İsa Məsih və Pazolinini oynayan aktyor: “Onu dəhşətli əzabla öldürüblər”

İsa Məsih və Pazolinini oynayan aktyor: “Onu dəhşətli əzabla öldürüblər”
24 iyun 2015
# 12:08

Kulis kinoşünas Anton Dolinin məşhur aktyor Uilyam Defo ilə aktyorun çəkildiyi “Pazolini” (rej.Abel Ferrar) bioqrafik filmi haqda müsahibəsini təqdim edir. Film tanınmış italyan kinorejissoru Pyer Paolo Pazolinidən bəhs edir.

- Sizcə, aktyordan Pazolini roluna çəkilmək üçün cəsurluq tələb olunur?

- Bunu demək çətindir, amma Pazolini özü cəsur adam olub, burası dəqiqdir. Mən özüm də bilmirəm onda bu cəsarət, həyatının heç bir aspektini gizlətməmək haradan idi, bu açıqlığa necə nail olmuşdu! Yəqin ona görə ki, o çoxcəhətli insan idi; şair, ssenarist, rejissor, publisist. Həm də onun şəxsiyyətinin bir cəhətini o birindən ayırmaq olmurdu. Onun seksuallığı da vacib cəhətlərindən idi.

- Sizin zahirən Pazoliniyə oxşarlığınız adamı heyrətləndirir. Rola necə hazırlaşdınız?

- Bəlkə də bu rolu başqa rejissorda oynamağa razılaşmazdım. Amma Abel Ferrarla çox işləmişəm və ona hərtərəfli güvənirəm. Xüsusən ona görə ki, biz onunla yaşıdıq və həqiqətən bir yerdə işləyirik. O mənə bu haqda layihənin ilkin mərhələsindən danışmağa başlamışdı. Ssenari üzərində iş artıq başlamışdı və bu tipik-darıxdırıcı ssenari idi: fləşbeklər, psixologiya, bioqrafiya. Maraqsız idi və biz onda Abellə qərara gəldik ki, bayopik (bioqrafiya filmi-red.) bizlik deyil. Biz gözlənilməz rakurs verəcək material axtarışına çıxdıq. Bu axtarış özü dəhşət maraqlı idi. Bundan sonra biz Adellə bir yerdə başqa bir film çəkdik: “4:44. Yerdə sonuncu gün”. Eyni zamanda da hiss etdik ki, bu, bizim Pazolini haqda filmimizə açar ola bilər. Həyatın, dünyanın son günləri. Biz qərara gəldik ki, bu ideyanı konkret və gerçək faktlarla doldursaq əla film alınacaq. Bu, yeni ssenari versiyasının skeleti idi.

- Bəs filmdə Pazolinin tamamlanmamış ekranlaşdırılan ssenariləri necə yarandı?

- Biz sonra düşündük ki, filmin strukturuna onun tamamlanmamış layihələrindən fraqmentlər salaq. Özümüzü Pazolininin yerinə qoymaq üçün yox, sadəcə tamaşaçını onun fikirlərinə buraxmaq, onun yaşadığı obrazları göstərmək üçün. Bu, birgə proses idi, Ferrari ilə ikimiz işlədik. Öz rolumu şişirtmək istəmirəm, amma biz həqiqətən çox bəyəndiyimizdə kitabın həmmüəllifi oluruq elə deyilmi? Mənsə bu kitabı həvəslə, diqqətlə və böyük məmnunluqla oxudum, hiss etdim ki, qəhrəmanın düşüncəsinə daxil oluram.

Fiziki oxşarlıq məsələləri sonra düzəldi. Mən Pazolinini imitasiya etmək istəmirdim, bundan qaçmaq üçün onu həddən artıq yaxşı öyrənmişdim. Düzdü, mən zahirən tipik italyana oxşamıram. Neyləmək olardı, saçlarımı tünd rəngdə boyadılar, gözümə linzalar qoydular. Buna görə də iki versiya etdik: Avropa üçün italyan dilində, Amerika üçün ingilis dilində. Əlbəttə dialoqları italyanca demək arzum idi, amma bu alınan iş deyildi. Əvəzində mən italyan jest dilini mükəmməl bilirdim. Məncə bu kömək etdi. Qəribədir ki, düşünürdüm ki, o da mənim kimi özünü Romada qərib hiss edib, çünki axı o Bolonyadan idi.

- Zahiri oxşarlıqdan başqa sizi nə birləşdirir?

- Belə müqayisələrə cürət etmirəm. Mən aktyoram, özbaşına bir peşə yiyəsi deyiləm, o isə şair idi. Birinci şəxsin adından danışan və yaradan adam idi. Mənim materialım mən özüməm, onun materialı isə onun fikirləri və baxışları idi, həm də siyasi baxışları idi. Onun faşizmə və kommunizmə münasibətini imitasiya etmək mümkün deyil, axı o bunu yaşayır, dərisi ilə duyurdu, söhbət bu və ya digər kluba qoşulmaqdan getmir, hansı ki, biz indi siyasətə məhz belə baxırıq. Bütün bu ayrılıqlara baxmayaraq mən onun müasir cəmiyyətin inkişafı haqqında sözlərini oxuyanda hər sətrin altından qol çəkmək istəyirəm. O, inanılmaz dərəcədə cəsur və orijinal mütəfəkkir idi, əsl filosof idi və mən onun fəlsəfəsini bölüşürəm. Hərçənd, təsəvvür belə etmirəm ki, mən necə onun kimi öz fikirlərimə inanaraq hər şeyin əksinə gedə bilərəm? Həm o həyatı necə sevirdi! Kaş hər kəs belə sevə. Ömrünün son illərində o, pessimist olmuşdu, tez-tez acı şeylər danışır və yazırdı, korrupsiyanı və sosial ədalətsizliyi tənqid edirdi. Amma bunun özündə də həyata böyük bir sevgi var idi.

- Filmdə improvizə etdiyiniz səhnələr var idimi?

- Pazolinin sonradan onun qatillərindən biri olacaq oğlanla şam etməsi epizodu spontan alınmışdı...

- ...Məhz belə də alınıb!

- Amma fakta üzrə orada az qala hər vergül yazılıb! Biz bilmirdik reallıqda bu görüş necə baş tutub, mənbələr bunu yazmamışdı. Ona görə də dəqiq ssenari yazıb ona uyğun hərəkət etmək istədik. Abellə biz Pazolininin ölümü ilə bağlı işi oxuduq, çox şey öyrəndik, amma praktiki mənada faydasız oldu. Onda biz onların nə barədə danışa biləcəyi haqda fantaziyalar qurduq. Amma bu eksperiment deyil, yox.

- Bəs onların nahar etdiyi yer gerçəkdir?

- Filmdəki bütün yerlər gerçəkdən o hadisələrin baş verdiyi yerlərdir. Restoranın sahibi ilə də danışdıq. O sağdır. Bizə Pazolinin həmin sonuncu gecə necə göründüyü barədə danışdı.

- Pazolinin öldürülməsi səhnəsinə qalanda orijinallıq etməmisiniz. Hərçənd çoxları filmə “onun gerçəkdə necə öldüyünü” öyrənmək arzusu ilə gələcək.

- Onlar məyus olacaqlar. Biz bu mövzuda spekulyasiya edib özümüzü guya çox bilirik kimi göstərmədik. Bizə bu barədə nə məlumdur? Birincisi, qatil bir neçə nəfər olub. Hətta filmdə aydın deyil ki, bu qarət məqsədli yoxsa nifrətdən doğan qətl olub. Məncə bu vacib deyil. Vacib olan odur ki, o, öldürülüb və onu dəhşətli əzabla öldürüblər (Pazolinini səhər qan gölməçəsi içində ürəyi parçalanmış, çənəsi qırılmış, sol əli sındırılmış, qulaqları yarıyacan qopardılmış tapıblar. Onun cəsədini götürmək üçün bir neçə dəfə maşın gəlmişdi-tərc.). Kimsə Pazolinin necə öldürülməsi haqqında filmə baxmaq istəyir? Allah xətrinə, baxsın. Amma bu, bizim filmimiz deyil.

- Pazolinin ailəsinin ona məxsus alan əşyaları çəkilişə verməsinin sizə köməyi oldu? Axı geyimlər, xüsusən geydiyiniz pencək Pazolininin özünün idi?

- Çox kömək etdi. Praktiki baxımdan prototiplə əlaqə yaratmaq üçün bundan yaxşısı yoxdur. Bəli, müsahibə səhnəsində əynimdə Pazolinin pencəyi idi. Bir-iki cins də var idi ki, onu geymək mənə bir az çətin oldu. Bir də Mariya Kallasın ona hədiyyə etdiyi kulon. Ən vacibi başqa artefaktdır, onun qeyd kitabçası. Siz onu filmdə görürsünüz. Aydındır ki, Ferrareyə qəhrəmanımızın son günlərini təsvir etmək olduqca vacib idi. Bunun əsasında biz fantaziyalarımızı belə qurduq. Amma məni başqa şey heyrətləndirir: gələcəyə qeydlər. Başa düşəndə ki o, ölməyə hazırlaşmayıb, gələn həftə nə edəcəyini dəqiqləşdirib, amma o həftəni yaşaya bilməyib... Mənə bu gündəlik dərin təəssürat buraxdı.

- Pazolinin son filmi “Sado və Salomun 120 günü” filmi oldu, baxmayaraq ki, o bu filmi vəsiyyət kimi planlaşdırmamışdı.

- Hə, bu bütün zövqlər üçün güclü filmdir. Son dəlillərə baxanda görürük ki, Pazolini həyatının bu dönəmində ciddi stress və təzyiq hiss edib. Bu, yalnız “Salo”da deyil, o dövrün publisistikasında, müsahibələrində hiss olunur. Ola bilsin, o hesab edib ki, bu filmdə çox uzağa gedib. Əgər o, bir az da artıq yaşasa idi, vəsiyyət başqa cür olacaqdı! Məlumdur ki, Pazolini bir neçə layihəni bitirə bilmədi. Onların içində mənə ən əzizi onun Detroytda çəkmək istədiyi filmdir. Bu, müqəddəs Pavelin həyatından ilhamlanan qeyri adi bir əhvalatdır.

- Müqəddəslərdən söz düşmüşkən, siz, Pazoliniyə qədər çox rol oynamısınız. O cümlədən də İsa Məsihi. Belə olan halda yəqin psixoloji təzyiq müqayisəsi olub?

- Olub əlbəttə. Amma mən onu yumşaltmaq istəyirdim, özümə və ətrafdakılara deyirdim: “Mən əsl Pazolinini və ya İsa Məsihi oynamağa çalışmıram, bu sadəcə bir filmdir. Bu Bizim İsa Məsihimizdi. Bu isə Bizim Pazolinimizdir”. Bu fikir, qəribədir ki, mənə rahatlıq gətirdi. Hərçənd ətrafımda daima Pazolinin əsl dostları və yaxınları olurdu deyə bu məni həyəcanlandırırdı.

# 940 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
# # #