“Dopu” satan müəllim

 

Mirseyib müəllim dil-ədəbiyyat müəllimim idi. Bir dəfə qiymət cədvəlimdə  tarix fənnindən aşağı qiymət düşdüyünə görə məni uşaqların içində bərk danlayan, hətta bir sillə də vuran anamı elə uşaqların içində pərt eləmişdi. Demişdi, nə qədər ki, mənim, bizim, məktəbin ixtiyarındadır kimsə uşağa əl qaldıra bilməz.

 

 

Anama “Sənə məktəbə gəlməyi qadağan eləyərəm. Və bir də bu uşaqla işin olmasın get o biri qızlarının dərdini çək” demişdi. Anam bir az sərt qadındır. Əri vəzifədə olan iddialı bir qadına isə hər kəs söz deyə bilməzdi o vaxt. Amma o müəllim demişdi. Və sonra da əlini çiynimə qoyub, gözümün yaşını silib “sən yaxşı adam olacaqsan” söyləmişdi mənə...

 

Bəlkə bu dünyanın ən pisiyəm, bilmirəm... Amma hər dəfə belə düşünəndə artıq həyatda olmayan müəllimimin o sözü düşür yadıma: “Sən yaxşı adam olacaqsan!”. O, mənə hər

dəfə pis olanda içinə sığına biləcəyim söz qoydu getdi... Və indinin özündə belə yaxşı adam olmaq cəhdlərim davam eləyir...

 

Seyfi müəllim. Tarix müəllimimiz idi. Ağır əli vardı. Yanında nəfəs almağa qorxurduq.

 

Dərs oxumayanlar rəsmən gözünün düşməni idi. Ali məktəbdə oxuya-oxuya çalışmağa başlayandan sonra hər dəfə rayona əzizlərimin yanına gedəndə müəllimlərimlə də görüşürdüm.

 

Bu adam mənim alnımdan öpüb kövrəlirdi həmişə. “Sən məni bağışla” dedi bir gün. “Əcəb eləmisiniz müəllim” dedim. Anlamışdım ki, hazır olmadığım dərsə görə saçımı dartmasını hələ özünə bağışlaya bilməyibmiş. Köhnə musiqi məktəbimizin qarşısında Seyfi müəllimlə son görüşüm oldu bu. Yenidən rayona gedəndə o həyatda yox idi.

 

Avdi müəllim. Mən rus dili fənnini sevmişəm desəm azdır. O fənnin “dəlisi” olmuşam bu müəllimin sayəsində.

 

Əlihəsən müəllim həm rus, həm ingilis dili mütəxəssisi idi. Xüsusi dil kabineti düzəltmişdi bizim üçün. Köhnə məktəbimizdə ikinci mərtəbəsində düz pilləkənin yanında idi o otaq. Hərdən açarları əlimə düşürdü. Gözəl musiqiləri qulaqcıqla ilk dəfə həmin kabinetdə dinlədib bizə. Dünya klassiklərini tanıtmağa çalışırdı həmişə. Həm də fənnini tədris edə-edə...

 

Nuranə müəllimə biologiya müəlliməm idi. Həm də sinif rəhbərimiz olmuşdu. Qızların da, oğlanların da onunla sözü tuturdu. Hətta ilk sevgilərini də utana-utana ona etiraf edən oğlanlar-qızlar var idi. Ya da bir səhv hərəkətimizi müzakirə eləyəndə söz alırdı bizdən. O, səhv bir də təkrar edilsəydi, artıq onun qəlbindən silinmiş şagird olacaqdıq. Bunusa heç kim arzulamırdı. Beləcə yaxşı olmağı öyrənirdik.

 

Ömər və Mahmud müəllim. Seyfi müəllimdən sonra məktəbimizin əsas simaları idilər. Tarixçi idi hər ikisi. O siniflərə ki, bu pedaqoqlar dərs keçirdi, başqalarını bəyənmirdilər. Ömər müəllimin, Mahmud müəllimin tələbəsi olmaq hər kişinin işi deyildi. Seyfi müəllimin səhhətində problemlər yaranandan sonra Ömər müəllimin şagirdi olmaq şərəfini yaşamışdım. Elə sərt üzü, baxışları var idi ki, adam nəyisə soruşmağa qorxardı. Amma zor-güc, soruşmağa cəsarət etdinmi, anlayardın ki, bu sərt simanın altında böyük adam, yaxşı insan var. Yaxşı insanlar pis görünür, düşünmüşdüm onda uşaq ağlımla. Mahmud müəllimsə mənim ali məktəbə daxil olmağımda rol oynayan mütəxəssis oldu.

 

Qumru müəllimə... Biz başı bəlalı sinif idik. Qızlı-oğlanlı məktəbin xeyli kaprizli uşaqları sinfimizdə idi. O üzdən Nuranə müəlliməyə qədər iki sinif rəhbərimiz olmuşdu. Şəhla və Mətanət müəllimə. Sonra Qumru müəlliməyə vermişdilər sinfimizi. Mətanət müəllimə hind aktrisasına bənzəyirdi. Xemma Malinaya. Gözəl qız idi. Şəhla müəllimə də ondan geri qalan deyildi. Sonra hər üçü ailə qurub Bakıya köçdü. Mən Bakıya lənət oxuyurdum onda. Mətanət müəllimənin anası Müşqü xalanın, Şəhla müəllimənin atası Tofiq doktorun qapısını dəfələrlə döyüb, Qumru müəlliməgilə zəng vururduq. Sonuncu Rusiyaya köçmüşdü. Amma o ikisini  görməyə gedirdik rayona qonaq gələndə.

 

Şahin müəllim hərbi hazırlıq fənnini tədris edirdi. Sayəsində Kalaşnikov avtomatını əməlli-başlı söküb-yığırdıq. Qırx iki saniyəyə. Hələ barmağımı avtomatın hissələrinin birinə iliş əməlli zədələnmişdi də. Amma işim sona qədər bitməmişdi deyə o reaksiya verməmişdi. Qan axan, yaralı əllə nəzərdə tutulan zamana yetirmişdim özümü. Hər şeyi zamanında eləmək vacibdi, nə olur olsun... O bunu sonra belə izah eləmişdi mənə...

 

Vahid müəllim istedadlı fizik idi. Onun dərsi gələndə həm sevinirdim, həm də əsəbiləşirdim. Sevinirdim ona görə ki, mütləq bizə nəsə öyrədəcəkdi. Pis olurdum ona görə ki, vay onda olurdu ki, biz dərsi mənimsəyə bilməyək. Hə, bax onda günümüz göy əskiyə düyülürdü, ta ki onu razı salırdıq, oxuyan-oxumayan demir, hamını danlayırdı.

 

Mənzulə müəllimə. Fransız dilini tədris edirdi. Sonra özüm ali məktəbdə fransız müəllimlərdən təhsil alanda anladım ki, Mənzulə müəllimə fransız dilini fransızlar qədər əla bilirmiş. Amma Bakıda ali məktəbdə qalmağı yox, rayona dönüb müəllimlik eləməyi seçmişdi. Dərsində quş uça bilməzdi. Hətta ən dəcəlimiz Teymurla indi artıq həyatda olmayan keçmiş sinif yoldaşım Müsəllim də susub otururdu fransız dili dərsində. Çünki nəsə duydumu, qız, ya oğlan fərq eləməzdi, ayağa durub yavaşca yaxınlaşırdı, qulağını ikiyə qatlayıb bururdu. Bunu o qədər acımasız edirdi ki, ondan cəza alana yazığımız gəlirdi.  O üzdən həm dərsində susurduq, həm də dərsimizi öyrənirdik...

 

Həyatda ilk addımlarımı atmaq üçün isə Ayət müəllimə əlimdən tutub...

 

Bəli hamısı xatirədir. Və onlar heç yüz iyirmi manat da almırdılar onda. Daha az alırdılar. Amma gerçək pedaqoq, insan, ziyalı, savadlı mütəxəssis idilər. Nə müəllimlər günü, nə məktəbin fond pulu, nə 8 Martda pul tələbləri, nə süpürgə pulu, nə xadimə pulu yığardılar. Ümumiyyətlə, onların nə zaman mühasibata girib pul aldıqlarını da görən olmazdı. Rayonda yaşayanlar bilər. Pambıq yığımına gedərdik yuxarı sinifdə oxuyanda. Bax ilk dəfə orda Ömər müəllim yaxınlaşıb bizə “kimin qabında su qalıb” deyəndə,  ilan vuran kimi qorxub, qışqırıb pambıq sahəsinə qaçmışdıq. Müəllim nədir, su içdi, dərman atdı nədir. Bundan da ötəsi mən müəllimə suyu necə uzadım, sualına cavabımız yox idi.

 

Mən müəllim peşəsinin artıq gözdən düşdüyünü bilirsinizmi nə zaman anladım? Rayonumuza təyinatını yeni alıb gəlmiş, amma bu yazıda adını çəkmək istəmədiyim bir müəllim gələndən sonra. O alverə başlamışdı. İran-Azərbaycan sərhədləri yeni açılırdı. Yəqin xatırlayan olar, Cəlilabadda hər həftə sonu bazar təşkil edirdilər. İrandan müxtəlif geyim və rayonda adına “dopu” dediyimiz plitələr satırdılar orda. Bax həmin müəllim dərsdən əlavə “dopu” plitə alveri də edirdi... Beləliklə, haradansa əsən yellər müəllimlərimizi ikinci qazanc yeri axtarmağa vadar elədi.  

 

Və yeni bir nəsil gəldi. Elə bir nəsil ki, dədəsinin əlinə verdiyi diplom batmasın deyə məktəbdə müəllim oldu sadəcə. Məktəbdə fond yaradıb pul yığdılar, xadimə, süpürgəpulu tələb elədilər. Sonra uşağa səkkiz mart, müəllimlər günü, hətta öz ad günlərini belə xatırladanlar oldu.

 

İndi lap çoxdurlar. O qədər çoxdurlar ki, yuxarıda adbaad sadaladığım müəllimlərin qıtlığını açıq-aşkar hiss eləmək olur. Məktəbdə övladı oxuyan valideyn kimi əminliklə deyə bilərəm ki, peşəsinə sevgi, hörmət və rəğbətlə yanaşan müəllimlərin “Qırmızı kitab”ı yaranacaq bir gün.

 

İndi çoxu hüquqşünas, şərqşünas, tərcüməçi, bir sözlə, pullu, qazanclı biri olmağı bacarmayanda, gəlib min bir yolla müəllim olur çünki. Yaxşı pedaqoqlarla eyni maaşı alır, eyni sırada dururlar. Hələ bəlkə kiməsə görə daha iddialı görünür. O biri yazıq fədakar müəllimsə baxır, baxır və eləcə susur.

 

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018