Böyük ədəbiyyatşünaslıq mücadiləsi

Böyük ədəbiyyatşünaslıq mücadiləsi
19 oktyabr 2015
# 16:26

Son illərdə adlı-ünlü filoloqlarımızdan Qorxmaz Quliyev ədəbiyyatşünaslıq sahəsində çox böyük işlər görmüşdür. “XX əsr ədəbiyyatşünaslıq konsepsiyaları” (Bakı, 2012, 344 səh.), “XX əsr amerikan ədəbiyyatşünaslığında aparıcı cərəyanlar” (Bakı, 2011, 208 səh.), “XX əsrin görkəmli ədəbiyyatşünas alimləri” (Ü.Rəhimova ilə birgə; Bakı, 2014, 692 səh.) və s. bu kimi fundamental əsərlərini nəzərdə tuturam... Bunu onun özünə (üzünə) deyəndə, sifətinə çaşqın bir məyusluq ifadəsi çökdü. Yəni filoloji doktoru, professor, fransız və Azərbaycan ədəbiyyatı tarixi mütəxəssisi məgər özü öz gördüyü işin önəmini bilmirmi? Üzünə deməkdənsə, gərəkməzmi bu sözü ədəbi-elmi ictimaiyyətə söyləyəsən, böyük işlərin nəmənəliyini xəbər verəsən... Bu ki, deyim:

Əvvəla, mənimcə, Q.Quliyevin fəaliyyəti bir zamanlar böyük M.F.Axundzadənin başlatdığı və tarixən davam edən böyük maarifçilik işinin vacib bir hissəsidir. Bir halda ki, üzümüz Qərbədir, hər dəfə, hər tarixi dönəmdə gərəkdir ki, bilək: oralarda nə baş verir, ictimai-fəlsəfi, ədəbi-estetik, tarixi-mədəni durum, fikirlər, biliklər bizə nə deyir, nələri söyləyir... Qorxmaz Quliyev üzərinə düşən səmtdən, ədəbiyyatşünaslıq pəncərəsindən boylanaraq bu missiyanı həyata keçirməyə çalışır.

Üstəlik (ikincisi), nəzərə alanda ki, Qorxmaz müəllim sadaladığım nəşrləri dərs vəsaiti kimi, “Azərbaycan Universiteti” xəttilə ərsəyə gətirmiş, demək, bu təkcə kitab-elm-mədəniyyət işi olmayıb, həm də təhsil işidir, kadr hazırlığı, birbaşa filolojiyə xidmət işidir. Hətta onu da deyirlər ki, bu konseptual işlər professorun canlı mühazirələri zəminində meydana çıxır; tələbələr yazıya alır, ustad bir daha nəzərdən keçirir, təkmilləşdirir, tamamlayır. Qibtə olunasıdır, lap Ferdinand de Sössür yada düşür... Heç təsadüfi deyil ki, “XX əsrin görkəmli ədəbiyyatşünas alimləri” müntəxabat-dərsliyində Qorxmaz Quliyevlə yanaşı, artıq Ülviyyə Rəhimovanın da adını görürük. Demək, ustad dərsləri bəhrə verir. Bu hesabla, görünür, Azərbaycan Universiteti yaxınlarda filolojidə daha yeni adlarla bizi sevindirəcəkdir...

Və üçüncüsü də budur ki: prof. Qorxmaz Quliyev daim elmin problemləri, filolojinin maraqları ilə yaşayan, elmi-ədəbi gedişata nə lazımdırsa, vaxtında duyub bu istiqamətdə iş görən cəfakeş alimdir. Yada salaq 1990-cı illəri; bizim filolojidə, ən nəhayət sosrealizmin uzun sürən qadağalar pəncəsindən qurtulub, dünya ədəbiyyatı ilə intensiv modernist müqayisələrə başlayanda, “-izmlər” nədir-nəmənədir? – hərə öz bildiyindən çıxış edir, hətta bəzən küyə də gedirdi. Bax o vaxtlar Q.Quliyev zəhmətə qatlaşıb, bir sıra oçerklər yazdı və: “Dəlidən doğru xəbər” kitabını (Bakı, “Mütərcim”, 1999) ortaya qoydu; sürrealizm, kubizm, ekspressionizm, ekzistensializm, narsissizm və s. Avropa ədəbiyyatında nədir və nə dərəcədə bizə qiyası var... – illüstrəsini verdi. Zamanında qiymətini almayan o nəşr (bu barədə bax: T.Əlişanoğlu, Vaxtında danışan həqiqətlər - Tənqid.net, № 3, 2007, s. 112-115), halbuki milli dildə modernist “izmlər” barəsində bəlkə də yeganə mənbədir ki, bugün də çəkinmədən filoloq-tələbələri, magistrantları yönəldə bilirik...

Eləcə də post-modern sevdalar; kim bilmir ki, bizim ədəbi prosesə postmodernizm davaları 2000-ci illərdən, stixiyalı şəkildə, həm də birbaşa aşağılardan, diletant praktikalardan gəlməyə başladı. Və gəldikcə də baş ağrıtdı; ta ki hadisənin ilk geniş elmi refleksiyasını prof. Q.Quliyevin hər cür hay-küydən kənar (xəlvəti!) qələmə aldığı “Postmodernizm” məqaləsindən oxuyanacan. Uzun sürə “Azərbaycan” jurnalının bir küncünə sığ(x)ışdırılmış o yazını (bax: 2005, № 5, s. 172-183) sonradan Tənqid.net 5-ci sayında (2008) təkrar yayımlamaqla bir xeyli də auditoriyanı maarifləndirə bildi...

Və budur, XXI əsrin ikinci onili, yatıb-durub içərisində qəfil ayıldığımız post-modern durumun özü. Mən filolojinin payına deyirəm: dünyada bir əsrdir (bütün XX əsr boyu!) nələr baş vermiş... – heç xəbərimiz yox ki. Hazırda ədəbi praktikada müasirlik və modernizm qarşılaşdırmalarını yaxşı-pis ölçüb-biçməyi öyrəndiyimiz, post-modernin nəticələrindən bəhrələnməyə can atdığımız halda, bütün bu gəlişmənin fundamental əsası, elmi izahı nədir? – nəzəri dərkindən əsla danışa bilmərik. Bax Q.Quliyevin hermenevtik çalışmaları məhz bu işi görür. “Alman ədəbiyyatşünaslıq konsepsiyaları”: Fenomenologiya nədir?, Hermenevtika nədir?, Frankfurt məktəbi hansı mövqedən çıxış edir?, Reseptiv estetika nə deyir?.. “Fransız ədəbiyyatşünaslıq konsepsiyaları”: Strukturalizm nədir?, Genetik strukturalizm hansıdır?, Poststrukturalizm nə deyir?, Narratologiya nədir?.. “Ümumqərb ədəbiyyatşünaslıq konsepsiyaları”: Psixoanalitik tənqid hansıdır?, Postmodernizmin mövqeyi necədir?, Dekonstruktivizm nədir?.. Yeni tənqid hansıdır: “İngilis Yeni tənqidi” və “Amerikan yeni tənqidi” nədir?, ABŞ-da Semantik-simvolik tənqid nə deyir?, Mifoloji tənqid hansıdır?.. XX əsr elmi-nəzəri və fəlsəfi fikrini yaradanlar kimlərdir: M.M.Baxtin, A.F.Losev, G.N.Fray, K.Levi-Stross, Y.M.Lotman, Y.Mukarjovski, H.-G.Qadamer, J-P.Sartr, V.B.Sklovski, J.Starobinski, U.Eko, X.Orteqa-i-Qasset, T.S.Eliot, R.Bart kimdirlər və elmi kəşfləri nədən ibarətdir?..

Əlbəttə, bütünlükdə söhbət heç də adları tanımaqdan, yaxud sitatlar səviyyəsində bu və ya digər əcnəbicədən bəhrələnmələrdən getmir. O cümlədən müstəqillik illərində Qərb elmi-nəzəri ədəbiyyatından bir sıra yaxşı tərcümələr də var: məsələn, A.Hacılının, C.Yusiflinin, P.Əlioğlunun azsaylı işlərini vurğulamaq olar; habelə stixiyalı şəkildə üzərimizə yeriyən kifayət qədər qarmaqarışıq kalka-məmulatlar da. Özgə ədəbiyyatın nəzəri səviyyədə mənimsənilməsi sadəcə başqa dildən öz dilinə çevirmək məsələsi deyil ki; daha geniş mənada tərcümə işidir. Bu, bir mədəniyyətin başqa mədəni kontekstə, semiotik mənada bir Dil təcrübəsinin başqa dilə köçürülməsidir. Milli filoloji fikir bazası yaranmalıdır ki, həmin Dili əxz edə bilsin. Yoxsa XIX əsr ədəbiyyatşünaslığının dili ilə XX əsrə Dil uzatmaq müşkül məsələdir. Nə olsun ki, indi bizdə hətta Divan poetikası, məsələn Nəbati estetikası bazasında bu işi görməyə həvəs göstərənlər var...

Hələ on beş il öncə “Ədəbi tənqidin nəzəri problemlərinə dair” adlı məqaləmdə (bax: “Ədəbiyyat qəzeti”, 27 oktyabr 2000-ci il) filolojidəki durumumuzu şərh edərkən, belə bir məqama diqqət çəkmişdim ki: bizim milli dildə Aristotel “Poetika”sından Hegel “Estetika”sınacan elə bir nəzəri bazamız yoxdur, tək-tək nümunələr çevrilibdi; belə bir vaxtda tez-tələsik yeganə nəzəri düşüncə mənbəyimiz – rus Dil bazasından da əl götürərsək, halımız necə olasıdı... Necəliyini sonrakı vakuum, stixiyalı proseslər də göstərdi... İndi budur, prof. Q.Quliyev dünyanın üç aparıcı elm və mədəniyyət dilindən (alman, fransız, ingilis), zəngin Dil bazası ilə qarşımıza çıxanda, əlbəttə ki, heyrətamizdir! Axı hələ dünənəcən bizim filoloji praktikada(n) nəinki XX əsr konsepsiyalarının, heç XIX əsr Qərb ədəbiyyatşünaslıq məktəblərinin belə izi-sorağı gəlməmişdir. Afaq xanım Əsədovanın “Avropa ədəbiyyatşünaslığı və Azərbaycan ədəbi-nəzəri fikri” namizədlik dissertasiyasından başqa (Bakı, “Elm”, 2006) bir cəhd şəxsən mənim yadıma gəlmir...

Prof. Q.Quliyev üç aparıcı humanitari dilini (alman, fransız, ingilis) mükəmməl bilir; üstəgəl rus dili. Ötəri, hər üç nəşrin sonunda Ədəbiyyat bölümünə nəzər salmaq da bunu bilməyə bəs edir. Amma bizim filoloji fikir bazamız və düşüncə mədəniyyətimiz Dünya humanitar bilik xəzinəsinə nə qədər nüfuz edə bilir... – buna əmin olmaq üçün məhz mətnlərə, Mətnə girməyimiz gərəkir. Nüfuz etdikmi, girdikmi... – o zaman arxayınlıqla deyəsiyik: biz bunu bildik, bu nəzəri biliklərə yiyələndik. Belə ki, Qorxmaz Quliyevin kitabları sadəcə bugünəcən xəbərsiz olduğumuz sitatlar mənbəyi deyil, düşünülmüş, sistemli, konseptual işlərdir. Öz fundamental yanaşması ilə Q.Quliyev bizim Qərb ədəbiyyatşünaslığına dair nəzəri biliklərimizi daha bir pillə – təsadüfi, ixtiyari (diletant), Sitat səviyyəsindən Sistem səviyyəsinə qaldırır. Zira öz yazdığı kimi: “...kənar oxucu üçün – Qərb ədəbi-bədii fikri baxımından azərbaycanlı oxucu məhz belə bir statusa malikdir – ədəbiyyatşünaslıq, xüsusilə “doğma” ədəbiyyatşünaslıq süzgəcindən keçməmiş və dəyərləndirilməmiş əsərləri adekvat şəkildə mənimsəyərək özünküləşdirmək çətindir, bəzən də qeyri-mümkündür. Oxuculara təqdim olunan kitab məhz bu boşluğu doldurmaq, onlarda Qərb ədəbi-bədii prosesi haqqında sistemli məlumat formalaşdırmaq məqsədi güdür...”

Sistemli şərhlərində professor çox aydın metodika ilə işləyir. Əvvəla, hər üç nəşr oxucu ilə predmet ətrafında ciddi söhbətə hazırlıq səciyyəsi daşıyan “Ön söz”lə açılır. “XX əsr ədəbiyyatşünaslıq konsepsiyaları” kitabında Aristotel dövründən XX əsrəcən ədəbi-nəzəri fikrin mənzərəsi yığcam şəkildə, ikicə ekskurs əsasında (“Poetika”lar dövrünə səyahət, müasir ədəbiyyatşünaslığın tarixinə ekskurs) şərh olunur. “XX əsr amerikan ədəbiyyatşünaslığında aparıcı cərəyanlar”a keçməzdən əvvəl XIX əsrin sonu, XX yüzilin əvvəlində bu ölkədə ədəbiyyat elminin durumu və ümumən amerikan ədəbiyyatşünaslığının çox da qədim olmayan tarixi barədə ümumiləşdirici bilgi verilir. “XX əsrin görkəmli ədəbiyyatşünas alimləri” təqdim olunmazdan əvvəl hansı şərt, hansı seçimə əsaslanıldığı anlaşma predmeti olur. Və beləliklə: “Ön söz”lər oxucu ilə səmərəli dialoq üçün nəzəri zəmin rolunu oynayır, söhbət müstəvisini təyin edir...

Daha sonra, Q.Quliyev eyni sistemli metodikanı bütün kitab(lar) boyu gözləməyə çalışır.

1) Hər bir ədəbiyyatşünaslıq konsepsiyası (məktəbi, cərəyanı) barəsində əvvəlcə ümumən məlumat verir, nəzəri statusu, prinsiplərini tanıdır;

2) Hər təlimi tarixən, gəlişmədə təqdimləyir: təşəkkülü – banisi və nümayəndələri – hadisənin rezonansı və sərhədləri – “dağılma” və tənqidi refleksiyası;

3) Hər təlimin ümumi müddəaları daha sonra nümayəndələrinin fərdi-praktiki fəaliyyətində təkrar şərh olunmaqla “təsdiqlənir”; məşhur adların elmə gətirdiyi əlavə və “pay”a diqqət yetirilir. Bu hesabla professor nə qədər XX əsr klassikini oxuculara əsərlərindən tanıdır: E.Hüsserl, M.Şeler, H.Hüsserl, M.Haydegger, R.İnqarden, K.Yaspers, E.Ştayger, V.Kayzer, C.Hillis Miller, J.Pule, N.Holland, D.Bleyh, S.Fiş, K.Bo, F.Şleyermaher, V.Diltey, H.-G.Qadamer, Q.Buk, E.D.Hirş, M.Horkhaymer, T.V.Adorno, E.Fromm, H.Markuze, Y.Habermas, A.Şmidt, P.Bürger, G.Lukaç, H.R.Yauss, V.İzer, R.Varninq, H.Vaynrih, R.Bart, A.-J.Qreymas, K.Bremon, J.Jenett, S.Todorov, J.Derrida, R.Yakobson, K.Levi-Stross, J.-K.Koke, U.Eko, L.Qoldman, M.Fuko, Y.Kristeva, J.Delöz, F.Qvattari, J.Lakan, V.Leyç, V.Propp, V.Şklovski, B.Eyxenbaum, M.Baxtin, L.Dollejal, Y.Lotman, B.Uspenski, Y.Lintvelt, S.Getman, M.-L.Rian, N.Fridman, P.Labbok, V.Füger, F.K.Ştangel, V.Şmid, M.Bal, Z.Freyd, K.Yunq, V.Bruks, A.Adler, J.-F.Liotar, İ.Hassan, F.Ceymisson, D.V.Fokkema, T.D`an, C.Batler, D.Loç, E.Levinas, M.Blanşo, R.Poyriyer, J.Batay, J.Bodriyar, P.De Man, X.Blum, C.Hartman, R.Saldivar, U.Speynos, F.Lentrikkia, J.-P.Sartr, S.Bovuar, E.Siksu, C.Brenkman və s. – sadalamaqla qurtarmır...

4) Tanıtımdan sonra hər təlimə dair habelə Q.Quliyevin öz əzəbiyyatşünas mövqeyi, izahları, aydınlaşdırmaları, münasibət və tənqidinə də yer var;

5) Kitabların strukturu dəqiq düşünülmüş, qurulmuşdur; əvvəl gələn ədəbiyyatşünaslıq təlimləri ilə (məsələn, fenomenologiya, hermenevtika, Frankfurt məktəbi, ingilis “yeni tənqid”i) tanışlıq daha sonrakıların (məsələn, reseptiv estetika, strukturalizm, amerikan “yeni tənqid”i) əvvəlkiləri tənqidi və özünü-təsdiqi platformalarını da əxz və dərk etməyə imkan verir.

6) Beləliklə, Qərb ədəbi-tənqidi və ədəbiyyatşünaslıq düşüncəsi zəminində nəzəri aydınlıq Azərbaycan oxucusunda tədricən: həm informasiya-bilgi səviyyəsində, həm də dərk-bilik bazasında hasil olur, formalaşır. Belə bir misal. Məhz müstəqillik illərində, Qərb estetik-nəzəri fikrinin həmlə ilə milli ədəbi prosesə girməsi oxucunun beynində, məsələn: strukturalizm, poststrukturalizm, postmodernizm, dekonstruktivizm kimi anlamları qaynar bir qazandaymış kimi qatıb-qarışdırmış, həzmini çətinləşdirmişdi. Hər birisinə ayrıca bir təlim kimi diqqət və yer verməklə Q.Quliyev ortaq nöqtələri və ayrıntıları duruldur, biliklərin obyektiv mənimsənilməsi prosesinə rəvac verir.

7) Bütün bu metodika, əlbəttə, daha da artıq əyanilik istəyir və “XX əsrin görkəmli ədəbiyyatşünas alimləri” müntəxabatında, məşhur ədəbiyyatşünaslardan bilavasitə tərcümələr belə ərsəyə gəlir. Doğrudur, topluda təqdim olunan nümunələrdən bəziləri ixtiyari seçim olub, bu və ya digər konsepsiyanın gərəyincə illüstrəsini verə bilmir. Aydındır ki, bu ilk təşəbbüsdür, əldə olan tərcümələri təqdim edir; amma bütövlükdə uğurlu başlanğıc müntəxabat işinin davam edəcəyini, daha da təkmilləşəcəyini də vəd edir...

Professor Qorxmaz Quliyev zəhmətə qatlaşdığı, əslində, kolossal çalışmalarının önəmini “XX əsr ədəbiyyatşünaslıq konsepsiyaları” kitabının “Nəticə” bölümündə təvazökarcasına belə vurğulayır: “Bu kitabın (deyərdim: kitabların – T.Ə.) əsas məqsədi oxucuları, ilk növbədə çağdaş Qərb estetik fikrində və ədəbiyyatşünaslığında mövcud olan konsepsiyalarla tanış etməkdir. Buna görə də müəllif bu konsepsiyaları olduğu kimi oxuculara təqdim etməyə, onlara münasibət nümayiş etdirməməyə cəhd göstərmişdir...”

Bununla, professor, əslində, ədəbiyyatşünaslığımızın qarşısında daha bir pillə durduğunu qabartmış olur: milli ədəbi fikrin dünya estetik-nəzəri düşüncəsinə reaksiyası, münasibəti mərhələsi. Əgər hər növ ideoloji diskursdan (süni Qərb-Şərq qarşılaşdırılmasından) yaxa qurtarmaq istəyiriksə, növbəti mərhələ məhz bir sistemin başqa sistemə münasibəti, milli ədəbiyyatın həmin nəzəri bazaya otuzdurulmasından ibarət olmalıdır. Heç gizli deyil ki, Azərbaycan ədəbiyyatının praktikası bütünlüklə XX əsr dünya tendensiyaları içrə gəlişdiyi halda, nəzəri dərki əksərən XIX əsrdə (Belinski-Çernışevski estetikası zəminində) ilişib-qalmışdır. Bircə elə başı keçmişə bağlı müqayisəli ədəbiyyatşünaslığımızın Mirzə Cəlil (XX əsr) – N.V.Qoqol (XIX əsr) paralelinə dirənməsini misal göstərmək olar... Belə ki, bu əsnada da yeni başlanğıcların əsasını qoyanlardan biri yenə Q.Quliyevdir. Alim “Cəlil Məmmədquluzadə və dünya dramaturgiyası” monoqrafiyasında (Bakı, 2012) bir yandan C.Məmmədquluzadə və U.Şekspir bağlarında milli dramaturgiyanı dünya teatrı meydanına çıxarmağa cəhd edir, digər tərəfdən Mirzə Cəlil – Ö.İonesko paralelində hətta onu bəzi məqamlarda qabaqladığımızı da nümayiş etdirir. Hərçənd bu artıq başqa bir söhbətin mövzusudur...

Bu yazıda geniş təfərrüatlara varmadan professor Qorxmaz Quliyevin son illər ədəbiyyatşünaslıq sahəsində fədakar əməyinə eləcə diqqət çəkməyə, qismən də milli nəzəri fikrin kontekstində bunu dəyərləndirməyə çalışdım. Həmin işin əsl dəyər və miqyası isə bu mətnlərə (Mətnə!) girdikcə, nəticələrində(n) bəlli olacaq, bilinəcəkdir; tədricən bilinəcəkdir...

# 4039 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #