Elnurun qələbəsi və natamamlıq kompleksimiz

Elnurun qələbəsi və natamamlıq kompleksimiz
19 fevral 2015
# 11:47

“O səs Türkiyə” yarışmasında Elnur Hüseynov qalib elan olunanda zalda ilk gözə dəyən Azərbaycan bayrağı oldu.

Kamera bir neçə anlıq iri planda zalda qaldırılan bayrağımıza tuşlandı.

“O səs Türkiyə” adından da göründüyü kimi ölkələrin yarışması deyil. Elnur da orda Azərbaycanı yox, özünü təmsil edirdi.

Bu, fərdi müsabiqədir yəni.

Məqsəd də Türkiyənin ən yaxşı səsini seçməkdir.

Bu yarışmaya kimin hansı ölkədən qatılmasından asılı olmayaraq, son nəticədə qalib Türkiyə adına seçilir.

Və təsadüfi deyil ki, istənilən ölkədən yarışmaya qatılan iştirakçıdan publika da, jüri də mütləq bir türk mahnısının səsləndirilməsini istəyir.

Bu, müsabiqənin daxili qaydası olmasa da, yazılmayan qanunudur.

Sözümün canı başqadır. Zalda Azərbaycan bayrağını görəndə , “O səs Türkiyə”nin Facebook səhifəsində həmvətənlərimizin coşğu dolu, pafoslu, türklərə ünvanlanmış təhqiramiz şərhlərini oxuyanda pərt oldum.

Başa düşürəm ki, insanlarımızın qələbələrə, sevincə ehtiyacı var. Hətta kiçik olsalar belə.

Sadəcə, problem ondadır ki, biz bayrağı da, vətənpərvərliyi də dəxlisiz məqamda, dəxlisiz zamanda və məkanda istifadə edirik.

Elnur “Eurovizion”dan sonra gözardı edildi, heç kəsin vecinə olmadı, telekanallara dəvət edilmədi, unuduldu.

Davranışına, qiyafətlərinə görə tipik azərbaycanlıya adekvat olmayan, marjinal bir tipə malik Elnur bu ölkədə, cəmiyyətdə özünü tapa bilmədi.

Və xilasını başqa ölkədə axtardı.

Acun başda olmaqla yarışmada dəstəkləndi, peşəkarlar dəfələrlə ifasını ayaqda alqışladı. Bizim sahib çıxmadığımız istedada (mən hələ sahib çıxmadığımız başqa sahələrdəki istedadları demirəm, Elnur onların bir nümunəsidir sadəcə) Türkiyə sahib çıxdı.

Ona görə “Keçən il “O səs Ukrayna”da azərbaycanlı qalib oldu, ayaqda alqışladılar. Bəzi türklərə ayıb olsun, vallah”

“Halal olsun Elnur ! Bu Azərbaycan musiqisinin qələbəsidir” və s. bu kimi şərhlər yazıb, sürəkli ürək rəsmi paylaşıb, “Azərbaycan” yazıb, türklərin ünvanına təhqiramiz şərhlər yazıb vətənpərvərlik duyğularını ucuzlaşdırmayın.

Azərbaycanın adını, atributlarını bayağı, qara qəpiyə dəyməyən sözlərinizlə sağa-sola xərcləyib “vətənpərvərlik əclafların son yeridir” fikrini təsdiq eləməyin, natamamlıq komplekslərinizi bu qədər üzə vurmayın.

“Azərbaycan musiqisi türk musiqisindən zəngindir, qədimdir. Biz dünya musiqisini türklərdən daha yaxşı bilirik”- deyən dostlar, o zaman Elnur niyə Azərbaycanda yox, Türkiyədədir? Və niyə gün uzunu telekanallarda keyfiyyətli yox, zövqsüz musiqi səslənir?

Elnurun fərdi qələbəsini Azərbaycanın adına yazıb, ölkə əhəmiyyətli etməyiniz gülünc görünür.

Azərbaycan təkcə mahnıdan ibarət deyil. Əgər ölkəni bu qədər sevirsinizsə, yaxşı təhsil alın, maarfilənin, sağlam cəmiyyət qurun!

Və vətənə olan sevginizi sübut edin.

Elnuru isə məncə, rahat buraxın. Onu çempionluğuna peşman eləməyin.

# 808 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #