Robert de Niro: “Sosial şəbəkələrə həvəsim yoxdur”

Robert de Niro: “Sosial şəbəkələrə həvəsim yoxdur”
14 oktyabr 2015
# 07:30

70 yaşlı tənha və dul Ben təqaüdçülər üçün işədüzəltmə üzrə sosial proqram əsasında Culs Ostinin (Enn Xeteuey) rəhbərlik etdiyi onlayn moda jurnala stajçı gedir. “Stajçı” komediyasına yalnızca baş qəhrəmana görə baxmağa dəyər. O qəhrəman tamaşaçını inandırmağa çalışır ki, qocalıq və tənhalıq verilən bir qədər deyil, seçimdir. De Niro bu obrazında dahi kimi görünür, stəndapçı kimi zarafatlar edir, üzündəsə elə ifadə var ki, bunu yalnız o, anadangəlmə xarizması ilə edə bilər.

Robert de Niro sentyabrın 25-də dünya premyerası keçirilən “Stajşı” filmi, ümumiyyətlə iş prosesi və bugünkü həyatı haqda müsahibə verib. Kulis müsahibəni təqdim edir.

- Cənab Robert, siz nə vaxtsa interna olmusunuz?

- Yox mən birbaşa aktyor olmuşam.

- İlk qonorarınız yadınızdadır?

- O 51 dollarlıq çeki heç vaxt unutmaram. Bu, Brayan de Palmanın “Toy şənliyi” filmi idi. 19 yaşım vardı, yetkin sayılmırdım, ona görə pulu almağa anamla gəlmişdim. Düşünürdüm ki, nə pul olacaq bir həftəyə. Amma 50 dollara qol çəkdim.

- Pis deyil. Bəs ən son filminizdə dəb saytının redaksiyasında təcrübə toplamağa qərar vermiş təqaüdçünü oynamaq asan idimi?

- Mən çoxdan belə personaj oynamaq istəyirdim. Ben düzgün adamdı, mehribandı, hamının xoşuna gəlir. Amma boynuma alıram ki, onu oynamaq asan deyildi. Özümə xarakterin bir çox cizgilərini köçürməli oldum.

- Ben yeni texnologiyalar dünyasında öz yerini tapmaq istəyən klassik “köhnəlmiş” adam tipidir.

- Elə mən özüm də “köhnəlmişəm”. Məsələn, həqiqətən mən başa düşə bilmirəm, adamlar hə gün kompüter və telefon ekranlarının qabağında nə edirlər? Əlbəttə, sosial şəbəkələr haqda bilirəm, İnstaqram haqda məlumatım var, amma bunlardan istifadə etməyə həvəsim yoxdur.

- Yəni, heç Facebook hesabınız da yoxdur?

- Həyatımı mürəkkəbləşdirmək nəyimə lazımdır? Mən elektron məktublar göndərə, smslər yaza bilirəm. Hə, bir də Google-dən istifadə etməyi bacarıram. Bunlar mənə bəs edir. Bu sms-lər də zəhləmi aparır-məni adamların telefonla danışmağa yadırğamaqları, hər şeyi smslə etməkləri bərk qıcıqlandırır. Biz hətta uşaqlarla üzbəüz danışmağı unutmuşuq. Gənc nəsil bütün sosial şəbəkələrdən istifadə etməyi necə çatdırır, başa düşə bilmirəm. Vaxtınız hardandı?

- Nə bilim, yəqin necəsə vərdiş etmişik. Sizin qəhrəmanınız vasvasılıqla öz yeni işinə hazırlaşır: ağ köynək geyinir, qalstuk, kostyum, yeni ayaqqabılar... Hərçənd indiki redaksiyaların dress kodu yüngül futbolka, cins şalvar və ketlərdir. Kişilərin ofis dəst kostyumları geyindiyi vaxtlar üçün nostalgiya keçirmirsiniz?

- Niyə ki? Bəziləri elə indi də geyinir. Mən konservatoram, mənə köhnə dünyanın elementləri xoş gəlir. Pencək və qalstuk geyinmək vacib olan restoranlara getməyi sevirəm. Əminəm, lap tezliklə bütün bunlar yenidən dəbə minəcək. Və bu, inanın ki, çox gözəl olacaq.

- Taxsi sürücüsü” filmindən əvvəl gecələr sürücü işlədiyiniz hamıya bəllidir. Bəs “Stajşı” filminə necə hazırlaşdınız?

- Səhnələrdən biri üçün mən taytszi döyüş sənətini öyrəndim və hətta ona bir neçə çin dərsini də əlavə etdim. Çətin idi. Amma daha heç harda gedib stajçı kimi işləməmişəm. Bu heç vacib də deyildi. Nensi (filmin ssenari müəllifi və rejissoru) hər şeyi dəqiq və canlı yazır, hər rol üçün axtarışlar aparır. Əlbəttə, mənim özümün də ideyalarım olurdu, amma həmişə öz dediyini yeridirdi: “Əla fikirdir, Robert, amma bizim əhvalatımıza getmir”. İncəliklə başa salırdı ki, onun gözlədiyi nəticə başqadır və burada improvizəyə yer yoxdur. Bu normaldır, mən Nensiyə güvənirəm.

- Bəs ümumiyyətlə, De Nironun inamını necə qazanmaq olar, onu öz filminə çəkilməyə necə razı salmaq olar?

- Formul sadədir, əgər rejissor özü həm də əla ssenari yazıbsa deməli, o, mənim üçün yaxşı rejissordur. Əlbəttə istisnalar da var. Devid Ouen Rassel, Martin Skorseze – bu uşaqlarla hətta ideya mərhələsindən işləməyə hazıram. O saat bilirəm ki, əla alınacaq!

- Bunu artıq tamaşaçılar bilir. Bəs Enn Xetyeueylə işləmək necə idi?

- Bilirsiniz, belə məqamlar olur ki, kamera qurulub, siz öz replikanızı deyirsiniz, o biri aktyorsa sizinlə eyni kadrda iri planda çəkilir. Hər şey də yaxşı gedir, amma birdən o qiyyə çəkir; “zəhrimara qalsın! Mən düz eləmədim, bir də çəkilək!” Hansısa kosmik bir eqosentrizm. Amma Enn belə deyil. O, əməksevərdir, peşəkar və inanılmaz dərəcədə həssas partnyordur.

- Necə düşünürsünüz, sizin qəhrəmanınız Ben Xeteueyin qəhrəmanının dünyasına xüsusi nə gətirib? Axı o təkbaşına Culsu həyəcanlandırmaq gücündədir. Filmdəsə sevgi xətti belə yoxdur.

- Orda sevgi xətti lazım deyil. Ben çox yaşadığına görə çox bilən adi qocadır. Culs bunu hiss edir və onun təcrübəsinə güvənir. Amma o özü də illər sonra bacaracaqdı. İnanın ki, sakit və müdrik olmaq üçün yaşlanmaq kifayətdir (gülür).

- Filmdə belə təsirli bir məqam var: məlum olur ki, qəhrəmanın yeni iş yeri onun 40 il işlədiyi fabrikin binasıdır. Sizin şəhərdə belə məxfi yeriniz varmı?

- 50 il əvvəl mən dostuma baş çəkmək, bir teatr tamaşasına baxmaq və Qərbi Berlindən olan gənc amerikalı bir xanımla Divarın yanında görüşmək üçün Şərqi Berlinə getmişdim. Qız xatirimdən tamam silinib, amma teatr yadımda yaxşı qalıb: heyranedici, ağappaq! Təxminən 15 il əvvəl mən yenidən Berlinə getdim, hansısa R&B klubuna getdim, pillələrlə aşağı düşəndə başa düşdüm ki, mən həmin teatrdayam, sadəcə olaraq o ağappaq divarların yerində qraffiti var.

- Bu hələ Almaniyadır. Bəs doğma Nyu-Yorkunuzda necə?

- Bütün şəhər dəyişib. Uşaqlıqdan tanıdığım bəzi rayonları saxlayıblar, o birilərini kardinal şəkildə dəyişiblər. İndi artıq başqa ölkə, başqa dünyadır. Heç nə əbədi deyil və məncə bu əladır!

# 977 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
# # #