Elnarə Abdullayeva: “Elə bilirəm adi bir süpürgəçiyəm”

Elnarə Abdullayeva: “Elə bilirəm adi bir süpürgəçiyəm”
30 iyun 2015
# 08:00

Bu yay nəinki bir kənddə, eləcə də bizim cəmiyyətin həyatında hadisə baş verdi. Şou verilişlərində pullu müğənnilərin qarderoblarını eşələyən, bahalı əşyalarını görməmişcəsinə təqdim edən, hər addımda dəbdəbəni, var-dövləti, qlamur həyat tərzini ən ali dəyər kimi gözə soxan TV-nin “Adəmı adəm eləyən paradır” şüarını elə həmin şou verilişlərinin qonağı olan müğənni Elnarə Abdullayeva gördüyü işlə yerə endirdi - kəndə su çəkməklə.

Söz yox, bu hadisəni də TV meşşan görməmişliklə təqdim etdi. Nə etməli? Başqa cür olmur.

Bu girişi ona görə yazmıram ki, Elnarə mənim də yaşadığım, böyüdüyüm kəndə su çəkdi, bu sadəcə təsadüfdür, onunla görüşüb söhbət etməyimiz kimi təsadüfdür (onu tikdirdiyi hovuzlardan birinin yanında, kənd adamları ilə toz-torpaq içində işləyərkən görüb, yaxınlaşdım). Ona görə yazıram ki, o, çoxlarının pula, dəbdəbəyə sitayiş etdiyi bir zamanda əməli ilə “Adəmi adəm eliyən para, pul deyil” dedi, onun eşqidir, onun öz mənfəətindən imtinasıdır, insanlara verdiyi faydadır, tozlu kənd yollarında su daşımaqdan ayaqları cadarlanmış balaca qızcığazları düşünməkdir dedi. İş təkcə oxumaqda deyil. Həm də oxuduğun muğamların dərvişanə ruhuna layiq olmaqdır, bu ruhu həqiqətən daşıdığını isbat etməkdir.

Buradan o yanası sıradan işdir, jurnalist vərdişidir, təfərrüatlardır, sözlərdir...

***

...Mən bunu niyyət etməmişəm. Anam öləndən sonra bildim ki, dünyada ancaq yaxşılıq qalacaq. Anam dünyadan heç nə aparmadısa, mən də aparmayacam. Mən də bu işi üstümə götürdüm. Binəqədidə evim var idi, onu satdım. Yoxsa bunu edə bilməzdim. Layihənin bu qədər böyük olacağını ağlıma gətirmirdim. Elə yavaş-yavaş bu boyda bir iş oldu. Amma sevə-sevə etdim. Bəlkə bir də imkanım olsa bir də edərəm.

Şükür Allaha ki, ürəyimiz istəyən kimi oldu. Tək mənim yox, hamının ürəyi istəyən kimi oldu.

- Bulaqların quruması xəbəri yayıldı, qalmaqal yaşandı...

- Allah eşqi ilə yürüyəndə heç nə adama maneə ola bilməz. Haqq qalib gəlir həmişə. Hər şeyin əzəli eşqdir. Əlbəttə, pisinə danışan da olacaq. Mənə onlar maraqlı deyil. Mənə Allaha verəcəyim cavablar maraqlıdır. Mən gedəndə onun dərgahına nə apara biləcəyəm? Hələ bunu da Allah-təala biz nəsib etsə. Allah imanımızı əlimizdən almasın. Bir də mən bunu mətbuat üçün material, mənbə edim deyə etməmişəm ki... Hərə bir söz deyə bilər....

Kənardan belə görünməyə bilər, amma müğənnilik çox əziyyətli işdir. Yeməyi normal vaxtında yeyə bilmirsən, uşaqlarına vaxt ayıra bilmirsən. Mənə deyirlər ki, bu əziyyətlə qazandığını əvvəl özünə sərf et. Mənim balaca bir evim oldu bəsdir. Allaha dua edirdim ki, mənə o xeyirli ruzini yetir və o ürəyi ver ki, mən də bunu qaytarım. Allah da verdi. Mən də sevə-sevə edirəm. ”Balalarıma gün ağlayım” sözü var. Günü balalara Allah ağlayır. Allaha yalvarmaq lazımdır ki, balalarımız imanlı, elmli olsun. İndi elə zəmanədir ki, oxuyan uşaq harda olsa oxuyacaq. Uşağa ev alım, bu nə deməkdir? Uşaq elmli, zəhmətli olub özünə ev almalıdır. Başqasının qazancından heç kimə ev olmaz, bir şəxsiyyət kimi insan özünə bir ev, bir mülk ala bilməlidir. Mən öz övladlarıma bunu təlqin edirəm.

- Efirə çıxmaq məşhurlaşmaq insanları dəyişir deyirlər...

- Mən özümdə belə şey hiss etməmişəm. Elə həmin adamam. Camaata bağlı adamam mən. O deyirlər ulduz xəstəliyi... Məndən soruşanda deyirəm nə ulduzluğum var, nə aylığım... Mən məşhurluq məsələsində özümü böyük adam zad bilmirəm. Elə bilirəm adi bir süpürgəçiyəm.

- Özünü elit hesab edən şou-biznes adamlarının arasında sadəliyinizlə seçilirsiniz. Sizi qəribçiliyə salmaqları olmayıbki?

- Mənim üçün kimsənin münasibəti, hərəkəti maraqlı deyil. Onlar özləri bilər. İnsan özü kimi olmalıdır. Kübar ailələr başqa şeydir. Fəhlə ailəsi başqadır, kübar ailə başqa. Heç kim özünə qəbul edə bilmir ki, mən o deyiləm. Elə adam var ki, bunu qəbul etmək istəmir, amma mən qəbul edirəm. Deyirəm ki, kənddə böyümüşəm. Başıma şlyapa qoymaqla deyil, dünyanı gəzməklə kübar olmayacaqsan axı? Necəsənsə elə olmalısan.

- Heç o cameədə özü kimi olan yoxdur?

- Deyərdim ki yoox. Çoxu sadə ailədən çıxıb. Amma soruşanda deyəcək ki, qayğanaq bişirə bilmirəm. O qız bişirə bilməz ki, kübar ailədə böyüyüb, onun dərsi, tərbiyəsi, qidalanması ilə ayrı-ayrı adamlar məşğul olub. Sən o deyilsənsə, onsuz da hardasa özünü göstərəcəksən. Bundansa, olduğun kimi görün. Bir də, məncə, insanlarla mədəni davranmağın özü kübarlıqdır.

- Bir verilişdə dediyiniz fikir məni qıcıqlandırıb. Demişdiniz ki, qadınları ərləri döyə bilər. Bu, normaldır? Özü də efirdən demək...

- Həyatı olduğu kimi danışmalıyıq. İnsan bir-birinə adaptasiya olana kimi çox şey olur. Kimsə deməsin ki, olmur. Olmursa deməli ailə deyil. Bir şilləyə görə ailəni dağıtmaq olmaz. Mən bunu demişəm. Yəqin diqqətli olmamısan. Bu o demək deyil ki, kişi hər gün arvadını döyüb qanına qəltan eləməlidir. Mən sadəcə “bir şilləyə görə ayrılmalıdır” deyənlərə etiraz etmişəm ki, bu, həyatdır. Ola bilər.

- Həmkarlarımdan biri sizi oxuduğunuz qəzəlin simvolik və lüğəti mənalarını bilməməkdə tənqid eləmişdi. Ümumiyyətlə, oxumağa seçdiyiniz qəzəllərin lüğəti-simvolik mənalarını öyrənməyə cəhd edirsiniz?

- Vallah, cəhd etdiyim olub. O çətin elmlə məşğul olmuşam. Elə mahnıları araşdırmaqla da. Amma gördüm ki, heç dəxli yoxdur. Bu, lap acından ölməyə aparır. Sırf sənət buna aparır. Gördüm ki, mümkün deyil. Mən də bu məsələləri saxladım. Dedim ki, gözləsin bu işlər, gedib balalarıma beş-üç manat çörək pulu qazanım. Bir də mən bu işləri (əlini tikilən hovuza uzadır) elmə qurban verə bilmərəm. Əsas Allah rizası üçün görülən işlərdir.

Mən gördüm ki, rep də oxuya bilərəm, caz da, aşıq da, toy da. Düşündüm ki acından ölməməliyəm ki. O potensial məndə varsa niyə istifadə etməyim?

- Muğamlarda oxunan qəzəlləri müğənnilər özü seçir? Yoxsa əvvəlki qəzəlləri oxumalıdırlar?

- Əlbəttə özü seçir. Amma çoxu elə köhnə qəzəlləri oxuyur. Bilirsən, bu ayrı bir dərddir. Müğənni qəzəl seçəndə üstündə çalışmalıdır. Çahargahda, bərdaşda ömrü boyu “Guş qıl ey ki, bilirən özünü vaqifi kar” oxunubsa, indi də bu oxunur. Mən çalışıram ki qəzəli dəyişim. Bu da vaxt aparır. Ritmi bilməlisən, o muğama uyğun qəzəl tapmalısan, o taktlara yerləşdirməlisən... Çox şey var. Bunu edə bilməyəndə məcbur olub hamının oxuduğu qəzəli oxuyursan. Mən heç kimin oxuduğunu oxumamışam. Ola bilər, ona görə kənardan bir az seçilirəm. Özün seçəndə daha maraqlıdır. Hər qəzəlin öz ruhu, yarandığı an var. Oxuyursan, ritm dəyişir, ruh dəyişir. Elə bilirlər mən başqa cür oxuyuram. Başqa cür filan oxumuram. Qəzəlin ruhunu oxuyuram.

- Oxumaq da ibadətdəndir demək olarmı?

- Baxır necə oxumaq. Əlbəttə. Həmişə zikr edirəm. Allah sevgisi olmadan mümkün deyil heç nə. Mən məzhəb filan bilmirəm. Dindar da deyiləm, örtülü geyinmirəm, başıaçıq gəzirəm. Bu heç düz deyil. Amma o eşq heç nəyə baxmır. O Eşqin qarşısında heç nə yoxdur...

# 1943 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #