Uşaq evində qalan ingilis Anna, qızların otağına girən əclaflar- REPORTAJ

Uşaq evində qalan ingilis Anna, qızların otağına girən əclaflar- REPORTAJ
24 oktyabr 2015
# 11:00

Ayxan Ayvaz

Uşaqlıq həyatımızın ən təmiz, pak, çirklənməmiş dövrüdür. Böyüdükcə hərəkətlərimizdə, münasibətlərimizdə o uzaq uşaqlığın parçası var. Gözləri yalansız, sevgi dolu uşaqlar çərpələng uçurur, top-top oynayır, oyuncaq silahlarla bir-birlərini öldürür.

Ümid yeri

Binədəki “Ümid yeri”ndə uşaqları görəndə nə vaxtsa baxdığım Afrika haqqında sənədli filmi xatırladım. Orda bir səhnə var: uşaqlar çirkli suda əylənir, deyib-gülürlər. Jurnalistin cümləsi: “Bəzən dünyanın ən kasıb uşaqları çirkli suda hamıdan xoşbəxt görünür”.

Balaca bir həyət. Göyərçin yuvası, oturacaqlar. Uşaqlar gözə dəymir. Qarşıma çıxan, göyərçinləri içəriyə salan uşaqdan soruşuram.

- Sənin adın nədir?

- Əli.

- Neçə yaşın var?

- Yeddi.

- Bura necə gəlibsən?

- Yadımda deyil.

- Gələn olur yanına?

- Atam-anam öləndən sonra burda yaşayıram.

- Necədir kefin-halın?

- Yaxşıdır. Quşlara bax!

Uşaqlar yalan danışmır, həmişə düzünü deyirlər. Üç göyərçin alçaqdan uçub ayaqlarımızın altına düşür.

- Sən baxırsan göyərçinlərə?

- Hə. Əslində burda Şakir əmi var, o baxır, mən də kömək edirəm.

Bu gün uşaqların bayramıdır: Rəssamlıq Akademiyasının tələbələri “Ümid yeri”nə qonaq gəliblər. Əllərində yemək-içmək, oyuncaq, gül-çiçək. Uşaqlar necə sevinir...

“Bu gün anam gəlməliydi”

İçəriyə keçirəm, uşaqlar salonda əllərinə keçən təzə oyuncaqları dartışdırmağa, bir-biri ilə toqquşdurmağa başlayıblar. Bir qız uşağı pəncərədən onlara baxır.

- Sən niyə gəlmirsən bura?

- Gələcəm bir azdan. – gülür.

- Adın nədir?

- Firuzə.

- Bu yataq otağınızdır?

- Hə. Bu bizimdir, o biri tərəf böyüklərin. Amma indi orda heç kim yoxdur.

- Hardadırlar?

- Aşağıda.

- Sən necə gəlibsən bura?

- Anam öləndən sonra gəlmişəm. Atam arada gəlir yanıma. – gülümsünür.

Oğlan uşaqlarının yataq otağının qapısını açan kimi elə bir çaxnaşma, qışqır-bağır düşür ki... Uşaqlar məni əhatəyə alır, başqa biriləri yarıçılpaq haradasa gizlənməyə çalışır. Bir uşaq isə çarpayıda uzanıb.

- Sən niyə yatırsan?

- Yatmıram.

- Adın nədir?

- Fərid.

- Uşaqlara niyə qoşulmursan?

- Bu gün anam gəlməliydi...

- Gələr, narahat olma. Atan hardadır bəs?

- O rəhmətə gedib.

Başqa bir uşaq da gəlir yanımıza, adı Yusif. Əlimdəki fotoaparatı alır, özünü və dostlarını çəkməyə başlayır. Fərid dirçəlir, qalxıb oturur, üzündə güllər açır. Bu vaxt tələbə qızlar içəriyə girirlər: oğlan uşaqları çığır-bağır salırlar, qızlar gülüşə-gülüşə paltarlarını geyinənlərə kömək edirlər.

“Anası narkomana ərə gedib”

“Ümid yeri”nin müəlliməsi, uşaqların anası Ofelya xanım aşağıda qurulan yemək süfrəsinə nəzarət edir, hamını yerbəyer eləyir. Dediyinə görə, 69 yaşı var və bura gəldiyində çox təəccüblənib: “Mən məktəblərdə işləmişəm. Gözəl həyat yaşamışam. Bura gələndə inanmazdım ki, ata, ya da ana uşağını ata bilər”.

Üç gün Ofelya xanıma çox çətin gəlib, çıxıb getmək istəyib, ancaq içindəki bir işıq ona imkan verməyib. Bir metod tapıb: özünün də atasız, anasız böyüdüyünü demək. Uşaqlar bu yalana inanıblar, ona daha çox sarılıblar.

Anna adında bir uşaq var burda. Hələ təzə gətirilib. İngilis atası qəfil onları atıb gedib. Anası yeni biri ilə evlənib, bütün ağrı-acılara son verərkən Anna özünü burda, Ümid yerində tapıb. Ofelya xanım danışır: “Anası narkomana ərə gedib. Atı da atın yanına bağlayanda, özün bilirsən. Bu da başlayıb iynə vurmağa damarına. Bir dəfə gəlmişdi bura. Dedi, Annanı aparacam. Dedim, sənin saçını əlimə alıb hamının içində sürütləyərəm, rədd ol burdan”.

Oxşar tale birində də var: tərk edilən anası Ofelya xanım demiş, pis yola qulluq edir, qızı gətirib bura təhvil verir. Bir gün, iki gün, müəllimə dözə bilmir, qızı yoxlamağa başlayır: “Düşündüm ki, bəlkə qızının da nəsə pis bir şeyi var... Yaşı az idi, amma yenə də. Sonra bir-iki dəfə anası gəlib ağladı, sızladı burda. Axırda verdik özünə”.

- Qorxmursunuz o qız üçün çətin olar?

- Bilirsən, oğlum, bura bir dəfə beş uşaq gətirmişdilər, hamısı da böyük idi. Başladılar burda vor-zakonluq eləməyə. Qızların otağına girirdilər əclaflar. Onların liderini saldım otağa, dedim ki, məni döyə də bilərsən, amma düzələ bilmirsinizsə gedin. O da dedi ki, düzələ bilmirik, vəssalam, qovdum getdilər. Oğlum, axı mən bu qədər uşağı iki-üç uşağa görə niyə məhv edim?

- Bəs hansı uşaqla qarşılaşanda çox pis olursunuz?

- Hüseyn. Ata-anası bilmirəm, hansı səbəbdənsə yoxa çıxıblar, onu polis gətirmişdi. Nə vaxt görürdüm, özümü tuta bilmirdim, ağlayırdım. Burda böyüdü, sonra işə çağırdılar, indi işləyir.

- Nə gözəl...

- Buranın uşaqları məni unutmur e, oğlum. Gəlirlər, kömək edirlər. Məsələn, biri burda qapı-bacanı düzəldir, vaxtı ilə bizdə qalıb. Onlar üçün bu “Ümid yeri”nin hər tərəfi bir xatirədir.

Bəzən kənara çəkilib xəyallara dalan, kövrək xatirələrə səyahət edib dostlarından ayrılan bir uşaq olur. O uşaq hər gecə hamı yatandan sonra tək başına çıxıb aşağıda oturur, öz-özünə danışır, balaca gözləri yaşla dolurmuş. Ofelya xanım onu belə gecələrin birində tapır:

- Bir yerdə ağladıq onunla, qucaqlaşdıq. Sonra dedim ki, vəssalam, bundan sonra burda görməyim səni. Məni qucaqlayıb “ana” dedi, bir də eləmərəm, bağışla. – Ofelya müəllim hıçqırır, gözləri daşla dolur, dalınca isə gülümsünür.

“Atam özünü asandan sonra...”

Hamı yerbəyer olur, tələbələrin gətirdikləri stollara düzülüb. Ofelya xanım yorğun olduğundan otağa gedir və son təlimatını verir: səs çıxmasın, hər kəs özünü başqalarından daha yaxşı idarə etsin.

Uşaqların bu gün bayramıdır, istirahətləridir. Onların üzündə təbəssüm. O tərəfdə mahnı sədaları altında oynayan uşaqlar, tələbələr. Kimisi yemək yeyir, kimisi meyvə, kimisi də tələbələrlə söhbət edir. Hərəsi bir dünyadır. Hər birinin içində daşıdığı yazılmamış roman, hekayə, şeir var. “Şeir” demişkən burda bir şeir yazan qız var. Hardadır bu Əzizə? Uşaqlar onu göstərirlər. Əzizə bu uşaqların arasında ən böyüyüdür, Ofelya xanımın dediyinə görə, “Ümid yeri”nin lideridir, başçısıdır. Bəzən müəllimlərə kömək edir, uşaqları sakitləşdirmək işi ona tapşırılır. Sakit, az danışan bir qızdı. İndi Əzizə mahnı oynayanlara baxır, öz adını eşidəndə döyükür.

- Əzizə, necə gəldin bura? – onu qırağa çəkib soruşuram.

- Atam özünü asandan sonra anam gətirdi.

- Anan hardadır bəs?

- Qocalar evində işləyir.

- Şeir yazırsan?

Utanır, pörtür, üzü qıp-qırmızı qızarır. Elə bil içindəkiləri oxuyuram: görəsən, kim satıb onu? Kim deyib ki, şeir yazır?

- Gedib gətirim, baxın. – deyir və yoxa çıxır.

Uşaqlardan hansınınsa yanına anası gəlir.

- Kimin yanına gəlib?

Xorla cavab verirlər:

- Yusifin.

Başqa birisi yerindən cavab verir:

- Anası da burda işləyir.

Müəllimlərdən biri onun sözünə qüvvət verir:

- Elədir, əri onları atandan sonra uşağını bura verib, sonra özü də işləmək üçün müraciət edib və qəbul olunub. İndi ikisi də “Ümid yeri”nə sığınıblar.

Əzizə gəlib çıxır, amma əlində kağız-kuğuz görünmür.

- Bilmirəm, hara qoymuşam. – güc-bəla deyir.

- Eybi yoxdur, başqa vaxt baxaram deyirəm.

Darvazadan çölə çıxanda mənə elə gəlir ki, böyük bir işıq topasının içindən çıxıb qaranlığa düşdük. Ümid yerinin sakinləri başqa bir şəhər kimi gəlir mənə. O şəhərin küçələri, parkları əllərində çərpələng ora-bura qaçan uşaqlardır...

# 3046 dəfə oxunub

Oxşar xəbərlər

Cinadan "Bitlcus" filmi haqqında açıqlama

Cinadan "Bitlcus" filmi haqqında açıqlama

19:03 16 aprel 2024
"Coker"  filminin treyleri izlənmə rekordu qırdı - Video

"Coker" filminin treyleri izlənmə rekordu qırdı - Video

19:00 16 aprel 2024
93 yaşlı rejissor son filmini çəkəcək

93 yaşlı rejissor son filmini çəkəcək

18:50 16 aprel 2024
"Rust"  faciəsinin məhkəməsi başa çatdı - Foto

"Rust" faciəsinin məhkəməsi başa çatdı - Foto

18:30 16 aprel 2024
Xalq yazıçısı Anarla Sabirabadda görüş keçirildi

Xalq yazıçısı Anarla Sabirabadda görüş keçirildi

18:00 16 aprel 2024
Sviftin mahnıları yenidən "TikTok"da

Sviftin mahnıları yenidən "TikTok"da

17:30 16 aprel 2024
#
#
# # #