Bizim üçün Kərbəla Xocalıdır?!

Bizim üçün Kərbəla Xocalıdır?!
22 oktyabr 2015
# 11:51

ehtiyatda olan polkovnik-leytenant

Bu foto Türkiyədə Xocalı soyqırımı ilə bağlı fevralda keçirilmiş bir aksiyadandı.

Bir yoldaş yazdığı kimi, əlbəttə daha doğru olardı, "BİZİM İÇİN, XOCALI - KERBALA KADAR ÖNEMLİDİR, AZİZDİR. VATAN TOPRAGIDIR...” yazılsaydı. Mitinq təşkilatçılarını anlamaq olar, onlar Xocalı qətliamını geniş kütləyə tanıtdırmaq üçün türklərin də yaxşı bildikləri və ürək yandırdıqları Kərbəla müsibəti ilə müqayisə edir, bu yolla Xocalı faciəsinin millətimiz üçün nə qədər ağır və acı bir hadisə olduğunu insanlara çatdırmaq istəyiblər…

Lakin bu fotonu bəzi saytlarımız məhz indi, Aşurada təkrarən yayıblar. Məqsəd-Xocalı faciəsi ilə Kərbəlanı qarşı-qarşıya qoymaq, Kərbəlanı, Xocalı və Qarabağı azad etmək üçün az qala əsas maneə kimi göstərmək və bununla Kərbəlanı milli-mənəvi dəyər sistemimizdən silməkdi.

Son zamanlar milli-mənəvi dəyərlərimizə dayanmadan hərtərəfli hücumlar, ideoloji təxribatlar sistemli şəkil aldığından, “Qazilər qrupu”nda buna toxunmağı lazımlı bildim.

Xocalının baş vermə səbəbləri qrupumuzda dəfələrlə və hərtərəfli müzakirə və təhlil olunub. O mövzuya girmədən, qeyd etmək istəyirəm, Xocalı və Kərbəla faciə olsalar da, mahiyyətcə fərqli hadisələrdi. Biri torpaq, o birisi əqidə uğrunda mübarizədə baş vermiş faciələrdi.

O da məlumdu ki, o zaman Qarabağın müdafiəsinə qalxmaq üçün bizə Kərbəla yaddaşı mane olmamışdı və mane ola bilməzdi də- Xocalı hadisəsi baş verən zamanlar Azərbaycanda tam əksəriyyəti dindən uzaq sovet nəsli yaşayırdı.

Lakin bu konkret misalda görürük ki, anti-Azərbaycan ideoloji təxribatlar mərkəzləri və onlara bələdçilik edən bəzi internet-saytlar Xocalı faciəsini öz dağıdıcı fəaliyyətlərində vicdansızcasına istismar etməklə, Kərbəla faciəsini Xocalı faciəsiylə milli şüurda “əvəz edib”, Kərbəlanı milli kodlarımızdan silmək, milləti mənəvi köklərindən qoparıb, milli-mənəvi oriyentirlərsiz (qibləsiz) qoyub, milli ruhu zəiflətmək, xalqı geniş mənada azdırmaq və bununla xarici ideoloji təsirlərə qarşı müdafiəsiz qoyub, düşmən mərkəzlərinin idarəsinə açıq etməkdi. Hər-halda bu təbliğat başqa nəticə verə bilməz. Nəticə olsa da, müvəqqəti olacaq. Ancaq bu müvəqqəti nəticə millətimizə sağalmaz yaralar vura bilər. Hesab da məhz bundadı. Çünki manipulyasiya mərkəzləri peşəkar kimi bilirlər ki, bir xalqı əsl dəyərindən yalnız müvəqqəti ayırmaq mümkündü və bu qısa çaxnaşma müddətində nə əldə etdin, etdin.

Təəssüf ki, bəzi özünü millətçi hesab edən soydaşlarımız da dinimizi ərəblərə, farslara aid etməklə, mənəvi dəyərlərimizi neqativ şəkildə təqdim etməyi niyəsə özlərinə borc bilirlər. Bu, həm insani, həm vətəndaş, həm siyasi qeyri-yetkinlikdən irəli gəlir.

Azərbaycanın böyük türkçü ideoloqlarından heç biri İslami dəyərlərimizə qarşı çıxmayıb, əksinə bu dəyərləri xurafatdan təmizləyib, millətin formalaşmasında mühüm amil hesab ediblər.

Qardaş Türkiyədə də din və millətçilik qarşı-qarşıya qoyulmur. Millətçilərin əksəriyyəti inanclı insanlardı. Bu gün Feysbukdan gənclərimizin də yaxşı tanıdıqları Tovuzda döyüşmüş bozqurd komandiri Yusif Ziya Arpaçı Türkiyədə dini xocalardan biri, Ərzurumda isə ən nüfuzlu xocadı.

Millət, təkcə bioloji varlıq deyil. Tarixdə bir çox millətlər bir zamanlar işğal olunublar, bəziləri yurdlarından qovulublar, vətənsiz, torpaqsız qalıblar, başqa xalqların arasında əsrlərlə yaşayıblar, qanları qarışıb… Lakin milli-mənəvi dəyərlərdən ibarət milli ruh onları millət kimi mühafizə edib, qoruyub, haçansa doğma torpaqlarını işğaldan azad edib, qayıdışın əsas şərti olub.

Mənəvi dəyərlər deyəndə, söhbət təkcə bu və ya digər millətə aid dəyərdən getmir. Bəşəriyyətin bütün mənəvi dəyərləri eynidi, lakin söhbət məhz onların milli “opsiyasından”(müəyyən ardıcıllıqda və nisbətdə prioritet üzrə düzülüşündən) gedir. Bu dəyər “opsiyasına” milli-mənəvi dəyərlər sistemi deyilir. Misal üçün, ailə bütün millətlərin mənəvi sistemində dəyərdi. Ancaq azərbaycanlı üçün ailə, dəyər sistemində ilk yerləri tutursa, bəzi millətlərin dəyər sistemində ilk yerdə deyil yaxud ona bərabər başqa dəyərləri var. Eyni dəyərlər millətdən millətə mənəvi sistemdə prioritet baxımından fərqli yerlər tuta bilərlər.

Milli-mənəvi dəyər sistemi “təyin” olunmur və kiminsə tərəfindən yaradılmır. Bu sistemlər müxtəlif daimi faktorların təsiri ilə min beş yüz-min il ərzində formalaşır və şəkillənir.

Biz istəyirik, Vətən milli-mənəvi dəyər sistemimizdə birinci yeri tutsun. Bunun üçün bütün dəyərlər sistemimizi dağıtmalı, hansısa dəyərlərimizdən imtina etməliyikmi? Əlbəttə, yox.

Vətəni, milli-mənəvi dəyərlər sistemində ilk yerə çıxartmaq üçün “Öncə Vətən!” deyib, səmimi qəlbdən və ancaq bu niyyətlə dinc və müharibə dövrlərində dövlətimiz üçün fədakarlıqla çalışmalı, döyüşməli, bu yolda örnək olmalıyıq.

Çünki torpağı Vətən edən təbliğat deyil, torpağı vətən edən (torpağı milli-mənəvi dəyər edən) onun qanları ilə suvarmış Şəhidlərdi. Azərbaycanın vətənpərvərlik simvollarından biri Azərbaycanın Milli Qəhrəmanı Şəhid Mübariz İbrahimov kimi.

Mübarizin son məktubuna diqqət yetirək:

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz.. Haqqınızı halal edin”.

Necə olur ki, özünü azərbaycanlı, Azərbaycan vətəndaşı və eyni zamanda İmam Hüseynin (r.a.) nəvəsi kimi dərk edən gənc, əlinə silah alıb, düşmən mövqeyi üzərinə tək şığıyır? Deməli, ən skeptik qiymətləndirməyə görə, Kərbala və Mübarizin milli-mənəvi özünüdərki ona bu qəhramanlığı etməyə ən azı mane olmamışdı. Onun məktubunda isə birbaşa deyilir, “Seyid nəvəsi olaraq bunu etməliyəm...”

Ancaq Mübarizi vətənpərvər, qəhrəman və örnək hesab edən bəzi insanlarımız təəssüf ki, bu dəyərlərimizə qarşı çıxır, milli-mənəvi dəyərlərimizi müdafiə edənlərə “İran agentləri”, “məzhəb təəssübkeşləri” yarlığı asırlar. Məqsəd- milli-mənəvi dəyərlərimizi müdafiə edən əsl vətənpərvərləri gözdən salmaq və susdurmaqdı. Halbuki, onların inkar etdikləri və təbliğ etdikləri “dəyərlərin” haradan gəldiyinə baxsaq görərik ki, əsl xarici mərkəzlərə işləyən elə bunlardı.

Vətənpərvərlər və xüsusən Vətən üçün qan axıtmış qazilər heç kəsin ittihamlarından çəkinməməli, milli-mənəvi dəyərlərimizi hər cür təxribatlardan müdafiə və mühafizə etməli, milli ruhumuza qarşı hər cür təcavüzə sinə gərməli, bir addım belə geri atmamalıdılar.

# 1107 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #