Stalina dua edən mollalar - “Naməlum kinomuz”

Stalina dua edən mollalar - <span style="color:red;">“Naməlum kinomuz”
7 avqust 2015
# 11:02

“Naməlum kino” layihəsində Muxtar Dadaşovun 1974-cü ildə lentə aldığı “Bakıda küləklər əsir” filmini təqdim edirik.

Azərbaycan tamaşaçısına rejissorun yazıçı Süleyman Rəhimovun “Mehman” romanı əsasında ekranlaşdırdığı “Qanun naminə” bədii filmi daha çox tanışdır.

Halbuki, M.Dadaşov milli kino tariximizdə əhəmiyyətli yer tutan onlarla sənədli filmin müəllifidir.

Onun "Sovet Azərbaycanı" sənədli filmi 1951-ci ildə Kann kinofestivalında “Elmi-kütləvi və pedoqoji filmlərə görə” münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. Sovet Azərbaycanının 30 illiyinə ithaf olunmuş bu kinohekayətdə ölkənin iqtisadi-mədəni quruculuğundan danışılır.

İkinci Dünya müharibəsi dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan M.Dadaşov həm də istedadlı operatoru olub.

Çox az adam bilir ki, onun 1943-cü ildə lentə aldığı “Almanların Şimali Qafqazda vəhşilikləri” sənədli filmi dəlil kimi məşhur Nürnberq məhkəmə prosesində göstərilib.

1942-ci ildə faşistlərin Sovet İttifaqı ərazisində törətdiyi cinayətləri araşdıran xüsusi dövlət komissiyası yaradılır. Azərbaycandan operator kimi M. Dadaşov və İsmayıl Əfəndiyev (bu, o İ.Əfəndiyevdir ki, “Arşın mal alan”ın 1945-ci il versiyasında Süleyman, “O olmasın bu olsun”da Həsənqulu bəy obrazlarını yaradıb) bu komissiyanın tərkibində fəaliyyət göstərir, lazımi kadrları çəkirlər.

Kadrlarda faşistlərin Şimali Qafqazda törətdikləri vəhşiliklərdən, bu cinayətləri təhqiq edən dövlət komissiyasının fəaliyyətindən danışılır. Mineralnıye Vodı, Kislovodsk, Pyatiqorsk və Nalçik şəhərlərində törədilən vəhşilikləri lentə almaq M.Dadaşov üçün ağır olur. Komissiyanın üzvü, yazıçı Aleksey Tolstoy onu qucaqlayaraq deyir: “Özünü ələ al, çək. Bu sənədlər komissiyaya, tarixə, gələcək nəsillərimizə lazım olacaq”.

Yuxarıda qeyd etdiyimiz kimi sonralar Nürenberq prosesində həmin kadrlar nümayiş etdirildi.

Bundan başqa M.Dadaşov azərbaycanlıların arxa cəbhədəki fəaliyyətindən, Bakının ətrafında düşmən tanklarının hücumunun qarşısını almaq üçün müdafiə istehkamlarının qurulmasından bəhs edən “Bakı döyüşür” (1944), İkinci Dünya müharibəsi illərində İran Azərbaycanındakı mövcud vəziyyəti anladan “Arazın o tayında” və s. filmlərin müəllifidir.

Müharibənin bütün ağırlığını şəxsi təcrübəsində yaşayan M. Dadaşovun bu mövzunu bədii filmdə işıqlandırması təbii idi.

“Bakıda küləklər əsir” ekran əsərini konkret janra aid etmək çətindir. Çünki filmin çəkilişində müxtəlif – dram, döyüş, detektiv janrlarının elementlərindən istifadə olunub.

Film İkinci Dünya Müharibəsi illərində Bakını ələ keçirmək istəyən faşistlərə qarşı mübarziə aparan kəşfiyyatçıların, çekistlərin fəaliyyətini əks etdirir. 1942-ci ilin yayında Qafqaza hücum edən faşistlərin əsas məqsədlərindən biri neft yataqlarının yerləşdiyi Abşerona təyyarə ilə desant dəstəsi göndərmək idi.

Əhvalatın mərkəzi fiqurlarından biri azərbaycanlı çekist Azad (Şahmar Ələkbərov) alman orudusuna yol taparaq dövlət əhəmiyyətli vəzifəni yerinə yetirir. Digər hadisələr də əsasən onun fəaliyyətinin fonunda baş verir.

Отображается файл "baki 3.jpg"

Əsas süjet xətti çekistlərin mübarizəsi olsa da rejissor ümumilikdə müharibə illərindəki vəziyyəti tam əhatə etməyə çalışıb. Həm müharibə meydanında əsgərlərin döyüşünü, həm arxa cəbhədəki görülən işi, həm əhalinin məişətini, həm də alman ordusu vasitəsilə Azərbycanı bolşeviklərdən təmizləmək istəyən qüvvələrin fəaliyyətini təsvir edib.

Bu əlavə xətlər süjeti ətə-qana doldurur, məzmunu zənginləşdirir, əhvalatın dinamizmini artırır. Müharibəyə könüllü gedən tibb bacısı Solmazın həyatı (Xalidə Quliyeva) filmin yarısında qırılır, o, əsir düşərək güllələnir. Qısa olsa da, biz filmdə Solmazın bütöv bir biroqrafiyasını, yaşantılarını görürürk. Və təkcə Solmazın yox, var-dövləti əlindən alınan, sovet hakimiyyətini dəstəkləyən keçmiş bəy Həsənzadənin (Mikayıl Mikayılıov) də, alman olduğuna görə utandığını deyən əkskəşfiyyatçı Erikanın (Andrin İnqrid) da, hətta ara-sıra ekranda görünən, Həsənzadəyə kömək edən qonşu məktəbli qızın da.

Və filmin önəmli cəhətlərindən biri məhz budur: müasir milli kinomuzda çatışmayan - rejissorun obrazların biqorafiyasını yarada bilməsi. Amerika müstəqil kinosunun əhəmiyyətli nümayəndələrindən biri Kventin Tarantino təsadüfən demirdi ki, əgər mənim personajım ekranda üç dəqiqə belə görünürsə, mütləq onun bütün bioqrafiyasını yazıram.

Yəni M.Dadaşov obraz bolluğunda itib-batmır, əksinə, onların taleyini qısa da olsa dolğun şəkildə anlada bilir.

Filmi sovet hakimiyyətinin təbliğatından uzaqdır. Hərçənd, Həsənzadənin “Mən kor ola-ola bolşeviklərin xalqa verdiyi xeyri görürəm” sözləri bir az pafoslu səslənir, amma ümumilikdə filmin əsas ideyasına xələl gətirmir.

Bu günümüzdən baxanda bəzi səhnələri daha fərqli şəkildə şərh etmək mümkündür. Məsələn, faşistlərlə işbirliyi quran, casus kimi Bakıya gələn Şahmar bəy (Rza Təhmasib) Kirovun heykəlinə baxıb qəzəblə deyir: “Gör azərbaycanlılar bu rusa nə boyda heykəl qoyublar. Burda Kirovun heykəlinin aşağı rakursdan – millətə diktə edən obraz şəklində göstərilməsini, onun nəhəng kölgəsində Şahmar bəyin kiçilməsini – sovet dominantlığı, işğalçılığı kimi də dəyərləndirmək olar.

Yaxud məsciddə mollaların Hitlerə lənət oxuyan şüarların intonasiyasında, düşmənə qalib gəlmək üçün dua eləməsi səhnəsində güclə seziləcək ironiya, komizm var.

Bundan başqa rejissor dramaturgiyanın zəruri elementlərindən biri olan, fabulanı daha da mürəkkəbləşdirən, onu gözlənilməzliyə aparan peripetiyalardan yararlanır: Erika və Azadın əkskəşfiyyatçı fəaliyyəti faşistlərə bəlli olur, Həsənzadə Şahmar bəy tərəfindən qətlə yetirilir, Bakının mərkəzində mühüm obyektlərdən birində çalışan rus soyadlı mühəndisin alman casusu olduğu meydana çıxır. Qurbanlar verilsə də film təbii ki, müsbət sonluqla başa çatır.

“Bakıda küləklər əsir” M.Dadaşovun “Qanun naminə” filmindən sonra ikinci bədii işidir.

Hərçənd, kinematoqrafik, vizual nəql texnikası baxımından “Bakıda küləklər əsir” müəyyən məqamlarda “Qanun naminə” filminə uduzur.

Məsələn, rejissor ilk bədii ekran əsərində Züleyxanın yuxuda zəncirli qızıl saatın əqrəbləri arasında qaçması kimi sürreal səhnə yaradır.

Zərrintacın evinin həyətində onun üzünə çırpılan, haram yolla qazanılan pulların birdən-birə havaya sovrulması ona göndərilən “ilahi cəza” təsiri bağışlayaraq epizoda mistik ab-hava gətirir.

Отображается файл "baki 1.jpg"

Mehmanın iş otağında Qaloşun əhənglədiyi divarda –(və bu əhənglənmiş divar kinoteatr ekranı effektini verir) həbsdəki “günahkarların” portretlərinin peyda olması, onların dil açıb danışması uğurlu düşünülmüş kinematoqrafik fənddir.

Kəndirdən asılmış Balışın kölgəsinin divarda görünməsi kölgə teatrı estetikasında işlənib.

Janrına uyğun olaraq “Bakıda küləklər əsir” filmində zəruri olan həyəcanın, gərginliyin azlığı hiss olunur.

Bununla belə, film milli kinomuzda əhəmiyyətli işlər görmüş Muxtar Dadaşovun yaradıcılığını, sovet dövrünün Azərbaycan kinematoqrafiyasını öyrənmək baxımından vacibdir.

Maraqlı faktlar

***

Filmdə kor Həsənzadə rolunu ifa edən rejissor Mikayıl Mikayılovun ömrünün son illərində həqiqətən gözləri tutulmuşdu.

***

Muxtar Dadaşov on bir yaşından – 1924-cü ildən ilk Azərbaycan Dövlət Akademik Dram Teatrının müxtəlif tamaşalarda uşaq rolları, dörd il sonra C.Cabbarlının “Sevil” pyesinin ilk tamaşasında Gündüzü oynayıb. 1929-cu ildə türk uşaq teatrının aparıcı aktıyoru olub.

***

“Arşın mal alan” bədii filmində Əlisəttar Atakişiyevlə birgə M.Dadaşov da operator olub. Gülçöhrə obrazının ifaçısı Leyla Bədirbəyli filmin rejisoru Rza Təhmasibdən onun planlarını, xüsusən iri planları M.Dadaşovun çəkməsini xahiş edib. R. Təhmasib aktrisadan səbəbini soruşanda deyib: “Düzdür, Əlisəttar təcrübəli kinooperatordur, ancaq onun əsas fikri yarpaqların kölgə salmasında, mənim səhnəmdə ceyranın necə durmasında olur. Muxtar isə çəkiliş zamanı aktyorun daxili aləminə nüfuz edir,onun diqqəti daim aktyorda olur. Əlbəttə, mənim bu sözlərimə R. Təhmasib güldü, çünki fikrim onun xoşuna gəlmişdi”.

P.S. Yazinın hazırlanmasında göstərdiyi köməkliyiə görə Azərbaycan Dövlət Film Fondunun rəhbərliyinə təşəkkür edirik. Yazıda eyni zamanda kinoşünas Aydın Kazımzadənin “Azərbaycan kinematoqrafçıları” kitabındakı faktlardan istifadə olunub.

Aydın yol

# 1298 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #