On üçüncü günün xəyanəti

 

Kulis yazıçı Kənan Hacının “On üçüncü günün şəkli” hekayəsini təqdim edir

 

Tanışlıqlarının on üçüncü günündə o, qızı ilk dəfə öpdü. Əvvəl yumşaq əlini ovcunun içinə alıb dodaqlarına apardı, qızın sakit tövrü onu cəsarətə gətirdi, bu dəfə yanağından öpdü. Qızın yanaqları allandı. Sonra telefonla şəklini çəkdi. Gəzə-gəzə gəlib Dağüstü Parka çıxdılar və ordakı kafedə oturub dondurma yedilər. İlk dəfə orda qoşa şəkil çəkdirdilər, bu, qızın onunla qoşa ömür sürməyə razı olduğunu bildirən əlamət idi. Fotoqrafa deyəndə ki, şəkildən iki nüsxə çıxart, bir az təəccübləndi. Oğlan niyəsə qızla yollarının birləşəcəyi sarıdan qəti əmin deyildi.

 

Elçilikdən sonra ilk dəfə birlikdə qızın rəfiqələrindən birinin toyuna getdilər və orda birlikdə olduqları ikinci şəkli çəkdirdilər. Bu dəfə də oğlan fotoqrafa şəkildən iki nüsxə çıxarmağı xahiş etdi. O, hələ də qızın həyatının daimi sakini olacağına inanmırdı, amma qız artıq ona “hə” deməklə həyatının kişisi statusunu vermişdi. Qız rahat, o isə narahat idi. Taksi sürücüsünə hansı ünvana gedəcəyini deyə bilməyən çaşqın adamlar kimi idi. Əslində ünvanı tanıyırdı, bu ünvana hansı yollarla getmək lazım olduğunu bilmirdi. Bir dəfə qızla bulvarda öpüşərkən telefonu qabıyla birlikdə kəmərindən çıxıb dənizə düşdü. Qız onu telefon satılan mağazalardan birinə aparıb onun üçün son model “Nokia” aldı. Az sonra oğlan nişanlısının ona aldığı telefonu satıb başqa bir adama olan borcunu qaytardı. İlk dəfə qızı onda aldatdı, telefonumu itirmişəm, dedi. Bu, xəyanətin başlanğıcı idi. Həmin gün bulvarda birlikdə şəkil çəkdirmişdilər, amma qız bu şəkildə oğlanın gözlərindəki yalan işartısını sezə bilməmişdi. Evləndikdən sonra hər dəfə o şəklə baxanda arvadı deyirdi:

 

- Bu şəkildə mən yox, sən yaxşı düşmüsən.

 

Hər dəfə qadın bu sözləri deyəndə ilk yalanı yadına düşürdü və kefi pozulurdu. Arvadıyla mübahisə edirdi:

 

- Əksinə, sən yaxşı düşmüsən, mən pis gündəyəm burda...

 

Evləndikdən sonra birgə getdikləri bütün toylarda qoşa şəkil çəkdirmişdilər. Arada bu toy fotolarını stolun üstünə töküb birlikdə baxırdılar. Bu fotoların hər biri hansısa təəssüratı təzələyirdi, hansısa əhvalatı yada salırdı. Qadın deyirdi:

 

- Bax, burda çox əsəbisən. Yolda dalaşmışdıq, yadında? Sən toya getmək istəmirdin.

 

- Hə, təzə evlənmişdik. Əynimdəki də bəylik kostyumudu, köynək əynimə dar gəlirdi, qayıdanda yolda düymələri qırıldı.

 

- Hə, düymə yerləri də cırılmışdı. Hələ də qarderobda qalır, - qadın gülümsəyir.

 

- Bax, bu fotoda ikimiz də qəşəng çıxmışıq.

 

- Hə, bu saç rəngi sənə çox yaraşır, gərək saçının rəngini dəyişməyəydin.

 

- Niyə ki? Sarı saçlarda daha gözəl görünürəm.

 

- Bunu sənə kimsə deyib. Başqasına inanırsan, mənə yox?

 

- Sənə inanıram!

 

Tanış olduqları vaxt arvadının saçları qəhvəyi rəngdəydi. Evləndikdən sonra sarı rəngə boyadı.

 

Amma bu söhbətdən sonra da qadın saçının rəngini dəyişmədi. O, daha arvadına bu barədə heç nə demədi.

 

Qadın heç vaxt hansısa şəklə baxıb “burda mən yaxşı düşmüşəm, sənsə pis” demədi. Ya “ikimiz də qəşəngik”, ya da “bax, burda sən yaxşısan, mənsə pis düşmüşəm” deyirdi. O da gülümsəyirdi:

 

- Yəni bu qədər şəklin içində mənim pis düşdüyüm bir şəkil yoxdu?

 

- Yoxdu! Sən çox yaraşıqlısan, - qadın qollarını ərinin boynuna dolayıb üzündən öpürdü.

 

Onun arvadı da başqa qadınlar kimi şəkil məsələsində həddən artıq vasvası idi, toyda-nişanda şəkil çəkdirəndə fotoqrafı ən azı, üç-dörd dəfə məcbur edirdi ki, onların şəklini yenidən çəksin. Şadlıq evlərində fotoqraf işləyənlərin də günü gün deyil. Qadınların hər gün təkrarlanan şəkil şıltaqlıqlarına dözmək itin zülmüdü. Eləsi olur ki, şəkli atır üstünə, deyir bu nədi çəkmisən, heç özümə oxşamıram burda. Nə qədər şəkil üstündə qalır.

 

Bu da növbəti şəkil:

 

- Bu nə köynəkdi geymisən? Evdən çıxanda sənə dedim ki, bir abırlı köynək geyin. Ütüləyib qoymuşdum, şifonerdən əzik-üzük köynəyi tapıb keçirmisən əyninə. Əl çəkmirsən də bu köynəkdən! Ütüləmək də olmur bunu, qırışlar qalır. Zay materialdır. Özün qəşəng düşmüsən, amma heyif, köynəyin qırış-qırışdır.

 

Ona qalsaydı, əlinə nə keçdi geyinərdi, amma arvadı toy üçün paltar məsələsində heç vaxt ona güzəştə getmirdi:

 

- Ayıbdır, el-aləm bizə baxacaq. Abırlı geyin. Sonra deyəcəklər arvadı bunun geyiminə baxmır? Toya gör nə gündə gəlib. Daha deməyəcəklər ki, özü tərsin biridir, arvad yazıq neyləsin?

 

Evləndikdən sonra başqa qadınlarla da şəkillər çəkdirmişdi, amma o şəkilləri arvadından gizlədirdi. Bir dəfə həmin şəkillərdən biri arvadının əlinə keçdi, şəkli ərinin gözünün qabağına tutub qışqırdı:

 

- Burda gör necə səliqəli geyinmisən? Kimdi bu qadın?

 

Cavab gözləmədən şəkli ərinin gözünün qabağında cırıb onun sifətinə çırpdı. Qadın keçmiş sevgililərindən idi, ortadan bölünmüş sifətiylə hələ də gülümsəyirdi. Arvadı bu işvəli gülüşü peçə atıb yandırdı, yenə əsəbi soyumadı, yataq otağına çəkilib arxadan qapını bağladı. Əri nə qədər yalvarsa da, qapını yumruqlasa da qadından səs çıxmadı. Qorxdu ki, birdən özünə qəsd edər. Az sonra arvadının o biri otaqdan hönkürtüsü eşidildi. Bu hönkürtü qorxunu onun ürəyindən qovub çıxartdı. Ağlayırdısa, bir müddət sonra sakitləşəcək. Amma məsələ burasındaydı ki, evlənəndən sonra o şəkildəki qadınla heç vaxt görüşməmişdi. Toyda isə təsadüfən rastlaşmışdılar, şəkil ikisi birlikdə rəqs edərkən çəkilmişdi. Rəqs əsnasında bir-birlərindən hal-əhval tutmuşdular, vəssalam. Rəqs bitəndən sonra da hərəsi öz oturduğu masaya doğru getmişdi. Toyu qadından əvvəl tərk etmişdi. Bu dəfə arvadına doğrudan and içirdi, aralarında heç nə olmamışdı. Bütün gecəni yataq otağının qapısı arxasında dayanıb bütün andları sınaqdan keçirdi. Lap sonda anasının ruhuna and içdi. Arvadı bilirdi ki, o, iki dünya bir ola, anasının ruhuna heç vaxt yalandan and içməz. Bundan sonra kilidin üstündə qalmış açar buruldu, qapının dəstəyi qadın əlinin təmasına təslim oldu və arvadı gözləri şişmiş halda yataq otağından çıxıb mətbəxə keçmək istədi. Onu qucaqlamaq istədi. Arvadı onu yaxın buraxmadı.

 

- Get o qəhbəni qucaqla!

 

Arvadının üzündəki quru və yad ifadəni görüncə qolları yanına düşdü. Anladı ki, bu tezliklə onun könlünü ala bilməyəcək. Bir həftəyə qədər küsülü qaldılar. Amma bir evdə yaşadıqları üçün bundan artıq küsülü qalmaq mümkün deyildi, məcburi ünsiyyət aralarındakı buzu tədricən əritdi. Amma qadının ona olan inamına ilk çat düşmüşdü, barışsalar da heç nə əvvəlki kimi olmayacaqdı. Qadın indi ona bütün başqa kişilər kimi baxırdı. Ona qədər ərinin ona xəyanət edə biləcəyini təsəvvürünə belə gətirə bilmirdi. Əri evləndikdən sonra bir neçə qadınla yatmışdı, qadın heç vaxt duyuq düşməmişdi. Amma məhz xəyanət etmədiyi bir məqamda ilişmişdi. Təsadüfi görüş nəticəsində çəkilmiş fotoşəkil...

 

Başqa bir qadınla görüşürdü, amma münasibətləri yatağa qədər gedib çıxmamışdı. Bir gün dənizkənarı kafelərdən birində yemək yeyərkən qadının istəyilə masaya bir şüşə fransız çaxırı gəldi. O gecə sevgilisi çox şən görünürdü və sonda əməlli-başlı kefləndi. Kafedən birlikdə çıxdılar və o, qarşısına çıxan ilk taksiyə əl elədi. Sürücünün: - Hara, - sualına “saunaya” deyə cavab verdi. Qadın dinmədi...

 

Həmin günlərdə arvadına qarşı çox mehribanlıq göstərirdi. Birlikdə çəkdirdikləri fotolardan ən yaxşısını seçib götürdü, fotoatelyedə böyütdürüb çərçivəyə saldırdı və evə gətirdi. Arvadı şəkli görüncə təəccübləndi. Gün hayandan çıxıb? – dedi. Ürəyinin dərinliyindəki sevinci biruzə vermək istəməsə də gözləri onu ələ verdi. Əri şəkli yataq otağının baş ucundan asdı. Axşam həmin qadınla görüşü vardı.

 

- Qorxma, səni heç vaxt sevməyəcəm. Söz verirəm, - sevgilisi kişinin gözlərində gündən-günə qatılaşan narahatlığı görmüşdü, ona görə belə dedi. O, sakitcə, tövrünü pozmadan: - Bu nə sözdür danışırsan, mənim səni sevdiyimə şübhən var? – deyə soruşdu.

 

Qadın uzun sükutdan sonra dilləndi:

 

- Hə, şübhəm var.

 

O, heç nə demədi, deməyə bir söz tapmadı. Çıxış yolunu siqaret yandırmaqda gördü. Siqaretinə bir-iki dəfə dərin qullab vurduqdan sonra tüstü dumanına qarışan namüəyyən sözlər dedi:

 

- Dəlisən e,  vallah...

 

Qadın birlikdə şəkil çəkdirməyi təklif elədi. O da həvəslə razılaşdı. Yaxınlıqda dolaşan fotoqrafı çağırdı, keçib qadının yanında oturdu, çiyinlərini qucaqladı və özünə sıxdı. Fotoqraf çiynindən asdığı fotoaparatı əlində nizamladı və onların şəklini çəkdi. Qeyri-ixtiyari fotoqrafa bir nüsxə çıxararsan, dedi. Qadın gülümsədi.

 

O: - Bəlkə nəsə içək? – dedi. Qadın bu gün içmək istəmədiyini dedi:

 

- Rəfiqəmgilə gedəcəyəm, məni içkili görməyini istəmirəm.

 

O da təkid eləmədi. Düşündü ki, qadını yola salandan sonra özü tək gedib başqa yerdə oturar. Sərxoş olmaq istəyirdi, araq içəcəkdi.

 

Qadın şəklə baxıb eynən arvadı kimi “ikimiz də yaxşı düşmüşük” dedi. Bu sözlərdən diksindi. Şəklə baxıb qadına qaytardı:

 

- Qalsın səndə.

 

Qadın şəkli alıb salfetkaya bükdü və çantasına qoydu. Kişinin bikeflədiyini hiss eləmişdi.

 

- Nədi, içmək istəyirsən? – deyə soruşdu.

 

- Hə, - kişi cavab verdi.

 

- Qoy rəfiqəmə zəng edib deyim ki, bu gün işim çıxdı, gələ bilməyəcəm. Qalsın sabaha. Sonra rahat oturaq.

 

Kişi razılıqla başını əydi və qəfildən xatırladı ki, bu gün onların tanışlıqlarının on üçüncü günüdü...

 

27-28 may, 2015

LENT

18 Yanvar 2018
17 Yanvar 2018
16 Yanvar 2018