Məni xəstəxanalıq edən qadın

Məni xəstəxanalıq edən qadın
27 oktyabr 2015
# 11:35

Bayaq yeni vəzifəyə keçmiş dostum Ağa Cəfərlinin “S klass”ında işə gəlirdik. Səhər yeməyi yemədiyimiz üçün Ağa düşüb mağazaya getdi ki, yüngülvari nələrsə alsın. Bu əsnada mən maşının radiosunu “Araz FM”-ə köklədim.

Məşhur səhər verilişi yenə efirdəydi. Pozitiv aparıcılar həmişəki kimi şən əhval yarada bilmişdilər. Qəfil efirə zəng gəldi. Danışan hansısa xəstəxananın xanım terapevti idi. Aparıcıları xeyli tərifləyib axırda bu sözləri söylədi: “İnanırsınız, işə gedirdim, sizə görə qalmışam ki, zəng edim bir hal-əhval tutum. Hahaha!”

Dalağım sancdı...

Daha sonra bizim həkim soğan iyi verən bir-iki səhər alqışı da söylədi tamaşaçılara. Radioda qızıl dişlərinin parıltısını gördüm. Nədənsə əmin idim ki, bahalı şubası da var.

Söhbət hərlənib iki oğlan, bir qız aparıcının üzərinə gələndə həkim bacımız qollarını lap çırmaladı. Şəkərbura bəzəyirdi elə bil; biriniz şəkərsiz, biriniz darçın, o biriniz qəhvə...

Böyrəyim zoqquldadı...

Söhbətin sonuncu - sua-cavab mərhələsi eynən bu cür oldu:

Birinci sual: Asəf Zeynallı kimdi?

Cavab: Musiqiçi deyilmi? Hə, hə, “pomoym” musiqçidi...

Mədəm qıcqırdı...

İkinci sual: Marksizm nəzəriyyəsinin banisi, “Kommunist manifesti”nin və “Kapital” əsərinin müəllifi kimdi? Xatırladaq ki, Bakıda adına məşhur prospekt də vardı...

Cavab: Nobel!

Ödüm qopdu...

Üçüncü sual: “Mona Liza” rəsminin müəllifi kimdir?

Cavab: Bonapart!

Ürəyim tutdu...

Ağa gələndə artıq nəfəs ala bilmirdim...

Bu yazını da xəstəxanadan yazıram.

Yüngülcə iynə-dərman eləyiblər, deyirlər terapevt xanım bir az işə gecikir, indilərdə gəlib çıxar, müalicəni o yazacaq.

Yaman qorxuram!

Qorxuram, səhər efirə zəng edən həkim xanıma dəng gələm!

# 872 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #