Yemək yeməyən müəllimlər

 

Dahilərdən biri deyib ki, tarix təkrar olunur. Spiralvarı qaydada hər bir hadisəyə yenidən, amma daha yüksək səviyyədə rast gəlinir.

 

Mənsə tarixin təkrar olunmasına, hadisələrin spiralvarı inkişafına yox, daha aşağı səviyyədə təkrar olunmasına inanıram. Sübut?

Məsələn.

 

1. Babam deyərdi ki, bizim vaxtımızda müəllimin sayı az olsa da onlar ən nüfuzlu, hörmətli, imkanlı, savadlı adamlar idilər. Bu addan böyük ad yox idi.

 

Atam deyərdi ki, bizim vaxtımızda başqa hörmətli adamlara da müəllim deyilirdi. Bu kiməsə hörmət ifadə etmək üçün işlədilirdi.

 

Mən də deyirəm ki, indi "qardaş", "yoldaş", "vətəndaş" və s. kimi müraciət əvəzinə hamıya "müəllim" deyilir. Məgər hamı hörmətlidir? Xeyr, sadəcə olaraq, “müəllim” sözü urvatdan düşüb. İndi hörmətini izhar etmək üçün “cənab”, “bəy” və ya “qaqaş” deyirlər bu zəmanə oyununun baş oyunçularına. Kütləvi səhnələrdə oynayanlara isə "müəllim" deyirlər.

 

2. Babam deyərdi ki, bizim vaxtımızda müəllimlər ən imkanlı adamlar idi, hər ay dövlət onlara bir ətək pul verirdi. Birisinin pula ehtiyacı olanda gedib müəllimdən borc alırdı.

 

Atam deyirdi ki, fəhlə və kolxozçular varlandığından, onlar heç də müəllimdən az maaş almırdılar, lap müəllimlər kimi dolanırdılar.

 

Mən isə deyirəm ki, indi hamı müəllimdən yaxşı dolanır və müəllimlər də ehtiyac içində boğulanda dükançıdan, sürücüdən, fəhlədən, ümumiyyətlə müəllim olmayan hər bir adamdan pul borc alırlar.

 

Yəni tarix təkrar olunur, amma aşağı səviyyədə. ..

 

3. Babam deyərdi ki, biz müəllimlərin yemək yediyini, rəqs etdiyini, üzünü qırxdığını təsəvvür edə bilmirdik. Ümumiyyətlə elə bilirdik ki, müəllimlər qidalanmırlar...

 

Atam deyərdi ki, bizim vaxtımızda müəllim toy mağarına daxil olanda musiqiçilər onun havasını ifa edirdilər, yeməkxanada sevdiyi yeməyi dərhal gətirirdilər, onlarla oynayan, yemək yeyən, yol yoldaşlığı edənlər bunu özlərinə fəxr bilirdilər.

 

Mən deyirəm ki, həqiqətən müəllimlərin çörək yeməsini təsəvvür etmirik. Yəni, cəmi 100-120 manat maaş alan müəllim çörək yeməz də! Bu onun heç konturuna, siqaretinə çatmaz! 

 

Deməli, yenə də tarix təkrar olundu, amma aşağı səviyyədə…

 

Belə misallardan o qədər yaza bilərəm ki, lap o müəllimlərin mühazirə dəftərlərindən də qalın kitablar bağlamaq olar. Amma misallar göstərməyi dayandırıram və oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, bayram günlərində bir dodaqqaçdı idi, bu dediklərim. Qoy həm müəllimlər, həm də olmayan "müəllimlər" oxuyub bir az qımışsınlar.

 

Sonda dahilərin sözlərinə düzəliş etmək niyyətindən uzaq olduğumu qeyd edərək, deyirəm ki, onlar "Tarix təkrar olunur" deyirlərsə, deməli olacaq.

 

"Daha yüksək səviyyədə təkrar olunur" deyirlərsə, deməli olacaq.

 

Elmə, bacarığa getdikcə artan tələbat bunun sübutudur. Yaxşı mütəxəssislərin özlərinə yol tapmalarıdır bunun sübutu.

 

Və ümid edək ki, yenə də müəllim heç kəsdən borc pul almayacaq...

 

Yenə də hamıya müəllim deyilməyəcək...

 

Axı tarix təkrar olunur!...

 

LENT

23 Oktyabr 2017
22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017