Gürcü gömrüyündə saxlanılan “Şah Abbas”

Gürcü gömrüyündə saxlanılan “Şah Abbas”
12 may 2015
# 12:46

(Azərbaycan yazarlarının Malatya səfərindən birinci yazı)

Səfəri yazar və bəstəçi dostumuz Zəka Vilayətoğlu təşkil eləmiş, “İndeks” (Azərbaycanın İnsan Resursları İnkişafı Mərkəzi) onu rəsmiləşdirmiş, İnönü Universitetinin tələbələri gerçəkləşdirmişdi. İrəli gedərək deyim ki, mayın 5-də Malatyanın “Hilton” otelində Azərbaycan ədəbiyyatı gecəsi keçirildi.

Universitet tələbələrinin başqanı Ramal Şəmşədli və “İndeks”in bölgə rəhbəri Sənan Cavadlı əsas təşkilatçılar idi. Dəvətlilər arasında İnönü Universitetinin müəllimləri və Türkiyədə çalışan tanınmış simalar da vardı. Ən maraqlısı isə məşhur yazıçı Çingiz Aytmatovun oğlu Əsgər Aytmatovla görüş idi.

Biz sözümüzü deyəndən, başqalarını da eşidəndən sonra bir gün də şəhərdə qaldıq və qayıtdıq. Maraqlı gecə və səfər idi. Ona görə də rəsmi məlumatı kənara qoyub, yolboyu başımıza gələnlərdən danışsam yaxşıdır. Onu da deyim ki, səfərə maşınla getmişdik: mən, Xəyal Rza və Zəka Vilayətoğlu. Məqsədimiz Qara dəniz sahilini seyr eləmək idi. Arzumuzun artıqlaması ilə reallaşdığını deməliyəm.

Çiskinli havanın müşayiət elədiyi səfərdə yaşıllıq və səliqə-sahman diqqətimizi daha çox çəkdi. Bəlkə də ona görə ki, hər tərəf yaşıllığa bürünmüş və təbiətin bəzi eybəcərlikləri də görünməz olmuşdu.

Bakıdan səhər erkən çıxdıq, Qırmızı Körpünü və Batumu adlayıb Türkiyəyə keçdik.

Məlumat üçün deyim ki, SOCAR və Türkiyə şirkətləri Gürcüstan ərazisində hakimi-mütləqdilər, amma hara getdiksə erməni tacirlərinə rast gəldik: otellər və mehmanxanalar onların nəzarətindədir...

Burda dayanaq və qayıdaq geri.

Qırmızı Körpü gömrük məntəqəsini biz ayaqla, Zəka maşınla keçdi, amma nə qədər gözlədiksə, dostumuzdan xəbər çıxmadı. Xəyal zəng eləyib gecikməyinin səbəbiylə maraqlandı. Məlum oldu ki, səfər yoldaşımızın gecikməyinin səbəbi bizim kitablarla bağlıdır. Kitabları tələbələrə aparırdıq.

Geri qayıtdıq. Gürcü gömrükçüləri kitabları ələk-vələk eləmişdilər, bir-bir yoxlayırdılar. Onlardan birinin gözü bəndənizin “Şah Abbas” romanına sataşdı. Onu əlinə alıb bir xeyli baxdı və:

- Şah Abbas, Şah Abbas, - deyə mızıldandı.

- Hə, O sizləri çox sevirdi, - deyə gömrük məmurunu sancdım. Çünki gecikirdik, gözləməkdən də bezmişdik.

O, da istehzayla üzümə baxdı:

- Hə, sevirdi, - dedi.

Mən də söz altında qalmadım.

- Bizlərdə də çariça Tamaranı, knyaz İraklini çox sevərlər. Birinci Pyotra da, İkinci Yekaterinaya da, çar İkinci Aleksandra da rəğbətimiz var. - Adını çəkdiyim tarixi şəxsiyyətlərin Azərbaycana və Türkiyəyə çox ziyanları dəymişdi.

Mənim bu sözlərimdən sonra gürcülər kitabları kisələrə doldurub surğucladırlar və dedilər ki, onları Gürcüstan ərazisində açsaq, beş min lari cərimə ödəyəcəyik.

Bizi bir də Batum sərhədində saxladılar. Bu dəfə Yol Polisi Xidmətinin əməkdaşları. Dayanıb növbə gözlədiyimiz yerdə sürücünün kəmər taxmamasını bəhanə gətirib 40 lari (18 manat) cərimələdilər. Sonradan bildik ki, burada hər hansı qərəz olmayıb, sadəcə gürcülərin büdcəsini yabançıların hesabına doldurmaq bir adətdir.

Türkiyədə isə Yol Polisi əməkdaşları Azərbaycan maşınlarını saxlamırlar. Saxlayanda isə hal-əhval tutmaq üçün: məmləkətdə vəziyyət necədir, Qarabağı nə zaman qaytaracaqsınız və s.

Maraqlı hadisə isə sərhəddən keçəndən sonra, deyəsən Girəsun tərəfdə oldu. Yol polisi sürət həddini aşdığımıza görə bizi saxladı, sonra yolumuza davam eləməyimizi istədi və hara getdiyimizlə maraqlandı. Zəka bəy:

- Malatyaya, - dedi.

Bu sözləri eşidən “QAİ” əməkdaşının gözləri kəlləsinə çıxdı, az qala canavar kimi uladı və:

-Sən hələ yürü, yürü, - dedi...

Onda başa düşdük ki, bizim yolumuz qurtaran deyil. Sonradan isə bildik ki, marşrutu düz seçməmişik, hardasa 350 kilometr yolu artıq getmişik, sol qulağımızı sağ əlimizlə tutmuşuq. Amma bütün bunlar səfərdən aldığımız ləzzət və təəssürata pis təsir eləmədi, əksinə yol boyu lətifələr danışır, tanıdığımız dost-tanışın məzəli əhvalatlarını və vərdişlərini yada salırdıq. Xəyal Rzanın parodiya məharəti və Zəka Vilayətoğlunun oxuduğu mahnılar çox köməyimizə gəldi.

Ətraf o qədər gözəl, sakit, bəzən də elə bakirəydi ki, ondan ləzzət almamaq mümkün deyildi. Sadəcə bir dostumun Quba səyahəti zamanı dediyi sözləri yadıma salırdım: “Adam bu yaşıllığı, bu gözəlliyi gözlərinə yığıb getmək istəyir...”

Bu sözləri xatırlayarkən səfər yoldaşlarıma məşhur yazıçı Ernest Heminqueyin bir deyimini təkrarlayırdım: Bu gözəlliyi ayıq-başla seyr eləmək olmaz, adamın qısqanclıqdan ürəyi partlayar. Amma nə yaxşı ki, həm gedəndə, həm də geri qayıdanda öz məmləkətimizin gözəlliyini bir daha hiss edir və qürurlanırdıq. Yaxşı marşrut seçmişdik axı: Qazax, Ağsu dolayları və Bakı...

Növbəti yazı Qori şəhəri, Müəllimlər Seminariyası və Stalin muzeyi barədə olacaq...

03-10 may 2015

# 1697 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #