Teatr lətifələri: Qıratla Koroğlunun arasına...

Teatr lətifələri: Qıratla Koroğlunun arasına...
1 aprel 2015
# 14:14

Kulis teatr lətifələrini təqdim edir.

Saytların birinə Akademik Milli Dram Teatrından adının çəkilməsini bildirmək istəməyən bir dəstə aktyor zəng edib direktorları İsrafil İsrafilova qarşı etiraz aksiyası keçirəcəklərini bildirirlər. Sayt bu xəbəri adının çəkilməsini istəməyən bir qrup aktyora istinadən yayır. Jurnalistlərdən biri direktora zəng edib münasibət öyrənmək istəyir. Direktor eşitdiyi xəbərdən şoka düşür: “Anlaya bilmirəm, adının çəkilməsini istəməyən adamlar necə aksiya keçirəcək? İlahi, indi gərək mən onlar üçün əlavə maska tədarükü görəm…”

***

Rejissor Musiqili Komediya Teatrının buxaqları sallanan aktrisasını filmə çəkir: “Çənəni qaldır. İkincini də, üçüncünü də...”

***

Eldəniz Zeynalov tamaşa başlananda sözlərini pərdə arxasından deyə-deyə səhnəyə daxil olur. Baxır ki, alqışlamırlar. Səhnənin önünə gəlib sözlərini bir də ucadan deyir. Yenə də camaatdan səs çıxmır. Öz replikasını gözləyən tərəf müqabilinə dönüb “Bir deyğe ee, qərdeşim. Sən bir dəğə diyan” deyəndən sonra zala səslənir: “Mənəm də Eldənizəm, nöş əl çalmırsuz balam?”

***

Bir dəfə Opera və Balet Teatrında Koroğlunu oynayan, artıq xeyli yaşlanmış Lütfiyar İmanov nə qədər edir ata minə bilmir. Onda atı yedəkləyib özü ilə aparır. İkinci dəfə də eyni şey təkrarlanır. Üçüncü dəfədə rejissor ona irad bildirir. Cavabında Lütfiyar müəllim: “Bura baxın, at bilər, mən bilərəm. Qıratla Koroğlunun arasına Həmzə girə bilmədi, siz nə karəsiz ki...”

***

Akademik Teatrda Mərahim Fərzəlibəyovun hazırladığı uzun və darıxdırıcı tamaşalardan birində tamaşaçıların yuxuladığını görən rejissor Ağakişi Kazımov həmkarını sancır: “Görürsən də camaat yatır”. Gözucu zala baxan Mərahim müəllim üstünü vurmur. Üstündən xeyli müddət keçir. Ağakişi müəllimin tarixi mövzuda tamaşası zamanı Mərahim Fərzəlibəyov ona işarə vurur: “Bax da, Ağakişi müəllim, camaat xoruldayır”.

Ağakişi müəllim gülümsəyir: “Bunları deyirsən? Balam, bunlar sənin tamaşandan yatıb qalanlardır.”

***

Aktyor Nurəddin Mehdixanlı məşq zamanı rejissordan tələb edir: “Mən təklif edirəm ki, qonaqlıq səhnəsində içkilər həqiqi olsun, bu daha təbii olar”. Rejissor razılaşır: “Razıyam, amma onda gərək son səhnədə səni həqiqətən qılıncla çapsınlar, məncə bu daha təbii olar.”

***

Ramiz Əzizbəylinin “Yalan” filminə çəkilən aktyorlar birgə filmə baxırlar. Biri digərinə deyir: “Çox kədərləndim ee”. Yoldaşı cavab verir: “Hə, Ramiz müəllim əla çəkib, şedevrdir, məni də ağlamaq tutdu”. “Əşşi, ona görə yox ee, çəkiliş zamanı filmin əvvəlindəki qoyunları kəsib kabab eləməyimiz yadıma düşür. Hanı o günlər...”

***

Mərhum teatrşünas İnqilab Kərimovla Məryəm Əlizadə Gəncə teatr festivalı zamanı otelin yeməkxanasında səhər yeməyi yeyirlər. İnqilab müəllim Gəncə teatrının tarixindən danışıb, sözlərini bu cümlələrlə bitirir: “...bax, Gəncə teatrının belə müqtədir sənətkarı olub”. Hövsələsi daralmış Məryəm xanım onun sözünü tələsik təsdiqləyib üzünü ofisianta tutur: “Bəli bəli, olduqca qüdrətli sənətkarlar idilər... Hətta... Oğlum, o qaymaqdan mənə də gətirə bilərsiz?”

# 1011 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
#
#
# # #