“Sevimli şou”nun xoşbəxt qəhrəmanları

“Sevimli şou”nun xoşbəxt qəhrəmanları
16 oktyabr 2015
# 12:29

Bizim filmlərimizdə süjetin ən dramatik -realist məqamlarında televizor məzmundakı gerçəkliyə zidd fikirlər deyir, cəfəngiyat danışır və ya “Qu gölü” baletini göstərir. Əslində, faktoloji informasiya ötürücüsünün (Televiziyanın) “uydurulumuş gerçəkliyə” (Kinoya) uduzmasıdır. Bir çox filmlərdə televiziyanın timsalında informasiyanın beləcə fiaskoya uğradığını görə bilərik. Bəzən bədii həqiqət informasiya mənbəyini nəinki üstələyir, hətta ona ironiya edir. Məsələn, Vaqif Mustafayevin “Milli bomba” filminin kino montajçı işləyən qəhrəmanını kino ilə bağlı (o kinoda ki, vəziyyət acınacaqlıdır) danışmaq üçün radioya çağırırlar, lakin danışmaq üçün bir dəqiqə də imkan verilmədiyini görəndə son söz yerinə rəqs etmək istədiyini bildirir. Musiqini sifariş edir və ona ayrılan efir vaxtını rəqslə başa vurur. Bu məqamı absurdluğun pik həddi kimi də, bədii həqiqətin qələbə rəqsi kimi görə bilərik.

Televiziya faktları təqdim edir. Amma o faktlar gerçəkliyi nə qədər əks etdirir? Televiziya faktların seçimində nə qədər sərbəstdir? Televiziyanın seçimsizlik problemində yeganə etiraf olunan reytinq məsələsidir. Bəs onun seçimsizlik şəraitində hansı imkanları var?

Filmində KİV-in həqiqətə münasibətinə adekvat bir cavab verən kinorejissor Vaqif Mustafayev televiziya rəhbəri olduqdan sonra rəhbərlik etdiyi Space telekanalı ilə göstərdi ki, istənilən vəziyyətdə gerçəkliyin fakta çevrilməsində və təqdim olunmasında sonsuz imkanlar var. Sözügedən kanalda bir neçə verilişə baxmaq kifayətdir. Bu günlərdə isə telekanal reytinq şərtlərinə effektiv bir cavab verib: dünya kinosunun ən böyük nümunələrini, mövzularını reytinqli toy müğənniləri təqdim edir. Və yaxud dünya külli-kuf olsa da Space TV-nin “Sevimli şou” qəhrəmanları öz mikro dünyalarında xoşbəxtdir: “Ay bərəkallah, nə gözəl canlarız”... Təqdim olunan informasiyalar, bunun üçün seçilmiş faktlar absurd formalar, rəngarəng personajlar dünyasından çıxa bilmir.

Bir televiziyanın timsalında gerçəklik faktları bədii həqiqətlə daim qaşı qarşıyadır.

İş orasındadır ki, televiziyada soyuqqanlıca hədəflənən obyekt kinoda qəhrəmanın simasında subyektləşir və o yeni bir keyfiyyət qazanır. O, ilkin informasiyanı inkar edə bilir. Yəni o, təqdim olunan fakta qarşı öz gerçəkliklərini, həqiqətlərini ortaya qoyur. Qurban və ya qəhrəman kimi götürülməsindən asılı olmayaraq sosial xarakterli şou verilişlərdə qınanan və ya alqışlanan insanlar, kriminal verilişlərdə fəxrlə və ya başını gizləyə-gizləyə danışan qatillər, oğrular, ağ yalanları qırmızı-qırmızı adamların gözünün içinə oxuyan diktorlar kinoda öz gerçəkliklərini, öz həqiqətlərini danışa bilir.

Məsələn, Vudi Allenin “Xırda fırıldaqçılar” filmində uğursuz oğru varlanmaq arzusuna çatır, hətta onun arvadı çox arzuladığı kübar cəmiyyətlərdə də olur. Bu cəmiyyətə qəbul olunmaq üçün fərqləri aradan qaldırmaq istəyərkən bu fərqlərin sadəcə görüntü, tamaşa olduğu üzə çıxır, hətta bu adamların meşşanlıqları ilə sadə bir oğrudan mənəviyyatca daha aşağıda dayandıqları məlum olur...

Televiziya üçün fakt və hədəf əsasdırsa, fakt çoxluğu və hədəfin fokuslanması vacibdirsə, kino insan və gerçəklik müstəvisində seçilmiş hadisə, seçilmiş görüntü peşindədir.

Seçilmiş görüntü. Bir bədii ifadə vasitəsi olaraq metafora, paralel, və ya detal yox, əsl görüntünü tapmaq. İsveç rejissoru Roy Anderssonun son filmlərindəki kimi gerçəklik hadisəyə uyğun seçilmiş görüntü ilə təqdim olunur. Yəni, rejissor gerçəkliklə üst-üstə düşən görüntü axtarıb tapır. Məsələn, “İkinci mərtəbədən gələn mahnılar” filmində ata-anasını itirmiş qızcığazın qurbanvermə səhnəsi hansısa məcaz deyil, biz ekranda keşişin, dövlət məmurlarının, kübar geyinmiş, hətta qıza rəhm hissi ilə sifətini tutqunlaşdırmış adamların toplandığı yığıncaqda qızcığazın uçurumdan itələnməsi mərasimini görürük.

Ernest Hemenquey ədəbiyyatdan danışanda dahiyanə bir cümlə işlətmişdi: “Bədii həqiqət həqiqətdən də artıqdı”.

# 754 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #