənim dərdlərimin ayaqları var,

Harda olsan gəlib tapacaq səni…

Musada misra bölünmür, ayrılmır, bir nəfəs kimi gəlib-gedir. Ümumi hava, intonasiya özü elə bir vəziyyətə köklənir ki, insan qəlbinin bütün göz işləməyən cəhənnəmi görünür. Və burdan baxanda Musanı dünyaya gətirən bütün gözəl şeirlərin içindəki kədər, dünyanın faniliyi, həyatın acı dərsləri… hər şeyi xatırlayırsan. Bilirsən ki, sən əslində bir dəfə yaşayıb bu dünyadan köçübsən. İndi yaşadıqlarına, sevdiyin şeylərə, keçirdiyin hislərə tamaşa edirsən. Ömür mətni bitir, nöqtə, nöqtə və nöqtə…

- Mən hara bu yığnaq hara / Kim gətirdi bura məni... Milli Məclisə deputat olanda yazmışdı... Sosial mesajı vardı. Belə şeirləri çox deyil məncə…

- Musa Yaqub əslində təbiəti etibarı ilə digər şairlərdən fərqlənir, özü də əsaslı şəkildə. Musa Yaqub təbiətdən insan kimi aldıqlarını insanca paylaşır və bunu çoxlarından fərqli olaraq rahatca edə bilir. Onun “Un işığı” poemasını oxuyun. Yaxud Xaqaniyə həsr elədiyi poemasını. Müsahibələrinin birində köhnə şeirlərini varaqladığından danışırdı. Burda atası və anası ilə bağlı şeirlərdə kövrəldiyini dilə gətirirdi. Heyrətini gizlətmirdi. “Ağladım”, - deyirdi – “Doğrudanmı mən belə hisləri keçirmişəm…”

- Bir kitabı çıxmışdı, min səhifədən çox idi... Bu qədər şeir olar, sizcə? Bir az itələyici deyilmi?

- Bir kitabda olmaz. Şeir kitabları nazik olmalıdır. Maksimum dərəcədə nazik. Şeirdən doymaq yox, bezmək olar.

- Musa Yaqubun xələfləri və sələfləri və şairin bu keçiddəki yeri...

- Musa Yaqub ənənədən gələn, ancaq fərdi başlanğıcı çox dərin olan şair tipidir. Bu tipli şairlərdə özünəqədərki yolu araşdırmaq o qədər də asan deyildir. Xaqanini sevir. Xaqaninin mətnlərinin altındakı səslər, yəni, onu yaradan ayrı-ayrı şairlərin, bəli, dünyada heç kimin tanımadığı şairlərin səslərinin birləşib bir aura yaratması Musa Yaqubda da var. Ancaq bu kontekstdə kimsə kimi sevib yaradıcılıq manerasında ondan tam uzaq da ola bilər. Dediyimiz məsələdə isə, zənnimcə yanılmırıq.

- Gənc oxuculara onunla bağlı xüsusi tövsiyələriniz.

- Yazıya Musa Yaqub kimi baxsınlar. Özü kimi qalmağı öyrənsinlər.

# 1580 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #