Donosbaz mədəniyyət yazarları

Donosbaz mədəniyyət yazarları
20 oktyabr 2015
# 13:07

Azad mətbuatın əsası qoyulduğu illərdə, söhbət 1988-ci illərdən gedir, “Azərbaycan”dan “Ordu”ya kimi bütün qəzetləri diqqətlə oxuyurdum. Müəlliflər arasında demokratik, tolerant adamlar az deyildi. Bir qisim müəllif də vardı ki, opponentini yerdən-yerə vurmaq üçün hər vasitəyə əl atırdı: yeddi arxa dönəni, şəcərəsini, özünün və ya hansısa qohumunun DTK-da işləməsindən tutmuş nə vaxt, harda nə yeyib-içdiyinə kimi hər şeyi töküb-töküşdürərək ittiham edirdi.

Həmin yazılardan donosbazlıq, repressiya illərinin qoxusu gəlirdi. Bəlkə də təbii idi. Çünki canında 1930-cu illər repressiyasını, azad sözdən qorxan rejimin vərdişlərini daşıyan quruluşun yetişdirdiyi insanlardan əksini gözləmək lazım da deyildi. Azad mətbuat, demokratik cəmiyyət təcrübəsini öyrəndikcə donosbazlıq zaman-zaman yazılardan arınmağa başladı, fərqli jurnalist nəsli yetişdi. Hərçənd, insanların şəxsi həyatına müdaxilə, keçmişinin hansısa məqamlarını qurdalamaq vərdişləri indi də qalıb. Amma bunun vicdanlı jurnalistika ilə əlaqəsi yoxdur.

“AzDrama” haqda silsilə yazılar yazan Ənvər Börüsoyun məqalələrində də repressiya, donosbazlıq ab-havası var. Axtarsan, onun yazılarında müəyyən haqlı məqamlar tapmaq olar. Zira, müəllifin yanaşması, yazı manerası 1937-ci ilin “ifşaedici” məqalələri ruhundadır və bu tərz həmin haqlı məqamları görünməz edir.

Məsələn, belə bir abzasa diqqət yetirək: “...peşəkar teatr sənətimizə yabançı baxışlar sərgiləyənlərin sırasında duran keçmiş partokrat, muzeylər direktoru İsrafilovun mirzəsi peyda olub. Bu, Ramiz Novruzov adlı birisidir. 1993-cü ilin qızmar yay günündə Lənkəranda İran, Rusiya, Ermənistan, Fələstin, Suriya və başqa ölkələrin kəşfiyyatlarının at oynatdığı dönəmdə qondarma “Talış-Muğan Respublikası”nı elan edənlərin sırasında duranlardan və bu antidövlət ideologiyasının ünlü siması sayılan bir professor da var idi. İndi onun bacısı oğlu unutmasın ki, bizlər o məşəqqətli anları yaddan çıxartmamışıq. İstənilən zaman separatçı TMR-in (Tülış-Muğan Respublikası –S.S.)videosunu Facebook, Twitter və Youtube kimi sosial şəbəkələrdə yaya bilərik. TMR-çilərin təsis konfransında o alimin çıxışının stenoqramını yayınlamaq imkanlarımız da var”.

Fikirlər hədə, təhdid intonasiyasında yazılıb və abzasın nə məzmunu, nə intonasiyası müəllifin adı altında yazılan “sənətşünas” təyinatına qətiyyən uyğun gəlmir. Kiminsə qohumunun nə vaxtsa TMR-in ideoloqu olmasının sənətşünaslıqla, teatrla, konkret R.Novruzla hansı əlaqəsi var? Üstəlik, “Oğul ataya cavabdeh deyil” gerçəyini də xatırlasaq... Müəllifin məntiqilə onda biz gərək Mircəfər Bağırovun qohum-əqrəbasını linçləməliyik.

Yaxud İsrafil İsrafilovu xarakterizə etmək üçün “keçmişdə Tofiq Kazımovun “papkası”nı daşıyan” cümləsi kiflənmiş, boyat sovet təfəkkürünün məhsuludur və heç şübhəsiz ki, normal, savadlı sənətşünas, jurnalist fikri deyil. Yaxud İ.İsrafilovun nə vaxtsa Mərkəzi Komitədə işləməsi də əks arqument sayıla bilməz.

Sonra müəllif “Özbaşınalıq” yarımbaşlığı altında yazır:

“Aktrisa Nigar Güləhmədova iyun ayının 20-də “Lənkəran Xanının Vəziri” (Mirzə Fətəli Axundzadə) tamaşasının ikinci hissəsində gəlmiş, ayın 21-də “İlahi oyun” tamaşasına 30 dəqiqə gecikmiş, ayın 24-də “Teleskop” (Elçin) tamaşasının ikinci hissəsinə qatılmışdır. Halbuki, həmin əsərlərdə bu aktrisa tamaşanın ilk anından səhnədə rol oynamalıdır. Beləliklə həmin tamaşalar maraqsız olmuş, səhnədə peşəkar aktyorlar belə biri durumu ürək ağrısı ilə qarşılamışlar. Qanunla aktyor tamaşaya azından bir saat öncə gəlməlidir”.

Sitat gətirdiyim abzasda cümlələrin quruluşu, sözlərin düzümü, xüsusən də “mış”, “miş” şəkilçiləri ilə xəbərçilik, donos intonasiyasının gücləndirilməsi sənətşünas tənqidi yox, N.Güləhmədova ilə intriqada olan bir aktyorun rəhbərliyə yazdığı anonim məktubunu xatırladır.

Məqalələrdə tamaşalar təhlil yox, “Dramaturgiyadan uzaq, teatral mühitə uyğun olmayan bayağı və dayaz əsərlərin repertuar siyasətində əsas simaya çevrilməsini isbat etmək o qədər də çətin deyil” kimi ümumi, monoton cümlələrlə “tənqid” olunur.

Müəllif bir məqaləsində rejissor Mikayıl Mikayılovu tərifləyir:“Namiq Ağayev, Mikayıl Mikayılov, Kamran Şahmərdan, Firudin Məhərrəmov, Oruc İzzətoğlu, Mərahim Fərzəlibəyov kimi istedadlı və professional rejissorların hazırladıqları tamaşalar çox nadir hallarda oynanılır”.

Başqa bir yazıda isə tənqid edir: ”Çünki, rejissorluq sənətinə aidiyyatı olmayan Mikayıl Mikayılov, Ramiz Novruz, Tural Mustafayev, Rafiq Əliyev, Bəsti Cəfərova və başqaları ilə birlikdə teatr bərbad duruma düşüb”.

Üstəlik, hər məqaləsində Azdramanı “baş məbəd” adlandırır. Ümumiyyətlə, ilk dəfə teatra məbəd demək kimi uğursuz fikir kimin ağlına gəlib, bilmirəm. Amma əminəm ki, məbəd çox təhlükəli yerdir. Məbəd olan yerdə sükut olur, durğunluq olur, canım sizə desin, doqmalar olur, klişeler olur.

Müəllifin yazılarına xarakterik cəhətlərindən biri yeri gəldi-gəlmədi, uyğun-oldu olmadı bol terminlərdən istifadədir: “Mədəni düzənin simvollarının aretipləri, fenomenləşmənin planetar səviyyəyə qalxmasının sirri bu faktora bağlıdır. Akafistcəsinə kommunikasiyaların fövqünə mədəniyyətlər arası dialoqun mənası da yox kimidir. Teatr mühitində mnemozin anlamı ilə biçimlənən suallar nəinki sensasiyaya çevrilmir, teatrların yaradıcılıq mətbəxində belə çözümlənmir. İnformatik proseslər belə vakkum biçimində reanimasiya olunmaqdadır. ...mədəniyyət siyasəti mifologemlərinin transkripsiyası vacib şərtlərdən biri sayılmışdır. Fitosofiya və kulturologiya remifotogizasiya ilə bütünləşmişdir” və s.

Vudi Allenin saxta intellektuallığa ironiya edən “Xırda fırıldaqçılar” filmində şirniyyat satıcısı olan qadın holdinq rəhbərinə kimi yüksəlir. O, kübar cəmiyyətə daxil olmaq üçün ədəbiyyatı, sənəti öyrənmək istəyir. Bunun üçün söz ehtiyatını artırmaqdan başlayır, lüğəti öyrənir. Və bir ziyafətdə söhbətləşərkən, hələ ki, “a” hərfi ilə başlayan sözləri öyrəndiyi üçün cümlələrində bu hərflə başlayan terminləri işlədir: “Sizin burnunuz atipikdir”, “Gecə çox apokaliptikdir”, “Mən affektasiyadaydım” və s.

Müəllifin bu filmi izləməsində bir fayda var.

# 945 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #