Fikrət Qoca humanizmi

Fikrət Qoca humanizmi
21 iyul 2015
# 10:37

Ucalar ucası, qocalar qocası, “vot-vot” bir əsrin kürəyini yerə vurmaqda israrlı olan qocaman xalq şairi, gənc yazarların mübariz dostu Fikrət Qoca bu günlərdə mətbuata müdrik bir açıqlama verib.

AYB-nin əbədi başqanı Anar müəllimin əbədi katibi Fikrət müəllim dostumuz Fərid Hüseynin işdən çıxarılmasına münasibət bildirərkən inanılmaz fikirlər səsləndirib. Fikrət müəllim deyib ki, “Yazarın işdən çıxarılması onun hüquqlarının pozulması deməkdir”. Hə vallah, belə də deyib. Fikrət müəllimin bu humanizmi məni çox duyğulandırdı. Bir az ağladım, göz yaşlarım yanağımda cadarlı torpağın üzərində yağışdan sonra yaranan şırımlara bənzər şırım açdı. Humanizmin canlı abidəsi, qocaman şairimiz sonra bilirsiniz nə deyib? Deyib ki, “Onun yazdığı və digər mətbuat orqanında çap etdirdiyi hər hansı bir yazı kiminsə xoşuna gəlməyə bilər. Sözə görə insanı işdən çıxarmazlar”.

Sonuncu cümləni oxuyanda yenə göz yaşlarımı saxlaya bilmədim. Keçmişdə baş verən hadisələr yadıma düşdü. Fikrət müəllim nə qədər humanist insan imiş! Deyəcəm, inanmayacaqsınız, Fikrət müəllim bu humanist mövqeyini hər zaman qoruyub. Mərhum həmkarımız Rafiq Tağı, Akif Əli, Şərif Ağayar, məhz sözə görə AYB sıralarından uzaqlaşdırılanda onun haqq bağıran səsini hamılıqla eşitdik. Xüsusən Şərif Ağayarın AYB sıralarından xaric edilməsinə ilk etiraz edən, Anar müəllimdən gənc Şərifin bağışlanmasını rica edən məhz Fikrət müəllim olub.

Fikrət müəllim Rafiq Tağı, Akif Əli, Şərif Ağayar kimi qələm adamlarının sadəcə bir yazıya görə, özünün sözü olmasın “sözə görə” AYB-dən uzaqlaşdırılmasına, uzaqlaşdırıldıqdan sonra həmin qələm adamlarına qarşı aparılan şər-böhtan kampaniyasına ciddi və sərt şəkildə etiraz edib. Bilirəm, mənə inanmırsınız. Çoxunuz Fikrət müəllimin humanistliyinə ağız büzüb deyəcəksiniz ki, Fərid Hüseynin işdən çıxarılmasında Anar müəllimin adı hallanmasaydı, Fikrət müəllim bu məsələyə münasibət bildirməzdi. Ay-hay! Sizi əmin edirəm ki, siz düşündüyünüz kimi deyil. Şərif Ağayarı AYB-dən bir cümləlik fikrə görə xaric edəndə sinəsini qabağa verib onu müdafiə edən kim oldu? Əlbəttə Fikrət Qoca! Bu mənfur oyunun qarşısını almaq üçün Fikrət müəllim sona qədər savaşdı.

Yaxşı, yaxşı. Bilirəm nə deyəcəksiniz. Vallah-billah bilirəm ki, öz aranızda pıçıldaşacaqsınız ki, Fikrət Qoca etirazçı gənclərin düşmənidir, məsələn Şərif Ağayara səmimi qəlbdən nifrət edir, əlinə imkan düşsə Elnur Astanbəylini bir qaşıq suda boğar, Seymur Baycanın güllələnmə kağızı masasına gəlsə uf demədən dərkənar qoyar və. s. və ilaxir. Amma elə deyil. Fikrət müəllim elə adam deyil. Onun üçün ədalət, sözün qeyrəti, humanizm, yazıçı təəssübkeşliyi hətta dostu Anardan da üstündür. O heç kəsin sözə görə incidilməsinə göz yuma bilməz.

Ehh, nə deyim sizə. Onsuz da inanmayacaqsınız Fikrət müəllimin humanizminə. Sizi bilirəm də, Anar müəllimin düşmənlərinə inanan adamlarsınız. Heç olmasa mətbuatı izləyin. Google-da axtarış verib Fikrət müəllimin açıqlamalarını oxuyun. Görəcəksiniz ki, Fikrət müəllim kifayət qədər humanist insandır.

Sizi bilmirəm, amma mən əminəm ki Fikrət müəllim 1937-ci ildə represiya olunan ziyalılarımız haqqında danos yazanlarla eyni cərgədə olmazdı. Onun böyük humanizmi Stalin represiyası qarşısında susmaz, haqqı deyərək qurbanlarla eyni cərgədə olardı.

Ümumiyyətlə bilirsiniz nə var? Fikrət Qoca zor şairdi, ağsaqqaldı, sözün keşiyindədir!

# 1066 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #