Qızı döyülən rektor ailəsinin səhvi

Qızı döyülən rektor ailəsinin səhvi
18 mart 2015
# 17:21

Fransua Trüffonun film çəkilişi, kulis arxasında baş verənləri anladan “Amerika gecəsi” adlı maraqlı bir filmi var. Həmin filmdə qalmaqallı həyatı olan aktrisa mətbuat konfransı keçirir. Və təbii ki, yaramaz jurnalistlər aktrisanın yaradıcılığından şəxsi həyatına keçirlər. Amma jurnalist şəxsi xarakterli məsələyə keçmədən öncə üzrxahlıq edir, sonra sualı verir:

- Deyilənə görə müalicə kursu keçəndən sonra həkiminizə vurulmusuz və ona ərə getmisiz?

Qadının vəziyyətdən necə çıxacağını gözləyirəm. O, bir anlıq duruxur, sonra özünü toplayıb sualı korrekt və ağıllı cavablandırır:

- Siz yanılırsız, mən həkimə ərə getməmişəm. O, adamla evlənmişəm ki, peşəcə təsadüfən həkimdir.

Əgər sən ictimai fiqursansa, tanınırsansa medianın hətta ədəbsiz, gözlənilməz suallarına, qurşaqdan aşağı zərbələrinə hazırlıqlı olmalısan. İstəsən də, istəməsən də media ilə bağlı bu reallıq bütün dünyada var və onu dəyişmək mümkün deyil.

Son bir neçə gün gündəmdən düşməyən, müstəqil universitetlərdən birinin rektorunun qızının döyülməsi olayında diqqətimi daha çox zərərçəkənlərin media ilə münasibəti çəkdi.

Əvvəlcə, zərərçəkən xanım məlumat verir ki, videodakı özüdür və dostlarını cəzadan xilas etmək üçün şikayət etməyəcəyini deyir. Daha sonra bu videonun qadın zorakılığına qarşı çəkilmiş material olduğu haqda açıqlama verir. Qəzəbinə hakim ola bilməyən ata bu haqda xəbər yazan jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlədir, ardınca da döyülənin Katya adlı qız olduğunu bildirir və s. Ailə üzvləri bir-birini təkzib edir.

Mətbuata gözlənilmədən çıxan dolaşıq hadisəyə nüfuzlu ailənin münasibəti onu göstərdi ki, atanın sahib olduğu universitetdə jurnalistika fakültəsinin fəaliyyət göstərməyinə, qızının qərbin sayılıb-seçilən universitetlərində psixologiya təhsili almasına, Xəzər Universitetində Psixoloji Məsləhət və Psixoterapiya Mərkəzinin direktoru olmasına, insanları məqalələrində tolerantlığa səsləməsinə baxmayaraq, media ilə münasibət qurmaqda acizdirlər, mətbuata, sosial şəbəkələrdə yazılanlara tolerant deyillər, mövcud vəziyyətə psixoloji hazırlıqsızdırlar və özlərini itiriblər.

Bir qayda olaraq tanınan insanların bu kimi qalmaqallara münasibəti fərqli olur, ya birbaşa, açıq reaksiyalar verirlər, ya yumor qatıb, özünə ironiya ilə vəziyyətdən çıxırlar, ya imicmeykerləri, piarlarını quran adamlarla məsləhətləşib düşünülmüş açıqlamalar verirlər, ya susurlar, ya da bizdə olduğu kimi özlərini itirir, psixoloji müqavimətləri zəif olduğu üçün ard-arda təkzibedici məlumatlar yayırlar.

Demək ki, dünyanın çox nüfuzlu universitetlərindən məzun olmaq hələ daxilən, fikrən azad olmaq, anında çevik, düşünülmüş mövqe göstərmək, qərb təcrübəsini yeri gələndə praktikada, şəxsi həyatında tətbiq etmək üçün yetərli deyil. Bunun üçün daha fərqli keyfiyyətlər tələb olunur.

Hadisədən sonra baş verənlərə zərərçəkənlər çox təəssüf ki, fərqli yox, məhz tipik, mental və bir az da şou-biznes nümayəndələri kimi münasibət göstərdilər.

Məsələdə medianın da günahı az deyil. O mənada ki, hadisə ilə bağlı xəbərlərdə zərərçəkən xanımın sanki bilərəkdən sinəsi açıq, moda jurnallarına poz verirmiş kimi duruşu, üzü əks olunan fotoları verilir və vizual informasiya yolu ilə də şəxsiyyəti haqda yetərli bilgilərimiz olmayan adam haqda əvvəlcədən mənfi rəy yaradılır.

Və məhz bu cür şəkillər də sosial şəbəkələrdə daha çox qıcıq yaradaraq təhqirlərə yol açırdı. Sözsüz ki, heç bir halda etik deyil və jurnalistika qanunlarına ziddir.

Cəmiyyətin mühafizəkar olduğunu nəzərə alsaq sərt, təhqiramiz şərhlər təbiidir. Bundan qaçmaq təəssüf ki, qeyri-mümkündür.

O məqamı da unutmayaq ki, tanınan ailələrlə bağlı baş verən istənilən hadisə bütün cəmiyyətlərdə müzakirə olunur. Və bu hadisə onu göstərdi ki, ictimai müzakirəyə hazır olmaq üçün psixologiya təhsili almaq şərt deyilmiş.

# 875 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #