Gülnar Salmanovanın son istəyi

Gülnar Salmanovanın son istəyi
26 oktyabr 2015
# 12:56

Nə kadrarxası səs var, nə pafos, nə işıq. Heç fonda musiqi də səslənmir. Gerçək ölüm. Yoxsa elə bilirdiniz, aktrisalar yalandan ölür?

Aktrisalar rol deyil, peşə sahibləridir. Onlar da öləndə doğrudan ölürlər. Müəllim, həkim və qeyri-peşə sahibləri kimi...

Amma hər dəfə hansısa aktyorun və ya aktrisanın amansız xəstəliyə tutulduğunu eşidəndə qanım qaralır. Bu başdan onun gözü yaşlı şəkillərini, müalicə üçün yardım və özündən sonra yaşaması üçün balasına ev, böyümək üçün normal minimal şəraiti istəyə-istəyə, ümidlə can verməyini təsəvvür edirəm.

Qarajın içində yaşayıb, orda ölən Xanım Qafarova kimi, dostlarının evində yaşayıb, elə orada da can verən Nuriyyə Əhmədova kimi. Lap elə bu günlərdə son dəfə müalicə pulu istəyib canını tapşıran Gülnar Salmanova kimi.

Aktyorların çoxu aşağı-yuxarı eyni vəziyyətdə yaşayır. Elə müəllimlər kimi, məsələn. Bununla əlbəttə onların, müəllimlərdən daha yaxşı yaşamalı olduğunu demirəm. Bu, insana, peşəyə hörmətsizlikdi.

Sadəcə acı olan aktyorların bir ümidlə can verməsidir. Əlaqədar təşkilatların onlara kömək etməsini gözləyə-gözləyə, onlara ad verənlərin, onların arxasında olacağına inana-inana ölmək... Bunu izləmək ağırdı.

Bəlkə hesab açıb xalqa müraciət etsəydi, camaat Nuriyyə Əhmədovaya ev tikərdi? Və ya Gülnar Salmanovaya yardım edərdilər? Xanım Qafarovanın qızının əlindən tutardılar?

“Xalxın evində ölən xalq artisti” ifadəsində ziddiyyət filan yoxdur. Bəlkə xalqın artisti elə xalqın da evində ölməlidi. Bəlkə xalq artisti adının faciəsini yaşamaq xalq şairi, xalq yazıçısı, xalq artisti adının səfasını yaşamaqdan daha şərəflidir.

Amma ölüm başqadı, deyirlər. Küləyi dəydimi, “Bu, sənətkarın faciəsidir” düşünmürsən. Evsiz , pulsuz yetim qalan balanı düşünürsən. Kimə tapşıracaqsan onu? “Həm ziyarət, həm ticarət”dəki Mustafa müəllimə, ya yolunu gözlədiyin bankir adaxlıya?

Dəhşətdi...

“Öləndən sonra keçirəcəkləri anım günlərimə, yubiley tədbirimə xərcləyəcəkləri pulu bəlkə mənə, mənim balama verərlər?” deyib xəyallara qapılırsan.

Daha bir yalvarış. Daha bir xahiş. Daha bir ümid. Və sonsuz susqunluq... Hər sənətçinin ömrü boyu belə susqunluqla, səssizliklə rastlaşması olur. Bəzən bu sükutla anlayırsan ki, sən xalq artistisən, ya xalq yazıçısı, xalq şairisən. Bu da sənin taleyindi...

# 681 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #