Başqa hekayədə sevgi yaşayan personajlar – QALMAQALLI FİLMLƏR

Başqa hekayədə sevgi yaşayan personajlar – <span style="color:red;">QALMAQALLI FİLMLƏR
14 sentyabr 2015
# 07:30

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində alman rejissoru Maks Ophülsün “Karusel” filmini təqdim edir.

Ophüls 1902-ci ildə Almaniyada ticarətçi ailəsində doğulub. Uşaqlıqdan fleytada, gitarada, fortepianoda çalır və teatrla maraqlanır.

Bir müddət müxtəlif teatrlarda aktyor kimi fəaliyyət göstərən Ophüls sonra rejissor işləyir və radio üçün ssenarilər yazır.

1931-ci ildə isə özünün ilk qısametrajlı filmini çəkir.

Bir neçə il sonra avstriyalı yazıçı Artur Şnitslerin eyni adlı pyesi əsasında çəkdiyi “Flirt” filmi Almaniyada böyük uğur qazanır. Nasional sosialistlərin hakimiyyətə gəlişindən sonra rejissor Fransaya mühacirət eləyir, bir müddət orda və İtaliyada işləyir.

1936-cı ildə Sovet İttifaqına dəvət olunsa da iki ay sonra yenidən Fransaya dönür.

Hollandiyada lentə aldığı “Pul haqda komediya” holland kinosənayesinin uğuru hesab edilməsinə və tənqidçilər tərəfindən yaxşı qarşılanmasına baxmayaraq gəlir əldə edə bilmədi.

Ophüls Fransada Birinci Dünya Müharibəsinə həsr olunan “Mayerlinqdən Sarayevoya kimi” filmini çəkir. Və bu ekran əsəri İkinci Dünya Müharibəsi ərəfəsində ekranlara çıxır.

Müharibə dövründə rejissor Parisdə antifaşist radioverilişləri hazırlayır. Onun “Yat Hitler yat” verilişi Almaniyada da translyasiya olunurdu. Adı artıq Gestaponun “vətənə xəyanət edənlər” siyahısında olan rejissor ailəsi ilə birlikdə Amerikaya mühacirət edir.

“Amerikanın səsi” radiosunda işləyən Ophüls Hollivudda uğur qazana bilmir. O, burda bir neçə film işləyir. Amerika milyonçusu Hovard Hyuza satira kimi qəbul olunan “Əsir qadın”ı, Stevan Sveyqin “Naməlum qadının məktubları” əsəri əsasında eyni adlı film çəkir. Hollivudda uğur qazanmasa da onun rejissor manerası, xüsusən çəkimlərdə tətbiq etdiyi zərif, rəvan kamera hərəkətləri bir çox Amerika rejissorlarına, həmçinin Kubrikə təsir edib.

Bir il sonra Fransaya qayıdan rejissor səs-küy doğrurmuş iki filmini “Karusel”i və Mopassanın hekayələri əsasında “Həzz”i ekranlaşdırır.

1955-ci ildə Ophülsün Fransa və Almaniyanın birgə istehsalı olan “Lola Montes” adlı filmi ekrana çıxır. Film irland aktrisası və rəqqasəsi, Bavariya kralı birinci Lüdvikin siyasətinə təsir edən Elizabet Gilbert haqdadır. O illərin ən bahalı Avropa filmi sayılan “Lola Montes” uğur qazanmadı. “Yeni dalğa”çılar isə filmi müdafiə edərək onu avanqard və müəllif kinosunun nümunəsi kimi qiymətləndirdilər.

Bu filmdən sonra Ophüls rəssam Modilyani haqda ssenari yazır, amma 1957-ci ildə çəkilişlər başlayanda rejissor vəfat edir və filmi fransız rejissoru Jak Bekker lentə alır.

Layihədə rejissorun 1950-ci ildə ekranlaşdırdığı “Karusel” filmini təqdim edirik.

Hadisələr XIX əsr Vyanasında baş verir. Təhkiyəçi hər dəfə karuseli fırladanda yeni sevgi əhvalatı danışır. Hər personaj təhkiyəçinin nəql etdiyi növbəti hekayədə başqa bir personajla sevgi macərası yaşayır: fahişə əsgərlə, əsgər qulluqçu ilə, qulluqçu gənc bir centlemenlə, centlemen ərli qadınla görüşür.

Karusel yer kürəsini simvolizə edir və sonsuzluq anlamına gəlir. Təhkiyəçi hadisələrə müdaxilə edir, obrazları görüşdürür, gah qarson, gah faytonçu, gah qonşu qismində peyda olur.

Burda postmodern-metafiction fəndindən istifadə edilir, təhkiyəçi əhvalatlar boyu özünü yada salır, hadisələrin qurama olduğunu xatırladır, qəhrəmanlarla dialoqa girir və süjetdə personaj kimi iştirak edir.

Filmin bir yerində təhkiyəçi əlində kinolent və qayçı peyda olur. O, başını yelləyərək baş verəcək ədəbsiz səhnəni mühakimə edir və bir neçə kadrı kəsir.

Film Artur Şnitslerin “Yallı” pyesinin əsasında çəkilib. 1896-cı ildə yazılan pyes pornoqrafik və mənəvi dəyərlərin pozucusu kimi dəyərləndirilmişdi.

“Karusel” insanların seksual istəklərini araşdırır, onlar öz fiziki həzlərini təmin etmək üçün yalan danışır, hər vasitəyə əl atırlar. İlk epizod fahişənin hekayəti ilə başlayır. Sonrakı hekayələrdə personajların sosial statusu yüksəldikcə yalanları daha da rəngarəng olur.

Nyu-Yorkda senzura komissiyası filmin ictimai əxlaqa pis təsir edəcəyini əsas gətirərək nümayişinə lisenziya verməkdən imtina elədi.

Filmi ölkədə yayımlanan şirkət məhkəməyə müraciət eləsə də məhkəmə senzura komissiyasını dəstəklədi. Onlara görə “Karusel” insanın əsas instinktlərini istismar edir, əxlaqsızlığın, seksual pozğunluğun, ədəbsizliyin, şəhvətin inkişafına əsas verir və bu film cəmiyyətə real hədədir.

Şirkət nümayəndələri Ali Məhkəməyə şikayət göndərdi. Hakim Uilyam O.Duqlas filmin nümayişi üçün güclü arqument gətirir: “Qanunun Birinci və On dördüncü düzəlişlərində deyilir ki, Amerikada söz və mətbuat azadlığını məhdudlaşdıran bir qanun belə çıxarıla bilməz. Bizim ölkədə hər yazıçı, aktyor və ya prodüser seçdiyi yaradıcı ifadə vasitəsindən asılı olmayaraq senzuradan azad olmalıdır”.

Film ssenarisinə və operator işinə görə Venesiya festivalının və Britaniya Kino Akademiyasının “Ən yaxşı film” mükafatını alıb.

# 1829 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
# # #