Gənc yazıçılara 10 məsləhət

Gənc yazıçılara 10 məsləhət
26 sentyabr 2017
# 21:00

Oxu zalı "Yazmaq sənəti" rubrikasında bu dəfə yazıçı Şərif Ağayarın gənc yazıçılara məsləhətlərini təqdim edir.

1. Oxumaq...

2. Dərk edərək oxumaq... Bunu o mənada deyirəm ki, gənc yazar nəyi oxuduğundan əlavə niyə oxuduğunu anlamlıdır. İnsan ona görə oxuyur ki, həqiqətin nə olduğunu bilsin. Oxumaq kimisə imitasiya etmək, uğur qazanan yazıçıya oxşamaq üçün deyil. Sənəcən yazılanları öyrənib onlar arasında öz yerini tapmaq üçündür. Yəni böyük mənada elə həqiqət budur. Bəs həqiqəti niyə tapmalıdır insan? Bu barədə üçüncü bənddə...

3. İnsanın bu dünyadakı ən vacib işi həqiqəti axtarmaq, onu bilməyə can atmaqdır. Və bu işdə bəlkə yazıçılardan daha öndə olanı yoxdur. Yazıçı dindardan fərqli olaraq həqiqətə tapınmaq üçün axtarmır onu. Yazıçı həqiqəti ona görə axtarır ki, onu həmişə müdafiə etsin. Zira haqqı müdafiə etməyən bir yazı, bir kitab boş və mənasızdır.

4. Vicdanlı olmaq. İstedadlı adam ona görə oxumalıdır ki, həqiqətin nə olduğunu bilsin. Əgər isrtedadlı adam oxumursa və həqiqətin nə olduğunu bilmirsə, ondan əsla və əsla böyük adam ola bilməz. Xeyr, əgər həqiqəti bilib müdafiə etmirsə, nəyinsə xatirinə ona göz yumub arxa çevirisə, o zaman yenə də böyük insan ola bilməyəcək. Həqiqəti bilmək bir hünərdirsə, onu müdafiə etmək, həmişə yanında olmaq başqa bir və daha böyük hünərdir. Buna görə də bir istedadlı yazarda vicdan olmazsa olmaz keyfiyyətlərdəndir.

5. Yazmaq. Bizim ədəbi mühitdə YAZACAM tendensiyası çox güclüdür. Şəxsən mən 20 ildir ki, aşağı-yuxarı insanlardan yazacam, dağıdacam, tutuzduracam nağılları eşidirəm. Bunu deyə-deyə ciddi bir şey yarada bilməyib dünyadan köçənlər var. Dostlar, bu sözümü yaddan çıxarmayın: yazmağın yalnız indiki zamanı var! Yazıram deyəcəksiniz və həmişə yazacaqsınız.

6. Eqonun məhvi. Bizim başqa bir ciddi problemimiz böyük görünmək, hamıdan güclü yazmaq eyforiyasıdır. Bu təkcə ədəbiyyatda deyil, kinoda, teatrda və başqa sahələrdə də var. Yaradıcı adam sözün həqiqi mənasında ən sonuncu yerdə görünməkdən, ən istedadsız hesab olunmaqdan qorxmamalıdır. Böyük ədəbiyyatın sevinci onun alınmadığı təqdirdə gətirdiyi peşmanlıq hissindən qat-qat üstündür. Ona görə məsuliyyət hissini itirmədən yazmqdan qorxmaq olmaz. Çünki bu həm də bir savaşdır. Məğlubiyyətdən qorxan adam əsla və əsla qələbə çala bilməz.

7. Böyük görünmək yox, böyük olmaq. Böyük yazar olmağın yeganə yolu insan kimi böyük olmaqdır. Yəni əgər böyük adam deyilsənsə, özünü cırsan da ədəbiyyatı aldadıb orda böyük yazar ola bilməyəcəksən. Bu mənada ədəbiyyatı tanrıyla qiyaslamaq olar. O, “hər şeyi” bilir. Böyük olmadan böyüklük müamiləsi yapamazsınız. Ona görə böyük olun ki, böyük əsər də yarada biləsizniz. Böyük olmağın yollarını isə sizə yuxarıda təxminən izah elədim. Həqiqəti bilmək üçün oxumaq, onu müdafiə eləmək üçün vuicdanlı omaq və özünü ifadə etmək üçün məsuliyyət hissini itirmədən yazmaqdan qorxmamaq...

8. Azadlıq. Mən təkcə ailədə, işdə, partyada, cəmiyyətdə, ölkədə, millətdə və s. yaradılan süni məhdudiyyətlərdən danışmıram. Daxilən də azad olmaq lazımdır. Bir şeyi unutmayın, ədəbiyyat özündən yuxarıda heş bir ideologiyanı qəbul etmir. Ədəbiyyatın ideyası onun özüdür. Çünki elə doğrudan da ədəbiyyatdan yuxarı heç nə yoxdur və sizi əmin edirəm, səmavi kitabların da ən böyük gücü onun ədəbiyyat – söz yaradıcılığı tərəfindədir. Bu mənada Dostoyevskinin “Həqiqət Rusiyadan yuxarıdadır” fikrindəki həqiqət sözünü birbaşa ədəbiyyat sözünün sinonimi kimi qəbul etmək lazımdır.

9. İçki, siqaret və qadın. Ədəbiyyatın gətirdiyi şöhrət bu üç zərərli vərdişə çox həssasdır. Bu üç vərdişin istənilən birinə aludəçilik yolçunu yoldan saxlayacaqdır. Və qəribəir ki, bu vərdişlər ifrata varanda üçü də birdən gəlir. 40 yaş astanasında gözümlə gördüyüm ən ciddi həqəqətlərdən biri də budur. Odur ki, qısaca belə deyim: içkidən, siqaretdən və qadından doyun. Yanıq qalsanız vaxt itirmək bir yana, əsərlərinizdə də bu görüməmişlik hiss olunacaq. Ədəbiyyat təkcə Rusiyadan deyil, içki, qadın və siqaretdən də yuxarıdadır.

10. İnsanı hiss eləmək. Bu, çox vacibdir. Başqasının dərdini özününküymüş kimi duyub, yaşayıb, yazmaq yaradıcılıqda ciddi istiqamətlərdən biridir. Düşünürəm ki, yuxarıda bəhs etdiyim haqq və vicdan məsələsində bu mövzu öz-özünə həll olunur. Anacaq İNSAN sözünü xüsusi yazmaq üçün bu bəndi əlavə etdim. Dünyanın bütün böyük əsərləri insanı hər şeyin üstündə saxlayır. Həqiqətin sinonimi olan ədəbiyyat Rusiyadan yuxarıdadırsa, hardasa insan da ədəbiyyatdan yuxarıdadır. İnsandan yuxarı tanrı da yoxdur. Çünki elə tanrı həm də insandır. İnsanı sevin. Və o dərəcədə sevin ki, bu sevginin qarşısında “mütəəssir olan” ədəbiyyat öz əsrarəngiz dünyasının qapılarını üznüzə açsın.

2015

# 2587 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #