Sabir Rüstəmxanlı: “Gənclər bizi ittiham etməkdə haqlıdır”

Sabir Rüstəmxanlı: “Gənclər bizi ittiham etməkdə haqlıdır”
30 mart 2015
# 12:02

İkinci hissə

Birinci hissə

Kulis Şərif Ağayarın Xalq şairi Sabir Rüstəmxanlı ilə söhbətini təqdim edir.

- Sabir müəllim, siz uzun müddət mətbuat, kitab və nəşriyyat sahəsində yüksək vəzifələrdə olmusunuz. Bu gün isə Azərbaycan kitabı yaxşı vəziyyətdə deyil. Niyə belə oldu? Siz nəyi edə bilmədiniz, yaxud etmədiniz?

- Bəlkə də mənim səhvim oldu ki, Mətbuat və İnformasiya Nazirliyini millət vəkilliyinə qurban verdim. Ovaxtkı rəhbərlikdən də mənə dedilər, səni çıxardan yoxdu, niyə gedirsən? Mən hesab edirəm ki, bu gün, nazirlik olmasa da, Mətbuat və İnformasiya Komitəsini bərpa etmək lazımdı. Ölkəyə gələn və ölkədə olan informasiyanı bir mərkəzə toplamaq vacibdir. Bildiyiniz kimi, kitab da bu informasiya şəbəkəsinə daxildi. Xüsusən, Qarabağla bağlı informasiyalar çox dağınıqdı. Misal üçün, Qarabağla bağlı son 20 ildəki informasiyanı bir yerə yığmaq istəsək, nə alınacaq? Hardan tapacağıq bu məlumatları? İnformasiya müharibəsi aparan bir ölkəyə bu hava və su kimi lazımdı. Qeyri hökumət təşkilatları və Mətbuat Şurasının işi başqadı.

- Mədəniyyət və Turizm Nazirliyində müvafiq şöbə var...

- Şöbə komitəni əvəz edə bilməz. Mənim bir məqaləm vardı: kitabsız mədəniyyət, mədəniyyətsiz dövlət ola bilməz. Bu belədir. Nazirlik ildə 70-80 kitab buraxır. Onların tirajı da o qədər böyük deyil. Lap deyək ki, bütün kitabxanalara göndərilir. Ölkədə 4 mindən artıq kitabxana var. Bu aşağı tirajlı 70-80 kitabla o kitabxanalara nə vermək olar? Halbuki, indi ölkədə ildə 2 mindən artıq kitab buraxılır. Əvvəlki kimi deyil. Bu kitabların ən azı yarısı rayon kitabxanalarına getməlidir. Kitab ticarəti sistemi tamamilə ləğv olunub. Halbuki mənim vaxtımda bir dənə də kitab dükanı satılmamışdı. Kitablar o mağazalardan küçələrə töküldü, sonra Bakı şəhər İcra Hakimiyyəti küçələrdən də yığışdırdı. Sanki bu ölkədə kitabın qəsdinə duran xüsusi qrup var.

- Dövlət daha çox dəstək olmalıdır kitaba...

- Dövlət nə lazımdırsa edir. Latın qrafikasına görə o qədər vəsait ayrıldı. İşin birinci hissəsi görülüb. Amma nəzərə almaq lazımdır ki, bölgələrimizdə kitab dükanları yoxdur. Kitab dükanı yoxdursa, çap olunanlar gedib oxucuya çatmır. Deyirlər, bazar iqtisadiyyatıdı, gərək tələb olsun. Bu məsələ tale yüklü məsələdir və hökmən dövlətin nəzarətində olmalıdır. Rayonlarda o qədər tikintilər gedir, abadlaşma işləri aparılır, o qədər pullar xərclənir, olmazmı ki, onun cüzi bir hissəsinə hər rayonda yaxşı bir kitab evi də tikilsin? 10-15 min əhalisi olan kəndlərimiz var, doğrudanmı bu kəndlərdə bir nəfər də olsun kitab oxumaq istəyən yoxdur? Əlbəttə var. Onlar kitab almaq üçün kənddən durub Bakıya gələsi deyillər axı. Vaxtı ilə kolxozlarda işçilərin əmək haqlarından kəsib onlara kitab verirdilər. Əvvəl camaat narazılıq eləyirdi, amma sonra özləri kitab almağa, oxumağa başladılar, kitab yubananda şikayətləndilər. Kim deyir ki, Azərbaycan xalqı oxuyan xalq deyil, səhv edir. Kitabı verəsən ki, oxusun də! Biz kitabı alıcıya təklif etdik ki, almasın? Bizim kənddə “Qanun” nəşriyyatı balaca bir kitabxana açıb. Adamların əksəriyyəti o kitabxanaya abunədir. Baxırsan, heç ağlına gəlməyən adamlar gəlib kitab alır, oxuyur, sonra da geri qaytarır. Kitab getməlidir rayonlara, camaata çatmalıdır. Bizim xalqın əsas oxuyan hissəsi kənddə yaşayır. Bakının yarısı bu gün də hələ rus dilində danışır. Başqa bir məsələ də var, yeri gəlmişkən deyim. Bu ədəbiyyat söhbəti deyil, amma elə həm də ədəbiyyat söhbətidir. Azərbaycandan Rusiyada, Türkiyədə işləyən minlərlə, on minlərlə adam var. Bunların uşaqları orda qeydiyyatda deyillər və məktəbə gedə bilmirlər. Beləliklə, on minlərlə azərbaycanlı uşağı təhsildən kənarda qalır. Rus-türk məktəblərinə də gedə bilmir. Bu uşaqlar bədbəxt olur. Bunu düşünən yoxdur. Bu bir faciədir. İldən-ilə cahillik, savadsızlıq artacaq, ardınca siyasiləşmiş din oturacaq bunların beynində və irsimizdən, mədəniyyətimizdən xəbərsiz bir nəsil çıxacaq ortalığa.

- Yeni nəsil yazarları izləyirsiniz... Hətta yazılar da yazırsınız...

- İmkanım daxilində izləyirəm.

- Sizi nədənsə çox az tənqid edirlər... Bunun sirri nədir?

- Mən gənclərə hücum, təzyiq, üstdən aşağı baxmaq meylinin qəti əleyhinəyəm. Bunlar bizim uşaqlarımızdı. Biz özümüz də belə olmuşuq. Yadımdadı, mən Natəvan klubunda yaşlı yazarlara deyirdim, o böyük “çap listləri”nizdən balaca bir hissə də verin cavanlar çap olunsun. Hətta məni inkar edən, qəbul eləməyən gənclərə də öz övladım kimi baxıram. Onlar bizim qulumuz olmalı deyil ki! “Yazıçı” nəşriyyatında işləyəndə cavanlar ilk kitabları üçün mənim yanıma gəlirdilər. Bəziləri qapını döyüb əyilə-əyilə girirdi içəri. Deyirdim, çıx, qapını kişi kimi aç, şax gəl mənim yanıma. Şeirin yaxşıdırsa, çap edəcəm, pisdirsə, on dəfə də əyilsən xeyri yoxdu. İnsan da, millət də assimilyasiyaya meylli olmamalıdır. Bu mənada cavanların əyilməsinə, əriməsinə imkan vermək olmaz. Elə gənclər var, 90-cı illərdə doğulub. Onlar heç bilmirlər ki, 88-ci ildə Meydan hadisələri olub, Sabir Rüstəmxanlı boynuna kəfən geyib, çıxıb meydana, 18 gün ara vermədən danışıb. Onların çoxu mənə böyük şöhrət gətirən, qızlara cehiz kimi verilən “Ömür kitabı”nı oxumayıb. Hətta şairliyimi də unudublar, məni sadəcə bir millət vəkili, partiya rəhbəri kimi tanıyırlar. Amma bu o demək deyil ki, onlara qarşı aqressiv olmalıyam.

- Kompüteriniz yoxdur... İnternetə girmirsiniz?

- Evdə kompüterim var, internetə də girirəm.

- Facebook səhifənizi özünüz idarə edirsiniz?

- Facebooka vaxtım olmur, ancaq saytları izləyirəm. Gənclərin elmi axtarışlarından tutmuş esse, şeir və hekayələrinə qədər bütün fəaliyyətlərini izləməyə çalışıram. Təbii ki, hamısını oxumağa vaxtım çatmır, amma çalışıram. Kitabları adətən mənə veriləndə oxuyuram. Məsələn, Seymur Baycan kitabını göndərmişdi, oxudum, xoşuma gəldi, yazı da yazdım. Bir sıra cavanlar var ki, onlardan da yazmaq istəyərdim, ancaq, ümumi mənzərəni tam görmədən yazmaq istəmirəm. İmkan düşdükcə, cavanları həmişə müdafiə eləmişəm. Çünki, yenə deyirəm, o yolu biz də keçmişik. Bunlar bizi ittiham edirsə, deməli, haqqı var. Haqqı var ona görə ki, biz də eləmişik. Mən özüm Mirzə İbrahimovu ittiham edirdim ki, niyə o şərtlər altında Təbrizə getmisən, niyə Azərbaycan dili ilə bağlı hələ də çoxlu problemlər var və s. Amma zaman keçdikcə dərk elədim ki, bu problemlərin bir çoxu Mirzə müəllimlə bağlı deyil.

- Problemli vətən miras qoyursan, gənclik də ittiham edir... Məncə də, təbiidir...

- Elədir. Mən həm də gəncliyin faciəsini görürəm. Çoxuna gənc deyə-deyə 50 yaşa çatdırmışıq. Böyük iddialarla gələn gənclər çox oldu, çox təəssüf ki, iddiaları doğrulmadı. Ortada ciddi bir əsər yoxdu hələ. Onlar didişən, öz içində özünü məhv eləməyə hazır olan, ədəbi nəsilləri arasında sevgi olmayan bir mühitdə yaşamağa, yazmağa məcbur qaldılar. Evi yoxdu, ailə qurmaq imkanı yoxdu, qazancı yoxdu və s. Mən buna da yanıram və yanıram ki, biz bu nəsli itiririk. Özümüz də çox şey itirdik, indiki nəsil də itirir. Ona görə mən onları necə ittiham edərəm? Onların hansı sözünə cavab verə bilərəm? Və niyə verməliyəm? Sadəcə arzulayardım ki, cavanlar yaşlılara anlayışla, onlar cavanlara səbirlə yanaşsınlar. Qarşılıqlı təhqirlərə ehtiyac yoxdu, yaşlıların cavanlara cavabına isə heç ehtiyac yoxdu.

- Azərbaycan Yazıçılar Birliyi ilə aranız necədir?

- Əlbəttə, Yazıçılar Birliyində çatışmayan işlər çoxdur. Bu barədə qurultayda da çıxış etdim, deyə bilmədiklərimi sonralar yazdım. Oljes Süleymenov Moskva qəzetlərinin birinə deyib ki, Qazaxıstanın Yazıçılar Birliyinin 700 üzvü var. Ancaq bizdə 2 mindən artıqdır.

- Burda absurd görmürsünüz? Üç yüz-dörd yüz yazıçı bir zala yığılıb hamı bir nəfər kimi 30 illik sədrə təzədən səs verir. Etiraz edən, bitərəf qalan, hətta tərəddüd edən yoxdur. Adam necə bu qədər birrəng ola bilər? Allah, peyğəmbərlər belə bu qədər birmənalı qəbul olunmur. Hər bir yazıçı ayrıca bir dünya, ayrıca bir fikir deməkdir. Bu qədər kolxozlaşmaq necə mümkün olur? Özü də ilin-günün bu vaxtı: plüralizm, demokratiya dövründə...

- O ədəbi orqanların qorunması böyük işdir.

- Yaxşı çıxmır axı... Siz, məsələn, “Ədəbiyyat qəzeti”ni oxuyursuz?

- Oxuyuram. Azər Turan Elçin Hüseynbəylidən daha yaxşı çıxarır. Özümüz, düşüncəmiz, cəmiyyətimiz nədirsə, qəzetimiz də odur. Başqa planetdən yazı göndərəsi deyillər ki! On il əvvəl Anara demişdim ki, getsən, hətta sədrliyə namizədliyimi də verərəm.

- O da getmədi...

- Getmək istəmir, qoy işləsin də (gülür). Bir halda ki, azad cəmiyyətik, başqa birliklər yaratmaq olar, demək, bu məsələni problemə çevirmək lazım deyil. Məsələn, “Alatoran” var, “Çölçülər” var... Heç kimin əl-qolunu bağlamırlar ki, get AYB-yə üzv ol. AYB-yə üzv olmaq adama nə verir ki?

- Lazım olanlara verir...

- Eləmi... Böyük ölçülərlə yanaşanda mən hər şeydə yenliyin tərəfdarıyam. Dəyişiklik olmasa, inkişaf da olmaz.

- Yeniliyin və dəyişikliyin tərəfindəsiniz, amma hər qurultayda gedib Anara səs verirsiniz.

- (Gülür) Görünür dostlarıma qarşı zəifliyim var.

# 1833 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #