Bir günlük etirazım

Bir günlük etirazım
18 avqust 2015
# 12:36

SOCAR şirkəti geyim, xarici görünüşlə bağlı 7 maddədən ibarət standart hazırlayıb. Bu standartda işçilərin saç düzümündən tutmuş, geyindikləri corabadək bütün detallar nəzərə alınıb.

İlk baxışdan qəribə görünür. Axı bu necə ola bilər? İnsanların həyatına bu qədər müdaxilə etmək olarmı? Misal üçün, kiməsə “Bu ətri vurmaq olar, bunu isə yox” demək olarmı?

Amma bu ilk baxışdan belə təsir bağışlanır. Məsələnin kökünə vardıqda isə görürsən ki, burda elə də böyük faciə yoxdur. Zatən istənilən şirkətdə belə standart oldu, ya olmadı, qeyri-rəsmi geyim qaydası olur. İşçilər də üç aşağı, beş yuxarı bu qaydalara əməl edirlər. Bu qaydalar evdən iraq, hüzr yerinə getmək kimi bir şeydir. Yəni sənə heç kəs hüzr yerinə qırmızı köynəkdə getmək olmaz demir, amma sən də hüzr yerinə qırmızı geyimdə getmirsən.

Şirkətlərdə də belədir. İşçilər onsuz da hər yerdə qəbul edilmiş geyim qaydalarına əməl edirlər. Bankda işlədiyim 5 illik təcrübəmə əsaslanaraq deyirəm ki, hətta şənbə günləri sərbəst geyim olanda da bəzi işçilər yenə də dresskotda gəlirdilər. Elələri hər yerə o cür geyimdə gedir. Toya da, yasa da, restorana da, dənizə də (deyəsən şişirtdim).

Onsuz bizim kişilərin əksəriyyəti kostyum-qalstukdan, qara tuflidən ötrü sinov gedir. Ona lap desən sabah işə şortiklə gəl, yenə də qara şalvarını, ağ köynəyini geyib gələcək. Çünki bizim xalqın kostyum məhəbbəti dərindir. Fikir vermisizsə biz körpə uşaqlarımızı da bu cür geyindirməyə aludəyik. Bir də gördün toyda bapbalaca oğlan uşağına “tryoka-kostyum” geyindiriblər. Elə bil on dəqiqə sonra oynayanların arasında özünü yerə sürtən, dığırlanan, dombalaq aşan bu uşaq olmayacaq.

Dresskot qaydalarına gəldikdə isə dünyada bu barədə standart fikir yoxdu. Bəzi şirkətlər deyim qaydalarına ciddi şəkildə əməl edirlərsə elə şirkətlər də var ki, orda heç buna fikir verən yoxdu. Necə istəyirsən geyin. Əsas odur ki, işin keyfiyyəti yaxşı olsun.

Əksinə elələri də var ki, SOCAR onun yanında toya getməlidir. Bəzi menecment mütəxəssisləri düşünürlər ki, işçi geyimdə nə qədər azad, nə qədər rahat olsa məhsuldarlığı bir o qədər çox olar. Digərləri isə əksini deyirlər: işçidə geyim sərbəstliyi olanda onun işdən diqqəti yayınır, fikri uzun dırnaqlarında qalır. Bu müştərilərdə də, əməkdaşlıq edilən şirkətlərdə də diqqəti yayındırır, sənin şirkət haqqında ciddiyyət formalaşdırmır.

Dünyadakı təcrübə belədir. Əsasən yaradıcı sahələrdə təmərküzləşmiş şirkətlər dresskota o qədər önəm vermirlər. İçi öz otağında maksimum sərbəst olmalıdır. Google kimi şirkətlərin ofislərinə nəzər yetirsək görərik işçilərə orda hər cür rahatlıq təşkil edilir, yetər ki, qoyulan tapşırıqları vaxtında yerinə yetirsinlər.

Bəlkə də Google kimi şirkətlərin təcrübələrindən yararlanmaqda fayda var. SOCAR kimi də sərt olmağa gərək yoxdur. Axı işçi nə üçün saqqal saxlamasın və ya kreativ saç modellərindən yararlanmasın. Axı bura həbsxana, qapalı müəssisə deyil! Və nəhayət işçilər də robot deyillər, onlar da bəzən həyatlarında nəsə yenilik etmək, nəyisə dəyişmək istəyirlər, qoy elə bu dəyişikliyə saç düzümündən başlasınlar, saqqaldan başlasınlar. Bunun nəyi pisdir.

Bankda çalışanda bir dəfə işə zolaqlı göy köynək geyinmişdim. Mühafizə xidmətinin yaşlı və mühafizəkar rəhbəri məni çağırıb niyə ağ köynək geyinmədiyimi soruşdu. Sonra da izahat yazmağımı tələb elədi. Mən də uzun bir izahat yazdım ki, imkansızam, maaş çatmır, şərait ağırdır, cəmi bir ağ köynəyim var, onu da dünən yuyublar, məcbur qalıb göy köynək geyindim.

Mühafizə xidmətinin rəhbəri hirsləndi, dedi, belə izahat olmaz, get təzədən yaz. Mən də yazmadım.

Səhəri gün işə gələndə o izahat barədə heç nə demədi. Mən də ağ köynək geyinmişdim. Etirazım da elə bircə gün çəkdi.

# 2199 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #