Qız metroda oğlanı necə pərt edər?

Qız metroda oğlanı necə pərt edər?
9 iyun 2015
# 14:35

Qatarda ayaq üstə dayanıb kitab oxuyurdum. Birdən arxa tərəfimdə nəsə tərpənişin olduğunu hiss etdim. Bir qadın yüngülcə mənə toxundu. Geriyə çönüb baxmadan azca qabağa gəldim. Heç on saniyə keçməmiş hay-küy qopdu. Geriyə döndüm ki, bir qızın ürəyi gedib.

“Ə, nolub kənara çəkilin də, ürəyi gedən adam görməmisiz, seyrəkləşin adam nəfəs ala bilsin”– çevrilib sola baxdım. Uzaqda dayanmış bir oğlan çığırırdı. Qatarın hay-küyünə baxmayaraq bağırtısını aydınca eşitdim. İnsafən, deyəsən oğlanın sözü təsir etmişdi. Çünki hər dəfə metroda ürəyi gedən olanda camaat başına yığışır. Kimsə yenə deyir ki, aralaşın, amma həmin adama fikri vermirlər. Bu dəfə elə olmadı.

Bir oğlan qızın başının üzərində dayanmışdı. Kimsə ona su butulkası uzatdı. Oğlan, əvvəlcə qızın üzünə bir az su çilədi. Sonra bir-iki qurtum içirtdi. Oğlan olduqca gərgin görünürdü. Sarışın qız da başını qabağa əymişdi, rəngi qaralmışdı, gözləri yumulu idi, sudan bir qurtum içsə də halında dəyişiklik yaranmadı. Qızın qarşısında dayanmış oğlan əlini yellədib oturacaq boyu əyləşmiş qadınlarda işarə elədi ki, kimdə yelpik var.

O, bir cavab almamış, oğlanın və yaxınlıqdakı adamların eşidə biləcəkləri tərzdə, həm də sanki deyinirmiş kimi dilləndim ki, yelpik lazım deyil, stansiyaya çatırıq, burda qatardan düşsünlər, qız çıxsın bayıra, havasını dəyişsin, özünə gələndən sonra təzədən minər. Sonra öz-özümə düşündüm: Nolub, qaçaraq deyil ki, mənzil başına yarım saata gec çatsın.

Həmin oğlan başını ani olaraq purjin kimi geri çevirib qaytardı. Və əlavə elədi: Lazım deyil, onda olur belə şeylər.

Hə... Məsələ aydın oldu. Oğlan qızın yaxını imiş. Mən də deyirəm bayaqdan niyə gərgindir.

Oğlan pərt olmuşdu. Rəngi-ruhu dəyişmişdi, sağa-sola baxa bilmirdi, buna görə də mənə cavab vermək üçün başını purjin kimi cəld çevirmişdi.

Oğlan yanındakı qızın onu belə “biabır” eləməsinə pis olmuşdu. Axı, nə üçün qız özündən getməli və diqqət cəlb eləməli idi? İndi hamı yanındakı bu qıza baxacaq. Xalqın oğlanları, kişiləri onun yanındakı qızı süzəcək, nəzərlərini çəkməyəcəklər. Allah bilir qızın haqqında nə danışacaq, nə fikirləşəcəklər, nə deyəcəklər. Bu da ürəyi getməyə vaxt tapdı. Tutman var bayıra niyə çıxırsan? Məni də biabır etdin, özünü də. İndi oğlanlar hərə bir söz deyir, bir məsləhət verir, arvadlar çoxbilmişlik edirlər. Kaş özünə tez gələydi. Lap tutalım havasını dəyişmək üçün stansiyada düşdük. Platformada da təzə adamlar yığışacaqlar başımıza, şöngüyəcəklər. Bunlar, cəhənnəm, görüblər. Gəl indi onlara da izah elə ki, bu qız...

Qatar platformaya yaxınlaşdı. Mən daha heç nə demədim. Bu hirsli oğlana toxunub nəsə qanqaraçılıq yaşamamaq üçün yanından ehtiyatla keçib düşdüm. Qatar tərpənəndə geri çönüb onlara son kərə baxdım. Oğlan hələ də qızın başı üstündə dayanıb qəzəblə ona baxırdı.

# 1597 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #