Efirimizə toy tutanlar

 

Azərbaycanda istehsal edilən, sayca az olan yaxşı filmlərdən birinin  “Kuklalar”ın rejissoru Çingiz Rəsulzadənin maraqlı bir fikrini bölüşmək istəyirəm.

 

 

“...Azərbaycan kinosu hər şeydən əvvəl musiqi filmləridir. Bizim ölkədən kənara çıxmış və məşhurlaşmış filmlərimiz məhz musiqili filmlərdir, məsələn, “Arşın mal alan”, “Qorxma, mən səninləyəm”. Bizim kinoya yolumuz birmənalı  şəkildə musiqili filmlərdən keçir, müzikl elementləri olan, zəngin musiqi mədəniyyətimizlə sintez olunmuş filmlər”.

 

Çingizin dörd-beş il əvvəl dediyi fikirlər təkcə kinomuza aid deyil. Rejissorun fikrini indiki vəziyyətə uyğunlaşdırıb bir az dəyişək: azərbaycanlının bütün həyatının əsas motivi çal-çağır, çalıb-oynamaq, oxumaq, başqa sözlə desək, TOYdur.

 

Fikir verin, bizim populyar klassik filmlərdə elçilik, toy əsas motivlərdən biridir: “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ulduz”, “Əhməd haradadır” və s.

 

Bir azərbaycanlının ən böyük arzusu övladının toyunu görməkdir. Yeganə əyləncəsi toydur. Sosial şəbəkələrdə ən çox paylaşılan, şərh yazılan və bəyənilən də toy şəkilləridir.

 

Və istər-istəməz düşünürsən ki, toyu nəinki həyatımızda, hətta incəsənətdə, ədəbiyyatda, televiziyada əhəmiyyətli kriteriyaya, brendə çevirmək bizim bir millət kimi ali təyinatımızdır.

 

ANS-də Təranə ilə Musanın nikahını görəndə anladım ki, yox, bu, qrotesk yox, adi gerçəklikdir.

 

“Xəzər”in  “Beşdə beş” verilişində isə evli cütlüklər yenidən evlənir.

 

Çünki nə vaxtsa evlənməyə maddi imkanları olmayıb və ya arzuladıqları kimi toy çaldıra bilməyiblər. Və indi “Beşdə beş” onlara arzularını gerçəkləşdirmək üçün imkan verir. Evlilər bəylik kostyumu, gəlinlik geyinib studiyada oturur və müğənnilər oxuyur. İnsanlar ailə məsuliyyətini, sosial məsuliyyətini, gələcək övladları qarşısında məsuliyyəti bilmədən, fərq etmədən nə olursa olsun evlənmək istəyir.

 

Ailə kanalı olduğunu tez-tez gözümüzə soxan “Xəzər” üçün ailənin yeganə təməl prinsipi toydur. Bizim ailə təsəvvürlərimizin toydan başqa heç bir şeylə əlaqəsi yoxdur.

 

Bəxtimiz onda gətirib ki, başqa ölkələrin kanallarını izləmək imkanımız var. Biz bilirik ki, həyat yalnız toydan ibarət deyil.

 

Cümə günü “Bəyaz şou” verilişini izləyəndə sanki ikinci nəfəsim açıldı.

 

Bir həftə sosial şəbəkələrdə müzakirə olunan Əli Uçar verilişə dəvət olunmuşdu. Qatarda kitab oxuyanda bir qız şəklini çəkib sosial şəbəkədə paylaşaraq onun kasıb geyiminə lağ eləmiş, qız tovlamaq üçün kitab oxuduğunu yazmışdı. Və sıravi vətəndaş bir günün içində populyar oldu.

 

Əlinin cavabı çoxunu mütəəssir eləmişdi:

 

“Dostlar, fotodakı adam mənəm və heç utanmıram qarşımda oturan qıza və ya çevrəmdə kimsənin namusuna baxmadığım üçün. Mən zəngin deyiləm, hətta məktəbdə 6 sinif oxumuşam, kimsəyə narahatlıq gətirən təlxəklik eləmədim.

 

Belə olmağı kitablar öyrətdi.

 

Oğurlamıram, işləyib qazanıram, pulum olduqca kitab alıram”.

 

Türk televiziyasının liderlərindən biri Bəyaz cavan oğlanın qarşısında baş əydi.

 

Əlinin sondakı müraciəti canlı efir zamanı zalda bir anlıq çaşqınlıq yaratdı: “Televizorlarınızı zibilliyə atın, kitab oxuyun” .

 

Təsəvvür edin ki, bizim hansısa telekanalda kimsə televiziyalara belə üsyan etsəydi, aparıcı sərt reaksiya verib, sözünü kəsərdi.

 

Bəyaz isə əksinə Əlini dəstəklədi, kitabların önəmini yenidən vurğuladı: “Mənim izlədiyim televiziya kanallarının sayı hardasa ikiyə-ücə düşdü. Əvvəllər insanlar qonaq gedəndə üzbəüz oturub söhbətləşərdi, bir-birinə baxardı, amma indi qonaq gedəndə kreslolar televizora doğru yönəlir. Bizim evdə ən önəmli yeri kitabxana tuturdu. Atamın işinə görə biz başqa şəhərlərə daşınırdıq. Təzə evə köçəndə atamın ilk sözü bu olurdu ki, kitabxananı harda yerləşdirək”.

 

Ara-sıra fikirlər səslənir ki, türklərdən savadlıyıq, çox bilirik, çox kitab oxuyuruq. Amma cəmiyyətin güzgüsü olan televiziyaları müqayisə edəndə niyəsə tamam başqa nəticə alınır.

LENT

23 Sentyabr 2017
22 Sentyabr 2017
21 Sentyabr 2017
20 Sentyabr 2017
19 Sentyabr 2017