Əkrəm Əylislinin aynası

Əkrəm Əylislinin aynası
6 iyul 2015
# 14:55

O gün bulvarda həmişəkindən iki-üç dəfə çox adam vardı. Bir neçə saat sonra havaya saysız-hesabsız fişənglər atılanda bunun səbəbini anladıq. Sahildəki adamlar dənizə tərəf axışıb atəşfəşanlığı seyr etməyə başladılar.

Biz Əkrəm Əylisliylə bir az arxada, kafelərin birində oturmuşduq. Masamızdan görünən panorama ibrətamizdi. Camaat üzü dənizəydi, öz yazıçısına arxa çevirib, tamaşaya baxmaqla məşğuldu. Mən sözün həqiqi və məcazi mənalarında camaatla yazıçı arasındaydım. Yazıçı humanizm və vətənpərvərlik arasındakı fərqdən danışırdı.

Xalqın da, yazıçının da öz həqiqəti vardı. Mən xalqla yazıçının həqiqəti arasında ortaq nöqtə kimiydim. Bu dünyada bütün konkret şeylərin ölçüsü olduğu kimi, bütün mücərrəd şeylərin də ölçüsü yoxdu. Hər kəsin bədən ölçüsü də, baş ölçüsü də, ayaq ölçüsü də məlumdu. Amma heç kəsin, məsələn, vicdan ölçüsü, haqq-ədalət ölçüsü məlum deyil. Kim kimdən nə qədər yaşlı, kim kimdən nə qədər cavan, nə qədər varlıdı, göz qabağındadı, amma kim kimdən nə qədər ədalətlidi, ən böyük sual altındadı. Bu dünyanın ən ucaboy adamı da məlumdu, ən qısaboy adamı da, amma bu dünyanın ən haqlı adamı bəlkə də, bu dünyanın ən qaranlıq yerindədi.

“Kütlə mənasını bilmədən sevir, mənasını bilmədən nifrət edir”, bunu bilirik. Orası da var ki, kütlə üçün daşqalaq sevgidən daha asandı, həm də maraqlı. O, edam səhnələrini də eyni həyəcan və ehtirasla seyr edir. Bütün tamaşalar kimi”.

Atəşfəşanlığa rəğmən, gözümüzün önündəki mənzərə Əkrəm müəllimin “smuta” adlandıracağı qədər tutqun idi. Bu, mühitin mənzərəsiydi. Həm də dövrün. Həm də ölkənin. Eləcə də ədəbiyyatın...

Xalq və yazıçı məsələsi həmişə ağrılı olub. Xüsusən, Azərbaycanda. Xüsusən, bəzi mürəkkəb dönəmlərdə. Xalqın sevmək və nifrət etməkdən başqa öhdəliyi yoxdu. Amma yazıçı həm sevməli, həm anlamalı, həm düşünməlidir. Yazıçının ondan üz döndərmiş xalqını sevməsi kimi qüssəli sevgi yoxdu.

Beynimdəki bütün suallar dolaş-dolaş olub açılmaz bir düyünə dönmüşdü. Bu səhnənin müəllifi kim idi, bu qopuqluğun, bu “smuta”nın səbəbi nəydi, müharibəmi, mübarizəmi, mühasirəmi, bu barədə düşünürdüm.

Hə, Əkrəm müəllim, siz bir daha yenidən Əylisdə doğulmayacaqsız, Bakıya gəlib yazıçı həyatı yaşamayacaqsız, mən bir də öz kəndimizdə oturub sizin əsərlərinizlə böyüməyəcəm. Siz bir də paytaxtdan əyalətə o mesajı göndərməyəcəksiz:

İstəmədim, gəlib burda qalasan,

Burda qalıb mənim kimi olasan...

Və bir də bütün prosesi əvvəldən axıra qədər izləmək, hadisələrin sükanını əldə saxlamaq mümkün olmayacaq. Yenə hər şey gəlib bu masaya dirənəcək. Bu atəşfəşanlığa. Öndə qələbəlik və səs-küy, arxada boşluq və sükut. Kamyunun dediyi kimi, “Misilsiz, vəhşi şənliklər, mənim sayıqlamalarım umudsuz”.

Hə, Əkrəm müəllim, yəqin ki, bir gün mən də sizin yerinizdə oturub, arxasını mənə çevirib həvəslə tamaşaya baxan xalqı seyr edəcəm. Arada – mənim yerimdə ortaq nöqtə olan başqa orta nəsil nümayəndəsi əyləşəcək. Bax onda sizin yerinizdən görünəcək o mənzərə mənim üçün çox maraqlıdı. Düz deyirəm, mənə o yaşın, o vəziyyətin, o “yüz ilin tənhalığı” çox maraqlıdı, bir də o tənhalığa qarşı ədəbiyyatın, mənəviyyatın, təcrübənin gücü. Mənə kod lazımdı, nəsillər, dövrlər, mühitlər arasındakı kod. Dünyagörmüş bir yazıçının onunla bir masada üzbəüz oturmuş, özüylə xalqı arasında qalan mənə açacağı sirr. Həyatın, sevginin, insanlığın, qocalığın, tənhalığın və nəhayət, ədəbiyyatın sirri.

Əkrəm müəllim mənim düşüncələrimə uşaqlığında baş verən bir əhvalatla cavab verirdi:

“Uşaqlıqda bir kəklik tutmuşduq. Amma kəklik heç cür oxumurdu. Sonra bir yaşlı qadın məsləhət gördü ki, onun qarşısına ayna qoyaq. Qoyduq. Kəklik güzgüdəki şəklini görən kimi həvəslə oxumağa başladı...”

Bu əhvalatdan müxtəlif cavablar tapırdım özümçün. Deməli, “oxumaq” üçün mütləq qarşında kimsə olmalıdı. Səsini əks-səda kimi özünə qaytaran biri. Oxuduğunun fərqinə varan, onunçün oxuduğun biri. Amma orası da var ki, bu “biri” sən özün də ola bilərsən, güzgüdəki şəklin, yəni. Öz tənhalığındakı özün.

O zaman yəqin ki, hamını, hətta qarşında dayanıb səndən üz çevirmiş xalqı da anlamaq və sevmək asan olur.

# 939 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #