Əsgər gedən oğlana Qabil ilə Salam Qədirzadənin tapşırığı GİZLİ ƏDƏBİYYAT

Əsgər gedən oğlana Qabil ilə Salam Qədirzadənin tapşırığı GİZLİ ƏDƏBİYYAT
10 iyun 2015
# 08:00

Kulis “Gizli ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “O günlərin xatirəsi” məqaləsini təqdim edir.

Payızın son ayı idi. Hələ ağacları tərk etməmiş adda-budda saralmış yarpaqlar bir küləyə bənd idi. Üç qələm dostu Əliağa Kürçaylıgildə süfrə başında oturub düşüncəyə dalmışdı. Artıq bütün sağlıqlar deyilmiş, söhbətlər edilmişdi. Məclisə sükut içindəydi. Şair Qabilin gözü yol çəkir, Kürçaylı təsadüfdən-təsadüfə əlinə aldığı qəlyanının içini təmizləyir, Salam Qədirzadə isə hələ müharibə illərindən toplamağa başladığı məşhur alışqan kolleksiyasının yeni nümunəsini əlində o yan-bu yana çevirirdi. Şəffaf alışqanın içindəki iki xırda qırmızı zər aram-aram sağa-sola dığırlanırdı. Məclisin elə bir vaxtı idi ki, artıq təsadüfən eyvana qonmuş kiçik sərçə belə təəccüb oyadar, yeni mövzunun qəhrəmanına çevrilər, şair Qabili növbəti tosta ilhamlandıra bilərdi.

Qəfildən zəng çalındı. Gedib qapını açdım. Gələn bibioğlu Ağarəşid idi. Əynində nimdaş paltar, qoltuğunda dəstərxana oxşar nə isə var idi. Alıb bir tərəfə qoymaq istədim, bərk-bərk sıxıb vermədi. Bibim uşaqlarının hansı fəsil olursa olsun, nə başındakı papağı çıxarmadıqlarına, nə də əllərindəkini vermədiklərinə daha öyrəşmişdim.

Ağarəşidi qonaq otağına yönləndirdim. Kənddən şəhərə qucaqda yox, öz ayağıyla ilk dəfə gələn Ağarəşid masa ətrafında oturmuş üç kişini görüb kandarda yerə pərçimləndi. “Salam, dayı” deyib gözlərini döyməyə başladı. Üçü də üzünü Ağarəşidə çevirdi. Tutqun hava ola, şair Qabilin qəmli tostlarının arası kəsilə və bu darıxdırıcı məqamda göydən yadplanetli kimi düşüb qarşında mil duran yanaqları qıpqırmızı Ağarəşid ola. Bir xeyli vaxt hamı mat-mat sükut içində bir-birinə baxdı. Kürçaylı handan-hana sükutu pozdu:

- Salam, ay bala, keç otur. Kənddə nə var?

- Sağ ol, dayı, salamatlıqdı – deyib, Ağarəşid yerindən tərpənmədi.

- Qoltuğundakı nədi, niyə yerə qoymursan? – soruşdu Kürçaylı.

- Dayı, veşmişoqdu...

- A bala, əsgər gedirsən?

- Hə, dayı...

- Hara?

- Kustanayski oblasta...

Bu yerdə Salam Qədirzadə səssiz dayana bilmədi:

- Bizdən Kustanayski oblasta atəşin salam!..

Kustanayski oblastın harda, nətəhər şey olduğunu yönlü bilməyən Ağarəşid döyüküb bilmədi nə desin. Kürçaylı işi belə görüb dedi ki, Ağarəşid, qoy o qoltuğundakını yerə, keç otur, bir tikə çörək ye. Ağarəşid gözünü süfrəyə zilləyib bir az da pörtdü:

- Yox, dayı, sağ ol, toxam – dedi.

Bu yerdə şair Qabil dilləndi:

- Yaxşı, Ağarəşid, indi sən imkan yaratmayacaqsan ki, biz Kustanayski əhlinin sağlığına bir söz deyək?

Ağarəşidin ağzı açıla qaldı. Lap duruxdu. Kürçaylı ayağa qalxdı, dedi ki, Qabil kənd uşağıdı, gədəni pozma. Sonra yaxınlaşıb əlini Ağarəşidin çiyninə qoydu.

- Nə deyirəm, ay bala. Sağ-salamat gedib qayıdasan. Özündən muğayat ol.

Gəl ötürüm səni. – Sonra birdən soruşdu. – Yaxşı, Ağarəşid, sən bu əmiləri tanıdın?

Ağarəşid məzlum-məzlum Qədizadəylə, şair Qabilə baxıb günahkar kimi başını buladı.

- Bax, Ağarəşid, bu, şair Qabildi. Bu da böyük yazıçımız Salam Qədirzadə - deyib Kürçaylı əli ilə dostlarını göstərdi.

- Ağarəşid, Kustanayski oblast əhlinə atəşin salamımızı çatdırmasan, inciyərəm səndən – dedi Qədirzadə.

Ağarəşid lap karıxıb qaçmağa hazır vəziyyət aldı. Kürçaylı Qədirzadəyə zənlə baxdı, sonra Ağarəşidlə otaqdan çıxıb arxasınca qapını bağladı. Ağarəşid nə şair Qabillə, nə də Qədirzadəylə sağollaşmağa macal tapmadı.

***

Bu əhvalatdan düz iki il keçmişdi. Payızın son günləri idi. Tutqun, yağmurlu hava ürək sıxırdı.

Üç kişi Kürçaylıgildə süfrə ətrafında oturub dərdləşirdilər – şair Qabil, yazıçı Salam Qədirzadə, bir də ev sahibi Kürçaylı. Birdən çöl qapısı bərkdən döyülməyə başladı. Gedib qapını açdım. Gələn bibioğlu Ağarəşid idi. Qucaqlaşıb görüşdük. Ağarəşid iki mən boyda olmuşdu. Soruşdu ki, dayı evdədi? Dedim “hə”. “Qoy onunla görüşüm” deyib çiynindəki kisəni aşırıb yerə qoydu. Şinelini asdı, ulduzlu papağını başından çıxarıb bir tərəfə qoydu, güzgüyə baxa-baxa əliylə saçını hamarladı, gülümsünüb özündən razı halda birbaş keçdi qonaq otağına.

“Salam dayı” deyib özünü atdı Kürçaylının qucağına, o üzündən - bu üzündən öpdü. Sonra məclisdəkilərlə əl tutdu, stul çəkib oturdu dayısının yanında. Kürçaylı soruşdu ki, ay oğul, tamam qurtardın? Ağarəşid “Hə, dayı” deyib həvəslə süfrəyə göz gəzdirməyə başladı.

Gedib onun üçün də boşqab, fincan, çəngəl-bıcaq və badə gətirdim. Kürçaylı onun boşqabına yemək çəkdi, fincana şirə, badəsinə araq süzüb Ağarəşidə baxdı. Gördü Ağarəşid bundan çox xoşhal oldu. İki ildə Kustanayski oblastda nə görübsə kənd abır-həyasından, utancaqlığından heç nə qalmayıb.

Badəni götürüb dedi ki, içirəm hamınızın sağlığına, axır ki, gəldim. Sonra bir əlini peysərinə qoyub gözlərini yumdu. Başını arxaya atmasıyla arağı içəri ötürməsi bir oldu. Badəni yerə qoyub dərindən “füf” elədi və duruxdu. Salam Qədirzadə “Bərəkallah” deyib Ağarəşidin badəsini təzədən doldurdu, dedi “Ye, a bala, boğularsan”. Ağarəşid arsız-arsız gülümsəyib “Qorxma, əmi, heç nə olmaz” dedi.

Xülasə Ağarəşid Kustanayski oblastda başına gələnlərdən danışa-danışa yedi, içdi, sonra qalxıb dedi ki, daha gedim, dayı, evdəkilərin gözü yoldadı. Qabil dedi “Ağarəşid, gərək elə birbaş evə gedəydin”. Ağarəşid şit-şit gülüb bir söz demədi. Kürçaylı qalxıb əlini Ağarəşidin çiyninə qoydu, dedi ki, ehtiyatlı ol, a bala, məndən də salam de. Dəhlizə ayaq qoymuşdular ki, Qabilin səsi eşidildi:

- Ağarəşid, heç bildin, bu gün kimlərlə oturub badə-badəyə vurdun?

Kürçaylı əlini onlara tərəf uzadıb:

- Bax bu, şair Qabildi, bu da böyük yazıçışız Salam Qədirzadə -- dedi.

- Tanıyıram, dayı, - cavab verdi Ağarəşid – düz iki il bundan əvvəl əsgərliyə gedəndə üçünüz də elə beləcə oturmuşdunuz.

Salam Qədirzadə bu yerdə göz vurub dedi:

Elə o oturanıq, Ağarəşid.

# 1090 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #