Əlil gənc: “Qadın təklif etdi ki, gəl sevgili olaq” - REPORTAJ

Əlil gənc: “Qadın təklif etdi ki, gəl sevgili olaq” - <span style="color:red;">REPORTAJ
3 dekabr 2017
# 10:00

Murad Məmmədov: “Gəzməyi arzulayırdım uşaqlıqda”

Kulis.az 3 dekabr - Beynəlxalq Əlillər Günü müansibəti ilə Ayxan Ayvazın əlil gənc Murad Məmmədov haqda yazısını təqdim edir.

Hər kəsin həyatda özü ilə bərabər daşıdığı bir hekayəsi olur. Xatirələri, gördükləri, eşitdikləri, oxuduqları bu hekayənin süjetini dəyişir, rəngarəng edir, başqa bir məna qatır. Bir də elə adamlar var ki, onların fiziki məhdudiyyəti olur, yeriyə, eşidə, görə bilmir, ancaq deyib-gülür, əylənir, ətrafına işıq saçır. Halbuki yaxınımızda əl-ayağı yerində olan dostlarımız hər gün həyatlarının gətirmədiklərindən, bədbəxt olduqlarından mühazirə oxuyur, sənin də gününü göy əskiyə bükür.

“15 yaşına qədər yeriyə bilməmişəm”

Hekayəsini oxuyacağınız Murad Məmmədovun da anadangəlmə fikizi məhdudiyyəti var, çəliksiz yeriyə bilmir, çəliklərin köməyi ilə şəhərdə gəzir, dostları ilə görüşür və hər kəsə böyük bir işıq topası verir. Qardaşından sonra doğulan Murad on beş yaşına qədər iməkləyə-iməkləyə yaşayıb. Həkimlərə göstərilən uşağın ayaqlarında sümük zəifliyi olduğu aşkara çıxıb. Atası, anası, dostları onu əl üstündə bəsləyib, fiziki məhdudiyyətini görməzdən gəliblər.

Uşaqlığının çox gözəl keçdiyini deyir Murad. İməkləyə-iməkləyə blokun ağzına düşür, top oynayan uşaqlara qoşulur, əylənirmiş. Dostları da ona yuxarıdan aşağı baxmırmış heç vaxt: “Uşaqlar da mənim əlililiyimi görməyiblər. Düşünürəm ki, insan cəmiyyətdə özünü necə təqdim edirsə elə də qəbul edirlər. Mən heç vaxt yeriyə bilməməyimi gözə soxmamışam”.

Ata tərəfi Ağdaşdandır, özü isə doğma-böyümə Bakıdandır, ləhcəsi də qaqaşlara oxşayır. O vaxt əlil uşaqlar üçün məktəb olmadığından təhsil ala bilməyib: “Bu üzdən məktəbə də gedə bilmirdim. Təhsilimi evdə almışam, oxuyub yazmağı öyrənmişəm xalam oğlunun köməkliyi ilə”.

- Başqa nə edirdin uşaqlıqda?

- Uşaqlıqda xəbərlərə baxırdım, saat 9-u gözləyirdim həmişə. Nənəmlə babam xəbərlərə baxırdı. Mən də bir iki dəfə baxandan sonra alışdım, hər gün xəbərləri gözləyən oldum. Oyuncaqlarım da var idi. Bir də futbolçuların şəkillərini yığırdım.

Atası qəza keçirib, amma yaxşı ki, sağ çıxıb. Aradan bir xeyli vaxt keçəndən sonra infarkt tutub. Ölümündən sonra nənəsi və babasının yanında qalıb.

- Neçə yaşın vardı onda?

- Altı.

- Atan yadındadır?

- Bir az...

- Atasız böyümək çətin idi?

- Nadir hallarda. Bu gün eşidəndə ki kiməsə atası dəstək olur, o zaman bir az yaşayıram çətinlik. 17 yaşımdan işləyirəm.

Uşaq vaxtı sevdiyi bir qız olub. Bir gün nənəsinə çəlik tapıb gətirməyini istəyib. Qızla hər gün söhbət edirmiş, amma yeriməyə başlasa onunla daha çox vaxt keçirəcəyini düşünüb.

- Sonra nə oldu?

- Çəliklərin köməyi ilə yeriməyə başlayanda qız “yox” dedi. – gülür.

“Gəzməyi arzulayırdım uşaqlıqda”

Həyata 17 yaşında atılıb: müxtəlif işlərdə çalışandan sonra internet klubda işləməyə başlayıb. Sonra həyat onu başqa bir istiqamətə aparıb: “2010-cu ildən bir təşkilata üzv oldum, əlilliyi olan insanların sosial təminatına yardım edən təşkilat. 20 yaşında üzv oldum. Burada öyrəndim çox şeyi. Ondan sonra yerli və xarici təlimlərdə iştirak etdim. İnsan hüquqları, əliliyi olan insanlar və s. Ramanada əlilliyi olan insanların istirahət mərkəzi vardı, orda üç ay internet klubda işlədim. Ordan məni təşkilata yönləndirdilər. Mərkəzin rəhbərinə yazıb göndərdim. Məni təlimə çağırdılar, öz üzərimdə işlədim. Verilən materialları mənimsəyirdim. Demək olar, təhsilimi orda aldım. Müstəqil Həyat təşkilatında”.

Murad təlimçi kimi 2005-ci ilin mart ayına qədər təşkilatın nəzdində fəaliyyət göstərir. Bir dostu gənclər evində təlim keçdiyini eşidəndən sonra özü də seminar hazırlayır: “Bundan sonra fərdi olaraq təlim keçməyə başladım. Hara dəvət olunurdum, ora gedirdim. İnternet və veb saytlarda elan verildikdən sonra toplaşırıq”.

- Nə vaxtsa kimlərəsə pozitivlik dərsi keçəcəyin ağlından keçirdi?

- Heç inanmırdım. 17 yaşımda internet klubda işləyirdim. Çatlarda moderator-falan olurdum. Auditoriyaya xitab etmək o vaxtdan olub məndə. Yol çatlardan başlayıb yəni. - gülür. - Ancaq özümə güvənim vardı.

- Uşaq vaxtı nə olmaq istəyirdin bəs?

- Xəyal quran deyiləm. Yox, olmayıb. Başım qarışıb. Mən gəzməyi arzulayırdım uşaqlıqda. Fiziki məhdudiyətlər arzularına mane olur. Realist olmaq yaxşıdır. Mən nə yerinə yetərsə onu arzulamışam.

“Elə adamlar gəlir ki, dərdini danışanda şoka düşürsən”

- Kimlər gəlir motivasiya almağa?

- Yazılarımdan artıq bilirlər ki, orda hansı mövzular müzakirə olunacaq. Fərdi inkikşaf və motivasiya dərsləri olur. Hər şeyə həvəsli adamlar və bir də daxildə potensialı olan, ancaq onu üzə çıxara bilməyən adamlar gəlir.

- Məsələn, mən gəlirəm ora, vəziyyətim çox ağırdı, yaşamaq istəmirəm. Necə motivasiya edərsən?

- Sənin həyatını öyrənərəm birinci. Hər hansı formatda olan motivasiya hər kəsdə eyni deyil. Mən sənə hər şey yaxşıdır, pulun olacaq, desəm düzgün çıxmaz. Bəlkə sənin üçün pul əsas məsələ deyil. Səninlə ünsiyyətdə olub problemi öyrənəcəm. Bu fərdidir. Kolektivdə isə təlimlərdə iştirak edib dərsləri dinləyirsən. Alimlərin apardığı testlərdən bəhs edirəm, özümün çətinliklərimdən necə çıxdığımı göstərirəm. Öz mübarizəmlə necə inkişaf etdiyimi göstərirəm.

- Freydi oxumusan?

- Yox.

- Bilirsən niyə soruşdum? Psixoloji kömək üçün hansı vasitələrə əl atırsan? Yəni təlimə necə hazırlaşırsan?

- Özümü psixoloq kimi qələmə vermirəm. Mənim işim psixologiyayla bir başa əlaqəlidir. Bizdə elə adamlar gəlir ki, dərdini danışanda şoka düşürsən. Auditoriyanı nəzərə alıram. Məsələn, qocalar evində verəcəyim təlimdə CV-i göndərin demərəm. Yaş qrupuna baxıram. Ona uyğun mətn seçirəm. Auditoriya əksər hallarda bir kateqoriyalı olur: gənclər, əliliyi olan adamlar, uşaq evində yaşayan uşaqlar və s.

Kafedə oturan gənclərin səsini eşidirəm: “Çıxıb gedəcəm...” “Bezmişəm”, “Cəhənnəm olsun hər şey”. Murada baxıram, gözləri qulağındakı sırğa kimi parıldayır, üzündəki sonsuz işıq içimi sakitləşdirir. Onun yanına qoyduğu çəlikləri ağ divara sığınıb söhbətimizi dinləyir sanki.

- İnsanlarımız niyə belə pessimistdirlər?

- Sosial problem yaşlı adamları bədbin olmağa aparıb çıxarır. Yeniyetmələr öz dövrünü yaxşı keçirmirlər, ev-məktəb, məktəb-ev. Az əylənirlər, əksər hallarda çayxanalarda vaxt keçirirlər. Buna görə pessimist olurlar. Qayğılara tab gətirməyən adamlar pessimist olur.

- Özünə acığın tutub heç?

- Yox, olmayıb. Peşman olmuşam. Son illər olmuram amma (gülür). Məsuliyyətini dərk edirəm ona görə.

“Qız yaxınlaşıb salam verəndə, diksindim”

Danışdığına görə, uşaqlıqdan fiziki məhdudiyyətinə görə kompleks keçirməyib. Öz ətrafından qaçmayıb, kimisə görəndə gizlənməyib. Tanıdığı adamlar da onu belə qəbul edib. İlk dəfə gördükləri isə bəzən Murada qıcıq verib: “Yazıq-yazıq baxırdılar, əllərini başına, dizinə vururdular. Ağlayanlar da olurdu. Müxtəlif baxışlar olurdu, pozitiv enerjilər verən baxışlardan tutunurdum həmişə”.

Çəliklə şəhərdə gəzdiyi vaxtların birində əzraildən can istəyən bir dayı ona pul vermək istəyir: “Dayday pul vermək istəyir, deyirəm neyləyirəm bunu, deyir, bəlkə lazımın oldu. Mən də çıxarıb ona pul uzatdım ki, dayday, bəlkə sənə lazımdı (Gülür). Əlililiyi olan şəxslərin özü yaradır bu şəraiti. Görürlər dilənir. Və elə düşünürlər ki, hamısı dilənir”.

Bir dəfə isə metroda Murad bir qızla baxışmağından danışır. Növbəti stansiyada düşür. Qız arxasınca gəlir. Ancaq qəhrəmanımız qızın həqiqətən də ona baxdığını bilmir. Bu vaxt iki oğlan həmin qıza yaxınlaşıb tanış olmağa çalışır: “Qulaqcığını çıxarıb dedi ki, əl çəkin. Bu məni xeyli güldürdü. Qız yaxınlaşıb salam verəndə diksindim. İndi başa düşdüm ki, mənə baxırmış. Zarafata salıb dedim ki, oğlanların dərsini yaman verdin. Dedi ki, səninlə tanış olmaq istəyirdim. Sonra beləcə tanış olduq”.

- Axırı nə oldu?

- Qızla telefonda danışanda çox yaxşı idi. Realda isə ağlayıb, zırıldayırdı.

- Motivasiya verərdin də... – zarafata salıram.

- Yox ee, mümkün olmadı.

- Sevgili oldunuz?

- Ola bilmədik. – gülür.

Bu vaxt fotoqraf dostumuz gəlib çıxır, başlayır deyinməyə. Məni saatlarla gözlədiyini deyir, Murad gülür:

- Mən də bir saatdır şəhərdə gözləmişəm.

Açığı, utanıram, başımı aşağı salıb dinmirəm. Belə işıq saçan, pozitiv, insanların dərdlərinə kömək edən biri səni əllərində çəliklər gözləyir.

- Çox alçaq adamam. – deyirəm və Murad şaqqanaq çəkir, əlini çiynimə vurub zarafat etdiyini deyir.

“Qadının özü təklif edib ki, gəl sevgili olaq”

- Qadınlarla münasibətin necədir?

- Normal. Digərləri kimi. Bloqda yazmışdım, əlilliyi olan insanların cinsəl həyatı ilə bağlı da səhv düşüncə var. Kim necə tanış olursa, mən də elə. Kafedə, yolda, virtualda.

- Necə qarşılayırlar?

- Birmənalı deyil. Əliliyin nə olduğunu bilməyən qadın ünsiyyətdən qaçır. Mən heç vaxt elə şərait yaratmaram ki, qadın məni ələ salsın. Durduq yerdə demərəm, səni sevirəm. O, məni tanımalıdır. Özümü tanıtmalıyam. Qarşılıqlı olub əksər vaxt. Söhbətin yarısında qadının özü təklif edib ki, gəl sevgili olaq.

- Bizim qadınları necə xarakterizə edərdin?

- Soyuqqanlılıq yoxdur Azərbaycan qadınında. Bizdə çox emosional olurlar. Elə məsələlər var, onu sadəcə yaşamaq lazımdır. Bizimkilər öncədən onu həll etmək istəyir. Dərinləşdirirlər mövzuları.

- Sevdiyin qadın tipi...

- Axır vaxtlardakı zövqümü deməyim – gülür. – Fantaziyam çox yüksəkdir. Uzun saçlı qızlar üçün ürəyim gedir. Əvvəllər fikirləşirdim ki, qadını seksual edən saçlarıdır.

“Yalnız nazirlərin qabağında ciddi olaram”

Uşaqlıqdan hamını güldürüb, zarafatı sevən, ciddiliyə önəmsiz adamdır. Təlimçi olmasaydı, bəlkə də aktyor olardı. Boş vaxtlarında fərdi inkişaf mövzusunda kitablar oxuyur, dostlarla görüşür: “Əyləncəni çox sevirəm. İşdə belə əylənirəm. Avropa Oyunlarında işləyirdim, çox əyləndim həqiqətən. İş yoldaşlarımla zarafat edirdim. Kiminsə adına söz qoşub güldürürdüm. Kimləsə ünsiyyətə girirəmsə, onu o dəqiqə güldürürəm”.

- Bəs kimin yanında ciddi olarsan?

- Yalnız nazirlərin qabağında ciddi olaram. Şəxsən tanıdığım adamların yanında isə yox.

- Dostlarını seçirsən?

- İndi hə. Əvvəl qaqaş idim. Önyarğılı, çox pessimist olmasın. Pozitiv olsun. Elə insan var ki, onu öz vəziyyətindən çıxarda bilmirəm. Tolerant olsun. Qalanları düzələr (gülür).

“O kitabdan sonra məni şoşkalamaq istəyər”

Öz həyatı haqqında roman yazmaq istəyir. Başına gələn başmaqçı olar. İstəyir ki, yaşadıqlarını başqaları da bilsin. Ancaq tərəddüd içindədir: “Cəmiyyət və ailəm buna hazır deyil deyə düşünürəm. Cəmiyyət önyarğılıdır. Mən yazacağım şeyləri yanlış anlayacaqlar. Düşüncələrim qadınlara qarşı, cəmiyyətə qarşıdır. Romanda yazacağım davranışlarımı ola bilər yanlış anlayarlar. Qurduğum münasibət mental dəyərləri aşa bilir. Qeyri-adidir məndə qadınla münasibətim.”

- Kitab çıxsa nə olar?

- Qaqaş olsa, o kitabdan sonra məni şoşkalamaq istəyər. – gülür.

“Hər şeyi yaşamışam”

Özünə “hər şey yaxşı olacaq” demək çətindir. Murad danışır ki, bir dəfə seminara gedirmiş, taksi sürücüsünün qırx min manat borcu olduğunu öyrənib. Yol boyu yaşlı adam həyatdan bezdiyini, ölüb birdəfəlik qurtulmaq istədiyini deyib: “Söhbət yarandı və mən bu adama motivasiya verdim. Gördüm ki, adam canlandı. Başqasına nəsə izah edərkən məntiqlə danışırsan. Özündə isə oyunun içindəsən və hisslərlə əhatə olunubsan. Ona görə özünə motivasiya vermək daha çətindir”.

- Sənə kimsə motivasiya verib?

- Tapmaq istəyirəm. Özüm verməkdən bezmişəm. Yoxdur elə biri. Hər şeyi yaşamışam deyə düşünürəm. İstəyirəm, yaşamadığım hissləri anlatsın mənə. Bu mənim yaralı yerimdir. Əksər hallarda təbiətdən alıram motivasiyanı. Ətrafdakı şeylərə diqqət yetirmək könlümü oxşayır. Çox istədiyim adamların xoşbəxt olmağı məni xoşbəxt edir.

- Allaha inanırsan yoxsa dinlərə?

- İlahi ədalətə inanıram. Dinlərə üstünlük verməməyə çalışıram.

- Var ədalət?

- Şəxsi həyatımda və ətrafımda gördüklərimə, eşitdiklərimə görə var. Kafeyə gələn, onu tanıyan adamlar Muradla salamlaşır, deyib-gülür, çıxıb gedirlər. Adamların yeriməyinə baxıb deyir ki, yerdə iməkləyəndə dərk elədim ki, addımlamalıyam: “Beş-altı yaşımda hiss edirdim bunu. Hər şeyə aşağıdan yuxarı baxanda başa düşmüşdüm artıq”

Gülüşürük, Muradın üzündə güllər açır. Divara yasladığı çəliklər mənə mələyin qanadlarını xatırladır...

Ayxan Ayvaz

Fotolar: Nihad Qulamzadə

2015

# 1434 dəfə oxunub

Oxşar xəbərlər

Colinin yeni döyməsinin mənası - Foto

Colinin yeni döyməsinin mənası - Foto

14:00 16 aprel 2024
"Coker"  filminin treyleri izlənmə rekordu qırdı - Video

"Coker" filminin treyleri izlənmə rekordu qırdı - Video

13:30 16 aprel 2024
Salam Sarvan yenidən əməliyyat olunacaq

Salam Sarvan yenidən əməliyyat olunacaq

13:26 16 aprel 2024
"Kaş o, heç doğulmayaydı" - Vatikanın qadağan etdiyi yazıçı

"Kaş o, heç doğulmayaydı" - Vatikanın qadağan etdiyi yazıçı

13:03 16 aprel 2024
Kinau Rivzin yeni layihəsi: "Sonik 3"

Kinau Rivzin yeni layihəsi: "Sonik 3"

13:00 16 aprel 2024
"Rust"  faciəsinin məhkəməsi başa çatdı - Foto

"Rust" faciəsinin məhkəməsi başa çatdı - Foto

12:30 16 aprel 2024
#
#
# # #