Əsəd, səni vuracaqdılar!

Əsəd, səni vuracaqdılar!
8 oktyabr 2015
# 12:10

Demək, İntiqam Qasımzadə gedib katibliyə, Əsəd Cahangiri şərləyib ki, məni təhqir edib.

Bu qoca kahinlər 70-80 yaşlarında da şər-şəbədə və NKVD şantajlarından əl çəkmirlər.

Ən dəhşətlisi bu deyil.

Ən dəhşətlisi budur ki, bu şər-şəbədə və NKVD şantajları nəticə verir.

Əsədi müdafiə etmirəm.

Hətta düşünürəm ki, ona haqq oldu!

Bir neçə həftə öncə Əsədə yazdığım elektron məktubu bura atardım da, sadəcə bəzi şəxsi məsələlər olduğu üçün istəmədim.

Məktubun ictimai və küll ədəbiyyatımıza yansıyan tərəfi bu idi ki, bəy, torbanı tikirlər.

Oturub-durduğun, yazılarını yalandan təriflədiyin, məclislərdə içib mahnı oxuduğun yaltaq və istedadsız şəxslərin əliylə...

Səni vuracaqlar, bəy!

Çünki bunu bir dəfə də etmişdilər və sən ibrət götürmədin.

Palçığa ikinci dəfə girdin.

Özünü hamıdan ağıllı hesab edirsən, ancaq üzünə gülüb daldada fatihəni oxuyanlardan xəbərin yoxdur.

Halbuki bunu uşaq da bilirdi.

Sadəcə, sənə qarşı səmimi olub yazan, deyən yox idi.

Nə veclərinə?!

Bəy, “Azərbaycan” jurnalındakı baş redaktorluq eşqin uzaqdan çox gülməli və miskin görünür.

Orda baş redaktor olmağın yollarından o qədər xəbərsizsən ki, sənə hətta indiki müavinlik postu belə artıq gəlir.

Bəy, Anarı tanımırsan.

Qorxu və vəzifə eşqi gözlərini elə bağlayıb ki, səni asanlıqla uçuruma yuvarlaya bilərlər.

Öz ibtidai manevrlərinlə adamı lap mütəəssir edirsən.

50 il yaşayan, 40 il oxuyan, 30 il işləyən adam necə bu qədər sadəlövh olar?

Bəy, bu uşaqlıq, bu məsumluq, bu yazıqlıq və bu kimsəsizlik yalnız halal ədəbiyyatla ovunub təskinlik tapardı.

Sən orda olmalı idin.

Allahın sənə verdiklərinə xəyanət etməli deyildin.

Yüzillik AYB məkr-siyasəti qarşısında qurbanlıq quzu kimi görünürsən.

O hiylələr, o fırıldaqlar, o üçlük kartla nömrə gəlmələr sənin içinə sirayət etmədi.

Sən onlardan ola bilmədin.

Amma buna çox çalışdın.

Çox çalışdın və çox pis günə düşdün.

Çünki sən o deyildin.

Bu sənin işin deyildi.

Missiyan deyildi.

Sən tamam başqa işlər üçün yaranmışdın.

O işlər ki, onları bu xarabada yalnız sən görə bilərdin.

Bəy, İntiqam Qasımzadənin eynən 37-ci illər sayaq səni nə qədər imkan var o qədər güdaza verməsindən və bu şər-böhtan kampaniyasının “Ağ saç, qara saç” kitabını həsr elədiyin baş yazardan bu qədər soyuqqanlılıqla dəstək almasından daha böyük faciə bilirsən nədir: sənin bu vur-çatlasına hələ də inanmamağın!

Adam bu qədərmi sadəlövh olar?

Hələ də özünü məcbur edirsən ki, bütün baş verənlər yuxu olsun və qalxıb başqa bir vəziyyət görəsən.

Boynun boyunduruqdan ötrü ölür, bəy!

Sənin kimisinə kömək əli uzatmaq da bihudədir.

Çün gərək qurtulmağı özün istəyəsən.

Sən qandalı öpmüşlərdən oldun.

Sən hətta repressiyaya da layiq görünmürsən bu an.

İntiqamın səni satmağına, güdaza verməyinə də!

Səd-əfsus!

# 861 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #