Şərq dəftəri-Sevinc Çılğının hekayəsi

Şərq dəftəri-Sevinc Çılğının hekayəsi
22 iyun 2015
# 20:00

Kulis Sevinc Çılğının “Şərq dəftəri” hekayəsini təqdim edir.

Günün biri bezdim hər şeydən. Nə dəniz, nə sahil, nə də istirahət gəzintiləri əvvəlki kimi cazibədar görünmədi. Qaynar günəş üz-gözümüzü, qollarımızı yandırsa da, Henrinin istəyilə şəhərin pis qoxulu küçələrini dolaşıb isti asfalt üstündə yeriməyə qərar verdik. Səkilər boyunca sıraya düzülmüş dükanlarda buz kimi sular olmasaydı, nəfəs almaq müşkül olardı. Yarısı içə, yarısı dışa süzülən suların sərinliyi ötəri, başaldadan kimiydi. Dadını, ləzzətini itirmiş hər şey kimi günün istisi də mənasız idi. Qaş qaralıncayadək gəzmək, pinti adamların yaşadığı məhəllələrdə boşboşuna dolaşmaq sonuna tələsən ömrümüzə meydan oxumaqdı sanki. Dar küçələrin kələ-kötür səkilərində köhnə adamlar qara daminoları şaqqıldadır, uzun nərdin ətürpədən daşlarının şappıltısı əsəblərə toxunurdu. Yarımçıq qadınlarsa sapları çürümüş zivələrə nimdaş pal-paltarlarını sərir, arabir qənşərində əllərini belinə dayayan qonşularla mızıldanırdılar. Bu nuh əyyamından qalma məhəllənin uşaqları da balaca kişilərə bənzəyirdi. Biz tanış olmayan bu xudmani şəhərin qədim qoxan məhəlləsində addım-addım yeriyir, doğma Roma küçələrini yad edirdik.

***

Otelin səhər yeməyi mədəmi bulandırmışdı. Otağa dönər-dönməz tualetə üz tutdum. Bir az öncə yediklərim unitazın ortasında iyrənc və kobud görünürdü. Üstünə bir də tüpürdüm və suyu buraxdım.

Otağa keçdim. Sən demə, yeməyə düşəndə televizoru söndürməyi unutmuşuq. Ekranda üzünə yağlı boyalar çəkmiş, klounları xatırladan bir qadın yöndəmsiz əl-qol hərəkətləriylə mahnı oxuyurdu. Henri vanna otağından atılıb televizorun səsini artırdı. Oğrun-oğrun gülümsədi. Onun gözlərindəki ehtirası duymamaq mümkün deyildi.

***

Romada sonuncu günü xatırladım. Qocalar evinə apardığım anamın sadəlövh baxışları yadıma düşdü. Qayıdınca geri alacağıma, hətta elə həmin səhər onu atamın sümükləri çoxdan çürümüş məzarına aparacağıma ümid saçırdı o gün. Həyatını yad kişilərin qucağında sınıq-salxaq otel çarpayılarını cırıldatmaqla yaşayan anam indi məndən mərhəmət umurdu. Sayını itirdiyi xəyanətlərini unudub atama “bax sənə sadiqəm” deyə daha bir oyun oynayacaqdı.

***

Dolabın üstündən Henrinin burdan aldığı muncuqlar baxırdı. Füruzəyi rəngli muncuqların doxsan doqquzu noxud, ikisi isə düyü boydaydı. Düzü, Henrinin qara, uzun saqqallı, başında şərqin müqəddəslərinə məxsus örtüsü olan o saxtakar molla deyilən adama aldanıb üç yüz dolları buna necə qıydığını anlamırdım. Onu dolabın üstündən götürüb otağın sağ küncündə duran bədənnüma güzgüyə yaxınlaşdım. Boynuma taxdım. Axı bu mənasız muncuqlar boyunçun da yaramırdı. Henri bununla nə edəcəkdi?!

***

Sevdiyim tuflilərimi Romada qoydum. Necə olsa burda işə yalnız istiyə dözəcək sadə çəkmələrim yarayacaqdı. Ancaq bu gün hava dəyişdi. Çox ağılsız bir külək bayaqdan pəncərələrə çırpılır və mən bu qəfil çırpıntılardan diksinirəm. Henri bu qədər vaxtı bu dəlisov küləklərə necə səbr edib deyə heyrət edirəm. O ki sakitliyi sevən adamdır. Bu axmaq iş onu rahatlığından vaz keçirəcək qədər güclüdürmü? Axı o, Romada havalar dəyişər-dəyişməz qismən mülayim ölkələrə səfər edirdi.

***

Axşam yeməyini oteldə yeyib Henrinin kirayələdiyi evə baxmağa gedəcəkdik. Ev sahibi saat 9-dan sonra gəlməmizi istəmişdi. Henri yuyunub aşağı düşdü. Mən kətan donumu geyindim, yeni açdığım fransız ətrindən qulaqlarımın arxasına, biləklərimə və döşlərimin arasına səpdim. Henri səbirsizdir, pillələri sürətlə endim. Bayıra çıxdıq. Oteldən azca aralanmışdıq ki, qoca bir qarı üstümüzə şığıdı. Ah, yazıq Henri, necə də qorxdu. Geri çəkildi. Qarı əlini açıb öz dilində nəsə istədi. Əlbəttə, qarının üst-başından dilənçi olduğu bilinirdi və bunu Henri də duymamış deyildi. Lakin o, görkəmindən cin hürkən bu qarıya eyni dildə nəsə dedikdən sonra ovcuna qəpiklər qoydu. Qəribəydi, Henri qarının kirli əllərindən iyrənmədi elə bil. Hətta o an mənə elə gəldi ki, Henri nəzakətli kişi rolunu məharətlə oynaya bilər. Qarı Henriyə gülümsədi.

***

Henrinin sevdiyi mahnı yəqin ki, bu xalqa məxsusdur. Onu sevdiyini həmin səhər çaşqın baxışlarımla rastlaşınca söyləmişdi. Dünən istirahət günüydü. Henri aramsız yenə onu dinləyir, qaşlarını çatıb düşüncələrə qapılırdı. Mənimsə görünür tənhalıq, özümlə tək qalıb darıxmaq alnıma yazılıb. Uzun illər tək yaşadığım Romanı xatırladım. Henrini tapanadək keçirdiyim səssiz və darıxdırıcı günlər gözlərimdə canlanıb sevmədiyim bu şəhərdə canımı sıxdı. Dinləməkdən bezdiyim mahnı hələ də səslənirdi. Bu an naqillərin kəsilməsini, cərəyanın olmamasını arzu etdim. Henri mənim bu arzumu duysaydı, yəqin mənə nifrət edərdi. Ancaq cəsarətlənib düyməni basdım. Mahnı susdu. İndi zarıyan o qadının səsi otağı tərk etmişdi. Henri qəzəblə yerindən sıçrayıb: “Dəli olmusan-nədi?! Sənə kim dedi düyməni bas?”. Tanrım, mən Henrinin səsini bu günədək belə yüksəkdən duymamışdım. Heyrətlə onun üzünə baxdım və kəkələdim “Mən...mən...”. Henri “Kəs səsini!” deyib əlini yumruqlayıb yuxarı qaldırdı. İxtiyarsız başımı əyib gözlərimi tez-tez qırpdım. O, evliliyimizdən, hətta tanışlığımızdan bəri ilk dəfə idi ki, mənə əl qaldırırdı. Bu rəzil hərəkətlə məni təhqir edən ərim sanki “Mən daha yoxam” deyib bağırırdı. Henri nəsə danışırdı. Amma mən onun yalnız içimdə səslənən yoxluğunu eşidirdim.

***

Təyyarəyə bilet almaq çətin olmadı. Henri bu anı çoxdan gözləyirmiş kimi hər şeyi gecikmədən yoluna qoydu. Və mən indi göyün bilmirəm neçənci qatındayam. Buludların arasında bir az rahatlamışam sanki. Olub-keçənləri, Henrini, Romaya çatar-çatmaz görəcəyim ilk işləri düşünürəm. Yəqin Henri də indi fikirlidir. O isti yay günündə mənə sevdirə bilmədiyi bu şəhərin barbar, köhnə adamları, iyrənc, çirkli dilənçi qarıları, gəlmələrə kələk gələn ev sahibləri, saxta, hiyləgər mollaları ona yadsa da, köntöy bir müğənninin bir, yalnız bir mahnısı əzizdir amma. Henri daha doğma Romaya özgələşib. Roma üçün Henri daha başqasıdır. Romanın indi həyatını yad kişilərin qucağında sınıq-salxaq otel çarpayılarını cırıldatmaqla yaşayan, sayını itirdiyi xəyanətləri unudan insanlara daha çox ehtiyacı var, nəinki Henriyə.

# 1760 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #