Aşurada sevimli aparıcısını dinləyə bilməyən qız HEKAYƏ

Aşurada sevimli aparıcısını dinləyə bilməyən qız HEKAYƏ
24 oktyabr 2015
# 08:00

Kulis Səhər Əhmədin “Aşura günündə intihar arzusu” hekayəsini təqdim edir.

Anam dərmanlarımı gətirir. Önümdə kirimişcə açdığı əlindən uzunsov, rəngli həbləri götürüb zorla uduram. Müqəddəs bir ayin keçirirmiş kimi ikimiz də susuruq.

İndi düz otuz dəqiqə sakitcə uzanmaq lazımdır. Mənim pis xasiyyətim var. Sözəbaxan deyiləm. Heç bir işin öhdəsindən gələ bilmirəm.

Otağım cansıxıcıdır. Balaca pəncərəsi, alçaq tavanı var. Divardan qəzetdən kəsib çərçivəyə saldığım fotoşəkil asmışam. Anam tez-tez təkid edir ki, o saqqallı “kişini” başımın üstündən götürüm, gecə qorxaram. Mən hər dəfə şəklin nurani üzünə baxıb gülümsəyirəm. Yəni ki... “bağışla”.

Həkimlərin fikrincə, xəstəliyim ciddidir. Boş-boş şeyləri ürəyimə salıb fikir eləyirəm. Əgər özümü toplamasam, axırı pis qurtarar. Anam da qorxur ki, birdən dəli olaram. Tez-tez üzümə təşvişlə baxır. Dəli-zad olmayacam, ürəyimə damıb - yorulmuşam, vəssalam, tənbəlliyim tutub.

Anam səhər yeməyi hazırlayır. Əllərinə baxıram. Onlar mən birinci sinfə getdiyim gün saçıma bant bağladığı vaxtdan bəri azı yüz il qocalıb. Mən olmasaydım, anam qocalmazdı. Böyüyüb qurtarmıram. İndi də ona görə gəlib ki, çox zəifləmişəm, özümü girləyə bilmirəm. Onun tez getməsini istəyirəm. Pis qızam, pis. Daha pisi isə odur ki, adam anasının yanında darıxa.

Darıxmamaq üçün çıxıb şəhəri bu başdan o başa piyada gəzərdim. Evdən çıxmağa icazə vermirlər. Zalım adamlar məni incidə bilərlər. Anamsa darıxdırıcı olsa da, zalım deyil. Başını götürüb kiminsə yanına qaçasan, onun da sənə rəhmi gəlməyə.

Otuz dəqiqənin tamamında yenə özümü öz otağımda görürəm, dərmanlar, səhər yeməyi, anam və mən. Bir də qəzetdən kəsib divardan asdığım fotoşəkil. Saqqallı xalq qəhrəmanı.

Deməyə söz tapmadığım anama fikrimdə məktub yazıram:

“Mənim ağıllı anam, icazə ver, özümü öldürüm. Ölümlərin ən dəhşətlisi başqası tərəfindən məhv edilməkdi onsuz da.

Mən məğlub oluram, neyləyim? Qaçmaq heç vaxt qələbə sayılmır, məni aldatma (həmişə beləsən).

Güclü gedişlər gözəl mat vəziyyəti yaradır. Bu, məni ağrıdır. Udulmuş bir ömrü davam etdirməyin nə mənası? Daha həyatdan heç nə gözləmədən”.

Vay-vay! Anam ömründə bunları başa düşməz. Elə bilər mən axmaq adamam. Yenə dəli olmaq axmaq olmaqdan yaxşıdır.

Anam yaxşı anadı, amma yaxşı oxucu deyil. Mənsə onunla açıq danışmaq istəyirəm. İstəyirəm, ona deyəm ki, qorxaqlıq güclülük deyil.

Mən xəstəyəm. Həyat mənasızdır. Tavan da alçaqdır. Adam lap özünü asmaq istəyir. Uşaqlıqda olduğu kimi.

Məktubda bir şeyi unutdum. Mən heç uşaqlıqda da xoşbəxt olmamışam.

***

- Nənəm deyir ki, sənin qəşəng gözlərin var, bir də saçların, - bunu divarın dibində qalaqladığım kitabların üstündə oturub, maraqla məni seyr edən mavi gözlü, canlı insandan çox gəlinciyə bənzəyən qızcığaz deyir. O qədər sevimlidi ki, mənə hər şeydən əziz olan kitablarımın üstündə oturmasını da ona bağışlayıram.

Təzə otağım hündür və yaraşıqlı evdən ayrılmış aynabənddir. Boyaboy pəncərədən tül pərdə asılıb. Qapı həyətə enən dar və dik pilləkənə açılır. Qutu kimi kirayəçi evlərinin damı düz pəncərəmə söykənir.

Yaxşı otaqdı. Geniş, işıqlı. Heç beləsində yaşamamışam. Xoşlamıram. Elə bilirəm “şən” otaqda heç nə fikirləşmək mümkün deyil. İstəyirəm, otağım dar və alaqaranlıq olsun ki, var-gəl edəndə əşyalara toxunum.

- Ordan kimin şəklini asacaqsan?

Bu uşaq da bütün işlərimə burnunu soxur. Vurub barmağımı əzirəm. Onunla danışmaq lazımdır, yoxsa inciyər.

- İndi dur, bunları yerləşdirək, mənim oyuncaqlarımı.

Ayağa qalxıb bayaqdan üstündə oturduğu qalağa diqqətlə baxır:

- Bunlar oyuncaq deyil ki. Bilirəm, kitablardı.

Uşaqla dil tapmağa nə var, həm asandı, həm də maraqlı.

- Səncə, mən kiməm?- Adını bilmirəm. Soruşmuram da.

Balaca şahzadə zərif çilli üzünü qırışdırıb, boynunu bükür:

- Nənəm deyir ki, sən bizim təzə kirayəçimizsən.

Düz deyir nənəsi, mən kirayəçiyəm. Başqa heç nə. Özü də kirayəçi olaraq heç vaxt köhnəlmirəm. Yaşadığım bütün otaqlar mənə kupeni xatırladır. Ona görə də tez-tez dəyişirəm. Xoşuma gəlməyən şeylər çoxdu. Dalanın darlığı, divarın rəngi, pəncərənin çərçivəsi, nə bilim, həyət qapısına yazılmış ünvandakı səhv. Hələ bir evdən sərçəyə görə köçmüşdüm. Kök, tox, zəhlətökən sərçəydi. Hər səhər pəncərəmə qonub arxası otağa durardı. Axırda köçdüm ordan.

Bir də ki, mən divarlara alışmaqdan qorxuram. İstəmirəm, onlara uğursuzluğumun şəkli çöksün.

Yadıma düşür ki, həkimlər mənə bol günəş işığı və səs-küy tövsiyə ediblər. Pəncərələri taybatay açıram. Həyətdə həyat adlı tamaşanın, Allah bilir, neçənci pərdəsi oynanılır və bu “səhnə” mənim pəncərəmdən lap lojadan görünürmüş kimi açıq-aydın canlanır. Kimsə damın üstünə yaylı çarpayı qoyub uzanıb, günəşlənməklə məşğuldur. Yanında da maqnitofon. Radioda musiqi proqramının aparıcısı olan qızın cingiltili səsi aləmi götürüb. İki qadın skamyada oturub söhbət edir, bir qız həyətdəki ümumi kranda qab yuyur. İdmançı bədənli bir oğlan həyətdə meydan sulayan pəhləvan kimi var-gəl edir. Bir gözü də pəncərəmdədi.

Özünü ruh və düşüncədən ibarət hiss edərkən hansısa qonşu oğlanın, əzələsiylə fəxr edən bir əks cinsin sənə yaraşıqlı oyuncaq kimi baxması acınacaqlıdır. Gözəl saçlardan və gözlərdən ibarət bir kolleksiya eksponatı kimi.

İndi yəqin o oğlan başda olmaqla həyətdəkilər üçün təzə kirayənişin, pəncərədən, bir mərtəbə yuxarıdan, bir sözlə, üstdən aşağı baxan qız, yəni mən çox maraqlıyam. Bu tum çırtlayan, radio vasitəsiylə dinləyicilərin bir-birinə göndərdiyi hit mahnıları dinləyib kollektiv şəkildə zövq alan adamlar mənimlə - lojadakı tamaşaçıyla, kulisdəki oyunçuyla eyni səhnəni paylaşmağa hazırdılar. Amma yaxşı bilirəm, mən orda çox epizodik bir rol oynayacam, hərdən dar və dik pilləkəndən enib səhnədən sakitcə keçib gedəcəyəm, vəssalam.

Pəncərələri bağlayıram. Bilmirəm, bu nə “reseptdi”, həkimlər mənə yazıb. Dəli olmaq daha asan olardı, nəinki ağıllı rolunu oynamaq.

Otağı ortadan bölən gün işığında toz dənələri oynayır. Onlara baxır və düşünürəm: Həyat köhnə tamaşadır, mənsə köhnə tamaşaçı. Qocalığını dərk edəndən sonra gəncliyi yaşamaq çox əzablıdır.

Gəlib kitab qalağının üstündə mavi gözlü canlı gəlinciklə yanaşı otururam:

- Sən dəli görübsən, bala? Get onlara de ki, mən dəliyəm. Qəşəng gözləri və saçları olan dəli.

***

Heç fikir verməmişdim. Otağın tavanı çox hündürmüş. Adam özünü asa da bilməz.

İstirahət gününü sevmirəm, yəqin getməyə yerim yoxdu, ona görə. Bu gün həm də aşuradı. Bir azdan məscid tərəfdən dəhşətli səslər gələcək. Yaxşı ki, mən “kafir”əm (bu adı mənə bibim verib “İncil”i oxuduğuma görə), yoxsa gedib tövbə edərdim.

Tövbə eləmirəm, amma beynimdə bir mahnı çalınır: “aman ovçu, vurma məni, mən bu dağın, ay balam, maralıyam”...

Həyətdə səs-küydü, damı pəncərəmə söykənən qutu kimi standart evlərin birinə təzə ailə köçür. İdmançı təzə qonşulara kömək edir. Ev sahibəsi - ağ saçlı Firuzə xala bayırdakı qaz plitəsində böyük qazanda hədik bişirir. Dama yaylı çarpayı qoyub səhərlər gün qalxana qədər yatan oğlanın çarpayısı boşdu, yəqin, məscidə gedib. Onu damdabaca, damda yaşayan Karlson adlandırırdım, artıq bilirəm ki, Firuzə xalanın ikinci oğlu Ağadı. Onun bu gün məsciddə olması bütün həyətin proletarlarının, yəni kirayəçilərin canını bacısıyla elədiyi dava-dalaşdan bir günlük də olsa qurtarıb.

Mənim pəncərəmdən şəhər görünməsə də, oranın da ümumi mənzərəsi sanki gözlərimin qabağındadı. Hər yerdə qurulan ağ çadırları, ehsanlıq çay süfrələrini, sanki Kərbəla çöllərindəki müsibəti indicə öz gözüylə görübmüş kimi pərişan halda ora-bura qaçan saqqallı cavanları açıq-aydın təsəvvür edirəm.

Beynimdəki mahnı nədənsə sözlərinin leksik mənasının da gücü çatmayan bir qüssə ifadə eləyir: “Mən bu dağın, ay balam, maralı...”

Ev sahibinin qızı Aytən təşrif gətirir. Çox gənc, çox da gözəl qızdır. Ağzını açan kimi təəssürat korlanır.

- Mənə maraqlı bir nağıl kitabı ver də.

Ona “nağıl” kitablarının ən maraqlısını – “Qədim yunan ədəbiyyatı”nı verirəm. İstəyirəm, deyim ki, burda bir nağıl var, bəlkə sənə maraqlı gəlmədi, amma onu mütləq bilməlisən. Çünki qadınsan. Elə hamı onu bilməlidi. Demirəm. Danışmağa ağzım ağrıyır.

- Nə böyükdü, həm də köhnədi, başqasını ver...

Başqasını verirəm. Balaca və təzə. Götürür. Sonra da divardakı şəklə baxıb gülür. Belə gözəl məxluqun elə pis gülüşü var ki. Ya da mənə elə gəlir. Bu şəkli bütün anlaqsız, soyuq baxışlara qısqanıram, ona görə.

Günah məndədir. Nahaq yerə neçə ildir, onu incidirəm. Kirayə evlərin divarlarından, kinayəli baxışlardan keçirib özümlə gəzdirirəm. Qəhrəman olmaqdan pis heç nə yoxdur. Hamısı edam olunmasa da, mütləq aldanır. Hərəsi bir cür edam olunur, hərəsi bir cür.

Gözəl məxluq məndən ona həmsöhbət olmayacağını anlayıb çıxıb gedir. Çox güman ki, kitab mənim otağıma burnunu soxmaq üçün bəhanəydi. Qardaşının yoxluğundan istifadə edib, qapıları gəzmək istəyir. Bu gün Aşuradı axı, sevimli radio aparıcısını da dinləməyə icazə vermirlər. Bir azdan başlayacaq anasının bişirdiyi hədiyi qonşulara paylamağa. Hər evdə də yarım saat vaxt öldürəcək. Amma nə qədər canı sıxılsa da dəqiq bilirəm ki, ona verdiyim kitabı oxumayacaq.

Eh, nə mənası... Onsuz da həyat ən maraqlı kitabdır. Bəlkə də elə xoşbəxtlik yaşayacağın taleyi tanımamaqdır.

Bəlkə kitablar nahaq adamı qorxudurlar. Hərdən təslim olmağı da bacarmaq lazımdır. Bəzən məğlubiyyət daha mənalıdır. Bunu anlayanda, daha fədakarlığa layiq birisi tapılmayanda gec olur.

“Mən bu dağın, ay balam, maralıyam...”

Həyətdə səs-küy artdıqca özümü mühasirədə hiss eləyirəm.

Spartakın öz ordusuyla yeganə cığırı olan dağın başında mühasirədə qalması kimi. Gecə qullar ətrafdakı ağacların budaqlarından nərdivan toxuyub aşağı enir, düşmənlərə qəfil zərbə endirib qurtulurlar. Təəssüf ki, mənim bu yeganə cığırdan - dar və dik pilləkəndən aşağı enməyə başqa alternativim yoxdu. Mütləq ordan düşüb, hədik bişirən Firuzə xalanın yanından, su kranının qarşısından, qonşu oğlanın baxışlarının altından keçib getməliyəm.

... Ağlamaq istəyirəm. Özümü çarpayıya çırpıram. Tavan gözümə daha hündür görünür. Bax belə, burdan da köçməli oldum. Əllərimi üzümə tutub bərkdən, lap bərkdən, dəli kimi gülməyə başlayıram.

# 966 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #