Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...

Məmməd Aslana halallıq - Şərif Ağayar yazır...
23 sentyabr 2020
# 20:57

80-lərin Laçını

Aşıq Əkbər yoluyla qartal sayaq qıyya çəkən Laçınlı Aşıq Ədalət oxuyur:

Özüm baxdım nəhs gəldi
Falıma bax, qaraçı...
Avand işim tərs gəldi
Halıma bax, qaraçı...

Qəmdi mənəm sirdaşıq
Yaşayırıq calğaşıq
Kələf kimi dolaşıq
Yoluma bax, qaraçı...

Oddan alovdan betər
Ayrılıq məni ütər
Qəbrim üstə qəm bitər
Gülümə bax, qaraçı...

Şeirin müəllifi Məmməd Aslan.

Yaddaşıma ömürlük həkk olunan bu misralar o vaxt məni xeyli sehrləmişdi də.

Sonra o biri şeirləri...

Kitabları...

Və daha təsirlisi, Laçında, məşhur Minkənd-Qarakeş zonasında şairliklə bahəm az qala avtoritet kimi tanınan Kəlbəcərli Sücaətin ona həsr etdiyi şeir dildə-ağızda dolaşmağa başladı...

...Yazdın, pozdun, nə dəyişdin, a Məmməd
Sürtük üzlər elə sürtülü qaldı...
...Ha dartdıq çıxmadı biqeyrət başlar
Binamus yerlərə dürtülü qaldı...

90-ların Bakısı

Kəlbəcər yoxdur.

Məmməd Aslan demək olar ki, bu konularda şeir-filan yazmır.

Sonralar öyrənirəm ki, qaçqınçılığa cəmi bircə şeir həsr edib.

AzTV-də veriliş aparır.

İlk vaxtlar bir az marağımı çəksə də çox xoşlamıram.

Amma Laçındakı Məmməd Aslan sevgisi, yuxarıda yazdığım gəraylının vətən nisgilinə bürünmüş nostaljisi məni rahat buraxmır.

Bir gün işlədiyim “Panorama” qəzetinə gəlir.

Həm də bizim otağa: şöbə müdirim Süleyman Qaradağlı ilə mən oturan...

“Azərbaycan” nəşriyyatı, səkkizinci mərtəbə...

Həyəcanla əlini sıxıram, tanış oluruq.

Süleyman müəllimin təkidi ilə ona öz yazdığım iki-üç qoşmanı oxuyuram, çox bəyənir.

Deyir, kitab çıxarası olsan, mənə de, məmnuniyyətlə ön söz yazaram.

2000-lərin Bakısı

Məmməd Aslanı dilə mühafizəkar yanaşdığına və “Bizim türkcə Türkiyə türkcəsindən daha təmiz və gözəldir” fikrinə görə sərt tənqid edirəm. Fikirləri və şeirləri mənə çox köhnə və solğun görünür. Amansızam! Elə həmin Süleyman müəllimdən mənə xəbər göndərib bərk incidiyini bildirir.

2010-ların Bakısı

Xəstə olduğunu eşidirəm. İçimdə bir hiss baş qaldırır: “Kişi ölüb eləyər, məndən də incik gedər. Aşıq Ədalət oxuyan o misraların üzünə necə baxaram sonra? Hər yadıma düşəndə vicdan əzabı çəkmərəmmi? Axı dildə mühafizəkar olmaq elə də böyük qəbahət deyildi.”

Zəng vururam.

Kinlidir.

Telefondaca giley-güzar edir.

Özü də aşırı həddə.

Çətin adamdır – deyə düşünürəm öz-özümə.

Türklər demiş, o qədər titizdir ki, onunla münasibəti qoruyub saxlamaq yarasanın qaranlıq otaqda iplərin arası ilə uçmasına bənzəyir.

Birmənalı boyun əyib biət eləmək tələb edir.

Necə ki, Dədə Şəmşirə bu münasibət bəslənilib.

Təkcə ustad-şəyird yox, böyük-balaca, ağsaqqal-cavan, aqil-cahil ünsiyyəti tələb edir.

Yaltaq cavanlar da, maşallah, itinətök.

Əlini öpməyə adam axtarırlar.

Bu boz sürünün içində dikbaş keçi nəzərində görür məni – çox yəqin ki!

Bəli, çətin adamdır.

Amma kövrəkdir həm də...

Onun kimi yerə-yurda, camaata bağlı olan adamı şirin dillə yola gətirmək mənim kimi bicləşmiş kənd uşağı üçün çətin deyil.

Olmur da!

Sumqayıtdakı evində görüşürük.

Özümlə laçınlı gənc şair Pərviz Axundu da aparıram.

Yuxarıda yazdığım gəraylını oxuyub məni sehrləyən mərhum aşıq Ədalətin (Laçın alınmamış qəfil rəhmətə getdi) əmisi oğlu...

Özü də aşıqdır...

Elə Ədalət kimi də çalıb-oxuyan...

Səsi də xeyli ona bənzəyir...

Və heç Pərvizin özü də bilmir ki, mənim onu Məmməd Aslanın yanına aparmağım İTMİŞ ZAMAN AXTARIŞIndan başqa bir şey deyil.

Pərvizin bir gəraylısı var...

Qaçhaqaç mənzərəsini ovaxtkı uşaq yaddaşına, ordan da varaqlara köçürüb.

Bu gəraylını Məmməd Aslana cavab atəşi kimi hazırlamışam.

Budur, xahiş edirəm, Pərviz oxuyur həmin şeirini:

Hana quracaqdı anam
Bir qucaq yun əyirdi də
Yel döyürdü qapımızı
Biz köçüncə döyürdü də

Hər yerdə qıran-qırana...
Dağdan yol aldıq arana
İt hürdü bizim karvana
Arxamızca yüyürdü də

Gözüm gördü bir qayanı
Yəqin qürbətdi o yanı
Atam bu əclaf dünyanı
Aradabir söyürdü də

Fələk, susursan niyə sən?
Çox şey bilirsən guya sən?
Xətrinə dəydim deyəsən,
Fikir vermə... şeirdi də...

Və Məmməd Aslan heyran olur bu sadə gəraylıya...

Dəfələrlə oxudur.

Üzündə razılıq əlaməti olan təbəssüm dolaşır.

2015. 23 sentyabr. Gecə saat 02.00.

Facebookda təsadüfən bir status görürəm: “Məmməd Aslan dünyasını dəyişdi.”

Ortaq dostlarla xəbərləşirik, nəvəsi ilə telefonda danışıram, xəbər təsdiqlənir.

Bu da son.

İki-üç epizodik xatirəylə ömür başa çatdı...

Bu qədər qısa yəni...

Dalınca çatdırıb birtəhər barışa bildim Məmməd Aslanla...

Və yaxşı ki, barışdım...

İndi bu dəqiqə, bu an ona bütün mühafizəkarlığını ana südü kimi halal eləyirəm.

Aşağı-yuxarı iki gəraylının arasına sığan ömrümüz bu halallıqdan başqa bir şey deyil.

# 3103 dəfə oxunub

Oxşar xəbərlər

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

"Dedpul"un üçüncü hissəsi haqqında açıqlama

18:30 17 aprel 2024
"Loki"  ilham mənbəyini açıqladı

"Loki" ilham mənbəyini açıqladı

18:00 17 aprel 2024
“Retro” mövzusunda poeziya yarışı keçirildi

“Retro” mövzusunda poeziya yarışı keçirildi

17:30 17 aprel 2024
Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Xalq rəssamının 80 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

17:00 17 aprel 2024
Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı - Açıqlama

16:50 17 aprel 2024
"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

"Qıfıl" filminin çəkilişləri üçün hazırlıqlar başladı

16:30 17 aprel 2024
# # #