Bakirəliyin əvəzi ər kötəyi olanda...

Bakirəliyin əvəzi ər kötəyi olanda...
14 iyul 2015
# 19:03

Freyd deyirdi ki, insanın bütün fəaliyyəti seksual maraqlarını ödəməyə yönəlib. Yəni, adam qəşəng olmağı ona görə arzulayır ki, əks cinsin xoşuna gəlsin. Uğur qazanmaq, oxumaq, varlı olmaq arzusu da belə doğur.

Biz qadının və kişinin gözəl olub-olmadığını təyin eləməyə çalışanda onun əks cinsi nə qədər cəzb eləyib-eləməməyini əsas götürürük. Hansı qadın nə qədər çox kişinin diqqətini cəlb edirsə, ən gözəl odur. Eyni zamanda hansı kişi nə qədər qadının diqqətini cəlb edirsə, ən gözəl odur deyə düşünürük.

Bizim cəmiyyətdə az qala bütün valideynlər düşünürlər ki, qız uşaqları üçün birinci vacib məsələ - xeyirli qismət çıxması, ərə getmələridir. Necə ki, alma satanlar almalarını silib parıldadır, gah yağlayır, gah qurulayırlar ki, müştərinin gözünə təzə görünsün, diqqəti çəksin. Bir çox qız anaları da eləcə dəridən-qabıqdan çıxırlar bu sahədə.

Məsələn, anam mənə deyirdi ki, əgər oturuşuma, duruşuma fikir verməsəm, daim ətəyimi aşağı çəkə-çəkə gəzməzəm, külək əsəndə ətəyim qalxacaq deyə həyəcanlanmasam, pis qız olduğumu düşünə bilərlər, gələcəkdə evdə qala bilərəm. Balaca əyalətdə balaca qızcığaz üçün yaşamaq daha iztirablıdır. Bir dəfə məktəbimizin ikinci mərtəbəsində pilləkənin məhəccərinə söykənib dayanmışdım. Beşinci sinifdə oxuyurdum. Direktorumuz pilləkənlərlə yuxarı gəlirdi. Ətrafımdakı bütün qızlar qaçıb dağılışdı. Mən başa düşmədim ki, uşaqlar niyə pilləkənlərdən uzağa qaçır. Saf-saf yerimdə mıxlanıb qalmışdım. Direktor yaxınlaşanda salam verdim. Ağlıma heç bir pis fikir də gətirmədim, əlbəttə. Amma direktor mənim salamımı almaq əvəzinə: “Ayıb olsun sənə! Heç anan sənə tərbiyə verməyib?!” dedi və qaşlarını qaldıra-qaldıra keçib getdi.

Direktor balaca qız çocuğunun ətəyinin altına baxmağı özünə ayıb bilməmişdi. Amma ağlına heç bir pis şey gətirməyən balaca qızı söyüb yamanlayırdı. Şokda idim. Axı o qızların hamısından qabaq direktoru salamlamışdım. Heç bir tərbiyəsizlik eləməmişdim. Direktor uzaqlaşan kimi qızlardan biri hiyləgər gülüşlərlə mənə yaxınlaşdı. Bilirsən o, niyə səni danladı? “Niyə?” – soruşdum saf-saf. Pilləkənin başında dayananda ətəyinin altı görünür, ona görə, dedi.

Bu hadisə mənə çox pis təsir etdi. Məni çox utancaq və kompleksli yapdı. Bu hadisədən iki il sonra da o məktəbdə oxudum. Nə vaxt görsəm, o hadisəni xatırladım və bir də heç vaxt direktora salam vermədim. Əksinə, görən kimi qaçıb uzaqlaşdım.

Həmin o ciddi, acıqlı, ağbaş kişi on birinci sinif şagirdini öz oğluna nişanladı. Qız hələ on birinci sinifdə oxuyanda. Bütün məktəb danışırdı ki, qız çox utancaq, başıaşağı və tərbiyəli imiş. Direktor ona görə o qızı oğluna alıb. Utancaq, başıaşağı olmaq gözəllik kriteriyalarından daha biri idi balaca qızcığazlar üçün. Onlar hamısı kompleksli böyüyür, dedi-qodu içində yaşayırdılar.

Gözləri zəif görən qız uşaqları eynək taxmırdılar ki, onları dördgöz çağırmasınlar. Axı “dördgöz” qızlarla evlənmirdilər.

Bütün analar səhərdən-axşamadək məktəbli qızlarını basıb işlədirdilər. Qızımın əlindən hər iş gəlir deyə döşlərinə döysünlər təki. Məktəbli qızlar kitab oxumaq yerinə dovğa bulayır, həyət süpürür, paltar sərirdilər.

Anaları qız uşaqlarının sevə-sevə, həvəslə təmizlik, yemək işi edəcəyi günü gözləyə bilmirdi.

Doqquzuncu sinfi bitirəndən sonra anam qəfil “Oxu!” dedi. “Heç nəyə əlini vurma, sən ancaq oxu!” Təkcə buna görə anama minnətdaram. Anam bu qənaətə gəlmişdi, çünki üç bacısı və özü evlənmişdi, heç biri xoşbəxt deyildi. Ərə getməyin ən vacib məsələ olmadığını anlamışdı.

Anadan gözəl olmaq, zirək, başıaşağı, təmizkar olmaq, adına söz çıxmasın deyə atdığı hər addıma diqqət eləmək, ətəyini tutmaq, heç buraxmamaq, sağlam olduğunu göstərmək, hər cür xəstəliyini gizlətmək, bakirəliyini həyatı bahasına da olsa qorumaq və s. və i. Bu qədər tələblərlə uğraşan qız çocuğu böyüyür, bir gün ərə gedirsə deməli, o, öhdəliklərini düzgün yerinə yetirib! Amma bəzən bütün bunların əvəzində kötək, danlaq, söyüşdən başqa heç nə qazanmır. Bu, çox məyusedicidir.

# 1364 dəfə oxunub

Oxşar xəbərlər

“Fotolarda canlanan tarix”  sərgisi başa çatdı

“Fotolarda canlanan tarix” sərgisi başa çatdı

13:00 19 aprel 2024
Kağıza çəkilmiş kvadrat rəsmi 201 min dollara satıldı

Kağıza çəkilmiş kvadrat rəsmi 201 min dollara satıldı

12:30 19 aprel 2024
İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

12:00 19 aprel 2024
Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

11:27 19 aprel 2024
Xoakin Feniksin perfomansı tənqid olundu

Xoakin Feniksin perfomansı tənqid olundu

11:00 19 aprel 2024
"Qul" bədii filmi nümayiş olunub

"Qul" bədii filmi nümayiş olunub

10:40 19 aprel 2024
#
#
# # #