Şair oğlunun şəkil oğurlamağı

Şair oğlunun şəkil oğurlamağı
1 avqust 2015
# 08:00

Kulis “Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “Mərc” yazısını təqdim edir.

83-cü il idi. Xalq rəssamı Arif Hüseynov bizə zəng vurdu, mənimlə görüşmək istədiyini söylədi. Elə həmin gün bizə gəldi. Məlum oldu ki, yaxında Vəcihə Səmədova adına salonda sərgi keçiriləcək, Arif Hüseynov da orada qrafik üsulu ilə Kürçaylını canlandırıb beş-altı əsərlə sərgidə iştirak etmək istəyir. Bunun üçün şairin foto-şəkillərinə baxıb istədiklərini seçib aparmalıydı.

Əvvəlcə vermək istəmədim. Kürçaylını itirdiyimiz bir-iki il ərzində televiziyadan, müxtəlif jurnal və qəzetlərdən gəlib şəkil aparırdılar. Şəkillər adətən ya qayıtmırdı, ya da yaxşı halda, sayında əksik çıxırdı. Onu da deyim ki, bu proses lap bu yaxınlaracan davam edib. Səbəbini isə heç indi də özüm üçün aydınlaşdıra bilmirəm.

Əvvəllər düşünürdüm ki yəqin bu, şairə olan böyük məhəbbətdəndir. Amma get-gedə bu fikrə gəldim ki, bu, sadəcə millətin almağa meylli, verməyə isə həvəssizliyindən irəli gəlir. Bir də, bizdə dəqiqlik, sözün üstündə durmaq çatışmır axı. Bəlkə heç bu qədər dərinə getməyə ehtiyac da yoxdur, sadəcə olaraq, səhlənkarıq...

Amma, Arif Hüseynov otuza yaxın şəkil seçəndən sonra, məni inandırdı ki, it-batdan söhbət belə gedə bilməz. Hamısını gətirib əlbəəl qaytaracaq. Üstəlik sərgi bitəndən sonra əsərlərdən birini mənə bağışlayacaq.

Evdə atamın qrafika janrında çəkilmiş şəkli yox idi. Bu məni bir az şirnikləndirdi. Bir də, Kürçaylının “Yazıçı” nəşriyyatında fəaliyyətə başlamasıyla “Hop-hopnamə”ni yenidən çap etdirməsi, özü də kitabı oxuculara ənənəvi olaraq Əzim Əzimzadənin allı-güllü illüstrasiyalarıyla deyil, məhz Arif Hüseynovun qrafikasıyla, yeni bədii tərtibatda təqdim etməsi rəssama inamımı artırdı.

Qərəz, şəkilləri büküb verdim Arif Hüseynova. Dedi ki, arxayın olum, yəqin bir-iki aya qaytarar. Sağollaşanda əsərlərdən birini mütləq mənə bağışlayacağını bir də təkrar bildirdi. Çox sağ ol dedim. Çıxıb getdi.

Xeyli müddət ötdü. Bir gün televiziya ilə xəbərlərə baxırdım. Bir də gördüm, Vəcihə Səmədova adına sərgi salonundan süjet göstərirlər. Atamın müxtəlif yozumlarda ağ-qara işlənmiş şəkilləri diqqətimi cəlb etdi, ortada dayanmış Arif Hüseynovu da gördüm. Çox sevindim. Hərçənd rəssam sərginin açılışına məni də dəvət edə bilərdi, amma fikirləşdim ki, yəqin lazım bilməyib, olan şeydi. O gündən Arif Hüseynovun zəngini gözləməyə başladım. Bir-iki ay da keçdi. Bir gün Arif Hüseynova özüm zəng vurmaq qərarına gəldim. Əhmədlidə yerləşən emalatxanasının nömrəsini vermişdi mənə. Salam-kalamdan sonra Arif Hüseynov dedi ki, başım bir az qarışıq idi, narahat olma, şəkillər burdadı, gətirib verəcəyəm.

Bir iki həftə də gözlədim. Gördüm Arif Hüseynovdan xəbər-ətər yoxdu. Yenə zəng vurdum. Rəssam dedi ki, qəribə şeydi, şəkillər burda olmağına burdadı, amma tapa bilmirəm. Narahat olma, bir gün yaxşı-yaxşı axtarıb, tapıb sənə çatdıracağam. Heç narahat olma...

Bir on gün də keçdi. Yenə rəssama zəng vurdum. Bu dəfə bir az zənglərimdən bezikmiş kimi danışdı. Dedi, bura elə basırıqdı ki, adam özü itər. Hələ ki, tapa bilməmişəm. Amma sən yüz faiz arxayın ol, şəkillər burdan çıxmayıb, demək elə burdadı.

Daha hövsələmi basa bilmədim. Dedim, Arif, şəkillərin ömür boyu o qarışıqlıqda cağbacağ yerində durması hələ onların mənimki olması deyil. İzn ver, gəlim özüm axtarım. “Oldu” dedi, “gözləyirəm səni”. Maşına minib, düz sürdüm Əhmədlidəki emalatxanaya. İçəri elə də səliqəsiz deyildi. Böyük bir otağın hər yeri Arif Hüseynovun zövqlə yerləşdirdiyi əsərləriylə bəzədilmişdi. Amma, bir künc var idi ki, oradakı iri şəkil qalağının altında adam qalsaydı, nəfəsi kəsilərdi. Arif: “İndi bildin niyə tapılmır?! Gör neyniyərsən!”-dedi.

Daha bir söz deməyib baş vurdum qalağa, küncü-bucağı alt-üst eləyib axır ki, toz-duman içərisində şəkilləri tapdım. Arif o an kənarda oturub çay içə-içə mənə baxırdı. Elə ki, gördü iş bitdi, qalxıb: “Dedim də sənə, hamısı burdadı, arxayın ol. Elə gözümə durmuşdu, gəl bir çay iç, halaldı sənə”,-dedi. “Çox sağ ol” deyərək, şəkilləri qoltuğuma vurub, mənə söz verdiyindən söhbət belə açmadan, çıxıb getdim.

Bu hadisədən xeyli vaxt ötdü. Bir gün nə üçünsə “Azərbaycan” nəşriyyatına getmişdim. Dəhlizlərin birində nasir-publisist Ağəddin Mansurzadəylə rastlaşdım. Neçə il qabaq “Ədəbiyyat və İncəsənət” qəzetində bir yerdə işləmişdik. O vaxt mənimlə yaxşı münasibətdə idi. İndi də mehribanlıqla salamlaşdı, gətirdi “Bakı” qəzetinin “Ədəbiyyat” şöbəsinin yerləşdiyi geniş bir otağa.

Otaqda dörd-beş işçi oturmuşdu. Ağəddin Mansurzadə şöbənin müdiri idi. Mənə yer göstərdi, özü də keçib masasının arxasında əyləşdi. O yandan-bu yandan danışmağa başladıq, amma otağa ayaq basandan fikrim sağ divarın ortasından asılmış iri, ağ, qabarıq çərçivəli qrafik əsərdə idi. Ön planda barmaqları arasında açılı kitab stula yayxanıb düşüncəli baxışlarını uzaqlara zilləmiş kişi, arxada bir küncdə tağvari oval pəncərədən görünən qıvrılan çay, sağ küncdə isə köklü-budaqlı, göylərə ucalan ağac var idi. Hər şey janra müvafiq o qədər stilizə olunmuş şəkildə idi ki, nəyin nə olduğunu o saat kəsdirmək mümkün deyildi. Kişinin heç indi də çöldə, ya otaqda oturduğunu, tağın isə pəncərə yaxud xəyali sənət ehramı olduğunu dəqiq anlamıram. Buna ehtiyac da yoxdu. O anda isə dərhal anladığım bircə o oldu ki, burda Kürçaylı əks olunub. Ağəddin Mansurzadə gördü gözümü şəkildən ayırmıram. Gülümsəyərək:

- Hə, nədi, tanış gəlir? – soruşdu.

- Atamdı, - dedim sakitcə.

- Hə, Kürçaylıdır... Amma, oxşayır da, oxşamır da. Bir az başqa cür çəkilib, - dedi.

- Ağəddin, ver onu mənə, - dedim yalvarıcı səslə.

- Sən nə danışırsan?! Mən Kürçaylını səndən çox istəyirəm. Heç verərəm?! Bir də, lap elə bil verdim, apardın evə, asdın divardan. Kim görəcək? Elə özün. Burada isə gələn elə ona baxır. Mən də fəxr eləyirəm, - dedi Ağəddin qururla.

- Ağəddin, gəl onu ver mənə, əvəzində nə istəsən, mən hazır, -dedim.

- Yox, sənin canıncın, üz vurma. Əvvəla, istəsəm də verə bilmərəm, çünki inventardı, - deyib, Ağəddin totuq bədəniylə uyuşmayan cəldliklə qalxıb bir göz qırpımında qarşı divara çatdı, çərçivəni mıxdan çıxarıb, gətirib üzü üstə masanın üzərinə qoydu. – Bax, arxasında yazısı da var: “Bakı qəzetinin redaksiyasına hörmətlə. Rəssam Arif Hüseynov”. Gördün? İkincisi, yernən göy bir ola, mən bu şəkili heç kimə vermərəm!..

Gördüm, Ağəddin yavaş-yavaş səsinin gur yerinə salmağa başlayır. Çərçivənin arxasındakı kartonun üstünə Arif Hüseynovun səliqəylə yazdığına da, şəklin asılması üçün zəncirin o başdan-bu başa möhkəm-möhkəm bərkidilməsinə də, çərçivənin üz tərəfindəki şüşəyə də diqqətlə baxıb, şəkli qaldıraraq ağırlığını yoxladıqdan sonra “Ağəddin, elə eləmə, bir gün gəlib görəsən şəkil yoxdu” dedim. Cümlə ağzımdan çıxmışdı ki, Ağəddinin qulaqbatırıcı şaqqanağı otağı bürüdü, üzü qıpqırmızı oldu:

- Adə sən nə danışırsan? Oğul istəyirəm bunu burdan götürə, - deyə-deyə əsəbi şəkildə gülməyə başladı. – Buna əl vuranın yeddi başı gərək. Heç kim buna məndən başqa barmağını da toxundura bilməz, - ağız dolusu deyib şəkli qucağına aldı, aparıb asdı yerindən, qayıdıb masasının arxasında əyləşib gülməyinə davam etdi.

- İgid deyərəm e, onu ordan götürənə, ha - ha - ha, vallah!

Gördüm Ağəddin Kürçaylıya, həmçinin onun şəklinə bəslədiyi məhəbbətində get-gedə ifrata varır. Əlimi uzatdım ki, “gəl onda Ağəddin, mərc gələk”. Gülə-gülə əlimi sıxdı, öcəşirmiş kimi o yan-bu yana yelləməyə başladı. Qalxıb əlimi azad elədim. “Oldu, Ağəddin, salamat qal...” deyib bayaqdan aramızda cərəyan edən bu mükaliməyə, bu tamaşaya mat-məəttəl diqqət kəsilmiş Ağəddinin bir az cavan otaq yoldaşlarına da baş endirib dəhlizə sarı yollandım. Qapıya çatanda arxadan bir də Ağəddinin qəhqəhəli şaqraq səsi gəldi:

- Ülfət, heç xəyalından keçirtmə, mümkün olan şey deyil! Eləyə bilsən, vallah, sağ ol deyərəm sənə!!!

“Oldu, Ağəddin...” deyib qapıdan çıxdım. Amma gərək son cümləni işlətməyəydi. Bayaqdan nə desəm, tərəddüd içində deyirdim: necə olsa bir xeyli vaxt iş yoldaşı olmuşuq, necə olsa on beş yaş məndən böyük idi. Axırıncı cümlə isə mənə bir növ çağırış kimi gəldi və demək olar ki, məni qəti surətdə bu işə təhrik etdi.

Sabahı işimi-gücümü yarımçıq qoyub yolumu “Bakı” qəzetinin mərtəbəsindən saldım. Qəribədir, şəkil yerində yox idi. Demək Ağəddin gülməyə salsa da, dediyimə inanıb və indi mənimlə oyun oynayır. Yəqin, etdiyindən xoşhaldı və rastlaşdığı hər tanışına məharətindən, ehtiyat tədbirindən danışıb şaqqanaq çəkir. Bu minvalla dörd-beş gündən bir “Bakı” qəzetinin mərtəbəsinə baş çəkib, dəhliz boyu bütün qapısı açıq otaqları nəzərdən keçirməyə başladım. Bu, o qədər də asan məsələ deyildi; tanış üz görəndə birtəhər yayınmalıydım. Xülasə, şəkil yoxa çıxmışdı. Düşünürdüm ki, ya Ağəddinin redaksiyada saxlanc yeri var, ya da şəkli evə aparıb. Sonuncu fikir məni lap ruhdan salırdı.

Axır ki, mərcdən qırx günə yaxın vaxt keçirdi, şəkil isə ortada yox idi. Artıq ümidimi lap kəsmişdim və reydlərarası fasilə günlərini get-gedə artırırdım. Budu, sonuncu dəfə on gün qabaq olmuşam burda. Şəkil yox idi. Bu düşüncələrlə Ağəddinin otağı qarşısından yeyin addımlarla keçdim və nə görsəm yaxşıdı? – Şəkil yerində idi. Üstəlik, Ağəddinin masası üstündə bir dəstə gül var. Bu nədi? Yoxsa qələbəsini bayram edir? Özü də yəqin birinci mərtəbədə yeməkxanadadır: badə qaldırır, fəndgirliyindən danışır və gülür.

Daha, çox fikirləşmədim. İşə başlamalıydım. Binanın əsas girişi daimi milis nəzarətində idi. Bəlkə də şəkli sorğu-sualsız çıxarmaq olardı. Amma risk etmək istəmirdim. O həvəslə ki, Ağəddin girişib bu işə, bir də görərsən, milisləri də məsələdən agah edər. Qalırdı nəşriyyatın həyəti. O vaxtlar həyətin küçəyə açılan darvazası iş vaxtı adətən açıq olurdu. Düşüb ikinci mərtəbədən həyətə baxan pəncərəni nəzərdən keçirtdim. Açıqdı. Əla! Beş-on metrlik kəndir məsələni həll eləyər...

Gedib işi diribaş, əldən zirək, ağciyər olmayan əsgərlik dostuma danışıb, məsələnin mənim üçün əhəmiyyətini və əməliyyatın qüsursuz, uğurla keçməsinin vacibliyini bildirərək, qarşılığında nə istədiyini soruşdum. Diribaş dostum çox fikirləşməyərək “Cin restoranı” dedi. Elə bunu da gözləyirdim. Sevə-sevə razılaşdım.

Sabahısı günortaya yaxın əməliyyat üçün lazım olan vasitələri – böyük bir torba və kəndir—maşına atıb, əldən zirək dostumu da götürüb, yollandım “Azərbaycan” nəşriyyatına. Həyətə daxil olub maşını düz ikinci mərtəbənin açıq pəncərəsinin altında saxladım. Diribaş dostuma başa saldım ki, mənim orada görünməyim bütün işi korlaya bilər. Ağəddin duyuq düşsə, bu dəfə şəkli neçə il üzə çıxarmaz. Onu isə burada tanıyan yoxdu. “Bakı” qəzetinin mərtəbəsinə qalxıb o baş-bu başa getsin. Elə ki, gördü otaqdakıların hamısı nahardadı, işi bitirsin. Torbayla kəndiri də səliqəylə bir qəzetə büküb verdim ona.

Nahar fasiləsindən yarım saat keçdi. Dostumdan xəbər-ətər yox idi. Bir az keçmiş ikinci mərtəbənin pəncərəsindən başı göründü. Həyəcanla “noldu?” soruşdum. Dedi ki, hamı nahardadı, bir nəfərdən başqa. Elə durmadan yazır. Bəlkə, götürüb çıxım? “Məbadə” dedim, “haray-həşir salar, iş korlanar. Eybi yox, düzəlməsə, sabah gələrik”. Dostum getdi. Bir on beş dəqiqə də keçdi. Birdən dostumun başı pəncərədən yenə göründü, torbanı sakitcə kəndirlə sallayırdı, içində də şəkil. “Ə nağardın? Gədənin gözü qabağında? Niyə dözmədin?” soruşdum. “Yazdı, yazdı, elə indi çıxdı. Mən də cumub götürdüm” cavab verdi dostum.

Uzun sözün qısası: şəkli götürüb kəndir qarışıq maşına qoydum, bir ah çəkib rahat nəfəs aldım, sonra maşını sürüb binanın qarşısında saxladım. Dostum gəlib oturdu. Düz sürdüm Montinə -- Cin restoranına.

Axşamçağı qucağımda şəkil sevinə-sevinə evə qalxdım. Şəkli tələsik divardan asıb, oturub diqqətlə baxmağa başladım. Amma sevincim uzun çəkmədi. Evdəkilər dedi ki, Ağəddin adında bir kişi zəng etmişdi, hansısa şəkildən danışırdı. Hirsli idi. Axırda, “ona deyin, şəkli xoşluqla qaytarsın, yoxsa mən bilirəm neylərəm” dedi. Götürüb Ağəddinə zəng vurdum. Səsimi eşidən kimi qışqırmağa başladı. Əvvəlcə mərcimizi yadına saldım. Gördüm heç cür özünü ələ ala bilmir, elə məni hədələyir. Məcbur olub dedim ki, Ağəddin, sən gərək bu işə ailəmi qatmayaydın. İndi ki, belə oldu-abırlı desəm-“çalış əlimə keçməyəsən...”. Təxminən bu məzmunda xəbərdarlıq edib, dəstəyi yerinə qoydum.

Bir neçə dəfə Ağəddinin işinə getdim. Amma onu tapa bimədim. Gah dedilər xəstədi, gah dedilər iş dalınca gedib.

İki-üç ay belə ötdü. “Azərnəşr”də bədii ədəbiyyat şöbəsində işləyirdim. Bir gün nahardan sonra işə qayıda bilmədim. Evə qonağım gəlmişdi. Səhərisi işdə müdirim Əlfi Qasımov məni görüb dünən fasilədən sonra harda “batdığımı” xəbər aldı. Cavab verdim ki, qəfil qonağım oldu, işə qayıda bilmədim. Əlfi Qasımov “əşşi eybi yox” deyib, dünən başına gələni danışmağa başladı:

- Günortadan bir az keçmiş qapı açıldı, Ağəddin Mansurzadə girdi içəri, sənin yerinə baxıb qeyzlə soruşdu “Ülfət hanı?”. Dedim fasilədədi, indi gələr. Başladı şəkildən zaddan danışmağa. Dedi, Ülfət atasının şəklini oğurlayıb aparıb kabinetimdən. Tez-tez də çıxıb direktorun otağına baş çəkirdi. Deyirdi ona şikayət edəcəyəm. Ölçü götürməsə, birbaş gedəcəyəm məhkəməyə, bu işi belə qoymayacağam: günün günorta çağı inventarı götürüb aparasan... Belə də iş olar?!

Ha dedim ki, Ağəddin, atasının şəklidi, kim ona nə deyəcək, sakitləşmədi. Axırda oturdu sənin yerində, dedi ki, Ülfət gəlməyincə, burdan heç yerə tərpənən deyiləm. Eybi yox, Ağəddin, otur dedim, sonra keçib öz işimlə məşğul olmağa başladım. Amma, arada gözaltı ona nəzər yetirirdim. Bir xeyli sakit oturdu. Sonra deyəsən yorulub masanın üstündəkiləri maraqla qurdalamağa başladı. Əvvəlcə qovluğu acıb əlyazmanı vərəqlədi, sonra böyürdəki kitabları qaldırıb bir-bir üstünü oxudu. Sonra hamısını yerinə qoyub xətkeşi götürdü, əlini üstünə qoyub neçə qarış gəldiyini ölçdü. Özümü gülməkdən güclə saxlayırdım.

Bir az keçmiş gözü bənövşəyi fincanına sataşdı. Götürüb əvvəlcə içinə baxdı, sonra burnuna yaxınlaşdırdı, axırda qaldırıb altına diqqətlə göz gəzdirdi. Yəqin yazısını oxuyurdu. Onu da yerinə qoyub bir az da tavana, divarlara maddım-maddım baxdı. Birdən kənardakı bu klişe nəzərini cəlb etdi. Qaşlarını çatıb əlini onun üstünə sürtdü, sonra güclə qaldırıb, ağır şeydi axı, o biri üzünə baxdı. Bu nədi, Əlfi müəllim, soruşdu. Dedim ki, mətbəə klişesidi, Ağəddin.

- Bilirəm e, deyirəm bu ağırlıqda qurğuşun Ülfətin masasında nə qayırır? – soruşdu. Dedim ki, mətbəədən gətirib. Qapı-pəncərə açılanda əlyazma səhifələri uçmasın deyə üstünə qoyur. Sonra Ağəddin bir az da diqqətlə klişeni nəzərdən keçirib üstündəki çapıqlara, deşiklərə barmağını sürtdü, gözünü geniş açıb “bəs bu deşiklər nədi, ay Əlfi müəllim?” soruşdu. Düzü daha Ağəddinin suallarından təngə gəlməyə başlamışdım. Əlimdəki yazıya diqqətimi toplaya bilmirdim. Daha demədim ki, bu klişeylə qoz-fındıq da sındırırıq, bu klişeni qapı-pəncərə arasına da qoyuruq, divara mıx vuranda çəkic kimi də istifadə edirik və s. Ciddi sifət alıb dedim:

- Ağəddin, Ülfət çox əsəbi adamdı, hirslənəndə əlinə keçəni gəmirməyə başlayır. O deşiklər də onun dişinin yerləridir. Qoy yerinə...

Ağəddin klişeni ehtiyatla yerinə qoydu, amma gözünü ondan çəkmədi və heç iki dəqiqə keçməmiş astaca sivişib getdi... Oyunun olsun, Ülfət...

Və bu şəkil haqq-hesabı Əlfi Qasımovun Ağəddin Mansurzadəyə bu fantastik cavabıyla yerli-dibli sovuşub getdi.

# 1237 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #