Həm sevgi, həm göz yaşları üçün... – ESSE

Həm sevgi, həm göz yaşları üçün... – <span style="color:red;">ESSE
13 iyul 2015
# 07:30

Kulis Günel Natiqin “Sərgi salonunun ən kədərli “eksponatı” essesini təqdim edir

Aradan illər keçib, amma mən hələ də o tənha musiqiçini və onun bənzərsiz ifasını unuda bilmirəm. O mənim həyatda eşitdiyim ən gözəl melodiya idi. Bəzən həmin o musiqini büsbütün unutmamaq üçün xatırlamamağa çalışıram, qorxuram ki, xatırlaya bilməməyim birdəfəlik unutdurar o bənzərsiz ifanı. Mən isə o musiqinin ladlarını, notlarını tam xatırlaya bilməsəm də, unudulmaz bir təəssürat, yaxud bənzərsiz bir hiss kimi xatırlamaq və yaşatmaq istəyirəm.

İllər öncə qəzetçi rəfiqəmlə beynəlxalq bir sərgiyə dəvət almışdıq, italyan şirkətlərinin təşkil etdiyi və müxtəlif sahələri əhatə edən sərgi nəhəng bir salonda keçirilirdi. Adamlar qarışqa kimi qaynaşırdı, bər-bəzəkli mebellər, göz oxşayan aksesuarlar, möhtəşəm texniki cihazlar tamaşaçılara adrenalin kimi təsir etmişdi. Onlar yüksək ovqat içində ora-bura qaçır, heyranlıqla avadanlıqları seyr edir, hisləri onları üstələyəndə isə bir-birinin qolundan tutub dartır, bu və ya digər əşyanı göstərir, heyrətlərini gizləyə bilmirdilər. Əslində bütün bunlara laqeyd qalmaq da mümkün deyildi. Həm keyfiyyəti, həm də estetikası ilə mükəmməl olan italyan məmulatları uzaqdan diqqəti cəlb edirdi.

Nəhəng salon balaca guşələrə ayırılmışdı, italyan şirkətlərinin hər biri bir guşədə qərar tutmuşdu. Qəzetçi rəfiqəm reportaj hazırlamaq üçün onu maraqlandıran guşəyə keçmişdi. Mən isə arakəsmələr boyu gəzinir, hər birinin qarşısında ayaq saxlayır, bir az tamaşa edir və ötüb-keçirdim. Və bəzən də diqqətimi sərgilənən məmulatlardan çox qarışqa kimi qaynaşan adamlar, onların mimikaları, jestləri cəlb edirdi.

Bəlkə də o italyan musiqiçi və onun eşitdiyim andan qəlbimə hopan o qeyri-adi musiqisi olmasaydı, bu insan çoxluğunda özümü balaca, yalqız bir balıq kimi hiss etməkdə davam edəcəkdim.

O, orta yaşlarında arıq bir adamdı. Uzun saçları üzünü gizləyirdi və yəqin ki, bu onun ürəyincə idi. Çünki mənə elə gəlir, bu adam ömrü boyu tənhalıqdan əziyyət çəkmişdi. Və bu qədər gözəl musiqini ancaq dünyanın ən tənha musiqiçisi çala bilərdi.

O, öz arfası ilə bu möhtəşəm italyan sərgisinin bir “eksponatı” idi. Onun iştirakında qeyri-adi heç nə yox idi, sərgilərdə belə musiqiçilərə rast gəlmək olur, onlar öz ölkələri haqqında informasiyanı musiqinin diliylə çatdırırlar. Qeyri-adi olan uzun illər unuda bilməyəcəyim bu musiqi idi.

Bu təbii ki, adi musiqi deyildi. Adi musiqi bu qədər gözəl, həzin və dərin ola bilərdimi? Həm sevgini, həm yalqızlığı, həm bir nəfəri, həm insanlığı, həm sadəcə məni, həm sadəcə bu tənha barmaqların sehrli kədərini ifadə edə bilərdimi?

Yaxınlıqda dinməz-söyləməz dayanıb bu bənzərsiz musiqini dinləyən eynəkli adam da yəqin belə düşünürdü. O da ovsunlanmış kimiydi. Əslində bu nəhəng sərgi salonunda qarışqa kimi qaynaşan adamların içində onu dinləyən sadəcə ikimiz idik və mən düşündüm ki, bu musiqiçi kimi, elə mənim kimi, bu eynəkli adam da yəqin tənhalıqdan əziyyət çəkir... İtalyan musiqiçi bizim heç kimə demədiyimiz sözləri, etiraf etmədiyimiz hisləri, bölüşmədiyimiz sevgiləri çalırdı. Bu barmaqların kədərli sehri ayrı-ayrı adamlar olan bizləri birləşdirir, eyni hislərə ortaq edirdi.

Maraqlıdır ki, o, bu vaxt ərzində bir dəfə olsun gözlərini qaldırıb baxmadı, ətrafa nəzər yetirmədi, alçaqkönüllü bir dərviş ruhuyla öz ilahi musiqisini ifa etdi. Mən bu ilahi musiqinin qarşısında heykəl kimi donub qalmışdım, bəlkə də onun bizim baxışlarımızdan sıxıla biləcəyini düşünərək arada nəzərlərimi çəkir və başqa səmtlərə gedirdim. Amma haraya gedirdimsə, yolum yenə o italyan musiqiçinin yanından keçirdi. Saçları hələ də üzünü və gözlərini gizləyirdi, başını aşağıya dikib öz sehrli arfasını dilləndirirdi.

Mən düşündüm ki, yəqin bu adam ömrü boyu insanlardan təcrid olaraq yaşayıb. Nə evinə mebel alıb, nə dəbdəbəli restorana gedib, yəqin musiqiləri üçün heç qonorar da istəməyib. Birdən mənə elə gəldi ki, o, həmin an mənim nə düşündüyümü duyur və xəcalət çəkir. Sonra düşündüm ki, kim bilir, bəlkə də nə vaxtsa o, bunun arzusunda olub; evinə mebel almaq, dəbdəbəli restoranlarda nahar etmək və ağlasığmaz məbləğə musiqilərini satmaq... Elə bil o, bu düşündüklərimi də duydu və bir az da içinə sıxıldı...

Adamlar ona məhəl qoymadan yanından laqeydcə ötüb keçir və dəbdə olan mebellərə və aksesuarlara tamaşa etməyə tələsirdilər. O, isə çalır, çalırdı. Həm bir nəfər, həm hamı üçün, həm sevgi, həm göz yaşları üçün. Həm sadəcə mənim üçün, həm sadəcə bu eynəkli adam, həm də sadəcə öz qərib ruhunun sehrli kədəri üçün...

# 1409 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #