Əmi, siz dəlisiz?

Əmi, siz dəlisiz?
21 iyul 2015
# 12:10

Köhnə rus kinolarının birində bir epizod vardı. Evə gələn qonaq əslində boş-boş şeylərdən danışıb ev sahiblərini güldürmək istəyir. İnsafən, hamı da gülür. Təkcə evin ən kiçik uşağı təəccüblə kişiyə baxır. Qonaq bu uşağı da güldürmək üçün lap dondan-dona düşəndə uşaq böyük ciddiyyətlə, həm də maraqla kişiyə baxıb soruşur: “Əmi, siz dəlisiz?”

Yumor insanların dünyagörüşünü müəyyən edir. Yəni bir adamı tanımaq üçün onun nəyə güldüyünü müşahidə etmək kifayətdir.

Ümumiyyətlə, bizim camaat bərkdən gülməyi eyib sayır, əgər gülməyin gəldisə onu hansısa yolla özündən xaric etməlisən, yoxsa qara siyahıya düşəcəksən. Qara siyahıya da düşdünsə, çətin ordan çıxa biləsən.

Məsələn, bizdə ən populyar lətifə kəkələyən adam (pəltək) haqqında olanıdır. Ondan danışarkən hamı uğunub gedir. Lətifənin sözlərini təkrar edirlər: “Həyə bu hayasıdır!” (Hələ bu harasıdır) Uşaq vaxtı bu lətifələrə gülən adamlara maraqla baxırdım və çox istəyirdim ki, soruşum:

- Əmi, siz dəlisiz?

Amma böyüdükdən sonra etik normaları mənimsədiyim üçün artıq bu sualı vermək haqqında heç düşünmürəm də. Amma bir sual yenə məni düşündürür: Fiziki cəhətdən qüsurlu bir adam niyə insanlarda gülüş doğursun ki? Bir tanışımız vardı, işi-gücü ayağı şikəst olan qonşusunu təqlid etmək idi. Onun kimi yeriyər, adına da “topal” deyərdi. Eynilə o sual yenə fikrimi məşğul edirdi:

- Xala, siz dəlisiz?

Əgər insanın fiziki bir qüsuru varsa, nəinki onu gülüş hədəfinə çevirmək lazımdır, hətta sözləri elə ehtiyatla seçmək lazımdır ki, birdən özünüz də fərqinə varmadan onun dərdli yerinə toxunub qəlbini incitmiş olarsız. Görünür, heç də hamını qüsurlu adamın hisləri maraqlandırmır.

Keçək gülüş ustalarımıza. Onlar üçün güldürmək həm çətindir, həm də asan. Çünki adətən gülməli olan şeylərə bizdə gülmürlər. Məsələn, çox iti yumor çox az adamı maraqlandırır. Onda bu aktyor fağır neyləsin? Məcburdur ki, tirtap uzansın yerə. Zalda bir gülüşmə başlayır, gəl görəsən. Yerdə uzanıb gülüşmənin bitməsini gözləyən aktyor da öz-özünü söyür: “Əşi, zalım oğlu, bunu elə bayaqdan elə də. Çənəm düşdü ki!”

Nə isə, artıq gülüş ustalarımız da adət ediblər. Çox özlərinə əziyyət vermirlər. Kişi aktyorlar arvad paltarı geyinib düşürlər ortalığa, ya “Sonalar gölü” baletini oynayırlar, ya da “Evroviziya”dan hər hansı səhnəni təqlid edirlər. Bir gülüşmə başlayır ki, gəl görəsən.

Həmin aktyorların “Sonalar gölünə” gülə bilməyənlərdən biri arada şikayət etmişdi ki, kişi aktyorların həngaməsini yığışdırın, kişini kişi oynasın, qadını da qadın. Amma digərlərinə baxanda bu arvad paltarı geyinən kişilər daha yaxşı oynadıqları üçün həmin şikayət heç kim tərəfindən qəbul edilmədi. Nəyəsə gülmək lazımdır ya yox? Yoxsa elə gün boyu kredit borclarımızı xatırlayıb udquna-udquna qalmayacağıq ki.

Bir aktyorumuz da çox-çox illər əvvəl gülüşün növlərini “kəşf etmişdi”. “Kişmişi gülüş”, “noxudu gülüş”.və s. İnsafən, yaxşı nömrə idi, heyif ki, gülməli deyildi. Axırda həmin aktyor da məcbur olub tir-tap uzanmışdı yerə. Bax, buna deyərdim, əsl yumor nömrəsi! Elə yıxılmışdı ki, tamaşaçılar gülüşün bütün növlərində öz münasibətini bildirmişdi.

İndi daha heç kim özünə əziyyət verib monoloq əzbərləmir. Beş-altı cümlə (içində söyüş olanda kütlə daha yaxşı həzm edir və daha çox gülür), sonra pəhləvan görkəmli bir kişi gəlib Cennifer Lopes rəqsini ifa edir, axırda da tirtap uzanır yerə, bu da olur əla sonluq. Düzdü hərdən mənə elə gəlir ki, səhnənin birinci sırasında oturub gözlərini səhnəyə zilləyən hansısa balaca uşağın könlündən bu sualı vermək keçir:

- Əmi, siz dəlisiz?

# 1084 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #